525.Az

Bir uşağın dünyasına səyahət - Şahanə Müşfiq yazır


 

Bir uşağın dünyasına səyahət - <b style="color:red">Şahanə Müşfiq yazır </b>

Bir Çin atalar sözündə deyilir: "Övladınız ovcunuzda tutduğunuz quş kimidir, bərk sıxsanız ölə bilər, boş buraxsanız, uçub gedər". Bir də "Əgər bir gün yolunuzu itirsəniz, bir uşağın gözlərinin içinə baxın, - deyir Paulo Koelyo - Çünki bir uşağın bir yetkinə hər zaman öyrədə biləcəyi üç şey vardır: 1. Səbəbsiz yerə xoşbəxt olmaq; 2. Hər zaman məşğul ola biləcək bir şey tapmaq; 3. Əldə etmək istədiyi şey üçün var gücüylə çalışmaq".

Dünya ədəbiyyatı uşaqların həyatı, onların cəmiyyətlə münasibəti, uşaq tərbiyəsi ilə bağlı əsərlərlə zəngindir. Ümumiyyətlə, dünyaya uşaqların gözüylə baxmaq yazıçıdan əlavə müşahidə və inandırıcılıq qabiliyyəti tələb edir. Bunu isə hər yazıçıda axtarmaq, əlbəttə, mümkün deyil.  

Yazdıqlarını yaşayan, yaşadıqlarını yazan yazıçı... 

Braziliyalı yazıçı Joze Mauru di Vaskonselos məhz belə nasirlərdəndir. Yarı yerli hindu, yarı portuqaliyalı çox yoxsul bir ailənin övladı olan Vaskonselos hər iki tərəfin mədəniyyətini daşıyırdı. Onun təhsilini davam etdirməsi üçün maddi imkanı olmayan ailəsi övladlarını Rio Qrande du Norte ştatının mərkəzi Natal şəhərində yaşayan əmisinin yanına göndərirlər. Olduqca qüvvətli xəyal gücünə malik uşaq, gələcəyi ilə bağlı müxtəlif fikirlərə düşür, özünü ayrı-ayrı sahələrdə sınayır. Məsələn, doqquz yaşında Potengi çayında üzməyi öyrənən balaca, gələcəkdə üzgüçülük üzrə dünya çempionu olacağının xəyallarını qurur. Orta məktəbi Natalda bitirdikdən sonra iki il tibb təhsili alsa da, daha böyük xəyallar onu rahat buraxmırdı və o, təhsilini yarımçıq qoyub xəyallarının ardınca Rio de Janeyroya gedir. Burada boks məşqçiliyi, ofisiant, banan satışı, balıqçı, müəllim və sair kimi müxtəlif işlərdə çalışır. Əslində, bu işlər hamısı gələcəkdə yazıçı olacaq gəncin özünü axtarışı idi. Bir-birindən tamam fərqlənən mühitlərdə gördüyü, tanıdığı müxtəlif insanlar onun xəyal dünyasını genişləndirməsinə kömək olurdu. Şübhəsiz ki, bu işlər ona ayrı bir həyat təcrübəsi qazandırırdı. Çox güclü müşahidə qabiliyyəti olan gənc, sonralar tanıdığı insanlar və gördüyü hadisələri romanlarına mövzu etməyi bacarmışdı. Bəlkə də elə buna görədir ki, onun yazdıqlarının bir çoxu tənqidçilər tərəfindən avtobioqrafik əsər olaraq səciyyələndirilir. Çünki yazıçı hər əsərinə özündən, həyatından nəsə qatmağı bacarıb, təxəyyülünün məhsulu olan hadisələrdə belə inandırıcılığını itirməyib. Vaskonselos absurdluqların qələmində inandırıcılıq qazandığı nadir yazıçılardandır. Səbəb kimi müəllifin hadisələrə adilikdən heç də fərqlənməyəcək qədər sadə baxışı və personajlarının da bu sadəlikdən kənar qalmamalarını göstərmək olar. O, özü də əsərlərinin uğurunu sadəliyi ilə əsaslandırırdı: "Mənim oxucularımı cəzb edən mənim sadəliyim olmalıdır. Mənim personajlarım hamısı əyalət tərzində danışırlar".

