525.Az

“Azərbaycan ədəbiyyatı antologiyası” və “Mən aləmə sığmazam” kitabları Qazaxıstanda - Foto


 

“Azərbaycan ədəbiyyatı antologiyası” və “Mən aləmə sığmazam” kitabları Qazaxıstanda - <b style="color:red">Foto</b>

Beynəlxalq Türk Akademiyası tərəfindən Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində açılışı keçirilən “Nəsimi ili” çərçivəsində qazax dilinə tərcümə olunmuş “Azərbaycan ədəbiyyatı antologiyası” və Nəsiminin şeirlərindən ibarət “Mən aləmə sığmazam” kitablarının təqdimatı olub.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali bildirib ki, müasir dövrdə türkdilli xalqların daha da yaxınlaşması, inteqrasiyası, bir-birinin mənəvi irsini, adət-ənənələrini öyrənməsi, ortaq dəyərlərimizi tədqiq və tərənnüm edən ədəbi nümunələrimizin öyrənilməsindən keçir. Bu məqsədlə Akademiya “Türk dünyası ədəbiyyat antologiyası” seriyasından qazax dilində ilk olaraq “Azərbaycan ədəbiyyatı antologiyası”nı çap edib. Kitabda 20 azərbaycanlı klassikin seçilmiş əsərləri yer alıb. Bundan sonra ardıcıl şəkildə digər türk xalqlarının da ədəbiyyat antologiyaları çap olunacaq.

Akademiya prezidenti deyib ki, Azərbaycan xalqı hər zaman türk xalqları arasında bədii yaradıcılığa meyli ilə xüsusi seçilib, orta əsrlərədək türkdilli ortaq yazılı və şifahi ədəbiyyatımızın formalaşmasına əvəzsiz töfhə verib. Nizami, Füzuli, Nəsimi və digər dünya şöhrətli klassiklərin simasında isə Azərbaycan xalqı fars və ərəbdilli ədəbiyyatın da zənginləşməsində önəmli rol oynayıb. Bu kitabda oxucular Azərbaycan ədəbiyyatının qədim dövrlərdən müasir günümüzədək bir sıra klassiklərinin seçilmiş əsərləri ilə tanış olmaq fürsəti əldə edəcəklər.

D.Kıdıralinin sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin böyük türkoloq və ictimai xadim, Əhməd Ağaoğlunun 150 illik yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı sərəncamını nəzərə alaraq, Beynəlxalq Türk Akademiyası tərəfindən bu ilin may ayında UNESCO-da təşkil olunacaq beynəlxalq forum çərçivəsində böyük türkoloqun da yubileyi qeyd olunacaq. Eyni zamanda, iyun ayının 24-də Nur-Sultan şəhərində təşkil olunacaq IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumunda İmadəddin Nəsiminin 650, Cəlil Məmmədquluzadənin 150, Əhməd Ağaoğlunun 150, Cəfər Cabbarlının 120 illik yubileyləri qeyd ediləcək.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov isə bildirib ki, “Azərbaycan ədəbiyyatı antologiyası” və “Mən aləmə sığmazam” kitabları qazax oxuculara qardaş Azərbaycan xalqını daha yaxından tanımağa onun mənəvi zənginliyini öyrənməyə şərait yaradacaq.

Diplomatın sözlərinə görə, bu kitablar Azərbaycan ədəbiyyat nümunələrinin ayrı-ayrı türk xalqlarının dillərinə çevrilməsi kimi yeni bir ənənənin əsasını qoymaqla yanaşı, Qazaxıstandan, türk dünyasından olan ədəbiyyatçılar, fioloqlar, alimlər və türkoloqlar üçün də faydalı mənbə rolunu oynayacaq.

Qeyd edək ki, “Mən aləmə sığmazam” kitabında 47 yaşında edama məhkum edilən Nəsiminin 47 şeiri, “Azərbaycan ədəbiyyatı antologiyası”nda isə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, Mir Cəlal, Şəhriyar, Bəxtiyar Vahabzadə, Məmməd Araz kimi böyük ədiblərin əsərləri yer alıb.

 





26.04.2019    çap et  çap et