525.Az

Serpantin - Pərvindən yeni hekayə


 

Serpantin - <b style="color:red">Pərvindən yeni hekayə </b>

Nənəm köhnə kişi kostyumunu götürüb həyətin aşağısına gedəndə biz üç uşaq mat-məəttəl bir-birimizə baxırdıq. Bəlkə yumağa aparır, amma gecənin bu aləmi?!

Məndən bir yaş böyük qardaşım və iki il balaca bacım nədənsə üzümə elə zillənmişdilər ki, guya hər şeyin cavabını bilməliyəm. Əslində, o pencək-şalvarın müharibədən qayıtmayan qardaşının yadigarı olduğundan xəbərim vardı. Nənəm üçün toxunulmaz olanlar bizlərdən ötrü oyun-oyuncaq idi. Hərdən qardaşım pencəyi əyninə geyinib əllərini kolxoz sədri kimi belində düyünləyib ora-bura var-gəl edirdi, hələ bizə göstərişlər də verirdi. Ciddiyə almadığımızı görəndə qara qələmlə bığdan, saqqaldan çəkirdi özünə, biz də bacımla uğunub gedirdik gülməkdən. Nənəm hirslənirdi, amma bizə acıqlanmağa da ürəyi gəlmirdi, jandarm bibim idi, onu göndərirdi üstümüzə. O da gəlib pencəyi əlimizdən alırdı, sonra hələ bir barmaq da silkələyirdi, dişlərinin arasından nə isə deyirdi də, başa düşmürdük... Az-çox fəhm eləyirdik, yəqin pencəyə əl vurmağa qadağa qoyurdu özlüyündə, amma xeyri yox idi. Gələn həftə biz şəhərdən və məktəbin yüklədiyi dərslərdən xilas olmaq üçün, dağlara, yəni nənəmgilə gələndə eyni hadisə təkrarlanacaqdı. Beləliklə, bu kostyum söhbəti elə biz ayaq açandan davam edirdi. Ona görə indi nənəmin hərəkəti, gecənin qaranlığında asılqanqarışıq pencəyi-şalvarı götürüb həyətin aşağısına getməyi hamımıza qəribə gəlmişdi. Deyəsən, elə bibimə də... Bir azdan qalın kişi səsi yaxınlaşmağa başlayanda hamımızdan qabaq bibim anladı hər şeyi. Üzündə xəfif bir təbəssüm peyda oldu, amma tez də yığışdırdı özünü, ciddiləşdi.

... Hə, bu qəribə qalın səslə danışan və bizə təxminən Şaxta baba tərzində nələrsə deyən nənəydi. Qapını açıb içəri girən kimi üçümüz də sərildik yerə gülməkdən. "Ehehey... Siz burda neynirsiz?!" - deməyindən başqa heç nə yadımda qalmayıb. Kostyumun içində "üzən", qara yaylığın saçaqlarından özünə bığ-saqqal düzəldən qadın elə gülməli idi ki... Biz heç onun nə dediyini kəsdirə də bilmirdik. Və o halında nənəm kişidən çox qarğaları qorxutmaq üçün əkin yerlərinə qoyulan müqəvvaya oxşayırdı. Yəqin pencək əynindən tökülürdü ona görə. Yun çubuğu kimiydi axı, arıq uzun bədəni möhkəm xasiyyətiylə həmahəng idi. O cür sərt arvad kişi kostyumu geyinib bizi əyləndirməyi necə ağlına gətirmişdi, bilmirəm... O yay başımızı qatmaq üçün gündə bir hoqqa çıxarırdı, məsələn budaqlardan televizor düzəldib "efirə çıxırdı", xalq mahnılarından oxuyurdu. Amma insafən nənənin doğrudan yaxşı səsi vardı. İndi də yadıma düşür mahnıları... Bacım, qardaşım ağappaq, yumurta kimiydilər, qəşəng uşaqlardı, mənsə qara, balaca. Ona görə nənə könlümü almaq üçün  "Qara kişmişi cibə tökərlər" deyib zümzümə eləyirdi "efirdən", mən də baxıb ləzzət çəkirdim. Ancaq bu əyləncələr dağıtmırdı fikrimizi, üz-gözümüzdən yetimçilik yağırdı. Bunu nənə deyəndə eşitmişdim. Ağacın altında yuxa yaya-yaya bibimlə danışırdı, onda qulağım çaldı. Və başa düşdüm ki, deyəsən, atam xəstəxanadadı. Amma bunu dəqiqləşdirməyə, nənəmdən, bibimdən nə isə soruşmağa cürətim çatmırdı. Bircə onu anlayırdım ki, atam-anam bizi belə uzun müddət tək qoymazdılar, görünür, ciddi bir şey olmuşdu.

