525.Az

Stalinin məqaləsi - Şirməmməd Hüseynov


 

İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR

Stalinin məqaləsi - <b style="color:red">Şirməmməd Hüseynov </b>

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, onlarla və bu günümüzlə fəxr edək! 

(Əvvəli ötən şənbə sayımızda)

BAKI VƏ AZƏRBAYCAN 

Temmuz ibtidalarında Sovet Cümhuriyətləri İcra Komitəsi Rəisi Ümumisi Kalinin, Azərbaycan köylərini və Bakı ətrafını ziyarət edərək Bakıya dönmüş və qəzetələrə verdiyi məlumatdan başqa professorlar, müdərrislər, doktor, mühəndis, müəllim və sair münəvvər zümrələr qarşısında məruzatda bulunmuşdur. Kalininin aldığı təəssürat və etdiyi tövsiyələr, çıxardığı nəticələr pək maraqlıdır.

Kalinin ilk dəfə 1900 sənəsində Bakıya gəlmişdir. O zaman, onun təsvir etdigi üzərə, Bakı "Böyük bir neft buruğu" (ocağı) imiş və burada heç bir mədəni həyat mövcud deyilmiş. Şimdi isə burada əsaslı və qüvvətli mədəni bir həyat varmış. "Bakı yalnız sənaye mərkəzi degil, eyni zamanda mədəniyət mərkəzi olmuşdur. Şimdi Bakıda hər hankı bir mədəni insana yaşamaq mümkündür". Bu son cümlə üzərində bir az durmaq faydasız degildir. "Hər bir mədəni insana yaşamaq mümkündür" cümləsi ilə Kalinin "Sabiqdə buraya yalnız para qazanmağa gəliyorlardı, yaşamaq və qalmaq isə kimsə arzu etməzdi. Şimdi isə həmişəlik qalıb yaşamaq dəxi mümkündür" kibi bəyanatı arasında bir gizli, rus mənası vardır. Bu cəhəti daha aydın etmək üçün, Kalinin "Bakinski Raboçi" qəzetəsinin müxbiri ilə, milliyət məsələsi ətrafında vaqe olan müsahibəsini qeyd etməlidir. ("Bakinski Raboçi", № 154)

Kalinin diyor ki: "Bən Azərbaycanda, bilxassə Bakıda milliyət məsələsini həd bir şəklə salacaq bir səbəb görmüyoram. Başqa Sovet Cümhuriyətləri kibi Azərbaycan dəxi əqəlliyət təşkil edən millətlərə malikdir ki bu millətlər də ruslar və ermənilərdir. Fəqət məncə bu millətlər o qədər məhəlli iqlimə uymuşlar ki, onları, rus və erməniləri "Azərbaycan rusu" və "Azərbaycan ermənisi" ədd etmək lazımdır. Azərbaycanda bu xüsusda bir təhlükə gözləmək yersizdir".

Müxtəlif yerlərdə, müxtəlif münasibətlərlə söylənmiş bu sözləri bir-birinin ardınca sıralayınca böylə bir məna meydana gəlir ki, bilxassə Bakıda istiladan sonra əksəriyət vücuda gətirən qeyri-türklər, məhəlli iqlimə uymuş olduqlarından "azərbaycanlılaşmışlar"dır və bu "mədəni insanlar" daimi surətdə Bakıda, Azərbaycanda qalacaqlardır. Bu "mədəni insanlar" üçün Bakıda daimi surətdə yaşamaq mümkündür. Sovet hökuməti hər bir əskəri, siyasi və iqtisadi ehtiyat tədbirlərini görmüş olduğundan, bu qeyri-türklər, heç bir təhlükə bəkləməməlidirlər.

İştə Kalinin bəyanatından alınan doğru məna budur. Fəqət bu böylə olmaqla bərabər "Bakı Azərbaycanın paytaxtıdır". Ruslaşmış Bakının, ruslaşmış olaraq qalacağı təmin edilən Bakının, hansı Azərbaycana paytaxt olduğu dəxi maraqlıdır. Kalinin diyor ki, "Bakı mədəniyətcə geri qalmış köylülər cümhuriyəti olan Azərbaycanın paytaxtıdır. Məncə, aralarında türk münəvvəri dəxi mövcud olan Bakı münəvvərlərinin vəzifəsi bu geri qalmış cahil Azərbaycan köylüsünə yardım etməkdir. Öylə etməlidir ki "Bakı ismi zikr olunduğu zaman Azərbaycan köylüsü "Vətəni bir qürur" hiss etsin, öylə yapmalıdır ki Bakı, Azərbaycan köylüləri içərisində səmimi və dərin simpati qazanmış olsun".

