525.Az

Nizami-60: gənclik və müdriklik - Xalq yazıçısı Elçin yazır


 

YAXUD, NİZAMİ, BƏS ROMAN NƏ OLDU?

Nizami-60: gənclik və müdriklik - <b style="color:red">Xalq yazıçısı Elçin yazır </b>

Mən bu kiçik təbrik yazısını bitirdikdən sonra, bir də nəzərdən keçirəndə, gördüm ki, "Nizami-60" əvəzinə, "Nizami-50" yazmışam və fikirləşdim ki, bu, mexaniki səhv deyil, sadəcə, təhtəlşüur Nizaminin 60 yaşını qəbul etmir, onunla bağlı maksimumun sərhəddi hələlik 50-dən yuxarı ola bilməz, çünki söhbət cismən də, mənən də gənc bir insandan, bir şəxsiyyətdən gedir.

Ancaq bu gəncliyin müdriklik kimi bir müttəfiqi də var.

Bu böyük müttəfiqi Nizaminin intellekti, zəhmətkeşliyi... və sevgisi qazanıb.

Söz sevgisi, qələm sevgisi.

Bu sevgi Nizaminin qələmi ilə həm öz Sözünü yazmağı, həkk etməyi bacarır, həm də - bu da çox mühüm və qiymətli bir cəhətdir - bir çox başqa qələm sahiblərinin ifadə etdiyi Sözün qiymətini verə bilir.

Bunları yazıram, fikir isə məni 35 il, bəlkə də daha artıq bir vaxta aparır - o gözəl vaxta ki, mən Yazıçılar İttifaqının cavan bir katibi idim və günlərin bir günündə elə orada da universiteti yenicə bitirmiş gənc bir oğlanla tanış oldum, məlum oldu ki, bu gəncin adı Nizami, famili də Cəfərovdur.

Nizami Cəfərov "Ədəbiyyat və incəsənt" qəzetində işə başladı.

O vaxt, əlbəttə, mənim heç ağlıma da gəlməzdi ki, haçansa elə bir vaxt gələcək ki, bu gənc oğlanın  60 illiyi olacaq və mən də görkəmli bir dilçinin, ədəbiyyatşünasın, türkoloqun, tənqidçinin, ictimai xadimin - Nizami Cəfərovun yubileyi münasibətilə bu kiçik təbrik sözünü yazacağam, ancaq sən demə, rəhmətlik İlyas Əfəndiyevin tez-tez təkrar etdiyi bir atalar sözü - "Hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır" - bizə də aid imiş.

Və burası da Nizami ilə bağlı mənim üçün əlamətdar və qiymətli bir cəhətdir ki, bu zaman sürəti ilə onun elmi, tənqidi və publisistik əsərlərinin həcmi, ümumiyyətlə yaradıcılığının kəmiyyəti heç vəchlə üst-üstə düşmür, yəni bu mənada ki, yüzlərlə məqalə, 100-ə qədər elmi, elmi-publisistik, tərcümə və tərtib kitabları, bura pedaqoji fəaliyyəti, bir çox dissertasiyalara elmi rəhbərliyi, yazılmış rəyləri, opponentliyi də əlavə etsək - həmin zaman sürəti, elə bil, azalır, yavaşıyır, çünki bu yaradıcılığı meydana çıxaran vaxt o sürətin müqabilində artıq bir təmkin tələb edir.

Üst-üstə düşən isə kəmiyyətlə keyfiyyətdir.

Nizaminin yaradıcılıq diapozonuna fikir verin: bir tərəfdən "Füzulidən Vaqifə qədər", o biri tərəfdən "Türk dünyası: xaos və kosmos", bir tərəfdən "Eposdan kitaba", o biri tərəfdən "Azərbaycan türkcəsinin milliləşməsi tarixi", bir tərəfdən "Azərbaycan xalqının tarixi və ya tərcümeyi-halı", o biri tərəfdən "Türkologiyanın müasir problemləri", "Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına" və "Molla Pənah Vaqif", "Etnoloji etüdlər" və "Keçən günlərin dastanı" və s.