1942-ci ildə nəşr edilən "Cır banan"  adlı ilk əsəri ona məşhurluğun qapılarını açır. Əsərlərinin əsas mövzusu hinduların həyatı olan müəllif 1943-cü ildə bütün ölkəni gəzərək müxtəlif yerli hindu qəbilələriylə tanış olur, dostlarıyla birlikdə onların xəritələrini hazırlayır.

1953-cü ildə digər məşhur əsəri, "Qırmızı Tutuquşu", 1962-ci "Rozinya" əsərlərini yazan Vaskonselosa dünya şöhrətini 1968-ci ildə qələmə aldığı avtobioqrafik "Şirin portağal ağacı" romanı gətirir.

Müəllif on iki günə yazdığı bu romanı iyirmi ildən çox idi ki, ürəyində daşıdığını deyirdi. 

Xəyalpərəst Zeze həyat yolunun əvvəlində... 

Onun, çap olunduğu ildən bəri təkcə Braziliyada 150 dəfədən çox nəşr olunan, 2 milyondan çox satılan, 24 dilə çevrilən "Şirin portağal ağacı" əsəri məhz yuxarıda söz açdığımız kimi uşaqların həyatından bəhs edir. Əsərin baş qəhrəmanı 5 yaşlı Zezenin həyata və insanlara baxışı, kövrək, həssas qəlbi, hər şeyə özünəxas yanaşma tərzi oxucunu dərin-dərin düşünməyə vadar edir. Bir balacanın dilindən yazılan əsər illərdən bəri təkcə uşaqların deyil, böyüklərin də sevimli romanına çevrilməyi bacarıb.

Avtobioqrafik səciyyə daşıyan əsərdə müəllifin öz həyatından izlər aydın şəkildə görünür. Yazıçı, bu həqiqəti gizləmək ehtiyacı duymur, elə balaca qəhrəmanını da öz soyadı ilə təqdim edir: Zeze Vaskonselos.

Zeze kasıb bir ailənin dəcəl övladıdır. Balacanın dəcəlliyi o həddədir ki, ona məhəllədə "şeytanın oğlu" deyirlər. Amma bununla belə, Zeze oxumağı təkbaşına öyrənəcək qədər ağıllı, hər gün müəlliminə çiçək aparacaq qədər qəlbi sevgiylə, mərhəmətlə dolu, qeyri-adi xəyal gücünə malik, kövrək bir uşaqdır. Hələ erkən məktəbə yazılan uşaq buranı və müəllimini o qədər sevir ki, çöldəki dəcəlliyindən əsər-əlamət qalmır. Sanki ikili həyat yaşayır: məktəbdə sakit, çalışqan, ağıllı şagird, çöldə isə od-alovdur.

Ailəsi məhəllədən köçmək məcburiyyətində qalarkən çox üzülən Zeze təzə evlərindəki şirin portağal fidanını özünə dost seçir. Minquinho adını qoyduğu (şən vaxtlarında Xururuka) fidanıyla sirr yoldaşı olan balaca gördüyü, bildiyi, yaşadığı hər şeyi və xəyallarını onunla bölüşür. Zezenin əsl uşaq siması, həssas qəlbi, insanların iztirablarını dərindən hiss etməyi və dostluğa sədaqəti də ən çox bu söhbətlərdə ortaya çıxır. Onun paklığı bir uşaq paklığından da qat-qat artıqdır.

Zezenin əsas problemi ailəsidir. O, dəcəllikləri ucbatından ailəsi, xüsusən atası və böyük bacısı tərəfindən bərk döyülür. Hətta bir dəfə bu cür döyülmə nəticəsində uzun müddət evdə yatmalı olur.

