525.Az

Tanıyaq və tanıdaq: Bəxtiyar Nizami


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Bəxtiyar Nizami </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik. Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!


Esmira Fuad
Filologiya elmləri doktoru

Bəxtiyar NİZAMİ

1965-ci il Təbriz şəhərində anadan olub. Orta məktəbin III sinfində oxuyarkən atasını itirib. Ailədəki uşaqların ən böyüyü olduğundan məktəbi buraxmalı olub. İşləməyə başlayıb və yetim bacı-qardaşlarının güzəranını təmin edib. Otuz il musiqi sahəsində həm ifaçı, həm də çalğıçı kimi dinləyicilərinin ruhunu oxşayıb, eyni zamanda, ali təhsil alıb. Altı il öncə şeir aləminə qədəm qoyub və böyük coşğu ilə yazıb-yaratmağa başlayıb. "Məzarlar gecənin tərs üzüdür" adlı şeir toplusu 2018-ci il Təbrizdə nəşr edilib və az bir zamanda oxucular arasında geniş yayılıb.

1.

Yazını bir kəlmə çevirər,
bir kəlmə minlərcə dərdin harayı...
bəzən bir kəlməyə düyün düşərsən,
dolaşar beynində bütün sözlər, dolaşarsan,
saatlar gecə xəlvətcə ömrünü yiyə-yiyə keçər...
Sən hələ uyumazsan,
bəlkə də yazdığını yüz dönə çevirərsən,
səni buraxmaz o anlar...
sonra ağlarsan
öz-özunə, bir körpə kimi...
Devrində qonşunun adını çəkərsən,
yazdığın kəlmənin dərisini soyarlar,
atılarsan.
Bilməzsən harda, dünyanın hansı
köşəsində çürüyürsən...
Yazın pozular soyuq əllərdə,
kəlmələrin süzülər göz yaşlarından...
Bilirsənmi?
Yazını bir kəlmə çevirər...

2.

Ah, bu şəhər, nələr görmədin sən!..
duvarların, çoxuna sinə gərdi
o qədər köhnəldi ki, başımıza yıxdılar...
Sənin dolanbadolan küçələrində
şəhər "Qaragilə" mahnısının güdazına getdi.
Döydüyümüz təpikləri uğurladılar,
hər kəs burda at oynatdı,
böyük bir yola döndün.
Ucsuz-bucaqsız bölündün,
bütün duvarlarına yazdığımız sözlər pozuldu.
Küçə güllələndi, küçə asıldı.
İndi gözlərimi sürüyərək xiyabanların qaranlığından
qorxa qorxa keçirəm küçə lotularının əlindən...
Hələ də
polislər əllərində silah
"Qaragilə" mahnısını axtarırdılar,
dolanbadolan küçələrində
şəhərin...

3.

Küçəmizə gəlmə addımlarını uğurlayarlar,
Səni görcəyin qonşularımız pıçıldaşırlar,
Söz səndən gedir, sənin adından.
Sənə şeir deyəndə gizli saxlayıram yazılarımda,
lap adına qədər...
Yoxluğunda üstümə gəlir hamı,
bütün hər nəyi yoxlayırlar,
lap ceb telfonumacan.
Yazılarımda adını araşdırırlar,
qardaşım adına güllələndi,
mən adına kölgələnirəm.
Adın boğazımda düyün düşüb,
bir udum hava lazımdır.
Buralarda insanları hava öldürür.
Gələndə bir az nəfəs gətir,
Bir az ehtiyat!..
Hələ də küçəmizdə sənə şübhəli davranırlar,
aşağı küçənin itləri ilə yuxarı küçənin itləri boğuşur.
Gələndə özünü qoru...

4.

Şairin öz xəlvətində,
Keçdikcə zaman darıxır.
Ulduzlar göyün altında,
Hər gecə, hər an darıxır.

Qələm göz yaşımı süzür,
Hər kəlməni şeirə düzür,
Ağ kağızlar dodaq büzür,
Şeirimdə aman darıxır.

Qapımız da qan qoxuyur,
Hörümçəklər tor toxuyur,
Ayəni tərsə oxuyur,
Məsciddə Quran darıxır.

Arzulara yoxdur çara,
Əynimizdən çıxmır qara,
Ölülər gediblər hara?
Məzarlar yaman darıxır.

Ümüd gələcəkdən deyir,
Xəyal Bəxtiyarı yeyir,
Bağlı qapım məni geyir,
Astanam yaman darıxır...

5.

Bu üzündən o üzünə,
Buz bağlamış qar yeri var.
Baltalanmış ağaclarda,
Asılmağa dar yeri var.

Bağçaları göy-göy solub,
Yarasına duzmu dolub?
Bəlkə bayquş bağban olub
Buralarda sar yeri var...

Kökünə bir daş atdılar,
Sonunda duza çatdılar,
Dilsiz-dilsiz ağlatdılar,
Ürəyində zar yeri var...

Göy donunu gey bir daha,
Ay-ulduzlu bax Allaha,
Bəxtiyarlıq ver sabaha
Bu torpaqda bar yeri var...

 





26.04.2019    çap et  çap et