525.Az

Eynəklərlə bağlı layihənin müzakirəsi payıza qaldı


 

DEPUTAT: "ƏN AZI TİBBİ KOLLECLƏR SƏVİYYƏSİNDƏ OPTOMERİKLƏRİN HAZIRLANMASINA BAŞLAMAQ LAZIMDIR"

Eynəklərlə bağlı layihənin müzakirəsi payıza qaldı<b style="color:red"></b>

"Günəş eynəkləri həkim resepti-təyinatı olmadan satılmalıdır. Bununla belə, bu eynəklərdən istifadə edilərkən, məsləhət alınması da yaxşı olardı. Amma göz eynəkləri bütün hallarda həkim rəyi, resepti ilə alınmalıdır. Çünki əks təqdirdə gələcəkdə insan orqanizmi üçün çox ciddi fəsadlara gətirib çıxara bilər".

Bunu "525"ə açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini, "Optika və optikaçılıq haqqında" qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun rəhbəri Musa Quliyev deyib.

Millət vəkili həmçinin qeyd edib ki, hələ də bazarlarda, ticarət məkəzlərində, küçələrdə, optika mağazalarında keyfiyyətsiz, haradan gətirildiyi belə məlum olmayan gün və göz eynəkləri satılır:

"Ona görə insanlarımız kifayət qədər ehtiyatlı olmalıdır. Ucuz və keyfiyyətsiz eynəklər dalınca getməməlidirlər. Həmçinin, optometriya deyilən bir peşə var. Ancaq təəssüflər olsun ki, Azərbaycanda bu peşənin sahibləri, optometriklər çox azdır.

Hesab edirəm ki, bu peşə üzrə mütəxəsislərin hazırlanması ilə bağlı yeni qanun layihəsində də ayrıca bir maddə nəzərdə tutulmalıdır. Bir var oftalmoloqlar - bunlar həkimlərdir, bir də var optometriklər - bunlar eynək düzəltməklə məşğul olan insanlardır.
 
Xatırlatmaq yerinə düşər ki, hətta, Baltikyanı ölkələrdə bununla bağlı ali təhsilin bakalavr pilləsi üzrə mütəxəssislər hazırlanır. Bizdə də ilkin olaraq tibbi kolleclər səviyyəsində belə mütəxəssislərin hazırlanmasına başlamaq olar. Yəni bütün optika mağazalarında optometriklər olsun və olmalıdır ki, onlar hansı eynəklərdən istifadə ilə bağlı peşəkar səviyyədə məsləhət versinlər, müəyyən müayinə prosedurlarını həyata keçirə bilsinlər" - deyə, M.Quliyev sonra bildirib.

O, son olaraq əlavə edib ki, adıçəkilən qanun layihəsinin müzakirəsi yaz sessiyasında alnmayacaq, sənədin hazırlıqları və müzakirələri payız və yaxud, gələn ilin yaz sessiyasında baş tutacaq.

Kamil HƏMZƏOĞLU

 





21.04.2019    çap et  çap et