525.Az

Qulaqsızın xanımı - Mirçingiz Ağazadə


 

Qulaqsızın xanımı - <b style="color:red">Mirçingiz Ağazadə </b>

Kişinin ən qorxağı özünü itirənidir.  Fəqət tapmağı ən gözəl bacaran qadındır.

Nəhayət, qatara mindik - birlikdə, kefsiz və əhvalsız. O qədər üzgün idik ki, arxamızca əl sallayan dostlarımıza tərəf çevrilib quruca "sağ olun" da demədik. Öncədən ölçülüb-biçilibmiş kimi görünən bir hərəkətlə ikimiz də vaqona keçib öz yerimizi narahatladıq - soyuqluğumuzdan sanki oturacaqlar da üşüdü.

Yanımda əyləşənin kimliyindən xəbərsizdim; bircə adını bilir, ailəsini tanıyırdım, amma həm də onunla illərdən bəri dost olduğumu kəsdirirdim, deyəsən, biz qardaş da sayılırdıq.

Qulaqcıq götürməyi unutduğumdan (həmişə bu funksiyanı onlar icra edirdi), məcburən əllərimlə tıxamışdım qulaq dəliklərimi. Yanlış xatırlamıramsa, gündəliyimə yazmışam ki, "musiqi insanın könüllü karlığıdır. Ona görə notları insan səsi ilə ifadə etmək olmur ki, sükutun əlifbası susmaqdır. Bəstəkarlar isə yəqin, ən mükəmməl susuculardır".

Qatar heç silkələnmirdi, bircə yadına düşəndə, hərdənbir fit verirdi ki, bizi azacıq qorxutsun və bir də üzbəüz oturacaqda yayxanıb mürgü döyən tanımadığımız adamı oyadıb yerindən dik qaldırsın. Dəqiq yadıma gəlmir deyə, onu kimə bənzətdiyimi yazmıram. Gözlərindən əclaflıq yağan, yaşlı bir kişidir. Bizimlə eyni kupedə nə işi vardı ki onun? Anlamıram. Yəqin, keçmiş otaq yoldaşlarımızdan biridir.

Biz - bir kupenin “sakinləri”, bir-birini tanımayan doğmalar şəklində, tənhalığın ən son həddini duymaq üçün yarışırıq. Aramızda məndən başqa qulağını tıxayan axmaq yoxdur. Hərə bir cür axmaqdır.

Mən kimya mühəndisliyini oxuyan yazıçıyam. Dərslərimdə heç vaxt əlaçı olmamışam. Qardaşımsa, atamın dediyinə görə, məndən daha sakit və tərbiyəlidir, deməli, həm də əlaçıdır. Ki, bunu atamdan savayı heç kim isbat edə bilməz. Bəlkə, heç özü də. Qardaşım demişkən, o, kupenin sol küncünü, elə bil, qamarlamışdı. Guya əlləriylə boynunu qucaqlayıb yatırmış kimi görünmək istəmişdi, amma di gəl, gerçəkdən yuxuya getmişdi, şüuru burada deyildi.

Qatar isə susmurdu. Taqqataraq ahəngiylə yuxumuza haram qatırdı. Mən müsəlman idim. Axşam namazına evə çatardımmı görən? Bilmirdim. Yanında dini bilgilərimi dəqiqləşdirməyə yardımçı olası kimsə yox idi.

Bu qatarlar niyə belə uzundur, axı? İnsan ömrütək cansıxıcı vaqonlar, məzarabənzər kupelər yaşamaq həvəsimə soğan doğrayır, bol hüznlü ölüm salatı hazırlayırdı...

Üzərimə çökən hüzündən diksindim. Bu nədir belə? - qulaqlarım eşitmir, barmaqlarımı hiss etmirəm. Güc-bəla ilə barmaqlarımı xatırlamağa cəhd elədim, aha, deyəsən alınır. Yapışdım barmaqlarımdan və bayaq var-gücümlə tıxadığım qulaqlarımın yerində olmadığını birtəhər anladım. Kar olmuşam? Bunu qarşımızdakı oturacağın altında, yerə sərili halda yuxusunu ələk-vələk edən üçüncü yad adamdan gizlətmək üçün özümü zümzümə edirmiş kimi göstərdim. Səfehliyə bir bax! Kupedə hər kəs yatır, mən qulaqlarımın yoxluğunu gizlətməyə çalışıram. Və deyəsən, beləcə həyatdan nələrisə öyrənirəm: "Güclülük yoxluğunu gizlətmək bacarığıdır".