Hə, üç uşaq məntiqsiz cücələr kimi ortalıqda qalmışdıq. Axı alışmışdıq proqramlaşdırılmış, maraqlı tətillər keçirməyə?! Əvvəllər hər il Qara dənizə, Şimali Qafqaza gedərdik dincəlməyə, Moskvada bir neçə dəfə olmuşduq. İndi o səfərlərimizi, böyüklərdən incimələrimizi xatırlayıram.  Atamın "günahları" çox böyük və bağışlanılmaz idi.  Axı o Kislovodskda hər səhər məcbur edirdi ki, erkən qalxaq, Qızıl gül vadisində günəşi qarşılayaq, biz isə yamanca yatmaq istəyirdik. Əgər dərhal qalxmasaydıq, ovcunda su gətirib üz-gözümüzə çiləyirdi. Soçidə isə bütün günü çimərlikdə olmaq, qumsallarda doyunca oynamaq keçirdi könlümüzdən, amma o, bizi Ritsa gölünə aparırdı, bu isə o demək idi ki, həmin gün dənizdə çimmək fürsəti əldən çıxırdı. Hələ Leninqradda,  simfonik orkestrin konsertinə zorla aparmışdı... Doğrusu, bir neçə saat o müsibətə dözmək asan deyildi, iynə üstündə oturmuşduq. Amma illər sonra mən dünyanın ən yaxşı dirijorlarından olan Yevqeni Mravinski haqqında oxuyanda hər şeyi xatırladım... Təkcə onun soyadını yox, özünü də, o konserti də  yadıma saldım. 

... İndi isə atam xəstəxanada idi... "İndi" deyəndə ki, gör neçə il keçib üstündən. Bu lənətəgəlmişlər də qoymurlar böyrü üstə uzanım, yata bilmirəm. Yenə olanları-keçənləri yada salıb başımı qatıram birtəhər. Həkim deyir ölə də bilərdiz, ağ ciyərlər sıradan çıxıb, ürək də onun kimi, dörd damar birdən dağılıb ey... Ömrü boyu paravoz kimi siqaret çəkəndə belə olacaq da. Bu tibb bacısı "Çingiz müəllim, nə istəyirsiz?!" - deyəndə əriyib gedirəm də. Zalımın qızı elə bil indi nə istəsəm, edəcək. Bədənimin dörd dövrəsi aparaturadı, bu aramsız siqnallar da başıma düşür lap. Sistemin də köhnəsin götürüb yenisin asırlar... Görəsən, haçanacan davam eləyəcək bu təcrübələr?! Bilirəm axı, atamın da, anamın da yaşını çoxdan keçmişəm, iki aydan çoxdu gözləyirəm e, əzrayıl qardaş gəlib çıxmaq bilmir. Tibb bacısı da yodla elə silib ki, bədənimi, lap xınayaxdılar yadıma düşür. Bizi buraxmırdılar, nənəm ölürdü oğlan uşaqlarından ötrü, amma qızbibi işlərdən də uzaq tuturdu bizi. Məni də, qardaşımı da kişi kimi böyüdürdü... Ona görə qız toyu, xınayaxdı filan olsa, bizim o həndərəvərdən keçmək həddimiz deyildi. Amma uzaqdan arvadların çalıb oxumağın eşidirdik ki... Dağlarda sel kimi əks-səda verirdi gülüşləri. Bu sel hardan yadıma düşdü?! Qəribə işdi vallah...

