525.Az

Müəllim fenomeni - Müsahibə


 

"BDU-NUN JURNALİSTİKA FAKÜLTƏSİ TƏHSİL SİSTEMİNDƏ ƏN TƏMİZ, ƏN VİCDANLI, TƏLƏBƏNİN GÖZÜNƏ HƏMİŞƏ DİK BAXAN BİR MƏKAN OLUB. BU TƏMİZLİYİ O MƏKANDA ŞİRMƏMMƏD HÜSEYNOV VƏ NƏSİR İMANQULİYEV FENOMENİ YARADIB"

Müəllim fenomeni - <b style="color:red">Müsahibə </b>

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ərəfəsində qocaman ali təhsil ocağının müəllimləri unudulmaz ustadlarını xatırlayırlar.

Həyatının 50 ilini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində milli kadrların hazırlanmasına sərf edən, "Bakı", "Baku" qəzetlərinin redaktoru kimi Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına töhfələr bəxş etmiş Nəsir İmanquliyevin pedaqoji fəaliyyəti bu baxımdan bir örnəkdir. Azərbaycanın tanınmış jurnalisti, BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli əvəzedilməz müəlliminin ustad dərslərindən danışıb.
 

- Cahangir müəllim, uzun illərdir ki, Bakı Dövlət Universitetində çalışırsınız. 100 yaşlı universitetin nüfuzlu və sevilən müəllimlərindən birisiniz. Yüzlərlə tələbəniz Azərbaycan mətbuatında çalışır. Yetirmələriniz arasında müəllim kimi işləyənlər də az deyil. Sizcə, əsl müəllim necə olmalıdır?

- Müasir rus ədəbiyyatının ustad yazıçılarından biri olan Yuri Bondarevin "Bizi bağışlayın" adlı hekayəsinin əsas süjeti müəllim ömrü və bu ömrün insana öyrətdiyi hikmətlər üzərində qurulub. Elə bu hekayənin müqəddəs müəllim mövzusuna həsr olunmağındandır ki, "Azərbaycanfilm" kinostudiyası 1970-ci illərdə eyni adlı bir film çəkmişdi. Həsən Məmmədov, Ötkəm İsgəndərov, Səidə Quliyeva kimi ustad sənətkarlarımızın baş rollarda oynadığı bu filmin bir epizodu heç vaxt yadımdan çıxmır. Filmdə elm aləmində şöhrət tapmış azərbaycanlı bir alim uzaq bir ölkədən ezamiyyətdən çoxdan yaşadığı şəhərə - Moskvaya qayıtdığı zaman Bakıdan keçərkən haçansa oxuyub bitirdiyi orta məktəbi xatırlayır və çoxdan unutduğu bu məktəbin nostalji hissləri onu qatardan düşüb bu doğma şəhərin doğma məktəbinə gətirir. O, müəllimi olmuş Mariya Petrovna ilə görüşür və onun evinə qonaq gəlir. Mariya Petrovna çox şeyləri xatırladır və stolun üstünə bir kağız qovluğu qoyur. Kağız qovluğunda bu böyük alim haqqında indiyə qədər müxtəlif imzalarla yazılmış məqalələr toplanıb. İndi tamam başqa bir ölkədə başı elmə, şəxsi həyatına qarışmış insan müəlliməsinin ona olan sevgisi, diqqəti qarşısında çox mütəəssir olur və bu anda Mariya Petrovna ona belə bir sual verir: "De görüm, Nəriman - filmdə Bondarevin obrazları azərbaycanlılaşdırılıb, sənin böyük alim olmağında, həyatını qurmağında mənim, az da olsa, bir xidmətim olubmu?" Nəriman bu sual qarşısında qəribə bir sarsıntı keçirir və cavabında "nə danışırsınız, Mariya Petrovna, mənim bütün həyatımın məzmunu sizin dərslərinizdən doğulub" deyir. Düzü, mən ilk dəfə bu filmə baxanda ağır bir sarsıntı keçirdim və mənim həyatımda böyük xidmətləri olan müqəddəs müəllimlərimi xatırladım.

- Azərbaycan jurnalistika elmi məktəbində danılmaz xidmətləri olan Cahangir Məmmədlinin bu zirvəyə ucalmağında hansı müəllimlərin xüsusi xidmətləri olub?

