525.Az

Uzaq və yaxın Meksika - Foto


 

Uzaq və yaxın Meksika - <b style="color:red">Foto </b>

(Əvvəli ötən şənbə sayımızda) 

Şəhərin böyük ərazisini tutan məşhur Çapultepek parkı öyünülən digər nümunələrlə yanaşı, meksikalıların yadelli işğalçılara qarşı barışmaz mübarizəsinin digər tarixi izlərini də qoruyub saxlayır.

İndi Tarix muzeyinin yerləşdiyi bina köhnə saray olmaqla, bağın içərisindəki uca təpədə ispan vitse-kralının iqamətgahı imiş. "Çapultepek" sözü hinduların dilində "cırcırama qayası" deməkdir. Lakin burada vətənin müdafiəsi yolunda şəhid olmuş gənc meksikalılar öz qəhrəmanlıqları ilə onu bir növ "qartal qayasına" çevirmişlər. Qayanın zirvəsində köhnə qala qalmışdır. 1847-ci ildə burada Meksika vətənpərvərləri ilə ölkəyə müdaxilə etmiş amerikan qoşunları arasında döyüşlər getmişdir. Bağdakı təpənin aşağısında hərbi məktəbin kadetlərinə - şəhərin düşmənə tabe olmasına müqavimət göstərən bu axırıncı müdafiəçilərinə heykəl qoyulmuşdur. Onlar əsir düşməkdənsə, ölüm variantını seçmiş və özlərini qalanın divarlarından aşağı atmışdılar. 15-17 yaşlı gənclərdən ibarət xırda bir qrup şəhəri işğalçılardan qoruya bilməzdi. Lakin onlar öz həyatları hesabına millətin şərəfini və ləyaqətini xilas etdilər. Altı mərmərdən yonulmuş məşəl və əlləri üstündə oğlunu tutmuş Vətən-Ananın təsviri, bu obraz dahi Mikelancelonun "Pyeta"sını yada salır, Meksikanın milli faciəsi ilə yanaşı, ABŞ-ın bu ölkəyə olan təcavüzünü xatırladır. Məhz həmin dövrlərdə Birləşmiş Ştatlar Meksikanın nəhəng ərazilərini özünə anneksiya etmişdi. Altı kadet həlak olsa da, onların yandırdıqları məşəl sönməmiş, meksikalılar üçün şimal qonşusunun təhlükəsinə qarşı daim ayıq olmaq çağırışının simvoluna çevrilmişdir. Meksikalılar həm də kimlə qonşu olduqlarını heç vaxt yaddan çıxarmırlar. Onlar öz səmimiyyətlərinə uyğun olaraq deyirlər ki, bu da bizim taleyimizdir ki, Birləşmiş Ştatlarla çox yaxınıq, Allahdan isə çox uzağıq.

Şəhərin ən geniş və ən məşhur küçəsi Paseo-de-la-Reformadır, bu ad ona Meksikanın milli qəhrəmanı, 1861-72-ci illərdə ölkənin prezidenti olmuş Benito Xuares hökumətinin proqressiv reformalarının (islahatlarının) şərəfinə verilmişdir. Küçə Parisin Yelisey çöllərinə bənzəyir və on kilometrlərlə uzanır. Burada ölkənin başlıca abidəsi olan 45 metr hündürlüyündəki İstiqlaliyyət sütunu ucalır. Prospekt Çapultepek parkını kəsib keçir, parkın mərkəzindəki köhnə sarayda isə Tarix muzeyi yerləşir. Muzey Meksika xalqının milli-azadlıq uğrundakı mübarizəsini geniş əks etdirir.

Paseo-de-la-Reforma ilə İnsurxentes küçələri kəsişir. İnsurxentes küçəsindən sonra kübar sakinlərin yaşadığı, varlı villalarla və bağlarla, yaşıllıqlarla fərqlənən "Zona Rosa" - "Qızılgül zonası" yerləşir. Bu rayon sakitliyi və gözəlliyi ilə şəhərin digər hissələrindən fərqlənir.

Paseo-de-la-Reforma prospektindən şimalda isə dünyanın məşhur filosoflarının və yazıçılarının adını daşıyan küçələr yerləşir. Bu məkan dahilərin adını daşımaqla, bir daha onları minnətdarlıq hissləri ilə xatırlamağa məcbur edir. Dekart, Viktor Hüqo, Tolstoy küçələri ilə addımladıqca, bəşəriyyətin fəxr etdiyi şəxslərə ehtiram bəsləyən meksikalılara bir daha xoş münasibət izhar etmək istəyirsən.

Çapultepek parkı həm də ən böyük və ən məşhur muzeylər ərazisi olması ilə müqayisə sığmayan bir məkandır. Digər böyük park olan Alemedanın yerində isə asteklərin dövründə bazar olmuşdu. Sonralar, ispan inkviziyasının tüğyan etdiyi vaxtlarda burada yeretikləri (dinsizləri) camaatın gözü qarşısında yandırırdılar. Ona görə də meydan Plasa-del-Kamadero (Yandırılma meydanı) adlanırmış.