Kalinin, göründüyü kibi müəyyən bir münəvvər sinfinə müraciət etməkdədir. O münəvvər zümrə, o "mədəni insanlar", müəyyən bir millətə mənsubdurlar və bu millətin qeyri-türk olması ondan bəllidir ki, "aralarında türk münəvvərləri də mövcuddur". Demək arasında hətta "türk münəvvəri də mövcud olan Rus Bakı, cahil və qeyri-mədəni köylülərin" cümhuriyəti olan Azərbaycanın paytaxtıdır. Bu Rus Bakı, öylə edəcək ki Bakı ismi gəlincə Azəri köylüsü, "Vətəni bir qürur" hiss eyləsin. Kalinin qəsdən "milli qürur" deyil, "Vətəni qürur" deyir, çünki filhəqiqə Azəri köylüsü, Rus Bakıdan "Vətəni bir qürur" duyduğu zaman "milli qürur" naminə bir şey qalmamış olacaqdır. O zaman rus seli işərisində Azəri köylüsü milli mənliyini, milli şəxsiyətini, milli simasını qeyb etməyə başlayacaq və yavaş yavaş, Kalininin arzu və ümid etdiyi kimi "bir qaç ildən sonra türk köylüsünü tanımayacaq olacağız".

***

1900 sənəsində "böyük bir neft buruğu" olan Bakının şimdi "mədəni insanların" yaşamasına müsaid "bir mədəniyət mərkəzi" olması şübhəsiz ki uzun siyasi, iqtisadi, ictimai təkamül nəticəsində vaqe olmuşdur. 1900 sənəsindən 1927 sənəsinə qədər Bakı bir qaç dərin ictimai, siyasi əskəri ixtilallar, inqilablar, hərblər, qitallar, milli çəkişmələr, iqtisadi və siyasi mədəni, harsı rəqabətlər səhnəsi olmuşdur... Bakının baş cəddələrini dolaşınız, şimalından sahilə qədər gəliniz, Zığdan Bayıl və Bibiheybətə qədər sahil boyu ilə dolaşınız, Qərbindən Şərqinə gediniz, nə qədər mülklər, böyük avropavarı müəssisələr, binalar, ticarətxanələr, vapur şirkətləri, fabrikalar varsa türklərə məxsus olduğunu görəcəksiniz. Mülk və binalardan yüzdə 99-u türklərin olduğu kibi, vapurların, ticarətxanələrin, sənaye müəssisələrinin də əksəri türklərin idi. Şəhərdə ən böyük mətbəəyi türklər təsis etmişlərdir. İki böyük teatrodan birini Tağıyev, digəri də Mayılov (2-də azərbaycanlı) təsis etmişdir. Ən böyük "Kaspi" qəzetini rus dilində türklər çıxarıyorlardı. Ən çox qəzetə, məcmuə və mətbəəyə türklər malikdirlər.

Şəhərin məktəblərini, ticarət, sənaye və qız edadilərini, böyük xəstəxanələri alınız, həpsini türk sərmayədarları və türk parası ilə türklər tərəfindən təsis və inşa edildigini görəcəksiniz.

Türklər daha 1905 ixtilalından sonra kəndi paraları ilə Bakıda darülfünunun təsisini düşünüyorlardı. Fəqət Rusya buna mane oluyordu. Nəhayət bu böyük işi də 1919-da istiqlal dövründə təsis etdilər. Şimdiki Azərbaycan Dövlət Darülfünunu milli Azərbaycanın təsis etdiyi müəssisədir. Digər ali məktəb olan Politexnik İnstitutu sabiq Bakı Politexnik Məktəbidir ki, 25 sənədən bəri Tağıyevin təxsisatı ilə təsis və idamei həyat ediyordu.

Rusiyanın azərbaycanlılara nisbətən rusun Azəri türkünə görə dərəcəyi-mədəniyətini bilmək üçün rus statistikasına müraciət edəlim:

1897 sənəsi təhriri nüfusu mövcibincə rusların yüzdə 85-i köylü idi. Yüzdə 15 içərisində mülkdarı, ruhanisi, xanədan familinə mənsub olanlar, tüccarlar, əmələlər daxil bulunuyorlar. Halbuki Azərbaycan bu vəziyətdə idi:

Yüzdə 81,66 köylü

Yüzdə 4,70 sənaye-fabrika sahibi

Yüzdə 5,60 tacir

Yüzdə 4,00 əmələ

Yüzdə 2,04 məmur və sərbəst məslək sahibi.

