525.Az

"Fastfood" münasibətlər... - Türkan Turan yazır


 

"Fastfood" münasibətlər... - <b style="color:red">Türkan Turan yazır </b>

Xoşbəxt olduğu təpədən-dırnağa qədər sezilirdi. Çöhrəsi gül bağçasına dönmüşdü. Qollarını iki tərəfə açıb boynumu qucaqlayaraq, "mən aşiq oldum" dedi. Nəfəsimi dərmədən kimə, nə vaxt, harada suallarını ard-arda düzdüm. “Feysbukda” cavabını verdikdən sonra baxışlarını sağa-sola qaçırdığını hiss edib, əlavə heç nə soruşmadım.

Üstündən üç gün keçdi. Uzaqdan gəlişini seyr edəndə adamın gözünə diyirlənən sevgi yumağı kimi görünürdü. Qollarını iki tərəfə açıb, boynuma atıldı, "mən nişanlanıram" dedi. Bu dəfə təəccüblə, kimlə, necə, nə vaxt suallarını verdim. Məlum oldu ki, bir neçə gün əvvəl sosial şəbəkədə tanış olduğu şəxslə həyatını birləşdirmək yönündə ilk addımı atır. Aradan bir həftə keçdi. Gözləri günəş kimi işım-işım işıldayırdı. Qollarını iki tərəfə açdı, var gücü ilə məni sinəsinə sıxdı, "toyumdur, hazırlaş" dedi. Gözümü bir yerdə durmaq bilməyən bəbəklərinə zillədim, yenə əlavə nəsə demədim, təbriklə kifayətləndim. Bir neçə gün keçdi, işıq surəti ilə davam edən münasibət evliliyə çevrildi. Bir ay ötdü, yenə uzaqdan gəldiyini gördüm. Bu dəfə qanadı qırıq quşdan fərqlənmirdi. Nəşəsi qaçmış, parlaqlığı getmiş, xoşbəxtliyi buxarlanmış, şuxluğu itmiş, ruhu tükənmiş, ağlamaqdan gözləri qan çanağına dönmüşdü. Çarəsiz addımlarla, gözündən yaş süzülə-süzülə, qollarında tonlarla yük varmış kimi güclə qaldırıb, boynuma sarıldı və "boşanırıq" dedi. Necə, niyə, nə danışırsan suallarını təkrarladım. Saatlarla susmadı, danışdı, danışdı, danışdı... Əslində, ortada elə də tutarlı səbəb yox idi. Birdən ağlamağa başladı, "bu sevgi belə bitməməli idi, bu boyda eşqi məhv elədi" dedi. Çaşğınlıqdan gözüm az qalırdı hədəqəsindən çıxsın. Eşq, hansı eşq, axı, sənin üçün eşqin böyüklüyü hansı ölçü vahidi ilə müəyyən edilir? İllərlə vaxt tələb edən işi bir ayın içərisinə necə sığdırmaq mümkündür? Enerji xərcləmədən, əmək vermədən, əziyyətini çəkmədən, əzabına dözmədən sevgimi olar? Axı, bir münasibətə "nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım" prinsipi ilə yanaşmaq olmaz. Sonra dedi ki, bir-birilərini "dostluqdan" siliblər. Hətta "qara siyahı"ya atıblar. İşə bir bax! Buna bir göz qırpımında yaşanan münasibət deyirlər.

Duyğuların belə surətlə istehlak edilməyi adamın qanını dondurur. Bu cür münasibətlər eyni ilə "fastfood" yeməyə bənzəyir. Həmin qidalar da belədir, əvvəl-əvvəl görüntüsü gözlərimizi oxşayır, sonra qoxusu bizi valeh edib, özünə çəkir. Dərhal əldə edir, ala-yarımçıq çeynəyib uduruq. Həmin an özümüzü xoşbəxt hiss edirik. Bir qədər sonra canımıza vəlvələ dolur. Partlamaya düşürük. Münasibətlər də belədir. Gözümüzə cazibədar görünür. Hərəkətə keçir, ələ alır, niyyətlərimizi həyata keçiririk. Geriyə isə uzunmüddətli kədər, göz yaşı, təklik və xəyal qırıqlığı qalır.

Günümüzdə yaşanan "fastfood"a bənzər münasibətlərin bu cür aclıq duyğusundan elə də fərqi yoxdur. Qısa vədəli həyəcan peşmançılığın sarayına açılan qapının açarıdır. O kilidi çözdükdən sonra heç nə əvvəlki kimi olmur. Sən isə həqiqətin fərqinə varanda az qalırsan başını daşdan götürüb divara, divardan çevirib dəmirə çırpasan. Axı, hansı sendviç bir gün əvvəldən ədvaların içində saxlanıb, ertəsi gün yağda qızardılan, isti vurduqca özünə çəkdiyi qarışığın qoxusunu aləmə yayan, incəliklə hazırlanan şam işığının aydınlatdığı masada yeyilən ətin dadını verə bilər? Mümkün deyil! 

Çünki bunlardan biri aclığı yatındırır, digərinə isə əmək, diqqət, sevgi sərf edilir. Səbəb nə olursa olsun, yaşanan surətli münasibətlər bir müddət sonra sadəcə bədəni deyil, ruhu da yorur.

Get-gedə ayaqüstü qidalara alışdığımız kimi o cür münasibətlərə də öyrəşirik. Bir-birimizi yoxlayırıq, uyğun gəlmiriksə, digərinə keçirik. Çoxumuzun ruhu bu cür "yeniliklərə" açıqdır. Ürəyimiz sıxılanda yenidən yapışır, köhnəyə yadırğayırıq. Bədbəxtçilik isə bunu normal qəbul etməyimizdədir.

Qane olmuruq, gözümüz doymur, ruhumuz tətmin olmur. Gözləntilərimizin nə olduğunu bilmirik. Həvəsin adını eşq qoyuruq. Onunla göyün yeddinci qatına qalxmağı planlaşdırırıq. Heç fəzaya çatmağa macal tapmamış yerə çırpılırıq. Bir neçə dəqiqə ərzində "dərin eşq"ə fərman verir, saniyələr içində boynunu vura bilirik. Bir aydan sonra bir-birimizə düşmən kəsilirik. Küçədə görsək, üzümüzü çevririk. Yad insanlar kimi bir-birimizin yanından ötüb keçirik!            

Texnologiya insanın həyatını asanlaşdırmaq üçündür var. Amma biz bu "asan"lığın ağını çıxartdıq. "Mesaj qutusunda" başlayıb, "qara siyahı"da yekunlaşdırdıq. Dünyaya, sevgiyə, dostluğa baxışımız dəyişdi. Elə həddə çatmışıq ki, münasibətləri düzgün idarə etməkdə belə acizik. Yaralamadan, qanatmadan, əzab vermədən davam edə bilmirik. Həm özümüzü dəyərdən salırıq, həm qarşıdakını qiymətsiz hiss etdiririk. Tez başlayıb, tələsik bitiririk. Nə dad anlayırıq, nə ləzzət duya bilirik. Bircə o an qane olmaq istəyirik. Sonra partlamaya düşürük.

Yeri gəlmişkən, boşanma prosesinin üstündən bir neçə həftə keçdikdən sonra sevincək halda gəlib boynuma atıldı, möhkəm qucaqladı. Tanış mənzərə idi, hiss edirdim, yenə "aşiq" olmuşdu.

 





20.04.2019    çap et  çap et