525.Az

Vaqif Əlievin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstanda - Fotolar


 

Vaqif Əlievin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstanda - <b style="color:red">Fotolar </b>

Aprelin 24-də mədəniyyət nazirinin birinci müavini Vaqif Əlivevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Macarıstan İnsan Resursları Nazirliyinin Beynəlxalq məsələlər üzrə dövlət katibi Orsolya Paçay-Tomaşiç arasında görüş keçirilib.

V.Əliyevin Macarıstana 3 günlük səfəri çərçivəsində baş tutan görüşdə tərəflər humanitar sahədə əməkdaşlığın geniş spektrini müzakirə edib, mədəniyyət sahəsində əməkdaşlıq proqramını imzalayıblar.

Görüş zamanı Orsolya Paçay-Tomaşiç Azərbaycan nümayəndə heyətini salamlayaraq təmsil etdiyi nazirliyin fəaliyyət istiqamətləri barədə məlumat verib. Dövlət katibi İnsan Resursları Nazirliyinin mədəniyyət, təhsil, sosial məsələlər, gənclər, idman sahələrini əhatə etməklə Macarıstanın ən böyük nazirliyi olduğunu bildirib.

O, Azərbaycan nümayəndə heyəti ilə görüşün sadalanan sahələr üzrə aktual məsələlərin müzakirəsi baxımından səmərəli olacağına inandığını qeyd edərək imzalanması nəzərdə tutulan əməkdaşlıq proqramının mədəniyyət sahəsində əlaqələrin daha da dərinləşdirilməsi üçün vacib yol xəritəsi olacağına ümidvar olduğunu diqqətə çatdırıb.

Hazırda Macarıstanın təqdim etdiyi təqaüd proqramı çərçivəsində 600-dən çox Azərbaycanlı tələbənin bu ölkədə təhsil aldığını deyən dövlət katibi bu gənclərin təhsillərini başa vurduqdan sonra iki ölkə arasında əlaqələrin inkişafına öz töhfələrini verəcəklərinə ümid etdiyini bildirib.

Macarıstanla türkdilli dövlətlər arasında münasibətlərə toxunan rəsmi hazırda ölkəsinin istər ikitərəfli əsasda, istərsə də TDƏŞ, TÜRKSOY, TÜRKPA kimi təşkilatlar çərçivəsində bu dövlətlərlə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

V.Əliyev öz növbəsində səmimi qəbul üçün minnətdarlığını ifadə edərək iki ölkə arşında təşəkkül tapmış strateji tərəfdaşlıq və dostluq münasibətlərindən məmnunluğunu bildirib.

Nazir müavini görüş zamanı baş tutan fikir mübadiləsinin iki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafına töhfə verə biləcəyinə ümidvar olduğunu qeyd edərək bu istiqamətdə hər iki tərəfdən nümayiş etdirilən xoş məramın xüsusi əhəmiyyəti olduğunu nəzərə çatdırıb:

“Hazırda hər iki ölkənin bir sıra böyük mədəniyyət müəssisələri arasında, o cümlədən, Azərbaycan Milli Kitabxanası ilə Macarıstan Milli Kitabxanası arasında memorandum mövcuddur və bu sahədə müəyyən işlər görülür, ancaq bu gün imzalanan Proqram sənədi dövlət səviyyəsində bu əlaqələrin daha da səmərəli təşkilinə yönələcək”.

Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin vacibliyinə diqqət çəkən Vaqif Əliyev, dövlət katibini Azərbaycana səfərə dəvət edib.

Görüş əsnasında həmçinin, son dövrlər Azərbaycanda gedən hərtərəfli inkişaf prosesləri barədə qarşı tərəfi məlumatlandıran Vaqif Əliyev, məhz bunun nəticəsində ölkəmizdə çoxsayı millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində, sabitlik mühitində yaşadıqlarını qeyd edib.

Azərbaycanın son illər bir çox beynəlxalq əhəmiyyətli mədəni və idman tədbirlərinə ev sahibliyi etdiyini deyən nazir müavini, ölkəmizin dünyada multikulturalizm adasına çevrildiyini bildirib.

Görüşdən sonra tərəflər “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq Proqramı”nı ımzalayıblar.

Görüşdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da iştirak ediblər.

 





24.04.2019    çap et  çap et