Mülkdar yüzdə 2,6 nisbətində idi. Bu surətlə ziraət üsulundan şəhər, ticarət və sənaye həyatına, ruslardan tez daxil olmuş, bu cəhətdən biz, ruslar və konşumuz gürcülərdən dəxi iləridə duruyorduq. Çünkü gürcülərin yüzdə 82,47 nisbisi köylü, ticarət-sənaye əhli isə yüzdə 7 nisbətində idi. Halbuki bizdə yalnız sənaye, ticarət və sərbəst mülk ərbabı ilə əmələ yüzdə 16 və ya 17 nisbətində idi.

Daha 1897 statistikasına görə biz ticarət, sənaye işlərində ruslardan, finlərdən (finlərdə tüccar yüzdə 2,2 idi), ukraynalılardan, belaruslardan, serblərdən, rumunlardan (rumunlarda yüzdə 90 köylüdür), rusinlərdən iləridə duruyorduq.

Milli sərvət və kapital məsələsinə gəldikdə, Azərbaycanın sənayedə malik olduğu 500.000.000 altun rublənin yüzdə 73 nisbətində Qərbi Avropa sərmayədarlarının yüzdə 20-si Rusya daxilində olan qeyri-türklərin - rus, ukraynalı, yəhudi, lehli, alman, erməni, gürcü və sairənin yüzdə 7 nisbəti isə Azəri türklərinin idi. XIX əsrin sonlarında bu cəhətdən dəxi Azərbaycan, ruslardan iləridə idi. Çünkü yüzdə 20-dən rusların payına yüzdə 3 belə düşmüyordu. Unutmamalıdır ki, Azərilərin sənaye, ticarət və sairədə ən tərəqqi etdikləri zaman 1905 sənəsindən sonra vaqe olan intibah dövründə idi. Erməni-Müsəlman faciəsindən sonra, bir növi Azəri köylüsü şəhərə, şəhər burjaziyası sənaye və ticarətə sahib oluyorlardı. Bundan sonra idi ki böyük sərmayədar türklər, fabrikatorlar, vaporçular, bankalar, ticarət müəssisələri, neft şirkətləri meydana gəldi. Bakıda yapılan avropavari binalar şəhəri böyütdü, gözəlləşdirdi. Məktəblər artdı, Azəri sərmayədarları, ticarət şirkətləri yekdigəri ilə rəqabət edərək məktəb binaları, teatrolar, mətbəələr tikməyə, məktəb məsrəflərini, qəzetə nəşriyatını, kitab təbini, Avropaya tələbə göndərməyi kəndi hesablarına almağa başladılar. 1905-dən 1917 sənəsinə qədər azərbaycanlılar iqtisadca, ticarət və sənayecə, irfan və mədəniyətcə qonşularını çoxdan geri buraxmağa başlıyorlardı...

İştə müxtəsər bir şəkildə, Bakı və Azərbaycanın keçirmiş olduğu təkamül və inkişaf səhfələri budur. Fəqət SSSR kibi "zorba" bir cümhuriyətin "ağsaqqalı" olan Kalininə görə iş böylə degildir. O professorlar, doktorlar, mühəndislər, müəllimlər və sair münəvvər zümrələr önündə iddia ediyor ki (hətta alqışlanıyor da) 1900 sənəsində "böyük bir neft buruğu olan Bakı" ancaq Sovet hökuməti sayəsində mədəniyət mərkəzi olmuşdur. Sovet hökuməti olmasaydı, Bakı "mədəni mərkəz olmazdı və burada mədəni insana yaşamaq mümkün olmayacaqdı". Fəqət Kalinin o qədər də "profan" deyil. "Mədəbi insan" məfhumunu "rus mujiki" mənasında alan bu "ağsaqqal" "Bakı mədəni mərkəz oldu" cümləsini də "ruslarla doldu" mənasında təsəvvür etməkdədir. Bu nöqteyi-nəzərdən ona haq verməlidir. Doğrudan da Sovet hökuməti olmasa idi Bakı xüsusi mənada ruslaşmaq nöqtəsində mədəniyət mərkəzi olmayacaqdı.

Bakının, Azəri köylüsünə "Vətəni qürur" ilə bərabər "Milli qürur" dəxi təlqin etməsi üçün, burasını rus mədəniyət mərkəzi degil, türk mədəniyət mərkəzi yapmaq lazımdır. Bu olursa, Azərbaycan köylüsü, doğrudan da milli mədəniyət mərkəzi olan Bakısı ilə qürurlanacaqdır. Fəqət şimdi isə Azəri köylüsündə yeganə dəruni duyğu kindir. Kin və intiqamdır ki onu Bakısını həqiqi milli mərkəz yapmaq üçün, milli mədəniyət, milli hars və irfan, milli siyasət və iqtisad mərkəzi yapmaq üçün onu, Azəri köylüsünü ruslara qarşı sövq ediyor....

