525.Az

Emin Həsənli: “İnkişaf üçün əsas şərt olan sabitliyin qorunması dövlətimizin tarixi nailiyyətidir”


 

Emin Həsənli: “İnkişaf üçün əsas şərt olan sabitliyin qorunması dövlətimizin tarixi nailiyyətidir”<b style="color:red"></b>

“Bütün uğurların başlanğıcı sabitlikdir. Sabitlik olmadan heç bir dövlət inkişaf edə bilməz. Ümummilli liderin 1993-cü ildə hakimiyyətə qayıtdığı ərəfəni təhlil edəndə Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi, xaos, torpaqların işğal edilməsi, ölkənin bir neçə yerə bölünməsi, iqtisadiyyatın tamamilə çökməsi, vətəndaş həmrəyliyinin mövcud olmaması, silahlı birləşmələrin bir-biri ilə qarşıdurma həddinə gətirilib çıxarılması mənzərəsi ilə qarşılaşırıq. Dövlət və dövlətçilik adı, demək olar ki, yox səviyyəsində idi. Qısa bir müddət müstəqillik əldə etməyimizə baxmayaraq, suverenliyimiz itirilmək üzrə idi. Bizim xalqımız qəhrəman xalqdır. Qarabağ uğrunda döyüşlərdə iştirak etmişik, iyirmi mindən çox şəhid vermişik, müharibə veteranlarımız, Qarabağ əlillərimiz var. Həmin dövrdə bu xalqın bu cür yüksək ruhu səfərbər edilərək məqsədyönlü şəkildə istifadə olunmadı, torpaqlar işğaldan azad edilmədi. Çünki qeyri-peşəkarlar, səriştəsizlər bu işlərə rəhbərlik edirdilər. Bütün sahələrdə o cümlədən də ordu sahəsində belə vəziyyət hökm sürürdü. Ona görə də böyük çətinliklər ortaya çıxmışdı”. Bu fikirləri Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri, politoloq Emin Həsənli əməkdaşımızla söhbəti zamanı söyləyib. E.Həsənlinin fikrincə, bütün bu ümidsiz vəziyyətə baxmayaraq, ümummilli liderin ilk işi ölkədə sabitlik yaratmaq oldu: “Qısa bir zamanda ölkədə sabitlik yaradıldı. Konstitusiya qəbul edildi”. Sabitliyi inkişaf üçün əsas şərt kimi önə çəkən politoloq Azərbaycanın son 20 ildə buna nail olduğunu, bununla da tarixi nailiyyət əldə etdiyini vurğulayıb. O, 1993-cü ildən sonra tədricən ölkədə stabilliyin bərqərar edildiyini, bütün sahələr üzrə inkişaf getdiyini bildirib: “Ulu öndərin fəaliyyəti sayəsində tezliklə ayrı-ayrı silahlı dəstələr ləğv edildi, vahid komandanlığa əsaslanan, NATO standartlarına uyğun ordu quruculuğuna başlanıldı. Bütün sahələrdə paralel işlər aparıldı. Kadrların hazırlanması hərbi səhiyyə sisteminin qurulması, maddi-texniki bazanın əldə edilməsi, zabitlərin hazırlanması, kazarmaların inşası, təmir və bərpası işi aparıldı. Bunun əldə edilməsi üçün güclü iqtisadiyyat lazım idi. Güclü iqtisadiyyat da təbii ki, ölkəyə investisiyaların qoyulması ilə inkişaf edə bilərdi. Bu məqsədlə 1994-cü il sentyabrın 20-də əsrin müqaviləsi imzalandı. Azərbaycanın iqtisadiyyatının inkişaf etməsi üçün bu çox vacib şərt idi. Ölkədə sabitlik olmasaydı, heç kim bura investisiya qoymayacaqdı. Əsrin müqaviləsindən gələn gəlirlər isə ilk növbədə qaçqın şəhərciklərinin ləğv edilməsi, Milli Qəhrəmanların, Qarabağ əlillərinin, şəhid ailələrinin mənzillərlə təmin edilməsi, onlara fərdi, prezident təqaüdlərinin ayrılması, ordunun maddi texniki bazasının artırılmasına sərf olundu. Bir milyona yaxın qaçqın və köçkün, üstəlik, Qarabağ əlilləri, şəhid ailələri, müharibə veteranları, 20 Yanvar, Çernobıl, Əfqanıstan, İkinci Dünya Müharibəsi iştirakçıları və əlilləri, onların ailələri, üstəgəl ümumi əlillik dərəcələri. Azərbaycan dövləti bunların hamısının xərclərini qarşılayır və dövlətimiz sosialyönümlü dövlətdir. Bütün bunlardan əlavə, ölkədə böyük quruculuq işləri gedir. Ölkəmizdə kəndlərin abadlaşması, kəndarası yolların çəkilməsi, yaşayış məntəqələrinin mavi yanacaqla təmin olunması, işsizlik probleminin həlli, bölgələrdə səhiyyə, təhsil obyektlərinin, olimpiya komplekslərinin tikilməsi çox böyük işlərdir və bunlar əksərən sosialyönümlü layihələrdir. 20 il əvvəl Azərbaycan dövləti beşcə kilometr yolu asfaltlamaq gücündə deyildi. İndi bütün şəhərlərə, kəndlərə yollar çəkilir, abadlaşdırılır. Hər şəhərdə su, kanalizasiya xətləri təzələnir, yollar salınır, enerji məsələləri həll edilir. Azərbaycan borc alan dövlətdən borc verən dövlətə çevrilib. Daha sonra ölkənin elm təhsil və digər sahələrinin inkişafı ardıcıl olaraq aparılıb. Azərbaycan gəncləri bu gün Avropada, ABŞ-da, dünyanın ən yüksək ali təhsil müəssisələrində-həm hərbi, həm mülki məktəblərində təhsil alırlar. Sabah onlar Azərbaycan dövlətinin inkişafına öz töhfəsini verəcək”.