- Bu gün ermənilərin qəribliyə saldığı Ağdamdakı Novruzlu məktəbini, o məktəbdə mənə dərs demiş müəllimlərimi müqəddəs varlıqlar kimi, Allah zirvəsində qərar tutan ruhlar kimi xatırlayıram. Və o müəllimlərim bizi elə tərbiyə etdilər ki, onlardan bir az sonra qədəm qoyduğum Bakı Dövlət Universiteti və onun Jurnalistika fakültəsində mənə dərs demiş müəllimlərimin məndən bir tələbə kimi az-çox razı qalmaları orta məktəbdən gətirdiklərimlə çox bağlıdır. Və Jurnalistika ixtisasında iki möhtəşəm müəllim - Nəsir İmanquliyev və Şirməmməd Hüseynov hamımız üçün və yəqin ki, daha çox mənim üçün bizə dərs dedikləri ilk qoşa saatdan müqəddəsləşdilər. Çünki əvvəllər BDU-nun Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən Jurnalistika şöbəsi, bəlkə də, Azərbaycan təhsil sistemində ən təmiz, ən vicdanlı, tələbənin gözünə həmişə dik baxan bir məkan olub. Cəsarətlə deyərdim ki, bu təmizliyi, bu ləyaqəti o məkanda Şirməmməd Hüseynov və Nəsir İmanquliyev fenomeni yaradıb. Sonradan fakültəyə çevrilən jurnalistika məktəbi bu gün də məhz o iki şəxsiyyətin yaratdığı təmizliyi qoruyub saxlamaqdadır.

- İki şəxsiyyətin adını çəkdiniz. Onlardan biri - professor Şirməmməd Hüseynov bu gün də mühazirələr oxuyur, tələbələrin rəğbətini qazanır. Tanınmış jurnalist və pedaqoq Nəsir İmanquliyev isə 20 ildən artıqdır ki, dünyasını dəyişib. Bugünkü tələbələr onu kitablardan tanıyırlar. Adətən tələbə müəllimi daha çox ilk dərsdən bəyənir, ya da bəyənmir. Nəsir müəllimlə olan ilk dərs gününüzü necə xatırlayırsınız?

- Mən Nəsir müəllimin ilk dərsini bugünkü kimi xatırlayıram. Əvvəlcə özünü təqdim etdi: "Mən həm sizin müəlliminizəm, həm də "Bakı", "Baku" qəzetlərinin redaktoruyam. Kim yazmaq istəsə, kim peşəkar jurnalist olmaq istəsə, bizim qəzetlərlə əməkdaşlıq etsin. Mən bu gündən sizin yaradıcılığınızı izləyəcəm. Yazılarınıza görə sizə qonorar verəcəyik, ixtisası bitirən ən yaxşı tələbəni redaksiyada işə götürəcəyik". Bu, elə-belə, gəlişigözəl sözlər deyildi. Tezliklə öyrəndik ki, "Bakı" və "Baku" qəzetlərində işləyən jurnalistlərin az qala hamısı Nəsir müəllimin tələbələri olublar. Həmin o ilk dərsdən biz uca boylu, müəllimə yaraşan geyimi ilə fərqlənən bu insanı çox bəyəndik. Və... taleyimizin çox böyük bir hissəsi bu insana bağlı oldu. Şəxsən bu fikri mən özümlə bağlı daha əminliklə deyə bilərəm. Ona görə ki, Nəsir İmanquliyev mənim təkcə müəllimim olmadı, həm də yolgöstərənim, problemlərimin həllində güclü havadarım oldu. Çünki mənim müəllimim olmuş bu adamla həm də Jurnalistika fakültəsində uzun müddət bir yerdə işləyəsi olduq.

- Hər bir müəllimin özünəxas cəhətləri olur. Azərbaycan jurnalistikasında imzası ilə nüfuz qazanan Nəsir İmanquliyevin müəllim simasını necə xarakterizə edərdiniz?

- Nəsir İmanquliyev tələbkar müəllim oldu. Onun tələbkarlığa olan haqqının əsasında yüksək pedaqoji səriştəliliyi, öyrətmək üçün əlindən gələni əsirgəməməyi, tələbənin həyatı, yaşayışı ilə maraqlanıb bir ata qayğısı göstərməyi dayanırdı. Yaxşı oxuyan tələbə ilə dostluq edirdi. Məni də belə tələbələr sırasında görürdü və biz, sözün həqiqi mənasında, müəllim-tələbə dostluğundaydıq. Dərslərdə bizə ən çox haqqında danışdığı xəbər janrı idi. Deyirdi ki, xəbər jurnalistikanın qan damarıdır. Xəbəri hazırlamağın peşəkarlığı hər şeyə təsir edir. Şəxsən mən "Bakı" qəzeti ilə lap birinci kursdan əməkdaşlıq etməyə başladım. Redaksiyada bilirdilər ki, Nəsir müəllimin tələbəsiyəm və bu da hər şeyə bəs edirdi. Nəsir müəllim mənim əslən Cənubdan olduğumu, atamın müharibədən qayıtmadığını öyrənmişdi və ən kiçik xəbər materialıma görə mənə yüksək qonorar yazdırırdı. Mən hər dəfə (ayda bir dəfə) indiki "Azərbaycan" nəşriyyatının 5-ci mərtəbəsindəki qonorar kassasından yüz manatadək qonorar alırdım... Sonra yuxarıda adını qürurla çəkdiyim Şirməmməd müəllim məni fakültədə saxladı və o vaxtdan mən də müəllimlərə qoşulub Nəsir İmanquliyevlə bir yerdə yolumuza davam etdik.