Məhəmmədzadə Mirzə Bala
"Yeni Qafqasya", 1 təşrini-əvvəl 1927, №1(94) 

STALİNİN MƏQALƏSİ  

29 temmuz tarixli "Bakinski Raboçi" qəzetəsində Stalin imzasilə bir baş məqalə dərc edilmişdir. Görünüyor ki Sovet Rusyanın şimdiki diktatoru Stalinin bu məqaləsi "Müdafiə Həftəsi" münasibətilə SSSR-in saysız muxtar, nim muxtar müttəhid cümhuriyətlərində və vilayətlərində nəşr olunan ümum qəzetələrdə eyni zamanda dərc edilmişdir. İngiltərə başda olmaq üzərə bütün kapitalist dünyasının Sovet Rusyaya hücum hazırlamaqda olduğundan, vaxtsız məhv olan Çin ictimai ixtilalından cəbhə arxasını pozan müxalifətin xəyanətindən və Sovet Rusyanın müdafiə qüvvəsinin təqviyəsi lüzumundan bəhs edən bu məqalə bizi əlaqədar etməsəydi ona heç də əhəmiyət verməzdik.

İngiltərə hökumətinin Sovet Rusya əleyhinə olan "əməliyatını" açarkən məqalə sahibi diyor ki: "İngiltərə hökuməti Sovet Cümhuriyətləri İttihadı əleyhinə mali abluka hazırlıyor. İngiltərə hökuməti Sovet Cümhuriyətləri əleyhinə digər dövlətlərlə gizli müzakirələrdə bulunuyor. İngiltərə, Ukrayna, Gürcüstan, Azərbaycan və Ermənistan mühacir hökumətlərini" Sovetlər əleyhinə üsyan hazırlamaq üçün, maddətən təmin ediyor və əlavətən diyor ki: "Mühafizəkar İngiltərə hökuməti "SSSR" əleyhinə hərb hazırlamaq yoluna qəti surətdə iqdam etmişdir".

Bu məqalə iki əsaslı mülahizəyə istinad etməkdədir: Əvvələn "10 sənədən bəri bir ovuc insanların diktaturası altında inləyən və getdikcə səbri tükənən işçi və köylü kütləsini, xaricdən gələn təhlükə ilə qorxutmaq, narazılarını xarici təhlükəyə cəlb etmək, saniyən: "müqabil ixtilalçıları" imha (məhv), Komunist Firqəsinin kəndi içərisində olan müxalifləri aradan qaldırmaq, Ukraynada və Qafqasyada vüqu bulacaq "möhtəməl üsyan"ları kökündən kəsmək kibi tədabiri-şədidə ilə cəbhə arxasını qüvvətləndirmək, istiqlal istəyən millətlərə qarşı icra edəcəgi bu qanlı terror və imha siyasətini məşru göstərmək üçün istiqlal fikri kibi "sui-niyyət"lərdən başqa daha qüvvətli cürümlər (vasitələr) icad etmək lazım idi ki istiqlal mücadiləsini davam etdirən millətlər, İngiltərənin əlində bir alətdirlər.  İngiltərə imperyalizmi əleyhinə sırf köylü proletar irticayi yaratmaqdan maəda (başqa) Velikorus millətinin milli hissiyatını dəxi coşdurmaq üçün göstərmək lazım idi ki, Sovet Rusya əleyhinə olacaq müharibə Rusyanın parçalanmasına mucib olacaqdır.

Məqalənin təfsilatına girişməyərək qoca ixtilalçı Stalinə demək istərdik ki:

1. Azərbaycan xalqı, kəndi səlahiyətdar müəssəsi Milli Şura vasitəsilə müstəqil dövlət olmaq iradeyi-qətiyəsini bir dəfə elan etmişdir. Bu elanı istiqlal qərarında Azərbaycanın işçi və köylü və sosyalistləri kibi, dün bizim olan, sizin bu günkü yoldaşlarınız, Ağamalıoğlu, Qarayev və sairləri dəxi iştirak etmişlərdi. O zaman Azərbaycan ərazisində bir nəfər belə ingilis yox idi. Digər tərəfdən Rusiyanın müttəfiqi olan İngiltərə o zaman Rusyanın parçalanmasına razı belə olmazdı. Bunun müqabilində Azərbaycan Cümhuriyətinin paytaxtı Bakı, başda Şaumyan, Nərimanov və sairə olmaq üzərə, bolşevik-daşnaq qüvvəsi tərəfindən zəbt edilmişdi. Bakı ancaq, qanlı müharibədən sonra 1918 sənəsi eylulunda milli Azərbaycan hökuməti əlinə keçə bilmişdir.

