525.Az

Gümüşü işığın ardınca, yaxud "Murov qartalı"nın "Komandir"dəki obrazı


 

Gümüşü işığın ardınca, <b style="color:red">yaxud "Murov qartalı"nın "Komandir"dəki obrazı </b>

Mətnin gümüşü işıq gələn tərəfinə keçmək üçün öncə kiçik bir müşahidə aparıb sətirlər arasındakı bölgələri minadan təmizləmək lazım gələcək. Bu həm də ona görə lazımdır ki, özümüzü bu yazının qəhrəmanı kimi hiss edə bilək.

Romanın quruluşu mənə Corc Sandersin "Linkoln Bardoda" romanını xatırlatdı. Müsbət bir obraz haqqında həmin obrazın taleyinə şahidlik edənlərin dilindən danışılan bir həyat hekayəsi. Və onlar bu hekayəni bir-birindən söz alıb danışırmış kimi nəql edirlər. "Komandir" həmçinin, polifonik olmayan və bununla belə, obrazın sadəcə müsbət tərəflərini deyil, həm də mövzunun verdiyi etik dəyərlər çərçivəsində yüngülvari yumor və xoşagəlməzlikləri də oxucuya göstərir. Bir də bu xüsusiyyətinə görə mənim yadıma "Linkoln Bardoda" romanını saldı. Müasir dövr ədəbiyyatında eksperiment kimi sayılacaq bu cür romanlar azdı və az olduğu qədər də məşhurdur. "Komandir" məşhur ola bilərmi?

İlk minanı tapdıq. Mövzunun mahiyyətindəki problemin həlli yazıçıdan asılı deyil. Roman Qarabağ münaqişəsi dövrünü və ondan sonrakı - atəşkəs dövründəki əməliyyatları sənətə çevirməyə xidmət edir, simvollaşdırır, sənət müstəvisinə gətirir. Yəni roman təkcə bədii mətn kimi deyil, həm də sənədli reportaj kimi də diqqəti çəkir. Bu isə bir qədər romanı lokallaşdırmağa meyllidir. Ancaq yazıçı çıxış yolunu qəhrəmanının bəşəri duyğularıyla və apardığı mübarizənin əsl səbəbiylə tapır. Belə ki, münaqişənin ən qızğın anında belə anasını, kəndini xatırlayan kəşfiyyatçı tez-tez gözünə görünən gümüşü işığın ardınca yurduna - anasının torpağa qarışdığı yerlərə getmək istəyir. Əsas istəyi budur və o, əsgərlərindən narahat qaldıqca münaqişələrin dünya üçün nə qədər amansız bir gələcək vəd etdiyinin fərqindədir. İkinci nüans vacib əməliyyatlardan birində, Raquf Orucova "Murov qartalı" ləqəbini qazandıran o çətin kəşfiyyatda ortaya çıxır. Erməni uşağın əsir düşməsi, kəşfiyyatçının əsgərlərinə onu incitməmələri barədə verdiyi təlimat yenidən romanı lokallıqdan, pafosdan, yersiz şişirtmədən qurtarır. Amma həm də əsgərlərin içindəki o nifrəti də gizlətməməyə çalışan müəllif Orucovun əsgərləri ilə keçmiş hərbçi olan digər erməni əsirin münasibətlərinə bir neçə dialoqda yer verir.

Mövzu və hadisələrin coğrafiyası ciddilik tələb edir və bu ciddilik oxucunu yora bilərdi. Hərbi düşərgə, nizam-intizamın sərt olduğu bölgələr, əməliyyatlar, terminlər və digərləri. Gümüşü işığa gedən yolda növbəti mina əsərin oxucuda yaşatdığı situasiya və yumor qatıdır. Bu mənada Sanders öz romanını metafizik və absurd hadisələrlə qurtara bilmişdi. Şərif Ağayar isə milli geyimdəki zarafatlarla, həm də ən çox hərbi hissələrdə eşidilən atmacalarla mətni xilas edib. Səfərov və Rəfiyev obrazları arasındakı atmacalar müəllifin özünəxas yumoru ilə təhkiyənin rəngini bir az açır. Bəzən melanxolik, bəzən yumoristik, bəzən də gərgin səhnələr hekayəti monotonluqdan uzaq tutur. Bununla belə, roman nə qədər müasir eksperimentlərə bənzəsə də, çağdaş roman qurğusallığından daha çox düz mətnlərə - klassik romanlara könüllüdür. Bu ehtiyatsızlığı mövzununmu üzərinə ataq? Müəllifin daha öncəki iki məşhur romanı ilə ("Arzulardan sonrakı şəhər" və "Ağ göl") müqayisə etməyimiz yalnışlıq olardı. Onsuz da bədii keyfiyyətləri ilə onlardan geri qalmayan romanın bir şəhid haqqında olması, vətənpərvər mövzuda, Qarabağ mövzusunda yazıldığını nəzərə alıb yuxarıda qeyd etdiyim bəzi etik çərçivələri qorumaq müəllifi mətnin içində rahat buraxa bilməzdi.

