525.Az

"Alim qadın - Böyük ana akademik Zərifə Əliyeva"


 

GÖRKƏMLİ OFTALMOLOQ ALİMİN ANADAN OLMASININ 96 İLLİYİ MİLLİ ELMLƏR AKADEMİYASINDA QEYD EDİLİB

"Alim qadın - Böyük ana akademik Zərifə Əliyeva"<b style="color:red"></b>

Ötən gün AMEA-da görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunan "Alim qadın - Böyük ana akademik Zərifə Əliyeva" adlı tədbir keçirilib.

AMEA-nın Qadınlar Şurasının təşkilatçılığı ilə gerçəkləşən tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb. O, oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən söz açıb. Bildirib ki, Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açan Zərifə xanım mənalı ömür yolu keçib. O, görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb və atasının ömür yolu Zərifə xanım üçün əsl həyat məktəbi olub.

"Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir" - deyən AMEA-nın vitse-prezidenti onun həyat yolunun hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün mənəviyyat dərsi, kamillik məktəbi olduğunu vurğulayıb. Qeyd edib ki, əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayan görkəmli alim bütün ömrünü oftalmologiyaya həsr edib, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

İ.Həbibbəyli bildirib ki, akademik Zərifə Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində tədqiqatlar aparıb. Görkəmli alimin 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici təklifi bu gün də aktuallığını qoruyub saxlayır. Oftalmoloq-alim peşəkarlığı, istedadı ilə yanaşı, sadəliyi, qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini və məhəbbətini qazanıb.

Zərifə xanımın həm də görkəmli ictimai xadim olduğunu diqqətə çatdıran İ.Həbibbəyli onun keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, həmçinin, Ümumittifaq "Bilik" Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olduğunu, "Əməkdar elm xadimi" fəxri adına layiq görüldüyünü bildirib.

AMEA-nın vitse-prezidenti vurğulayıb ki, Z.Əliyeva Azərbaycana İlham Əliyev kimi prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaq. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük. Akademik Z.Əliyevanın işıqlı obrazı heç zaman ürəklərdən silinməyəcək.

Sonra İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək bildirib ki, Zərifə Əliyeva Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik kimi tibb işçilərinin hazırlanmasında, elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. Onun inkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün də alimin irsindən faydalanırlar.

AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə çıxışında qeyd edib ki, Zərifə xanım Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətləri, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. R.Mirzəzadə vurğulayıb ki, Zərifə xanım müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Gözəl bir ailədə doğulan Zərifə Əliyeva çox qayğıkeş ana olub və ölkəmizə layiqli övladlar yetişdirib.

Tədbirdə millət vəkili, siyasi elmlər doktoru, dosent Qənirə Paşayeva da çıxış edərək görkəmli oftalmoloq-alim Zərifə Əliyeva ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan Zərifə xanımın xarakterində məsuliyyət, zəhmətkeşlik və xeyirxahlıq kimi üç böyük xüsusiyyət cəmləşib. Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin övladı olmaq kimi böyük bir məsuliyyəti şərəflə daşıyan Zərifə xanım, həm də həkim və alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənib, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırıb. Q.Paşayeva bu kimi tədbirlərin keçirilməsinin Zərifə xanımın zəngin elmi fəaliyyətinin gənc alimlərə çatdırılması baxımından əhəmiyyətli olduğunu söyləyib. Bildirib ki, böyük alimin illər öncə söylədiyi "Həkim xəstənin ağrılarını öz ağrıları kimi yaşamalıdır" fikri bu gün də olduqca aktualdır. Z.Əliyeva həqiqi alim kimi bütün çətinliklərdən keçmiş, vətən qarşısında ziyalı məsuliyyəti, dərin biliyi və dünya görüşü sayəsində mühüm elmi nailiyyətlərə imza atmışdır. O, həmçinin, Zərifə xanım Əliyevanın gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki, Zərifə xanım keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim idi.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova insanlara nur bəxş edən, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanan Zərifə xanım Əliyevanın tibb elminin ən uca pillələrinə yüksəldiyini, nümunəvi bir həyat yolu keçdiyini vurğulayıb. Qeyd edib ki, fədakar alim və qayğıkeş insan Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub.

Daha sonra çıxış edən AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova oftalmoloq-alimin həyatının böyük bir hissəsinin Fiziologiya İnstitutu ilə bağlı olduğunu söyləyib. Qeyd edib ki, 1979-cu ildə Zərifə Əliyevanın təklifi ilə AMEA Fiziologiya İnstitutunda Görmə orqanının fiziologiyası və peşə patologiyası problem laboratoriyası yaradılıb, həmin laboratoriyada az intensivli zərərli istehsal amillərinin görmə orqanına fizioloji, klinik, funksional, histoloji təsir mexanizmlərinin öyrənilməsi üzrə multidissiplinar araşdırmalar aparılıb. Bu elmi tədqiqatların nəticəsində Z. Əliyeva bir neçə monoqrafiya, o cümlədən, bütün dünyada qəbul edilmiş "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliklərinin profilaktikası" monoqrafiyalarını çap etdirib.

Tədbirdə "Modern inkişaf və ailə" cəmiyyətinin sədri, Nəsimi rayon Ağbirçəklər cəmiyyətinin sədri, YAP Respublika Qadınlar Şurası İdarə Heyətinin üzvü Zərifə Quliyeva çıxış edərək görkəmli alimlə bağlı xatirələrdən danışıb. O, Zərifə xanım Əliyevanın elmin çətin yollarında inamla irəliləyərək uca zirvələrə yüksəldiyini, çox məsuliyyətli, ibrətamiz, nümunəvi həyat yaşadığını diqqətə çatdırıb.

Sonda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Pənah Hacıyev oftalmoloq-alim Zərifə Əliyevaya həsr olunan "Ana" şeirini səsləndirib.

Şahanə MÜŞFİQ

 





24.04.2019    çap et  çap et