Ferdinand de Sössürün məşhur "Ümumi dilçilik kursu" kimi mürəkkəb elmi mətninin ruscadan azərbaycancaya tərcüməsi də Nizami Cəfərova məxsusdur.

Universitet məzunluğundan akademikliyə aparan o yolun da zaman sürəti müqabilində hər bir addımı, yəqin ki, asan olmayıb, çünki bu cür böyük məsafə həmişə hamar ola bilməz və mən şübhə etmirəm ki, bu məsafə boyu Nizaminin rastlaşdığı mürəkkəbliklər, həm elmi, həm də həyat və güzəran baxımından çətinlikləri az olmayıb.

Nizaminin Söz sevgisi ilə Söz məsuliyyəti də zəncirvari şəkildə bir-birinə bağlıdır və elə bil, bu sevginin də, bu məsuliyyətin də estafetini o, tədqiq, təhlil və təbliğ etdiyi böyük mənəvi irsdən, bu irsin "Füzulidən Vaqifə qədər" - bundan da əvvəlki və sonrakı sahiblərindən almışdır.

Bu gün Azərbaycan şairi Nizamini az qala 900 ildən sonra Azərbaycan alimi Nizami tədqiq və təşviq edirsə, bu da, elə bilirəm ki, indiki kontekstdə həmin mənəvi estafetin göstəricisidir.

Bu gün Nizami Cəfərovun özü haqqında da kitablar yazılır (Rüstəm Kamal, Tehran Əlişanoğlu, Rahid Ulusal, Sabir Bəşirov), hətta görkəmli şairimiz Nəriman Həsənzadə ona poema da həsr edib.

Bu kitablar, Nizaminin monoqrafiyaları haqqında yazılmış çoxsaylı məqalələr, əlbəttə, onun qazandığı elmi-ədəbi nüfuzun göstəricisidir və bu nüfuzu ona həmin müdrikliklə, zəhmətkeşliklə (hansı qəzeti açırsansa, orda Nizaminin professional və maraqlı bir yazısı var!), Söz sevgisiylə bərabər, daha bir qiymətli cəhəti - təvazökarlığı qazandırıb.

Mən Nizamini heç vaxt, ən mötəbər məclislərdə belə, qalstuk taxan görməmişəm və bu, məncə, qalstukla "ədavətin" nəticəsi deyil, hətta bəlkə özü o qalstuku taxmaq da istəyir, ancaq şəxsiyyətin (eqonun) daxilindəki sadəlik buna imkan vermir.

Bu - yalançı sadəlik deyil, bütövlükdən gələn sadəlikdir.

Mən yuxarıda universiteti yenicə bitirmiş o gənc oğlanı xatırladım və indi bu da yadıma düşdü ki, o gənclə tanışlığım zamanı fikrimdən keçdi ki, yazıçılarımızın sayı bir nəfər də artacaq.

Yazıçılarımızın yox, onun timsalında alimlərimizin sırası bir nəfər də artmış oldu.

Ancaq mən Nizaminin xatirələrini, mənim də yaxşı tanıdığım və xatirələrini əziz tutduğum dilçilər (Muxtar Hüseynzadə, Fərhad Zeynalov, Ağamusa Axundov, Əlövsət Abdullayev, Yusif Seyidov, Tofiq Hacıyev, Ağamalı Həsənov və b.)  haqqında yazdığı sənədli əsərini oxuyandan sonra hiss etdim ki, hələ hər şey irəlidədir.

Yəni "Nizami-70", "Nizami-80", "90", "100" qeyd olunanda - söhbət görkəmli alim-tənqidçi ilə bərabər, görkəmli də bir yazıçının yubileyindən gedəcək.

Buna görə də, mən hər dəfə onu görəndə soruşuram:

- Nizami, bəs roman nə oldu?

10 mart 2019
Bakı.

 





22.04.2019    çap et  çap et