2. Nə Azərbaycan hökuməti, nə də onu təmsil edən hər hankı bir müəssisə yalnız İngiltərə ilə degil, heç bir dövlətlə müahidə bağlamamış və daima Azərbaycan xalqının iqtisadi mənafeini güdmüşdür. Azərbaycan xalqının sərvəti, sizin Sovet hökumətinin təsisindən sonra yağma edilməyə başlanmışdır və təsis etdiginiz AzNeftdir ki, Azərbaycanın sərvətini hərraca qoyaraq satmağa başla-mışdır. Azərbaycan hesabına cahan inqilabı hazırlıyorsunuz və Azəri işçi-köylüsünü, Çin ixtilalı, Kremlin müdafiəsi, İngiltərə qrevi (tətili) və sair xarici məmləkətlərdəki macəralarımız üçün çalışmağa məcbur ediyorsunuz.

3. Azərbaycan, günün gün orta çağı məmləkətimizi istila və yağma etmiş Sovet hökuməti əleyhinə mücadilə edərkən kimsənin müstəmləkəsi olmaq niyətində degil, yalnız kəndi istiqlalını, siyasi və iqtisadi istiqlalını əldə etmək əzmindədir. Bir də, Rusiyadan başqa zənn etməyiz bir dövlət çıxsın ki, Qafqasyanı müstəmləkə yapmaq fikrinə düşsün. Bunun üçün Qafqasyanı kəndi müstəmləkəsi yapmaq istəyən bir dövlət Bolqarıstanı, Rumıniyanı və Ukraynanı istila etmək və yainki Kiçik Asiyanı zəbt etmək lazım gəlirdi. Başqa türlü bir dövlət Qafqasyadakı hakimiyətini mühafizə edəməzdi.

4. Bizim oryantosyonumuz kəndi qonşularımızdır və bu ən əsaslı və qüvvətli bir siyasətdir. Biz İngiltərəyə, Fransaya, Almanyaya və İtalyaya deyil, Dağıstan Cümhuriyətinə, Gürcüstan və Ermənistana istinad ediyoruz və bunlarla bərabər müştərək bir dövlət halında, Qafqasya Cümhuriyətləri Konfederasyonu şəklində yaşamaq əzmin-dəyiz. Bizcə müttəhid və müstəqil Qafqasya, Yaxın Şərqdə sülhü təmin edən bir hail (hasar) olur və Türkiyə ilə İran əleyhinə olan Sovet və Çar Rusyalarının istinadgahları olmaqdan xilas olur. Qafqasya xaricində Azərbaycanın siyasəti Türkiyə və İran dövlətləri ilə ən səmimi və dostanə münasibət təsisini istifdaf edər və əgər Qafqasya millətlərinin istiqlallarını təsdik edəcək və bununla hesablaşacaq bir Rusya olursa, onunla da dostanə münasibət siyasəti təqib edəcəgiz.

5. Kəndisini məhkum millətlərin hamisi deyə elan edən, fəqət sabiq Rusya imperatorluğundan bir qarış toprağı belə fəda etməyən və etmək istəməyən Sovet Rusyası bizə məlumdur ki dost ədd edəməyiz. Təbii bir şeydir ki, Sovet Rusya başqa bir dövlətlə hərb edərsə, əsir və məhkum etdiyi qeyri-rus millətlərin etimad və müavinətinə güvənəməz. Binaənileyh istiqlal mücadiləsini davam etdirən bu millətlərin müməssillərinə İngiltərə parası ilə üsyan hazırlıyorlar" demək açıq bir yalandır. Bu millətlər hüdud xaricindəki müməssilləri olmazsa da, milli mücadiləyi davam etdiriyor və etdirəcəklərdir. Bunun səbəbi isə "İngiltərənin təxsisatı" deyil sizin əskəri istila və cəbriniz, vəhşiyanə istismar siyasətinizdir. Cəbhə arxasını təmin və təqviyə etmək üçün imha və terror siyasəti sizə yardım edəməz. Sizə düşən ən müvafiq və kolay yol varsa o da, qan axıtmadan sülh ilə istila etdiginiz başqa məmləkətlərdən çıxmanızdır.

