525.Az

İlahiyyat İnstitutunun heyəti ADPU-nun Ağcabədi filialında və Ağcabədi Pedaqoji Kollecində


 

İlahiyyat İnstitutunun heyəti ADPU-nun Ağcabədi filialında və Ağcabədi Pedaqoji Kollecində<b style="color:red"></b>

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov və ali tədris müəssisəsinin əməkdaşları orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri çərçivəsində Ağcabədi rayonuna səfər zamanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında və Ağcabədi Pedaqoji Kollecində tələbələrlə görüş keçiriblər.

Ağcabədi Pedaqoji Kollecində tələbələrlə görüşdə rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva Azərbaycanda təhsil sahəsində aparılan islahatlardan danışıb. O qeyd edib ki, prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində təhsil sisteminin inkişafı ilə bağlı görülən işlər bu sektorun inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunun bariz nümunəsidir.

Aİİ rektoru Ceyhun Məmmədov Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurla davam etdirdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir.

Sonra Aİİ rəhbəri ali tədris müəssisəsi haqqında ümumi məlumat verərək, İnstitutun yaranma tarixi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və təhsil standartlarından bəhs edib.

Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova və institutun İlahiyyat fakültəsinin dekan müavini Kövsər Tağıyev ali təhsil müəssisəsində qəbul prosesinin hansı formada təşkil olunduğu, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat veriblər.

Daha sonra Aİİ heyəti ADPU-nun Ağcabədi filialında müəllim heyəti və tələbələrlə görüşüb.

Görüşdə ADPU-nun Ağcabədi filialının direktoru, dosent Mətanət xFərzəliyeva qeyd edib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xüsusi önəm verilir. M.Fərzəliyeva gənclərdə milli-mənəvi dəyərlərə bağlılığı daha da gücləndirmək üçün müxtəlif layihələr, müzakirələr, seminarlar, görüşlərin təşkil olunmasının xüsusi rol oynadığını qeyd edib.

Aİİ rektoru ali tədris müəssisəsinin gənclərdə vətənpərvərlik ruhunun, milli-mənəvi dəyərlərə bağlılığın aşılanması istiqamətində İnstitutda ardıcıl müxtəlif tədbirlər, görüşlər, “dəyirmi masa”lar, seminarların təşkil olunduğunu da diqqətə çatdırıb.

Sonra filialın müəllim heyəti milli-mənəvi dəyərlər mövzusunda fikirlərini bölüşüb, tələbələrin sualları cavablandırılıb.

Görüşlər zamanı elm və tədqiqat sahəsində ikitərəfli əməkdaşlıq, birgə elmi konfrans, seminar, elmi-tədqiqat işləri və mühazirələrin təşkil olunması barədə müzakirələr aparılıb.

S.QARAYEVA

 





22.04.2019    çap et  çap et