525.Az

Qondarma "Dağlıq Qarabağ Respublikası"nın hesabatı BMT-nin saytından çıxarılmalıdır - Rəy


 

Qondarma "Dağlıq Qarabağ Respublikası"nın hesabatı BMT-nin saytından çıxarılmalıdır - <b style="color:red">Rəy </b>

“BMT kimi nüfuzlu qurumun belə bir siyasi səhvə yol verməsi yumşaq şəkildə desək, anlaşılmazdır”.

Bunu ONA-ya açıqlamasında Ermənistanın insan hüquqları ilə bağlı BMT İnsan Hüquqları Şurasına təqdim etdiyi və BMT-nin saytında yerləşdirilən hesabatda qondarma “Dağlıq Qarabağ Respublikası”nın da hesabatını yer almasına münasibət bildirən baş nazirin müavini Əli Əhmədov deyib.

Ə. Əhmədov bildirib ki, BMT Azərbaycanın ərazi bütövlüyünü qəbul edib, qondarma “Dağlıq Qarabağ Respublikası” adlı dövlət isə mövcud deyil: “Belə olan halda dünya dövlətlərinin qəbul etmədiyi qondarma qurumun adının və hesabatının BMT-nin rəsmi saytında yer alması BMT-nin nə Nizamnaməsinə, nə yerinə yetirdiyi siyasi missiyaya uyğun gəlir”.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi şəkildə bu məsələyə etiraz etməlidir: “Azərbaycan hökuməti müxtəlif formalarda kəskin şəkildə bu məsələyə etirazını bildirməlidir. BMT-nin saytında qondarma “Dağlıq Qarabağ Respublikası” müstəqil dövlət kimi təqdim olunubsa, biz bu biabırçılığa son qoymalıyıq və o hesabat BMT-nin saytından çıxardılmalıdır”.

Milli Məclis sədrinin müavini Bahar Muradova da ONA-ya açıqlamasında bildirib ki, Azərbaycan bütün mümkün imkanlarını işə salaraq, bu hesabatın BMT-nin saytından çıxarılmasını tələb etməli və buna nail olmalıdır: “Azərbaycan bunu edəcək. O da bəllidir ki, Ermənistan belə məqamlarda Dağlıq Qarabağı “Artsax” adı altında tanıtdırmaq istiqamətində yaranan xırda imkanlardan belə maksimum yararlanmağa və istifadə etməyə çalışır. Eyni zamanda Ermənistan müvəqqəti olaraq hansısa hesabatlara, statistik təhlillərə Artsax adının ayrıca ərazi kimi daxil edilməsinə cəhd göstərir. Biz bunun qarşısını almaq üçün lazımi addımları atmalıyıq. Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycanın BMT-dəki nümayəndəliyi vasitəsi ilə bu istiqamətdə işlərə başlanılıb, məsələ artıq BMT qurumlarının diqqətinə çatdırılıb”.

B. Muradova hesab edir ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları, mətbuat da bu məsələ ilə bağlı səsini ucaltmalıdır: “Vətəndaş cəmiyyəti institutlarımız əməkdaşlıq etdikləri beynəlxalq təşkilatlara belə halların yolverilməz olduğunu çatdırmalı, dövlətə bu istiqamətdə dəstək verməlidir. Təbii ki, Ermənistanın təqdim etdiyi hesabatda Dağlıq Qarabağla bağlı məsələlərin əksini tapması o demək deyil ki, BMT tərəfindən bu gün o qondarma qurum tanınacaq. Lakin ermənilər ən xırda imkanlardan belə istifadə etməkdən yorulmur, usanmırlar. Deməli, biz haqq işimizi irəli aparmaq üçün onlardan qat-qat artıq işləməliyik. Hesab edirəm ki, buna nail olacağıq”.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə ONA-ya deyib ki, hər bir şəxs və təşkilat bu erməni təxribatını ciddi təhlil etməlidir: “Çünki bu, BMT-nin təxribatı deyil. Hesabatın birinci səhifəsində qeyd edilib ki, bu sənədin BMT-yə heç bir aidiyyəti yoxdur və sənəd Ermənistan missiyası tərəfindən BMT-də yayılır. Ancaq erməni tərəfi bunu BMT-nin təşəbbüsü kimi təqdim etmək cəhdi göstərir, bu isə əsla düzgün deyil. Biz onların belə təxribatlarının şahidi çox olmuşuq”.

