525.Az

Səməd Seyidov: “Kağız parçasının yox, biliyin arxasınca getməliyik”


 

Səməd Seyidov: “Kağız parçasının yox, biliyin arxasınca getməliyik”<b style="color:red"></b>

“Uşaqları, yeniyetmələri, gəncləri evlərdə, ailələrdə normal tərbiyə etmək, onları diplomun dalınca yox, elmin, biliyin arxasınca məktəblərə, universitetlərə göndərmək, istiqamətləndirmək lazımdır”. Bunu “525”ə açıqlamasında millət vəkili, psixologiya elmləri doktoru, professor Səməd Seyidov deyib. O qeyd edib ki, təhsilə diqqət artırılmalıdır: “Təhsil sahəsində müasir standartlara cavab verən islahatlar həyata keçirməliyik.

Bu istiqamətdə yalnız hansısa bir qurumdan, Təhsil Nazirliyindən, yaxud məmurlardan nəsə gözləməməliyik. Hər bir vətəndaş özü başa düşməlidir ki, bu cür məsuliyyətli bir iş onun da payına, öhdəsinə düşür. Uşaqları, yeniyetmələri, gəncləri evlərdə, ailələrdə normal tərbiyə etmək, onları diplomun dalınca yox, elmin, biliyin arxasınca məktəblərə, universitetlərə göndərmək, istiqamətləndirmək, meyilləndirmək gərəkdir. Həmin universitetlərdə də hansısa gözəçarpan nəticələrlə kifayətlənmək lazım deyil, onlarda güclü, əsaslı dəyişikliklərin həyata keçirilməsi və ən əsası yüksək səviyyəli mütəxəssislərin formalaşması, formalaşdırılması vacibdir. O günədək ki, bizdə bilik və biliyi əks etdirən kağız - diplom eyni cür qiymətləndiriləcək və bəzi hallarda hətta diplom - kağız daha yüksək, daha üstün səviyyəni təşkil edəcək, o zamanadək hansısa bir yüksək səviyyədən, əsl elm, bilik və savaddan danışmaq çox çətin olacaq.

Ona görə çalışmalıyıq ki, kağız parçasının - diplomun, şəhadətnamənin, sertifikatın dalınca yox, biliyin, bacarığın və konkret iş qabiliyyətlərinin arxasınca növbələr düzülsün. İnsanlarımız özləri könüllü, şüurlu şəkildə bunu arzulasın və bu istiqamətdə real mübarizə aparılsın”.

Kamil HƏMZƏOĞLU

 





25.04.2019    çap et  çap et