525.Az

Təbii qazın qiymətinin aşağı salınması üçün iqtisadi əsaslar var


 

VÜQAR BAYRAMOV: “ƏHALİYƏ SATILAN QAZIN QİYMƏTİNDƏ GÜZƏŞTİN TƏTBİQ EDİLMƏSİ ÜÇÜN MALİYYƏ BAZASI ARTIQ FORMALAŞIB”

<b style="color:red">Təbii qazın qiymətinin aşağı salınması üçün iqtisadi əsaslar var</b>

Hazırda ölkədə müzakirə olunan əsas mövzulardan biri kommunal xidmətlər üçün müəyyənləşdirilmiş qiymət limitlərinin ləğvinin mümkünlüyü məsələsidir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə sosial islahatlar paketinin hazırlanması, bu sahədə ard-arda addımlar atılması əhalinin müxtəlif təbəqələri arasında təbii qaz və elektrik enerjisinə tətbiq olunan tariflərə yenidən baxılacağına ümid yaradıb. Aprelin 23-də məsələ Milli Məclis səviyyəsində qaldırılıb. Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa mavi yanacağa tətbiq olunan limitin 2 dəfə qaldırılmasını təklif edib.

Deputat Qənirə Paşayevə həmkarının təklifini dəstəkləyib, seçicilərinin bu məsələnin həll olunması üçün müraciətlər etdiklərini bildirib, tariflərə yenidən baxılmasını vacib hesab edib.

Xüsusilə qış aylarında evlərin qızdırılması üçün qaz və elektrik enerjisi ilə işləyən istilik sistemlərindən istifadə edilir ki, bu da limiti keçən vətəndaşların kommunal xidmət ödənişlərinin artmasına, ailə büdcələrində əlavə xərclərin yaranmasına səbəb olur. Paytaxtda və regionlarda yaşayan aztəminatlı ailələr ümumiyyətlə bahalı istilik sistemlərindən istifadə edə bilmirlər. Meşəətrafı bölgə sakinləri isə çıxış yolunu ağaclardan odun kimi istifadə etməkdə görürlər. Nəticədə, bu, meşə təsərrüfatlarına, ekoloji vəziyyətə mənfi təsirlərini göstərir. Çıxış yolu isə təbii qazdan güzəştli qiymətlə istifadə üçün qoyulan limitə yenidən baxılması və ya tamamilə ləğv edilməsi, əhalin aşağı qiymətlə təbii qazdan, elektrik enerjisindən istifadəsinə şərait yaradılmasıdır.

Məsələnin aktuallığını nəzərə alan İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) mavi qaza tətbiq edilən limitin ləğvi məsələsini araşdırıb.

CESD sədri Vüqar Bayramov qeyd edib ki, monitorinqlərə əsasən, güzəştli limit böyük olmadığı üçün xüsusən mavi qazla işləyən istilik sistemindən istifadə edənlər bir neçə aydan sonra artırılmış qiymətlə ödəniş etmək məcburiyyətində qalırlar: “Bu, aztəminatlı ailələrin büdcələri üçün əlavə xərc deməkdir. Qazın limitinin ləğv edilməsi və limitsiz olaraq hər kubunun daha aşağı qiymətə, yəni 10 qəpiyə satılması mümkündürmü? Qiymətləndirmələrimiz göstərir ki, təbii qazın qiymətinin aşağı salınması üçün iqtisadi əsaslar var. Əvvəlla, Azərbaycanda mavi qaz hasılatının artması bu enerji növünün daha ucuz qiymətə təklif edilməsinə imkan yaradır. Ötən il ölkəmizin, o cümlədən, Dövlət Neft Şirkətinin (SOCAR) hasil etdiyi mavi qazın həcmi artıb. Ölkəmizdə 30,490 min kubmetr mavi qaz hasil edilib ki, bu da əvvəlki illə müqayisədə təqribən 7 faiz çoxdur. 2017-ci ildə Azərbaycanda 28,597 min kubmetr mavi qaz hasil olunmuşdu. 2017-ci ildə 6,089 min kubmetr mavi qaz hasil edən SOCAR ötən il bu göstəricini 6,525 min kubmetrədək çatdıra bilib. Bu isə Dövlət Neft Şirkətinin istehsalını ötən il əvvəlki illə müqayisədə 6,7 faiz artırması deməkdir. Şahdənizin 2-ci fazasında və eləcə də Abşeron yatağından proqnozlaşdırılan mavi qaz hasilatını da nəzərə aldıqda növbəti illərdə də mavi qaz istehsalında artım davam edəcək və 2 ildən sonra əlavə olaraq daha 5 milyard kubmetr mavi qaz hasil edə biləcəyik. Deməli, artan hasilat daha çox gəlir deməkdir və bu da limitlərin ləğvini mümkün edir. Hasilatın artması fonunda mavi qaz ilə bağlı limitinin ləğvi üçün iqtisadi əsaslar formalaşır”.

