525.Az

Çiçək xəstəliyi - Mütəxəssis rəyi


 

XƏSTƏLİYİ YAYAN VİRUS HAVADA 1-2 SAAT YAŞAYA BİLƏN VƏ ÇOX SÜRƏTLİ ÇOXALMA XÜSUSİYYƏTİNƏ MALİKDİR

Çiçək xəstəliyi - <b style="color:red">Mütəxəssis rəyi </b>

Daha çox uşaqlar arasında geniş yayılan və yoluxucu xassəyə malik olan suçiçəyi ağır fəsadları olmayan xəstəlikdir. Xəstəliyin səbəbkarı varicella zoster virusudur.

Əsasən, 2-8 yaşlı uşaqlar arasında təsadüf olunan xəstəliyin yaz və yay aylarında artması müşahidə olunur. 

"Üç uşaqdan ikisi" 

Üç uşaq anası Rəfiqə İsayevanın sözlərinə görə, uşaqlarının üçünə də suçiçəyinə qarşı peyvənd vurulub. Buna baxmayaraq, onlardan ikisi bu xəstəliyə yoluxub: "Ancaq peyvənd olunduqları üçün uşaqlar xəstəliyi nisbətən yüngül keçiriblər. Düzünü desəm, bunun necə başladığını özüm də bilmirəm. Birdən-birə uşaqların üzündə və bədənində qırmızı rəngli səpkilər əmələ gəldi. Uşaqlarda qızdırma, halsızlıq oldu və bundan sonra biz həkimə müraciət etməli olduq. Həkim müayinəsi nəticəsində onların suçiçəyi xəstəliyinə yoluxduğunu bildik. Məsləhət oldu ki, uşaqları ev şəraitində müalicə edək". 

Sürətlə çoxalan virus 

Həkim-pediatr Leyli Quliyeva deyir ki, suçiçəyi xəstəliyini yayan virus havada 1-2 saat yaşaya bilən və çox sürətli çoxalma xüsusiyyətinə malikdir. İnfeksiya, əsasən xəstə ilə birbaşa təmas, onun asqırması və ya öskürməsi nəticəsində hava-damcı yoluyla keçir. Xəstəliyə ilk səpişik başlanğıcından, suluqlanma və yara qərtmək bağlayanadək (6-8 gün) digər insanlar da yoluxa bilər. 

Klinik gedişat 

Həkim bildirib ki, infeksiya ilk 4 gün ərzində yuxarı tənəfüs sisteminə nüfuz edərək linfa vəzilərində çoxalmağa başlayır. Yeddinci gündə virus qaraciyərlə yanaşı, dalağı da öz təsiri altına alır: "Virusa yoluxduqdan 14 gün (10-20 gün) sonra orqanizmdə xəstəliyin əlamətləri özünü biruzə verir. Bədəndə temperaturun artması, burun axması, halsızlıq, iştahsızlıq və yuxu pozğunluğu olur. Bəzən sinədə və beldə ağrılar ortaya çıxır. Ancaq xəstəliyin əsas əlaməti dəridə əmələ gələn suluq şəklindəki səpişikliklərdir. Səpişiklər, əsasən, bədəndə çox olur. Öncə narıncı rəngdə olan səpişiklər bir neçə saat sonra qızararaq içi dolu maye halında suluğa çevrilir. Bu suluqlar dəri ilə yanaşı, başda və ağızın içərisindədə ola bilər. 1-2 gün sonra partlayan suluqların yerində qərtmək meydana gəlir. Ancaq bu proses 3-4 gündən sonra yeni suluqların meydana çıxması ilə təkrarlanır. Qaşıntılı olan bu müddət ərzində suluqlara toxunmaq olmaz. Əks təqdirdə yaralar sağaldıqdan sonra həmin yerdə ləkə izləri qalacaq. Böyüklər uşaqlara nisbətən suçiçəyi xəstəliyini daha ağır keçirirlər. Xəstəliyə yoluxma hamiləliyin ilk 3 ayında baş verərəsə, bu, fəsada yol aça bilər. Belə ki, vaxtından əvvəl düşüklə yanaşı, körpə ölü və ya anormal doğula bilər". 

