525.Az

Magistraturaya qəbulun II mərhələsi üçün proqram seçimi elan edildi


 

Magistraturaya qəbulun II mərhələsi üçün proqram seçimi elan edildi <b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 26-dan mayın 7-dək 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi elan edib.

DİM-dən verilən məlumata görə, magistraturaya qəbul imtahanının ikinci mərhələsinə 24 fevralda keçirilmiş birinci mərhələnin nəticələrinə əsasən proqram seçimində iştirak etmək hüququ qazanmış və 2019-cu il aprelin 26‑dan mayın 7-dək proqram seçib təsdiq edən bakalavrlar buraxılırlar.

DİM-in Direktorlar Şurasının 12 mart 2019-cu il tarixli qərarı ilə müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsindəki nəticələri bu mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların imtahanın ikinci mərhələsinə buraxılmaları barədə qərar qəbul olunub. Lakin bu bakalavrlar imtahanın II mərhələsində dövlət sifarişli yerlər üçün həmin mərhələnin nəticəsinə və iki mərhələ üzrə ümumi bala qoyulan minimal tələbləri ödəsələr belə, ixtisaslaşma seçimi zamanı yalnız ödənişli əsaslarla olan ixtisaslaşmaları seçə biləcəklər.

DİM tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Tarif (qiymət) Şurasının 2017-ci il 6 mart tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri”nə əsasən, magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsində iştirak üçün 60 manat, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qabiliyyət imtahanda iştirak üçün isə 30 manat məbləğində ödəniş nəzərdə tutulub. Bakalavrlar proqram seçimi üçün müəyyənləşdirilən müddət ərzində tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edib öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. İmtahanın II mərhələsində və ya qabiliyyət imtahanında iştirak üçün tələb olunan məbləğ proqram seçimi zamanı bakalavrın “Şəxsi kabinet”inin "Hesab"ından çıxılır.

Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər imtahanın 26 may 2019-cu il tarixində keçiriləcək ikinci mərhələsinə buraxılmayacaqlar.

 





25.04.2019    çap et  çap et