525.Az

Qadınların Qarabağ Forumu keçirildi - Foto


 

Qadınların Qarabağ Forumu keçirildi - <b style="color:red">Foto </b>

Aprelin 24-də Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində Qarabağa dair Qadınlar Forumu keçirilib.

Forumda qadın döyüşçülər, ictimai təşkilat nümayəndələri, Müdafiə nazirliyinin, digər rəsmi qurumların təmsilçiləri, yaradıcı-yazar xanımlar, iqtidar və müxalifət partiyalarına mənsub şəxslər və digərləri iştirak ediblər. "Qələbə səninlədir, Azərbaycan əsgəri!" mövzusunda keçirilən Forum gənc Azərbaycan ordusunun 1920-ci ilin martında işğalçı Ermənsitan qoşunları üzərində qazandığı parlaq qələbənin 99 illiyinə həsr olunub.

Tədbir şəhidlərin xatirəsinə sayğı duruşu və dövlət himninin ifası ilə başlayıb. QAT-ın təmsilçisi, pedaqogika üzrə fəlsəfə doktoru Məlahət Mürşüdlü tədbiri açıq elan edərək, forumun məram və məqsədini diqqətə çatdırıb.

Sonra tarix elmləri doktoru Firdovsiyyə Əhmədova mövzu ilə bağlı geniş məruzə edib. O, məruzəsində erməni-müsəlman davasının kökləri, Ermənistanın Azərbaycana qarşı təcavüzkar mövqeyi, tarixən iki xalq arasında baş verən münaqişələr haqqında geniş tarixi faktlar əsasında çıxış edib.

Məruzə ətrafında ictimai xadimlər Arifə Hüseynli, Jalə Cəfərova, Müdafiə nazirliyinin təmsilçisi Zümrüd Səmədova, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının üzvü, "Simurq" birliyinin vitse-prezidenti Svetlana Bayramova, Müsavat partiyasının Divan üzvü Başxanım Abbasova, ictimai xadim Mehriban Abdullayeva, hərbi jurnalistlər Əntiqə Qonaq və Aidə Eyvazlı, ilahiyyatçı-yazar Mənzər Ağayeva, Qarabağ döyüşçüsü Təranə Səfərsoy və digərləri çıxış edərək, torpaqlarımızın yalnız hərbi yolla azad ediləcəyini bildirib, müharibənin başlanmasını tələb ediblər.

Sonda çıxış edən QAT sədri Akif Nağı deyib ki, qadınların potensial imkanlarından Qarabağa azadlıq tələbinin daim gündəmdə saxlanılması və cəmiyyətin səfərbər olunması üçün geniş istifadə edilməlidir:

"Biz ölkədə ortaq məxrəcə gələrək, birlikdə hərəkət etməli, qadınların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsinə nail olmalı, Qarabağın azadlığı naminə birlikdə çalışmalıyıq".

Forum iştirakçılarının sonda qəbul etdikləri qətnamədə bildirilir: "Hesab edirik ki, münaqişənin dinc vasitələrlə həll edilmədiyi halda hərbi yol Azərbaycan üçün ən doğru seçimdir. Hazırda Minsk qrupunun səylərinin nəticə verməməsi Azərbaycan torpaqlarının işğal altında qalması ilə bərabər, regionda bütün sahələrdə əməkdaşlığa, demokratiyanın inkişafına, hər iki ölkənin silahlanmasına, eyni zamanda, Rusiyanın müdhiş güc olaraq qalmasına şərait yaradır".

Forum iştirakçıları bugünkü məruzə, onun ətrafında olan müzakirələrdən və yaranmış vəziyyətdən çıxış edərək dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi yönündə təkliflər irəli sürüblər.

Şahanə MÜŞFİQ

Qadınlar Qarabağ Forumu keçirib

 





26.04.2019    çap et  çap et