Əkbərağa Şeyxülislamzadə
"Yeni Qafqasya", 1 eylül 1927, №23(92)

BUGÜNKİ BAKI

- 3 - 

25 yanvar tarixli "Bakinski Raboçi"nin rəsmi məlumatına görə "Bakıda 10.000 baxımsız rus çocuğu vardır". Bunlar tamamilə "yurdsuz, yuvasız, valideynsizdirlər. Hənuz arxası gəlməkdə və Bakını doldurmaqda davam edən bu "quldur və əxlaqsız rus çocuqları"nın Bakıda yatdıqları yerlər "Bakinski Raboçi"nin dəxi qeyd etdigi vəchilə yük vaqonları, gəmilər, yerdə qazılan çuğurlar, boş bodrumlar, məzarlıqlar, qazanxanalar (qır qazanları və sairə), bağlar və meydanlardır".

Bakı Şurasının büdcəsində yetim çocuqlar üçün 1925-1926-cı sənəsinə məxsus olmaq üzərə 800.0000 rublə qeyd edilmişdir. Halbuki 1924 sənəsində Bakı Şurası bu işə 87.000 rublə sərf etmişdi. Yüzdə min nisbətində (faizində) təzayüd edən bu "səfalət qafiləsi" üçün Bakı Şurası bu sənə nə para buluyor, nə də bina. Şimali Qafqasyada təsis etdigi "çocuq yurdları"na Bakı Şurası ancaq 500 çocuq göndərə bilmişdir. Bundan maəda Çocuq Komisyonu təşkilatı kəndi çocuq yurdlarında 900 çocuq bəsliyor. Evsizlərə Yardım Komitəsi idarəsində də 300 çocuq vardır.

Qəbul edərsiniz ki, 10 minlik bir ordu içərisindən ayrılan bu miqdar heç dərəcəsindədir. Getdikcə artan bu yurdsuz səfalət "mikrob"ları ilə nə Bakı Şurası mübarizə edə biliyor, nə də cəmaət təşkilatları (Zatən cəmaat təşkilatları naminə bir şey buraxılmamış ki). Bakı Şurası keçən il bu yurdsuzları və işsiz əmələləri məmləkətlərinə göndərmək təşəbbüsünə girişdi. Fəqət bu təşəbbüs sahibsiz çocuqlarla işsiz rusları bəsləməkdən daha çox para tələb etdigindən yarıda buraxıldı. İştə bu kibi şərait içərisində Bakıda cinayət və səfalət artmaqdadır. "Bakinski Raboçi"nin 31-ci nömrəsində (25 yanvar) dərc olunduğu kibi "Oğurluq və yolkəsicilikıərin 100-də 66-sı evsiz və baxımsız çocuqlar tərəfindən icra edilməkdədir. 1924 sənəsi oktyabrına qədər bir sənə əsnasında təhərri polisi bu kibi cinayətlərdən 3410-nu qeyd etmişdir. 1925 sənəsi oktyabrına qədər təhərri polisi yenidən 4136 çocuq hırsız qeyd etmişdir. Bunlardan başqa yenə çocuqlardan olmaq üzərə 325 mütəxəssis hırsız qeyd edilmişdir. Bunlardan əlavə son sənə əsnasında həddi-buluğa çatmamış Camilər Komisyonundan 1950 baxımsız çocuq keçmişdir. Cinayətlərdən başqa zöhrəvi xəstəliklərə tutulan çocuqların ədədi bir sənə əsnasında 1052-dən 2967 miqdarını bulmuşdur.

Bunları qeyd etdikdən sonra, qəzetə Bakı Şurasının bu xüsusda heç bir iş yapmayacağını və yapma iqtidarında bulunmadığını qeyd ediyor. Getdikcə artan bu səfalət, səfahət və cinayətlərə qarşı bir iş görə bilməyəcəgini etiraf edən Bakı Şurası Azərbaycan Komisarlar Şurası vasitəsilə Mavərayi-Qafqas Federasyonu hökumətə müraciət edərək, Bakı ilə ətrafının bu cani ünsürlərindən təmizlənməsi xüsusunda və çocuqların Bakıdan çıxarılması haqqında maddi, mənəvi müavinətdə bulunmalarını rica etmişdir.

Azərbaycan Komisarlar Şurasının təsəvvüratı böylədir: 6000 sahibsiz və müzurr çocuqları Bakıdan sürmək. Bakıdan xaricdə çocuq koloniləri təsis etmək. Birinci iş üçün Azərbaycan komisarlarına qəzetələrin yazdığına görə 40.000 rublə para lazımdır. Çocuqlar üçün "məsai koloniləri təsis" qılmaq məqsədilə də 34.800 rublə kiçik yaşlı canilərə məxsus koloni təsis üçün 10.000 rublə, çocuq yurdlarının idarəsi üçün də sənədə 170.000 rublə lazımdır.