Deyirlər: "Hər kəs ata ola bilər, amma hər kəs atalığı bacarmaz". Zezenin yoxsul, işsiz atası da ata olmağı bacarmayanlardandır. Ona görə də balaca qəhrəmanımız həmişə ata modelini ya çöldə, ya da xəyallarında axtarmağa çalışır. Onun özünə ilk seçdiyi ata isə bir qəza nəticəsində tanış olduğu, ona sevgi və qayğıyla yanaşan portuqaliyalı Manuel Valadaresdir. Onunla tanışlıqdan sonra Zeze sevginin nə olduğunu öyrənir və bu sevgiyə sarılır. Onların bir-birinə olan bu doğmalığı insanlar arasındakı sevginin bioloji yaxınlıqdan daha çox, mənəvi duyğulardan asılı olduğunu bir daha sübut edir. Təəssüf ki, bu dostluq, ata-oğul münasibəti də çox çəkmir. Valadares bir qatar qəzasında dünyasını dəyişir. Elə həmin günlərdə Zeze məhəllədə yol salınmasına görə, tək dostu olan portağal fidanının da kəsiləcəyini öyrənir. Üst-üstə aldığı ağır xəbərlər balaca Zezenin möhkəm xəstələnməyinə səbəb olur. Ailəsinin və qonşularının səyinə baxmayaraq, uşaq sağalmaq bilmir və bu müddətdə fidanından başqa kimsəylə danışmır. Zamanla xəstəliyi keçir, atası iş tapır, ailənin vəziyyəti düzəlməyə doğru gedir, amma artıq Zezenin uşaqlığı ən böyük zərbələrlə ölmüşdü. "Sən başa düşməlisən ki, bizim ürəyimiz sevdiyimiz hər şeyi içinə sığdıracaq qədər böyük olmalıdır" - deyən Zezenin o həssas qəlbi bir də sağalacaqdımı?! 

Qəlbindəki günəşi oyat... 

Bir müddət sonra Zeze yenidən oxucularla görüşür. Bu dəfə yazıçının "Günəşi oyadaq" romanı onun uşaq macəralarına həsr olunur. Romanda Zeze yeniyetməliyin astanasında və yeniyetməlik dövründədir. İlk romandan tanıdığımız xəyalpərəst qəhrəmanımızda elə bir köklü dəyişiklik yoxdur. O, yenə də qeyri-adi xəyallar qurur, özünə qapanır, özü üçün yaratdığı dünyasında xoşbəxtliyi kəşf etməyə çalışır.

Bu silsilə avtobioqrafik olduğundan, burada da müəllifin həyatından izlərə sıx-sıx rast gəlirik. Əsər ona təhsil verməyə gücləri çatmadığından Natalda olduqca varlı və bir az da soyuq ailəyə övladlıq verilən Zezenin ailədaxili münasibətlərini sorğulaması ilə başlayır. Artıq onun uşaqlığındakı şən, sevinc dolu qəlbindən əsər-əlamət yoxdur. Zeze ürəyində daha böyük ağrılar daşıyır, "yoxluq" kəlməsinə hər mənasıyla alışmağa çalışır. Ögey bacısı ilə heç cür yola getmir, analığı həddindən artıq vasvasıdır. Ailədə ona qarşı mülayim davranan atalığıdır ki, onu da Zeze özünə yaxın buraxa bilmir. Burada ən yaxşı yola getdiyi qulluqçudur.

11 yaşındakı Zeze şirin portağal ağacını unutmayıb, amma onun iztirabını nisbətən azaldan yeni dostu var: qurbağa Adam. Adam onun ürəyində yaşayır, bir növ iç səsi kimi ona hər şeydə yol göstərir, məsləhət verir, onu düzgün yetişməsi və qəlbinin kirlənməməsi üçün tərbiyələndirir. Yenə də dəcəlliyindən qalmayan Zezenin buradakı məktəb həyatı cəzalarla doludur. Məktəbdəki tək dostu Tarsisio Medeiros və ona adı ilə xitab etməyə icazə verən müəllimi Ata Fayolledir (Ata Felisiano). Onlar onu anlayır, xəyallarını doya-doya yaşamağına izn verir və ən əsası ona inanırlar.