Növbəti mina detallarda olacaq. Öz kürəyini real hadisələrə söykəyən mətnin mahiyyətində ölüm və yaşam fəlsəfəsi olduğu üçün yazıçı mifoloji və metafizik bir neçə detalı işləyib. Roman ölüm xəbəri ilə başlayır. Və sona qədər komandir gümüşü işığı görür, ona can atır. Gümüşü işıq axirətə işarədir, yəni ölümə. Əsərin əvvəli və sonu məhz gümüşü işığın yaratdığı kölgədir. Burda da Sandersi xatırlayıram. Ölümə ironiya və təhrif verməklə yazılan romanda həqiqi nüanslara göndərmə etmək üçün bir neçə xırda və metafizik detallardan istifadə etmişdi. Şərif Ağayar isə ölümə ironiya etmir (bu romanda). Bununla belə, ölümü həm də kədərli bir hadisə kimi də oxucularına təqdim etmək istəmir. Xüsusən də baş qəhrəmanı şəhiddirsə, təbii ki qarabağlı yazıçı bundan qaçacaq. Növbəti metafizik detal qara pişik və onun çığırtısıdır. El arasında (elə komandirin gəldiyi yerdə də) qara pişik bədbəxtliyə işarədir. Çığırtı səsi isə oxucuda xüsusi bir qorxu atmosferi yaradır. Bu nəyə lazım idi? Deyim: Müharibə mövzusunda yazılan romanda ön plana çəkilən əsas kadrlar Raquf Orucov və onun yaşadığı həm hərbi, həm məişət ömrüdür. Ənənəvi döyüş səhnələri, iki düşmən mövqe, silah səsləri yoxdur romanda. Ancaq bir müharibənin yaşandığına, komandirin bu müharibənin qurbanlarından biri olduğuna, davam etdiyinə oxucu inanır. Bu inamı onun altşüurunda formalaşdıran isə elə romanın hər yetmiş səhifəsindən bir qarşımıza çıxan pişik çığırtısıdı. Deməli, nəsə narahatlıq var.

Komandirin şəxsi həyatı mətndə tapdalamamağa çalışdığımız minalardan biridir. Bəzən Orucovun özünün, bəzən qardaşının, bəzən də həyat yoldaşının dilindən danışılan məişət həyatı səhnələri romanın lirik pərdələridi. Bu da oxucudan çox müəllifin özünə lazım idi. Kəşfiyyat əməliyyatlarında obrazının davranışları, hərbi hissədəki özünə məxsusluğu məhz onun məişət həyatındakı yaşadıqları ilə bağlıdır. Burada da müəllif yumordan qaçmır, Sevinc adlı obrazın dilindən komandirin şəxsi xarakterini, fərqliliklərini həyat yoldaşı ampulasında təqdim edir.

Müəllif və mətn konteksini də keçə bilsək, bəlkə biz də gümüşü işığa çata bilərik. Bu hissə xüsusilə maraqlıdır. Yazıçı ilə obrazı arasında mənəvi bir bağ var. Bu həm onların ikisinin də Qarabağ müharibəsindən sonra qaçqın düşməsi, həm də öz sahələrində lazım olan dəyəri görməmələri ilə də bağlıdır. Mətn müəllifdən böyük deyil, məhz buna görə yazıçı özünü sərbəst hiss edə bilib. Bəlkə də bu mətn fərqli coğrafiyada yazılsaydı, daha başqa cür gedişlər etmək, üslub işləmək olardı. Burada isə romançı romanın quruluşunu fərqli, eyni zamanda, milli çağdaş ədəbiyyatımız üçün yeni olan eksperiment etməklə kifayətlənib. Bundan başqa, əsərdəki ictimai-sosial göndərmələr də gözdən qaçmır. Zabilin ayaqqabısı, yataqxana, hərbi hissədəki komandirə qədər vəziyyət və sairə. Bu mövzuların daha geniş təfsilatını "Gülüstan"da oxumuşduq. "Komandir"in mövzu monotonluğuna rəng qatan xəyali situasiyalar isə oxucunu bəzən bir səhifədə ilişdirir.

Romanda ölüm səhnəsi yoxdur. Amma ölüm var. Sonuncu abzası isə olduğu kimi yazıb mətnin oxucuya buraxdığı son ümid payını da göstərməklə kəşfiyyatı yekunlaşdırıram:

"Yeddixırmana bənzəyən dağa tərəf uçanda zirvədə cilvələnən gümüşü işıq anamın təbəssümüylə gülümsədi. Hardasa uzaqlarda insan seli çırpınır, dalğalanır, uğuldayır, ağuşuna aldığı üç rəngli qayığı sağa-sola yellədə-yellədə tanış bir ünvana aparırdı".

Müəllif və obrazı müharibənin sonlanacağına inanır.

Obrazlar realdır, yaşayır və kitabın təqdimatında iştirak edirlər. Eksperimental mətndir və bu mövzuda yazılan tamamilə fərqli nümunədi.

Yol təmizdir. Gümüşü işıq olan tərəfə keçə bilərik!

 





27.04.2019    çap et  çap et