525.Az

Nəsiminin yubileyi Budapeştdə qeyd olundu - Foto


 

Nəsiminin yubileyi Budapeştdə qeyd olundu - <b style="color:red">Foto</b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 2019-cu il tarixli 38s nömrəli sərəncamının icrası məqsədilə aprelin 24-də Macarıstanın paytaxtı Budapeştdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycanın Macarıstandakı Səfirliyi, Azərbaycan Milli Kitabxanası və Budapeştdəki Yunus Əmrə İnstitutun birgə hazırladığı tədbir Yunus Əmrə İnstitutunun Budapeştdəki binasında baş tutub. Foyedə Azərbaycan Milli Kitabxanasının fondlarında mühafizə olunan Nəsiminin əsərlərindən və onun haqqında ədəbiyyatdan ibarət geniş kitab sərgisi nümayiş edilib.

Sərgisin açılışından sonra İmadəddin Nəsimi haqqında qısa sənədli filmin nümayişi olunub.

Yunus Əmrə İnstitutunun direktoru Yaqub Gül Azərbaycan nümayəndə heyətinin üzvlərini və bütün qonaqları salamlayaraq İmadəddin Nəsimi kimi böyük söz adamının və dahi şairin yubiley tədbirlərinə ev sahibliyi etməkdən böyük şərəf duyduğunu söyləyib.

Azərbaycanın Macarıstandakı səfiri professor Vilayət Quliyev Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən respublikamızda və onun hüdudlarından kənarda “Nəsimi ili” çərçivəsində bir sıra tədbirlərin keçirildiyini deyib. O, böyük Azərbaycan şairi Nəsiminin Azərbaycan ədəbiyyatı tarixindəki tutduğu yerdən və mövqedən danışaraq onun bir filosof şair və sufilik təriqətinin ənənələrinin ideoloqlarından biri olduğunu xüsusilə vurğulayıb. O, çıxışında bildirib ki, dahi Nəsiminin 650 illik yubileyi tədbirinin məhz Yunus Əmrə İnstitutunda keçirilməsi təsadüfi xarakter daşımır. Burada macar türkoloqlarının iştirakı və maraqlı məruzələrlə çıxış etməsi də Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələrin olmasına və bu ənənənin bu gün də hər iki ölkənin rəhbərlərinin səyləri ilə uğurla davam etdiyinə nümunədir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxışında bildirib ki, Nəsiminin 600 illik yubileyi ilk dəfə hələ Sovet dövründə 1973-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən keçirilib və bu yubiley tədbirləri nəinki Bakıda və bütün Azərbaycanda, hətta Moskvada və Parisdə YUNESKO-nun qərargahında da gerçəkləşib. Bütün bunlar Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, Azərbaycan mədəniyyətinə və onun görkəmli şəxsiyyətlərinə verdiyi böyük dəyərin bariz nümunəsi idi. Bu ənənənin uğurlu davamı olaraq Ulu Öndər Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Nəsiminin anadan olmasının 650 illik yubileyinin geniş şəkildə və yüksək səviyyədə keçirilməsi barədə tarixi sərəncamı, bütövlükdə 2019-cu ilin “Nəsimi ili” elan olunması barədə qərarı müstəqil Azərbaycanda mədəniyyətə, ədəbiyyata verilən qiymətin nümunəsi hesab olunmalıdır.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov çıxışında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin əsərlərinin nəşrindən və onun əlyazmalarının yayılma arealından danışıb. Deyib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin çox ciddi cəhdləri nəticəsində 1973-cü illərdə Nəsiminin 600 illik yubileyinin keçirilməsi sayəsində böyük şairin əsərləri geniş nəşr olunub, haqqında kitablar yazılıb, tammetrajlı və qısametrajlı filmlər çəkilib, rayonlara, küçələrə, məktəblərə, mədəniyyət ocaqlarına onun adı verilib, heykəli ucaldılıb”. K.Tahirov yubiley çərçivəsində şairin irsinin təbliği yönündə görəcəkləri işlərdən də söz açıb.

Tədbirdə Macarıstanın Türkiyədəki keçmiş səfiri, türkoloq-alim Yanoş Hovari, Türkiyənin Macarıstandakı səfiri Əhməd Akif Oktay da çıxış edib, Nəsimi yaradıcılığı və onun ümumtürk ədəbiyyatındakı yeri haqqında danışıblar.

Tədbirin bədii hissəsində “Nəsimi” filmindən fraqmentlər göstərilib, şairin qəzəlləri, şeirlərinə yazılmış musiqi əsərləri ifa olunub.

Şahanə MÜŞFİQ

 





25.04.2019    çap et  çap et