Xülasə, sahibsiz çocuqlar məsələsi, bunların icra etdigi cinayət, hırsızlıq, səfahət və əxlaqsızlıqlar, yaydıqları yoluxucu xəstəliklər Bakını məşğul edən hadisələrdən ən mühümmüdür.

Bunlar getdikcə Bakını doldurmaqda olan rus mühacir sürülərindən, işsiz əmələlərindən Parapet meydanını dolduran marfuşalardan başqadır. Bunlar ancaq "sahibsizlər"dir ki kanuni-sani hesabına görə 10 minə baliğidir (qədərdir). Bakı qəzetələrinin qeyd etdiklərinə görə bu miqdar hər gün artmaqdadır.

Bakı
Daşdəmir
"Yeni Qafqasya", 2 təşrini-sani, 1926, №3(71) 

BAKININ NÜFUSU 

Son təhriri nüfus nəticəsində Bakı şəhəri ilə civarındakı petrol ocaqlarının 447.000 nüfusuna malik olduğu anlaşılmışdır. Nəfsi Bakıda 240.000 nüfus vardır. Şəhərdəki nüfusdan 171.700 ərkək, 161.700-ü də qadındır.

Bakıda son təhrirə görə 74.117 məskən vardır ki bu ədəd 1923 sənəsindəki təhrirə (hesablamaya) nisbətlə yüsdə 33 bir artış göstərmişdir. O zaman Bakıda yalnız 50.000 məskən vardı. "B.Raboçi" qəzetəsinin yazdığına görə bu artış yeni binaların inşasından degil, mövcud məskənlərin təqsimindən iləri gəlmişdi. Yəni otağı çox olan məskənlər mütəəddid ailələr arasından ikişər oda təxsis etmək surətilə təqsim olunmuş və bu surətlə çoxalmışdır.

Bakı qəzetələri şəhər nüfusunun milliyətcə olan nisbətini qeyd etməmişlərdir.

"Yeni Qafqasya", 28 Mayıs 1927, №17 

DARÜLFÜNUNUN TƏMİZLƏNMƏSİ NƏTİCƏSİ 

Mustafa Quluyevin dəxi işarət etdigi kibi Darülfünun "təmizlənərkən" türk tələbələri tamamilə "siyasi savaddan məhrum" bir vəziyyətdə meydana çıxmış və bu üzdən həmən 100-də 90-nı qapı dışarı edilmişdir. Darülfünundan ixrac edilənlər ümumi tələbənin 100-də 10-nunu təşkil etməkdədirlər. "Bakinski Raboçi"nin yazdığına görə təmizlənmə zamanı siyasi savaddan maəda (başqa) sinif prinsipi dəxi başlıca şərtlərindən ədd olunuyordu. Bu surətlə komunist olmayanlar ilə kəndi səyi ilə yaşamayan və xüsusi mülki, ticarəti olan siniflərin övladı qovulmuş deməkdir. Qovulan türk tələbələrinin əksəri son kurslardandır. Bu il və ya 2 ilə doktor, mühəndis və sair mütəxəssis olacaq gənclər bu gün avara və "müzür ünsür"lər sinfinə idxal edilmiş bulunuyorlar.

"Yeni Qafqasya", 1 mart 1925, №11(35) 

Erməniləri tərki silah 

Davam edən mütəvatir (yayılan) şaiyəyə görə İran hökuməti Təbrizdə bulunan ermənilərə silahlarını hökumətə təslim etmələrini təklif eyləmiş. Fəqət bu təklifi kəndi arzuları ilə qəbul etmədiklərindən hökumət erməni məhəlləsini əskər qüvvətilə quşadaraq cəbrən tərki-silaha məcbur eyləmişdir.

"Yeni Qafqasya", 31 mart 1925, №13 

TÜRKİSTANDA QƏZETƏÇİLİK TARİXİ

Mabəd

Üçüncü dövrə 

Bu dövrə 1918 sənəsində Xokand müstəqil cümhuriyətinin Sovetlər tərəfindən imhasilə (işğalilə) başlar. Bu qızıl komunist dövründə Türkistanda qəzetələr mütəəddid namlar daşıyaraq milli mücadilələrində davam eyləmişlərdir. "Uluğ Türkistan" qəzetəsi Sovet Türkmənistan Cümhuriyyəti namını almış, vücudə gəldikdən sonra "İştirakiyyun", 1920-də "Qızıl Bayraq" və 1921-də "Türkistan", 1924-də "Qızıl Özbəkistan" namını almışdır. Bu qəzetə tamamən Mərkəzi İcra Komitəsinin naşiri-carisi olsa da milli məsaildə ruslara qarşı yazılar yazmaqdadır. Xüsusən bu qəzetənin əlavəsi olan "Müştüm" (Yumruğum) mizahi (lətifə) məcmuəsi rus komunistlərinə qarşı yazıları ilə və karikaturaları ilə məşhurdur. Bu gün Türkistanda, Özbəkistanda ən mükəmməl qəzetə "Qızıl Özbəkistan"dır. Yövmi 1600 nüsxə nəşr olunmaqdadır.

