525.Az

Nazirlik və akademiya arasında "Qırmızı kitab"a görə narazılıq


 

Nazirlik və akademiya arasında "Qırmızı kitab"a görə narazılıq<b style="color:red"></b> “Kitabın hər iki cildinin başlanğıc səhifələri müəlliflər üçün naməlum səbəblərdən dəyişdirilib”
 
“Qırmızı kitab”ın ikinci nəşri ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) arasında narazılıq yaranıb.

AMEA-nın Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Qırmızı Kitab”ın birinci nəşri 1989-cu ildə çap olunub. Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 125 saylı qərarında Azərbaycanın “Qırmızı Kitab”ının 10 ildən bir çap olunması, ölkənin elmi təşkilatları tərəfindən heyvan və bitki növləri haqqında məlumatların toplanmasının, ümumiləşdirilməsinin, təhlilinin və saxlanmasının təşkil edilməsi, habelə, bu növlərin mühafizəsinə dair tədbirlərin hazırlanması nəzərdə tutulub.
 
Yeni – ikinci nəşrinin işlənib hazırlanması üçün Azərbaycan Respublikası Prezidentinin 24 mart 2006-ci il tarixli 1368 saylı sərəncamı ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı” təsdiqlənib. Sənədin 1.1.3-cü bəndinə əsasən, “Qırmızı Kitab”ın ikinci nəşrinin çapı 2009-cu ildə nəzərdə tutulub. “Qırmızı Kitabı”ın ikinci nəşrinin təşkilinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 28 oktyabr 2010-cu il tarixli 671/y saylı əmrinə və AMEA Biologiya və Tibb Elmləri Bölməsinin 25 oktyabr 2010-cu il tarixli 5 saylı sərəncamına əsasən, Botanika və Zoologiya institutlarında müəlliflər kollektivi yaradılıb. Kollektiv tərəfindən nəşrə tövsiyə edilən bitki, göbələk və heyvan növlərinin siyahısı hazırlanıb.
 
Növlərin qorunması statusunun qiymətləndirilməsi Qafqazın endemik bitkilərinin “Qırmızı Siyahısı”nın regional qiymətləndirilməsi üzrə milli ekspert və müəllif kollektivi tərəfindən  Təbiətin və Təbii Ehtiyatların Qorunması üzrə Beynəlxalq İttifaqın (İUCN-nin) müasir kriteriya və kateqoriyalarına uyğun aparılıb və xüsusi ArcGis geoinformasiya kompyuter proqramı təminatından istifadə edilib. Ümumən 300 bitki və göbələk, həmçinin 223 heyvan növünün müasir qorunma statusu İUCN-in standartlarına uyğun qaydada qiymətləndirilib və Azərbaycanın “Qırmızı Kitabı”nın ikinci nəşrində öz əksini tapıb. Yeni “Qırmızı Kitab” əvvəlki nəşrdən yalnız növlərin sayı ilə deyil, onların müasir vəziyyətinin təhlili və illüstrativ materiallarla əhəmiyyətli dərəcədə fərqlənir.

Kitabın yeni nəşri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2013-cü ilin iyul ayında 1000 nüsxədə çap olunub. Lakin onun yayılması və AMEA-nın rəhbərliyi ilə birlikdə ictimaiyyətə rəsmi təqdimatı AMEA-ya məlum olmayan səbəblərdən gecikdirilir. Əldə olan məlumata görə, 2013-cü ilin avqust ayında artıq dərc olunmuş kitabın hər iki cildinin başlanğıc səhifələri müəlliflər üçün naməlum səbəblərdən dəyişdirilib. Həmin dəyişikliklər aşağıdakılardır:

1. Təsdiq edilmiş məsul redaktorlar (botanika üzrə Botanika İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Validə Əli-zadə, zoologiya üzrə isə Zoologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərov) kitabda “məsul şəxslər” kimi təqdim olunub və kitabın redaktə işinə məsul olan tərəf haqda məlumat anlaşılmazlığı əmələ gəlib;

2. Məsul redaktorlar tərəfindən hazırlanmış giriş hissə çıxarılıb;
3. Həmin giriş hissə və ön söz əsasında bəzi əlavələrlə yeni ön söz yazılıb;
4. Kitabdan Botanika və Zoologiya institutlarının adları çıxarılıb, yalnız ümumi şəkildə AMEA yazılıb;
5. Nəşrin tərtibində iştirak etmiş digər yerli və xarici təşkilatların nümayəndələrinin əməyini əks etdirən hissə çıxarılıb, struktur vahidlərinin rolu önə çəkilıb;
6. Məlumatların toplanılması üçün ekspedisiyalar və çöl işləri əsasən ABŞ-ın Kritik Ekosistem üzrə Tərəfdaşlıq Fondunun (CEPF-in) 2006-2009-cu illəri əhatə edən və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2010-2011-ci illər üzrə 1(1)-40/26-3 nömrəli qrantları hesabına maliyyələşdirilib. Kitabın giriş hissəsində bu təşkilatlara və kitabın tərtibində yaxından köməklik göstərmiş bütün xarici mütəxəssislərə beynəlxalq etik normalara uyğun olaraq minnətdarlıq bildirilib. Lakin sonradan bu hissə də çıxarılıb. Qeyd edilən dəyişikliklərdən öncə dərc olunmuş kitabın 2 nüsxəsi AMEA-nın Botanika və Zoologiya institutlarına təqdim edilib. Nəşrin düzgün variantı məhz həmin nüsxələrdir.
“Beləliklə, AMEA-ya məlum olmayan səbəblərdən alimlərin müəllif hüquqlarının az da olsa pozulması birgə əmək normalarına uyğun deyil. “Qırmızı Kitab”ın nəşri ilə bağlı məsələlərin sonu Rəyasət Heyətini ciddi düşündürür”.
 





25.09.2013    çap et  çap et