Çapultepek parkında yerləşən məşhur Meksika antropoloji muzeyinin özünə və eksponatlarına biz heyranlıqla tamaşa etdik. Muzeyin layihəsi 1964-cü ildə tutulmuşdur, bir etnoqrafik elmi institut kimi bu, bəlkə də, dünyada özünə bərabər olan ikinci bir nümunəni tanımır. Muzey hindu xalqlarının başına gələn faciələri hərtərəfli açıb göstərir. Dünyada ikinci piramidalar ölkəsi olan Meksika və öz heroqlif əlifbasını icad etmiş onun hindu xalqı böyük inkişaf yolu keçsə də, özünə qarşı olan amansız sınaqlardan çıxmağı, azad olmağı o vaxtlar bacarmamışdır.

Muzeyin yerləşdiyi məkan da yaxşı seçilmişdir, Paseo-de-la-Reforma ilə Mahatma Qandi küçəsinin arasındakı zonada, parkın içində yerləşmişdir. Burada Kolumbdan əvvəlki Meksika irsinin mühüm arxeoloji və antropoloji artefaktları nümayiş etdirilir, bunların arasında isə daha məşhur olanı Günəş Daşı (və ya hindu təqvimi daşı) və Astek Ksoçipilli heykəlidir.

Muzeyin tikintisi, arxitekturası da çox uğurludur. Həyətində eksponat zalları, iri gölməçə və bir kvadrat şəkilli sütunun üstündə "çətir" adlanan talvar vardır. Muzey 23 eksponat otağından ibarət olmaqla, 8 hektar sahəni tutur.

Muzeyin kolleksiyasındakı Günəş Daşı hindu sivilizasiyasından yadigardır, daşın özü isə cəngəllikldən tapılmışdır. Eksponatlar Şimal, Qərb, Mayya, Meksika körfəzi, Oaksasa, Mexiko, Toltek və Teotiuakan dövrlərinə məxsus olmaqla sinifləşdirilmişdir. Birinci mərtəbədə Meksikanın ispan müstəmləkəçiliyindən əvvəlki yerli amerikanların mədəniyyəti nümayiş etdirilir.

Muzeyə gələn qonaqlar dünyanın digər böyük mədəniyyətlərinə də diqqət verirlər. Sonrakı eksponatlar qədim İran, Yunanıstan, Çin, Misir, Rusiya və İspaniyadan danışır. Ümumiyyətlə, eksponatlarının bolluğuna görə bu, dünya səviyyəsində olan bir muzey hesab olunur. Zallar İspaniyadan əvvəlki Meksikaya həsr olunmuşdur, ən uca səviyyədəki zalda isə Meksikanın qədim insanlarının törəmələrinin bugünkü həyatından bəhs edilir. Müasir mədəniyyətlər qədim sivilizasiyaların birbaşa üstündə yerləşir. Geniş muzey adamın ilk gəlişindən özünə götürdükləri, absorbsiya etmələri ilə müqayisədə də çox şey təklif edir.

Teotiuakan zalında amerikanların ilk və güclü dövlətlərini ifadə edən modellər və obyektlər nümayiş etdirilir. Sonra Tolteklər gəlir və orada Tula məbədi göstərilir.

Asteklərin Meksikasına həsr olunmuş zalda məşhur Günəş Daşını görürsən, burada həmçinin, astek ilahilərinin panteonunda digər gözəl heykəllər göstərilir. Sonrakı zalda Oaksaka və Meksika körfəzi sivilizasiyalarının irsi nümayiş etdirilir. Olmek başının oyulduğu 20 tonluq iri daş da buradadır.

Həyətdəki nəhəng sütun fəvvarəsi "çətir" kimi tanınır və bu, təbiətlə əlaqəni xatırladır.

Muzeydə mühüm ikonalar hesab olunan mayya və astek dövrlərinə xüsusi diqqət verilir. Hər iki xalq böyük və inkişaf etmiş sivilizasiyalar yaratmış, çox sayda hindu xalqlarını böyük imperiyada birləşdirmişdilər.

Mexiko təkcə arxitektura nümunələri və muzeyləri ilə məşhur deyildir, şəhərdən azacıq kənardakı meşədə təbiətin yaratdığı, möcüzəni andıran gözəl bir mənzərə ilə rastlaşırsan, cazibədarlığına görə o heç də insanın yaratdığı muzeylərdən geri qalmır. Meşədəki ağacların üstü ağlasığmayan sayda açıq qəhvəyi rəngdəki monarx kəpənəkləri ilə doludur, onların miqdarı bəlkə də göydəki ulduzların miriadlarından da çoxdur, yazda meyvə ağaclarındakı çiçək çətiri belə heç də bu cür nəhayətsiz qaydada gur olmur. Kəpənəklər üzüm salxımlarını andırırlar. Meksikada da gecə dağlardan əsən küləkdən qorunmaq üçün onlar bir-birinin üstünə qonub salxım əmələ gətirirlər. Gecə növündən fərqli olaraq onlar çox fəaldırlar, çəkisi 1 qramdan az olan bu həşəratlar incə qanadları hesabına uzun məsafələrə uçurlar. Onlar Kanadadan buraya uçub gəlmək, qış vətənini tapmaq üçün 3 min mil məsafəni qət edirlər, yeganə kəpənəklərdir ki, quşlar kimi ildə iki dəfə miqrasiya edirlər.

(Ardı var)

 





23.04.2019    çap et  çap et