İqtisadçı alim bildirib ki, Dövlət Neft Şirkəti BP-dən səmt qazı almaqda davam edir: “2018-ci ildə Azəri-Çıraq-Günəşli çərçivəsində SOCAR 2,3 milyard kubmetr səmt qazı alıb. Səmt qazının əsasən daxili istehlak üçün istifadə ediliyini nəzərə alsaq bu əhali üçün qaz limitini aradan qaldırmağa imkan yaradır”.

V.Bayhramovun sözlərinə görə, manatın məzənnəsinin 2017-ci ilin fevralından sonra stabil qalması SOCAR üçün valyuta riski problemini aradan qaldırıb: “Dövlət Neft Şirkəti əhaliyə satdığı qazın bir hissəsini BP-dən xarici valyuta ilə alır. 2016-cı ilin noyabrında limitlər müəyyənləşdirilən zaman manatın məzənnəsi stabil deyildi və bu şirkətə xərcini planlaşdırmaqda çətinlik yaradırdı. İndi kurs stabil olduğundan proqnozlaşdırılmayan məzənnə xərci yoxdur və bu da limitlərin ləğv edilməsinə iqtisadi əsas yaradır”.

“Azərbaycanın qaz ixracatındakı artım tendensiyası ölkəyə daha çox valyutanın daxil olması ilə nəticələnir ki, bu da əhaliyə daha ucuz qiymətə mavi qaz təklif etməyə imkan yaradır. Ötən il Azərbaycan 7,9 milyard kubmetrdən çox təbii qaz ixrac edib. Bu, 1,499 milyard dollar deməkdir. 2018-ci ildə ixrac edilən təbii qazın miqdarı 2017-ci ildən 4,7 faiz, dəyəri isə 25,5 faiz çox olub. Artım tempi bu ilin birinci rübündə də davam edib. 2019-cu ilin birinci rübündə qaz ixracı 2 milyard. 971 milyon kubmetr olub. Bu, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 3,2 dəfə artım deməkdir. Qaz satışından əldə etdiyimiz gəlir bu ilin ilk 3 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2,5 dəfə artıb. Göründüyü kimi, həm ötən il, həm də geridə qoyduğumuz rübdə mavi qaz ixracatı və xarici satışdan əldə edilən gəlirdə ciddi artım var. Ölkəyə daxil olan valyutanın həcminin artması fonunda əhaliyə satılan qazın qiymətində güzəştin tətbiq edilməsi üçün maliyyə bazası artıq formalaşıb”, - deyə ekspert deyib.

V.Bayramov vurğulayıb ki, təbii qaza müəyyənləşdirilən qiymət limitinin ləğv edilməsi sosial baxımdan da əhəmiyyətlidir: “Limitin ləğvi əhalinin bu istiqamətə yönəltdiyi xərclərinin azalmasına və sosial təminatının yaxşılaşdırılmasına xidmət edəcək”.

Qeyd edək ki, CESD elektrik enerjisindən istifadəyə tətbiq edilən limitə yenidən baxılmasının mümkünlüyünü də araşdırır.

Xatırladaq ki, Tarif Şurasının qərarına əsasən, təbii qazdan istifadə ilə bağlı qiyməti 10 qəpik olan 1700 kubmetrlik limit bitəndən sonra 1 kubmetr qazdan istifadə 20 qəpikdən, elektrik enerjisinə görə 7 qəpik olan aylıq 300 kVts-lıq limit bitəndən sonra 1 kVts üçün 11 qəpik hesablanır.

C.ABASOV

 





24.04.2019    çap et  çap et