5-10 günlük müalicə 

L.Quliyevanın sözlərinə görə, xəstəliyin müalicə müddəti, əsasən, 5-10 gün çəkir və infeksiyaya yoluxmuş uşaqların müalicəsinin ev şəraitində aparılması məsləhətdir. İmmun sistemi zəif olan insanlar bu xəstəliyi çətin keçirirlər. Müalicəyə əvvəlcə qızdırmanın aşağı salınması ilə başlanmalıdır. Xəstələrə infeksiyanın təsirinin azaldılması və qaşıntının keçməsi üçün müxtəlif tədbirlər o cümlədən, orqanizmin müqavimət gücünü artıran qidalar verilməli və bol miqdarda su içirilməlidir. Qızdırma düşürücü siroplardan istifadə edilə bilər. Dəri hər gün "marqantsovka"lı nəm əski ilə təmizlənməli, bundan sonra səpkilərin üzərinə "zelyonka" sürtülməlidir. Yalnız bu yolla dəridə yenidən suluqlanmanın və qaşıntının qarşısını almaq mümkündür. Müalicə müddətində antibiotikdən istifadə məsləhət deyil. Ancaq müxtəlif ağırlaşmalar zamanı istifadəyə icazə verilir: "Suçiçəyinə yoluxmuş uşaqlar allergiya yaradan qidalardan, xüsusilə apelsin, çiyələk və pomidordan uzaq tutulmalıdırlar, çünki bu və ya digər allergik qidaların qəbulu ağırlaşmalarla nəticələnə bilər". 

Qorunma üsulu və ya yatmış virus 

Həkim-pediatr vurğulayıb ki, xəstəlikdən qorunmanın ən əsas üsulu uşaqların peyvənd edilməsidir. Suçiçəyi peyvəndi ilk dəfə 1974-cü ildə yaponiyalı həkim Miçiaki Takahaşi tərəfindən edilib: "Uşaqların peyvənd edilməsi 2 mərhələlidir: 1 yaşında və 1-ci sinifdə oxuyarkən. Vaksinasiyadan sonra 20 faiz uşaqlarda iynənin yerində qızartı, bərkimə və ağrı müşahidə olunur. Əgər yoluxma baş verərsə, xəstə ilə təmasdan çəkinmək lazımdır. Belə xəstələr ictimaiyyətdən uzaq saxlanılmalıdır. Xəstəlik yoluxucu olduğu üçün uşağın məktəbə və ya bağçaya getməsi digərlərinin də yoluxmasına səbəb ola bilər. Xəstəliyi uşaq vaxtı keçirən orqanizm immunitet qazansa belə, yenidən yoluxma riski mövcuddur. Sinir uclarında yatmış virus (herpes zoster) yetkinlik yaşında yenidən oyanaraq xəstəlik törədə bilər". 

Əlavə təsirlər 

L.Quliyevanın dediyinə görə, su çiçəyi dəridə ömürlük izlər buraxa bilər, əsasən də yeniyetmələrdə. Müvəqqəti izlər 6 aydan 1 ilədək qala bilər: "Suçiçəyi xəstəliyinin zərərləri nadir hallarda yaşanır. Əsas təsiri dəri, dərialtı toxumalar, ağciyər, oynaq, böyrəklərdə və qanda infeksiya şəklində ortaya çıxsa da, bu, elə də qorxulu deyil. Ancaq temperaturun salınması məqsədi ilə xəstəyə aspirinin verilməsi qəti qadağandır. Belə ki, aspirinin qəbulu beyin və ağciyərin funksiyasında dəyişikliyə səbəb olaraq xəstənin komaya düşməsi və ölümü ilə nəticələnə bilər".

S.QARAYEVA

 





24.04.2019    çap et  çap et