Hə, elə həmin yayda da sel gəlmişdi axı, uçurtmuşdu bəndi-bərəni. Yadımdadı, hər səhər qardaşımla, bacımla bəlkə valideynlərimiz gələr deyə ümid içində yatağımızdan qalxırdıq. Nənəmin evi rayon mərkəzinə gedən yolun üstündəydi. Əyləncələrimiz səhər yeməklərindən başlayırdı, stolun üstündə qaymaqdan zeytuna kimi hər şey olardı, amma mən gözümün ucuyla da baxmırdım. Bilirdim ki, təxminən günortaya yaxın o yoldan avtobus gəlib keçəcək. Nədisə səbrimiz çatmırdı, səhərdən qaça-qaça gedib dağa çıxıb baxırdıq, gözləyirdik. Ordan arabir yük maşınlarının keçib getdiyi serpantin - dolama yol görünürdü. "Serpantin" elə ilan deməkdi, o yol da ilan kimi dolanmışdı dağın boynuna... Yekə maşınların serpantinlə üzüyuxarı "dırmaşmağına" baxmaq ən sevimli işimdi. Yüngül maşınlar o vaxt demək olar ki, yox idi. Biz dik günün altında durub elə hey avtobusun gələcəyi tərəfə boylanırdıq. Hərdən də yağış yağırdı və daha dağda dura bilmirdik. Qəribədi, yağışın özündən qabaq səsi yağırdı. Uzaqdan, dağlar tərəfdən, hündürdən vahiməli xışıltı səsi gəldisə, bilirdik ki, yağış başlayıb və bu, elə-belə çiləkdən tökülən su olmayacaq. Yaxşıca sel olacağını fəhm edirdik. O vahiməli xışıltı gələn kimi nənəm əl-ayağa düşüb qatırdı bizi qabağına, imkanı olsa evə salar, hələ qapıları da mismarlayardı. Bacımın öhdəsindən gəlirdi, amma mənimlə, qardaşımla çətin idi. Körpünü keçib təpənin üstünə çıxırdıq, orda qayalardan balaca bir "dimdik" vardı, çətir kimi, altında durub tamaşa edirdik... Əvvəlcə yağışın səsi yağırdı, sonra özü əyin-başımızı isladırdı, o qaya çətir də xilas eləmirdi, iliyimizəcən yaş olurduq... Uzağı yarım saat belə yağsaydı, dağlar tərəfdən bir sel gəlirdi ki, qabağına çıxanı silib-süpürüb aparırdı. Biz də gizlənc yerimizdən ləzzətlə tamaşa edirdik bu qəribə olaya... İndikilər nə görüb e?!

... Vəssalam, yenə gəldi bu inqubator cücəsi. Qəribədi, bu tibb bacıları hamısı bir-birinə oxşayırlar. Ovuc-ovuc dərmanı sorğusuz-sualsız içirəm, bir azdan başqası girir içəri soruşuram bəs bayaqkı nə idi, deyir o başqa qız idi, ayrı dərmanlar gətirmişdi. Əşi nə fərqi var e, onsuz da ölüb gedəcəm! Amma öz aramızdı, bu yazıçılar da milləti axmaq yerinə qoyublar ha, ölümqabağı ovqatı da elə yazırlar guya bir-iki dəfə ölüb diriliblər də... Tolstoydan Çexova, Heminqueyə kimi hamısı öz aləmində oyun oynayıb e bizimlə. "Sinəsindən ağrı qopdu, bütün ömrü gözünün qabağından keçdi, həyatın faniliyini düşündü, ah, balalarım, mənsiz neyləyəcəklər, arvadım ərə gedəcək, ərim təzə arvad alacaq filan"... Gülməli deyil?! Qorxulu nə var axı, öldün qurtardı da... Səndən sonra nə olacaq, kim neyləyəcək nəyinə lazım?! Ömrünü boşuna yaşamısan, ya da heç düz yaşamamısan, nə fərqi?! Bitdi də bitdi... Sakitləş və get...    