S. Seyidov bildirib ki, Ermənistan tərəfi dəfələrlə AŞPA-da, ATƏT-də, BMT-də belə təxribatlara əl atıb: “Onlar həmişə çalışırlar ki, öz fikirlərini və mövqelərini həmin təşkilatların mövqeyi kimi təqdim etsinlər. Bu, yalandır. Yayılmış sənədin BMT-yə heç bir aidiyyəti yoxdur. Həmin sənəd Ermənistanın mövqeyidir. Sadəcə onlar hiyləgər üsuldan istifadə ediblər. Bu sənədin yayılması üçün BMT-nin Katibliyindən istifadə ediblər. Hətta bu halda belə katiblik konkret olaraq sənədin üstündə bənd-bənd, sözbəsöz yazıb ki, bu sənəd Ermənistana aiddir və BMT-nin özünə, Katibliyinə heç bir aidiyyəti yoxdur”.

“BMT-nin rəsmi saytında qondarma “Dağlıq Qarabağ Respublikası”nın hesabatının yerləşdirilməsi qanunların və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.

Bunu isə ONA-ya açıqlamasında Azərbaycanın “Avronest” Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri, AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.

Deputat bildirib ki, hesabat 6 dildə və “Artsax”ın sənədi kimi yerləşdirilib: “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılamasına dair 4 qətnamə qəbul etmiş bir qurumun saytında belə bir hesabatın dərc edilməsi tamamilə yanlışdır və təşkilatın missiyasına və beynəlxalq hüquqa ziddir. Çünki BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə qeyd edilib ki, işğalçı qüvvələr qeyd-şərtsiz Azərbaycan ərazilərini tərk etməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Belə olduğu halda, BMT İnsan Hüquqları Şurası çox ciddi yanlışlığa yol verib".

S. Qafarova hesab edir ki, bu hesabatın dərc edilməsi ölkəmizə qarşı aparılan çirkin kampaniyanın tərkib hissəsidir.

O, həmçinin, bildirib ki, hazırda münaqişənin həllində yeni bir mərhələ başlayıb: “İstər vasitəçilərin, istərsə də tərəflərin mətbuata açıqlamalarından belə bir nəticəyə gəlmək olar ki, danışıqların substantiv əsaslarla və beynəlxalq hüquq normalarına uyğun davam etdirilməsi üçün münbit şərait var. Bu kimi təxribatların baş verməsi isə Ermənistanın işğalçılıq siyasətini davam etdirmək niyyətini ortaya qoymaqla, sülh danışıqlarına da mane olur”.

Qeyd edək ki, BMT-nin saytında Ermənistanın təqdim etdiyi hesabatın içərisində “Artsax” adı altında yerləşdirilən hesabat 6 dildə yayılıb. Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva isə məsələ ilə bağlı aprelin 23-də yayılmış açıqlamasında bildirib ki, burada BMT-nin İnsan Hüquqları Şurasına təqdim edilmiş illik hesabatdan söhbət gedə bilməz.

"Birinci hal deyil ki, Ermənistan tərəfi öz məktublarına Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz separatçı rejimin kağızlarını əlavə edir. Ermənistan tərəfinin BMT, eləcə də ATƏT çərçivəsində üzvlük hüquqlarından sui-istifadə edərək qanunsuz rejimin kağızlarını öz məktublarının əlavəsi kimi yaymaq təcrübəsinə cavab olaraq, təşkilatlar yayılan bu sənədlərin hər hansı şəkildə təşkilatın mövqeyini əks etdirmədiyini bildirirlər. Sənədə diqqətlə baxsanız, burada sənədin əlavəsinin yayılmasının BMT Katibliyinin onun mahiyyəti üzrə hər hansı mövqe bildirməsi demək olmadığı aydın şəkildə yazılır. Qeyd etmək istərdim ki, ATƏT-də də eynilə bu kimi sənədlərin üzərində yayılan məlumatın ATƏT-in mövqeyini əks etdirmədiyi birmənalı şəkildə qeyd olunur. Konkret bu məsələ ilə bağlı ölkəmizin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan Hüquqları Müqavilələri Bölməsinin rəhbəri ilə görüş keçirilib və Ermənistanın Cenevrədəki Daimi Nümayəndəliyi tərəfindən göndərilmiş sənədə əlavə olunmuş kağızların heç bir hüquqi əsasının olmadığı və belə cəhdlərin qəbuledilməz olduğu barədə etiraz bildirilib”,- deyə L. Abdullayeva qeyd edib.

 





24.04.2019    çap et  çap et