"Maarif və Okutucu" ismiylə mükəmməl və həftəlik ədəbi və elmi məcmuə nəşr olunmaqdadır.

1920 sənəsi eylülün 8-də Buxara Əmiratının yıxılması və yerinə Buxara Xalq Şuralar Cümhuriyətinin təşkili üzərinə Buxarada "Azadi Buxara" ismiylə yövmi özbəkcə bir qəzetə nəşr olunmuşdur. Yövmi 3000 nüsxə.

1922-1924 sənələrində Buxara Maarif Nəzarəti tərəfindən "Maarif və Mədəniyyət" ismiylə elmi bir məcmuə nəşr olunmuşdu.

Fərqanə civarında Xokand şəhərində "Fərqanə" ismiylə bir qəzetə müntəşirdir. Yövmi 4000 nüsxə.

Özbəkistanın mərkəzi Səmərqənddə "Zərəfşan" ismiylə 1922 sənəsində bir qəzetə nəşr edilmişdir. Bunun bir müzahi (lətifə, əyləncə) əlavəsi vardır: "Məşrəb" (İçki içilən yer).

Türkistanda və bugünkü Sovet idarəsindəki digər cümhuriyətlərdə sərbəsti-i mətbuat olmadığından bütün qəzetələr partiyanın iznilə məqalə nəşr etməkdədirlər. Qəzetə və məcmuələrin, hətta kitabların başında əski ərəb kitablarının "Bismillah"... ilə başlaması kibi qızıl bir bəsmələ ilə "Bütün dünya yoxsulları birləşinz!" təbiri vardır. Türkistan istiqlaliyəti dövrünün bəxş eylədigi və milli mücadilə uğrunda Türkistan dağlarında fədayi-nəfs edən fədakar məfkurəçilərin buraxdığı irs hər bir Türkistanlı gəncin qəlbində təraküm etməkdə və qüvvətlənməkdədir. Türkistanlılarda təhsilə qarşı şiddətli eşq və modern mədəniyyətə qarşı qüvvətli bir həsrət vardır.

Yuxarıda bütün səfahətini izah ilə gəldigim Türkistan qəzetəçiligi və dolayısilə Türkistan təcəddüdü haqqındakı məlumat Türkistan münəvvərlərinin qüdsi yollarda nə kibi müşkülatlara qatlanaraq əzim və imanla çalışdıqlarını göstərir. Bundan 10 sənə müqəddəm fanatik və mistik mədrəsə zehniyətçilərinin mənafeinə qurban olan xalq 1918 sənəsindən bəri başlayıb gələn milli mücadilələrdə artıq kəndi münəvvərlərilə qol-qola vermişdir. Türkistanın ən müsibətli düşməni, daxili düşməni olan ruhanilər idi. 1920 Buxara Əmiratının yıxılmasilə mədrəsə zehniyətçilərinin də həyatına xatimə çəkilmiş oluyor. Yəni daxili düşmən olan təəssübə qarşı qalibiyət qazanılmışdır. Fəqət xarici düşmənə qarşı daha qələbə eləmədik. 1865 sənəsindən bəri Türkistanı çeynəyən rus Çarizmləri bu gün başqa isim və başqa rənglərlə eyni əbus (açıq) çöhrəsini mühafizə etməkdədir. Dünki "Ağ Padişah" imperyalizmi bu gün qızıl imparyalizm şəklinə inqilab etmişdir. Türkistan istiqlaliyəti üçün Türkistan dağlarında cansipəranə fədayi-nəfs edən mücahid basmaçılarımızın axıtdıqları qanın 10 mislini və gömdükləri gəmiklərin 100 mislini yerlərə gömərək gözəl Türkistanımızın istiqlaliyətini alacağımızdan qətiyyən əminiz.

Türkistan gəncləri arasında dəmir kibi təsanüd və qüdsi məfkurəyə mətin bir sədaqət olduqca kəndi haqqı həyatlarına qovuşacaqları pək aşikardır.

Berlin.
Türkistanlı Əhməd Naim
"Yeni Qafqasya", 3 kanuni-sani 1927, №7(76)

(Ardı var)

 





23.04.2019    çap et  çap et