525.Az

Qadın - Leyla Camalın yazısı


 

Qadın - <b style="color:red">Leyla Camalın yazısı </b>

Qadın - kainatın yükünü zərif çiyinlərində daşıyan varlıq. Qocaman dünyanı ovuc içi böyüklüyündə ürəyinə sığdıran insan.

Qadın - yaradılışından yox olunuşuna qədər sirli və sehrlidir. Bir baxışına, bir toxunuşuna xarüqələr yaradandır. Dünyanın ən gözəl, ən zərif məxluqları. Toxunuşlarıyla həyatındakı insanlara cənnət yaşadan sehrli varlıqlar. Səsiylə, gülüşüylə ürəkləri titrədən şəfqət sahibləri. Dünyanı gözəlləşdirmək üçün yaradılmış fövqəladə müdhiş canlılar. Əlbət ki, bütün bunları özündə birləşdirən "qadınlar". Qadın ocaqdır, daima yanan. Qadın sevgidir, ürəkləri isidən. Qadın məlhəmdir, yaraları sağaldan. Qadın anadır, cənnəti ayaqlarına gətirən. Qadın yardır, canından canan olan. Qadın bacıdır, iffətiylə qeyrətini ucaldan. Qadın qızındır sənin, qanından can yaranan. Qadın dostdur, sirdaşdır, dar günündə həm atadır, həm qardaşdır. Dar gününün dayağı, qaranlığın mayağıdır.

Sən başsansa qadın tacdır, ayaqsansa çarıqdır.

Sənə məxsus, sənə aid gül bağçasıdır. Ya rəngarəng güllərdən zövq alarsan, ya xəzan yarpaqları arasında saralarsan.

Qadın zəifdir, yoxsa zərif? Zəifliyin zərifliyə yüksələn nöqtəsidir. Dalğalardan bezəndə qoynuna sığındığın limandır. Gözünü dünyaya açdığın andan əbədiyyətə qovuşduğun ana kimi keçən zamandır. Həyatının hər anında qadına möhtacsan.

Sənə həyat verən müqəddəs varlığa, gecələr beşiyin başında mürgüləyən, xəstələnəndə dünyası qaralan, ilk addımlarını atanda dünyanın səkkizinci möcüzəsini görmüş kimi heyrətlənən, hər kəlmənə qurban olan, səni təmənnasız sevən, gözləriylə yol çəkib pəncərə önündə sabahlayan varlığa, anana möhtacsan.

Canına and içən, səni başına tac edən, arxasında dağ sanan, özündən çox sənin qeyrətini qoruyan, şərəfini ucaldan, namusuyla üzünü ağardan bacına. Sən yıxılsan, onun dizi qanayar, sən öskürsən, ciyəri dağlanar, sən üzülsən, o ağlayar. Sən bacına möhtacsan.

Sənə baxarkən gözlərinin içi gülən, səsiylə ömrünə ömür qatan, gəlişiylə həyatını cənnətə çevirən, səni qəlbinin sultanı edən yara möhtacsan.

Canından can qoparaq sənə övlad bəxş edən, hər nazına, əzabına dözən, verdiyin hər cəfanı ömrünə səfa edən, qüruruyla fəxarətinə çevrilən, hər anında əllərini buraxmayan ömür yoldaşına möhtacsan. Dünya üstünə gəlsə, önündə sipər olacaq, hər kəs getsə də, yanında qalacaq, hər çətinlikdə üzünə gülümsəyəcək can yoldaşına möhtacsan.

Kimisi üçün qadın sadəcə iffətdir, kimisi üçünsə nifrət. Kimisi üçün qadın yardır, kimisi üçün yara. Kimisi üçün dərddir, kimisi üçün dərman.

Qadın abidədir. Qüruruyla, mənliyiylə həyatını şərəfləndirən. Qadın etalondur. Namusuyla, qeyrətiylə hər kəsə örnək olan. Qadın mücəssəmədir. Duruşuyla baxışıyla aləmi heyran qoyan.

Kimdir bizim qadınlar?

Canımızdan can olan, baş tacımız analar.

Qeyrətimiz, namusumuz, alnıaçıq üzüağ bacılar.

Dəcəl, şıltaq, cənnət qoxulu qız balalar.

Həyatımıza rəng qatan bütün xanımlar.

Xanım adını ləyaqətlə, şərafətlə daşıyan, xatunluğu ilə göz oxşayan, zərafəti ilə ağıllarda qalan, erkəyinin dayağı, dişisinin qanadıdır. Sədaqətiylə, əzmiylə, fədakarlığıyla əks cinsdən hər zaman bir addım öndədir qadır. O zərif çiyinlərində dağların yükünü daşıyıb, ətrafına saçdığı şirin təbəssümüylə qəlbləri ovudandır qadın.

Gözəl olmalıdır qadın. Gedişi də gəlişi qədər möhtəşəm olmalı, yaddaşlarda həkk olunmalıdır. Durduğu yeri bilməlidir qadın. Zərafətiylə ağıllarda qalmalıdır. Gərəkirsə mənliyini qoluna taxıb getməyi bacarmalıdır. Qüruruna sarılıb uyumağı rəzillikdən üstün tutar qadın. Qadın fövqəlbəşər varlıqdır. Qırıldısa parçalarını özünü toplayıb küllərindən yenidən doğular.

Kimisi asan yoldan pul qazanar, kimisi tarlalarda saç ağardar. Kimisi səhəri yad qoyunlarda sinəsində kağız əskinazla oyanar, kimisi gözünün nurunu töküb paltar toxuyar. Kimisi bədənini satar, kimisi kirpiyiylə od qaldırar. Kimisi yataq-yataq gəzər, kimisi sübhdən yolları süpürər. Kimisi qadın adını kirlədər, kimisi bizi fəxrləndirər.

Qadın Tanrının heyranlıqla yaratdığı müdhiş canlıdır. Qadın xəzinədir, sərvətdir. Aşikarda xəlvətdir.

Qadın Tomrisdir, Sara xatundur. Qadın Burla Xatundur. Qadın saçının hər teliylə şeirlərə ilham, nəğmələrə bəstədir. Kölgəsiylə belə izlənəndir. Dünyanı önündə diz çökdürən xaqanlar qadın sevgisinə təslim olmuşlar.

Qadın sevər, çox sevər. Varlığıyla həyatını rəngləndirər. Qadın dözər, səbr edər. Hər əzabına can deyər. Qadın gedər, səssiz səmirsiz. Geriyə baxmaz, izsiz ünvansız.

Qadın kimdir? Dualarına səni sığdıran insan. Varlığına şükran, yoxluğuna üsyan edən.

Varlığınız üçün şükr edənlərin həyatınızdan əskik olmaması ümidiylə...

 





25.04.2019    çap et  çap et