- Yəqin ki, müəlliminiz ilə həmkar kimi fəaliyyət göstərdiyiniz zaman onu daha da yaxından tanımaq və dəyərləndirmək imkanınız olub...

- Bu gün fakültəmizin professorları - Nəsir Əhmədli, Allahverdi Məmmədli, Yalçın Əlizadə, dosentlər - Könül Niftəliyeva, Sevinc Əliyeva, Rəhilə Kəsəmənli, Gülnarə Sadıqova kimi müəllimlər Nəsir İmanquliyevdən həm dərs alıb, həm də bir həmkar kimi onunla birlikdə çalışıblar. Adını çəkdiyim bu istedadlı müəllimlər və şəxsən mən özüm həmişə Nəsir İmanquliyevin qayğısını hiss etmişəm. Fakültəmizin yaşlı müəllimlərinin evində qorunan toy kasetlərinin hamısında Nəsir müəllimin müqəddəs sözü və müqəddəs özü var. O zaman gəlin köçürdüyümüz qızlarımızın mebel problemini ancaq Nəsir müəllim həll edirdi. Hər hansı bir ticarət təşkilatına bircə zəngi kifayət idi ki, Nəsir müəllimin nüfuzu öz işini görsün. Şəxsən mənim də Əhmədli qəsəbəsində bu gün yaşadığım dördotaqlı mənzilim müəllimimin bir zənginin hesabınadır.

- Nəsir İmanquliyevin sözünün kəsərli olduğunu qeyd etdiniz. Onun həmin dövrdə böyük nüfuz qazanmasını nə ilə əlaqələndirirsiniz?

- Əvvəla, Nəsir müəllim bir çox yüksək partiya və dövlət vəzifələrində namuslu, təmiz işinə görə nüfuz qazanmışdı. İkincisi, bir sıra qəzet redaktorları vardı ki, təmənnalı hərəkətləri ilə nüfuzlarını itirdiyi halda, Nəsir müəllimin rəhbərlik etdiyi "Bakı" və "Baku" qəzetləri heç vaxt təmənna güdməmişdi. Bu qəzetlər nöqsanlara qarşı barışmazlığı ilə ictimai rəydə böyük hörmət qazanmışdılar. "Bakı" qəzetinin Şaban Şabanov, Şakir Abdullayev kimi felyeton ustaları vardı ki, onların bir sıra satirik yazıları Mərkəzi Komitənin bürosunda müzakirə edilirdi. Belə bir qəzetin redaktorunun nüfuzu hər kəsə bəlli idi. Mən yuxarıda Şirməmməd Hüseynov və Nəsir İmanquliyevin Jurnalistika fakültəsində yaratdıqları təmiz dünyadan bəhs etdim. Nəsir müəllim hələ tələbə vaxtlarımızda bizə deyirdi ki, "Maraqlı informasiyanı heç nəyə qurban verməyin. Sizin ən böyük qazancınız nəşr edəcəyiniz qəzetin nüfuzuna bağlı olacaq". Bu sözlər adi görünə bilər, amma adi olduğu qədər də peşəkarlığa aparan müqəddəs bir yoldur.

- Müəllimlə ilk dərs gününüzdən həmkar kimi çalışdığınız illərə nəzər saldınız. Onunla şərəfli müəllim və peşəkar jurnalist kimi yaşadığınız xatirələri bölüşdünüz. Sonda Nəsir İmanquliyevin unutmadığınız ən böyük dərsi barədə soruşmaq istərdim.

- Bu gün Jurnalistika fakültəsində mənim rəhbərlik etdiyim kafedranın dəhlizə açılan qapısının sol tərəfində Nəsir İmanquliyevin barelyefi var. Biz onu bu böyük müəllimimizə məhəbbət və minnətdarlıq rəmzi kimi uzun müddət professoru olduğu kafedranın giriş qapısına qoymuşuq. Hər birimiz hər dəfə klassik müəllimimizin  o müqəddəs obrazı qarşısında bir anlıq dayanıb sonra içəri daxil oluruq. Bir tələbənin hər hansı problemi yarananda ona kömək etmək, etməmək tərəddüdü anında o müqəddəs obraz bizə yenə də öz məsləhətini verir: Universitet mühitinin məzmunu və yaraşığı tələbədir. Ona münasibətdə təmiz, təmənnasız və vicdanlı olun! Nəsir İmanquliyevin bütün müəllimliyi dövründə özünün bu fikrinə necə sadiq olduğunu görmüşük və ondan dərs götürmüşük.

 





25.04.2019    çap et  çap et