Birlik sədri Azərbaycanın dünyada sülhyaratma prosesinə də öz töhfəsini verdiyini, bizim hərbçilərimizin Kosovada, Əfqanıstanda, İraqda sülhyaratma prosesində fəal iştirak etdiyini diqqətə çatdırıb: “Bu gün daha bir sevindirici hal ondan ibarətdi ki, dünyanın bir sıra dövlətlərində sabitlikdən söhbət getmədiyi, onların dövlət kimi mövcudluğu sual altında olduğu halda, dövlətimizin rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünyada sabitlik adasıdır. Azərbaycanın dövlət müstəqilliyi artıq rəmzi xarakter daşımır. Azərbaycan artıq regionda söz sahibidir. Cəmiyyətin və dövlətin inkişaf etməsi üçün sabitlik və təhlükəsizlik birinci şərtdir. Bunun qarantı dövlətin silahlı qüvvələridir, hüquq mühafizə orqanlarıdır. Azərbaycan dövləti hər dəfə bu sahəyə külli miqdarda vəsait ayırır. Keçirilən hərdi parad da bunu sübut elədi ki, Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur”.

E.Həsənli bildirib ki, Azərbaycanın son dövrlərdə ölkə ərazisində baş verən təbii fəlakətlərin nəticələrini təkbaşına, dünyanın heç bir yerindən dəstək almadan aradan qaldırması ölkəmizin ən ağır problemlərin öhdəsindən gəlməyi bacardığının sübutudur: “Bizim hazırda yeganə problemimiz Qarabağ məsələsidir. Bu problemin həll edilməsi üçün xeyli işlər görülüb və görülür. Xarici siyasətdə də dövlətimizin ciddi uğurları var. Əminik ki, bütün bu inkişaf, uğurlar nəticəsində dövlətimiz Qarabağ problemini də tezliklə aradan qaldıracaq”.

S.ABDULLAYEVA

 





25.09.2013    çap et  çap et