Uşaq deyilsən ki, qorxasan... Amma o təpənin üstündən baxanda həyəcandan titrəməyim yadımdadı. Seldən qorxmurdum ey, sadəcə avtobusu o yolda görəndə dəhşətli hisslər oyanırdı içimdə - sevinclə qorxunun qarışığı idi. Əgər sərnişinlərdən kimsə düşəcəkdisə, avtobus kəndin girəcəyində saxlayırdı. Hərdən heç saxlamırdı da, keçib gedirdi eləcə. Amma körpüyə çatıb saxlayanda ürəyim dayanırdı. O vaxtdan az qala bir ömür keçib, mən indiyə kimi o halımı xatırlayıram. O anı gözləyirdim, bax indicə avtobusdan atamla anam enəcək, atam xəstəliyinə qədər necəydisə, elə şən, şux olacaq və həyatımız həmişəki məcrasına qayıdacaq. Hə, çox çəkmədi o həyəcanım. Bir gecə "Pobeda" maşını qapımızda saxladı, biz yerimizə girmişdik artıq. Bir azdan bibimin hıçqıra-hıçqıra ağlamağını eşitdim, nənəm acıqlanırdı "səsini kəs, uşaqlar qorxar" - deyirdi, bibim səsini içinə atıb zarıyırdı. Nənəm ömrü boyu min cür əzab görmüş qadın sakitcə otağa girib işığı yandırdı, paltarlarımızı götürüb bir-bir geyindirdi bizi... Qardaşımla bacım yuxularına haram qatıldığı üçün ağlaşırdılar, mən elə hey "anam hanı?!" deyib soruşurdum. Nənəm dodaqlarını dişlərinin arasında sıxıb heç nə demirdi, bibim otaqlarda o baş, bu başa gedib əşyalarımızı toplayırdı. O gecənin soyuğu indiyəcən canımdadı. Qardaşım yuxuluydu, amma arabir "Çina, papa çıxıb e xəstəxanadan..." - deyirdi, mən cavab vermirdim. Çünki nənənin və bibibin ovqatı yaman çaşdırmışdı məni. Bacım çox sadəlövhdü, üzümüzə baxa-baxa qalmışdı. “Pobeda” kəsə yollarla irəliləyirdi. Nənə sıldırımlı, qayalı yollardan qorxurdu, gözlərini bərk-bərk sıxıb səssizcə oturmuşdu, arabir əlini gah mənim, gah qardaşımın, gah bacımın üstünə qoyurdu. Elə bil yoxlayırdı görsün pəncərədən düşüb aşağı diyirlənməmişik ki?! Vaxt necə keçdi bilmirəm, evimizin qabağında maşından düşəndə ağlaşma səslərini, bir də çadır quran qonşuların danqadaranqını eşitdim... Sonra isə bayaqdan bəri özünü zorla sıxıb saxlamış nənəmin ağıları gəldi, anamı qucaqlayıb "oğlumu neylədin bəs?!" - soruşdu və mən diqqət kəsilib cavab gözləməyə başladım... Gözləyirdim görüm neyləyiblər atamı?!

Dünyada ən şirin şey yuxu imiş. Çox demirəm, ikicə saat yata bilsəydim, özümə gələrdim. Arxası üstə yatmaq məşəqqətdi, hər iki saatdan bir qapıları taybatay açıb təzyiq, şəkər, nə bilim nə ölçməyə, sistem dəyişməyə gəlirlər. Allah insaf versin bunlara... Hə, o gün bizi atamın cənazəsinə, vidalaşmağa gətirmişdilər. Yəqin elə onda bitdi uşaqlıq. Həyatın dadı da onda qaçdı...

Aha, yenə gəldilər... Yox ey, bu dəfə deyəcəm sözümü bunlara. Yaxşı ki, baş həkim də gəldi:

- Axşamın xeyir, ay həkim?! Sağ olun böyük hörmət eləyirsiz mənə, amma vallah yata bilmirəm axı, bir gecəlik bu aparaturanı ayırın məndən rahat olum da...

- Ay maşallah, cavan oğlan olmusuz, Çingiz müəllim... Yumorunuz da əladı, zarafat edirsizsə, yaxşıdı. A kişi, oğlunuz qatıb e bizi bir-birimizə, deyir atam yaşamalıdı. Şansımız on faiz deyildi heç. Bax sizə deyirəm, amma özünə bir şey deməyin, oğlan divara çıxartdı bizi,  Əzrayılın əlindən almışıq sizi.

- Necə yəni?! Deyirsiz yaşayacam, bəs ölmürəm?!

- Hara ölürsən a kişi, yaxşıca təmir eləmişik səni... Yaxşı-yaxşı toxtayın siz Allah. Bəs niyə ağlayırsız axı?! Ağlamaq nəyə lazım?! İndi qızlar sakitləşdirici vurarlar yatarsız... Vallah mən çox pis oldum, niyə ağlayırsız axı?! 

- Heç, uşaqlığım yadıma düşdü...

 





20.04.2019    çap et  çap et