Xəyal demişkən, bu dəfə də Zeze özünə ata seçməyi bacarıb. Ancaq bu ata Valadares kimi yanındakı insan deyil, fransız müğənni və aktyor Maurisin xəyalındakı obrazıdır. Mauris də qurbağa Adam kimi ona əhəmiyyətli məsləhətlər verir, böyüklərdə gördüyü pisliklərə, aldığı cəzalara rəğmən qəlbindəki sevgini solmağa qoymur. Qurbağa Adamın dili ilə desək, Zeze hər ümidsiz zamanlarında günəşi oyandırmağa çalışır. Bu mənada onların bir dialoqu diqqət çəkicidir:

"- Tanrının günəşi bu qədər gözəldirsə, sən bir də o birini düşün.

- Hansı o biri, Adam? Mən çox böyük olan bircə bunu tanıyıram.

- Daha da böyük olan bir başqasından danışmaq istəyirəm. Ürəyimizdə doğulan günəşdən, ümidlərimizin günəşindən, arzularımızda oyatmaq üçün sinəmizdə oyatdığımız günəşdən. 

- Adam, sən həm də şairsən, elə deyil?

- Yox. Sadəcə günəşin önəmini səndən öncə anladım..."

Zeze məhəbbəti, məhəbbətin gətirdiyi çətinlikləri, ağrıları, ayrılıqları ilk dəfə bu əsərdə dadır. O, böyüyüb dünyanı və sevgini öyrəndikcə öncə qurbağası Adam, sonra isə mənəvi atası Mauris gedirlər. Və Zeze onu yaralayan, amma bir o qədər də böyüdən ayrılıqlardan sonra həyatına təkbaşına davam etmək məcburiyyətindədir.  

Mən böyüdüm, dünya! 

Zezenin Vaskonselos yaradıcılığında "Şirin portağal ağacı" ilə başlayan yolu "Dəli-dolu" romanıyla bitir. Burada artıq o, 19-20 yaşlı gəncdir. Həyatında dəyişən tək şey xəyallarındakı obrazlarının olmamasıdır. Artıq o, real həyata adaptasiya olmaq, insanlarla, cəmiyyətlə normal ünsiyyət qurmaq, öz istək, arzu və düşüncələrinə sahib çıxmağı öyrənmək mərhələsindədir, gənc bir adam kimi qorxmazdır. Həyatın çətinlikləri, insanların tənələri onu qorxutmur. Sevdiyi Silviaya sahib çıxmağı, özünə ailəsinin köməyindən uzaqda yepyeni həyat qurmağı bacarır. Cəmi 85 səhifəlik roman bizə öncədən tanıdığımız Zezenin təkcə duyğusallığını və saflığını qoruduğunu göstərir. İngilis yazıçısı Menkisin dili ilə desək, uşaqlıq saflığını itirməyən Zeze artıq böyük insandır. Elə uşaqlığından yalan danışmağı, duyğularını gizləməyi sevməyən Zezeyə dünya təkcə bunu öyrədə bilməyib. O, yenə də dürüstlüyündə qalmaqdadır. Məsələ isə dünyanın və insanların bu xarakteri necə dəyərləndirməsidir.

Haqqında danışdığımız hər üç roman sayəsində bir uşaq gözümüzün qarşısında günbəgün, ilbəil böyüdü və azad həyata atıldı. Zezenin bəzən oxucunu güldürən, bəzən ağladan, başdan sona qədər isə düşünməyə məcbur edən macəraları təkcə uşaqlar üçün deyil, böyüklər üçün də çox əhəmiyyətli bir örnəkdir. Ona görə də Joze Mauru di Vaskonselosun "Zezenin həyat silsiləsi" adlandıra biləcəyimiz bu üç romanı, məncə, illər uzunu ən yüksək dəyərini alıb və almaqdadır. "Şirin portağal ağacı" Azərbaycan dilində çap olunub. Ümid edirik ki, qısa zamanda digər iki roman da ana dilimizə çevrilərək uşaqlarımızın və böyüklərimizin kitabxanasında öz layiqli yerini tutacaq.

 





24.04.2019    çap et  çap et