Səyahətimi bozarmış vərəqin himayəsində olan söz bənzəri xatırlayıram... Qatar heç vaxt geri dönməyəcək insanın ortağıdır. Eyni istiqamətdə o qədər axıcı, o qədər tərs irəliləyir ki, hərdən qulaqlarımı axtarmaqdan usanıb kupenin pəncərəni yamsılayan (pəncərəyosun!) şüşəsindən geridə qoyduğumuz dayanacağa tamaşa edirəm. Yanaşı iki xanım dayanıb deyəsən. Birinin ağuşunda kitab vərəqlərindən körpə var. Ağladıqca anası onu doyurmaq üçün dua edir, körpə susur, adama elə gəlir ki, dua onunçün süd qədər önəmlidir. Ana, məlumdur ki, bədbin görünür, iki ovucluq körpəsinə tamaşa edir. O, kitabların gec-tez yandırıldığını bilir, ancaq nədənsə, bunu mən də anlayıram. Gözlərimi plagiat pəncərədən ayıra bilmirəm, onları həmin şüşələrə həvalə edib geriyə - beynimin içinə qayıdıram. Qulaqsızlıq heç də pis deyilmiş. Mənim zehnim dünyadan daha az boşboğazdır. İndi ta qatarın taqqıltısı da eşidilmir, bayaqdan bəri xorultularıyla boğuşduğum yadları da unuduram. Gözlərim pəncərəyosun şüşə ilə əlbir olub o biri qadının kimliyini araşdırır. Məndə olan səthi bilgilərə görə, ikinci xanım azacıq irəlidə dayanmış körpəli qadının keçmişidir. Nə əcaib?! O ki belə gənc qalmamalıydı... Aha! Bu xanımı tanıyıram, deyəsən... Ağlımın hansısa səhifəsindən qəfil bir fikir peyda olur: "Kişinin ən qorxağı özünü itirənidir. Fəqət tapmağı ən gözəl bacaran qadındır".

Həmin fikirdən hürkürəm, qorxuram ki, ağlımın bütün künc-bucağını ələ keçirər. Axı, bu fikrin naməlum qadına nə dəxli var? Mən artıq qaçıram, azadlıq istəyirəm məhbus kimi. Elə bu an, ruhum nəyəsə ilişir, dünyaya yıxılıram. Başqa bir fikir ağlımdan sürüşüb xəyal lövhəmə dağılır: "Qorxularınla vuruşmaq sənə nə vəd edir? Bir halda ki, qorxunun mahiyyəti itkidir, o zaman düşün. Sən nəyə sahibsən?"

Heç nəyə! - Cavabın kimdən gəldiyini xatırlamıram.

Susuram. Qatarın sürəti sükutumu bulud kimi parçalayıb üfüqlərə sürüklənir. Hər kəs yatır, mən isə şüşəyə tikili qalmış gözlərimin dönüşünü gözləyirəm. Beynimdə o qədər sual var ki, Bakı metrosunu xatırladır.

İkinci qadın kimdir? Əgər onlar eynidirsə, bəs, niyə biri həddən artıq cavandır? Bəs, mən onu haradan tanıyıram? Belə də mənasız ssenari olar?! Bu, kimin planıdır axı?!

Üsyan edirəm! Ətrafıma baxıram - dörd nəfərlik boşluqdan savayı heç nə yoxdur. Keçmişim hanı? Hardayam mən? Kim yaradıb bu çəlimsiz bədənimi, ağlımı, durmadan sorğulayan beynimi? Kim?!

"Yazarımı axtarıram. Sizdən xahiş edirəm, onu tapsanız, mütləq məni bitirməsini istəyin. Mən əlil qalmaq istəmirəm. Yaradanıma - yazarıma inanıram və əminəm ki, o, məni də özünə oxşatmayacaq".

Qeydi gündəliyə köçürüb yenidən əzilmiş həyatıma dönürəm. Qatardayıq, dörd nəfərik, birimizdən savayı, hər kəs yatır - oyanmaq ağrılıdır.

Az sonra qulaqlarımın yerində bir cüt əl peyda olub havadakı fikirləri tutmağa çalışır, nə üçünsə mübarizə aparırlar. Bədənim iznimdən çıxıb, taxtdan salınmış hökmdara bənzəyirəm. Son ümid kimi o pəncərəyosun şüşədəki gözlərimi geri çağırıram. Qayıtmırlar... qayıtmırlar... qayıtmırlar...

Qəfildən günəş şəfəqləri qədər incə səsli bir xanım yaxınlaşır, hənirtisini duyuram, əyilib astaca pıçıldayır:

"Baxışlarınız... baxışlarınız... Onlar çox məzəlidir. Buyurun, götürün! Pəncərədə unutmuşdunuz, elə indicə tapmışam. Gəlin sizə kömək edim, qulaqlarınız da, harda olsa, indi gələr".

Onu eşidirəm, hətta xanımın kimliyini də xatırlayıram.

Yox, yox, dəqiqdir, mən məhz o qadını sevirəm! Onu! Qucağında bir yığın vərəqlik körpə olan qadını sevirəm! Zehni bəkarətin adı cahillikdir. Ayağa qalxıram, əsməcə tutmuş kimi titrəyən əllərimi ona sarı uzadıram. Gülümsəyir... İlahi, onun yanaqları yenicə qızarmış qoğala, gözləri - gerçək, parlaq ulduzlara bənzəyir. Heyran qalmışam. Kupedə olduğumuz andan bəri ilk dəfədir bu cür hiss edirəm. Yəqin o getməyəcək, elədir? Həyatımda heç vaxt kimsə məni bu cür tapmayıb. Amma o, çox gözəl tapıb...

... Gündəliyi bağlayıram, biz hələ də səssiz səyahətimizə davam edirik. Qulaqsız, baxışlarsız və qadınsız. Təkcə bir nəfər azıq...

 





20.04.2019    çap et  çap et