525.Az

"Şeytana papaq tikib ortasını deşərdim..." - Eynulla Mədətli 4 şairin şeirlərini təqdim edir


 

"Şeytana papaq tikib ortasını deşərdim..." - <b style="color:red">Eynulla Mədətli 4 şairin şeirlərini təqdim edir</b>

Təxminən bir ay bundan əvvəl AMEA-nın Fəlsəfə İnstitutunda, İmadəddin Nəsimi ilinə həsr edilmiş, İnstitutun yaradıcı əməkdaşlarının və poeziya həvəskarlarının iştirakı ilə "Poeziya saatları" adlı tədbir keçirildi.

Şair, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu və "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru Seyfəddin Hüseynlinin də bu tədbirə gələrək əməkdaşlarımızın şeirlərini dinləyib, onların yaradıcılığına münasibət bildirmələri, zənnimcə, toplantının daha da önəmli alınmasına yol açdı.

Həmin tədbirdə oxunan və diqqət çəkən şeirlərdən bir neçəsini, geniş auditoriya üçün də maraqlı olacağını düşünərək, "525-ci qəzet"in oxucularına təqdim edirəm.

Eynulla Mədətli
AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru

Əhməd QƏŞƏMOĞLU

Uzaqlardan gələn gəmi

Oyatma yatan qəlbimi
İlahi mələklər kimi.
Uzaqlara üzüb gedər
Uzaqlardan gələn gəmi.

Haraylayıb bağırmadım,
Gəmini mən çağırmadım,
Ağır-ağır, addım-addım
Gəlir, düşüb buzlaqlara...

Mən gözləyəndə gəlmədi,
Ürəyim dəlmə-dəlmədi.
Mən kiməm? kimsə bilmədi...
Əsir düşdüm sazaqlara.

Ömür keçdi, ögey keçdi,
Ögey ömür heçdən heçdi.
Gəmidəki o nə yükdü?
Salıb məni soraqlara.

O gəmiylə gələn kimdi?
Niyə axı gəlir indi?
Bəxtin üzümü güldü,
Mənim kimi yazıqlara?

Yıxıldım

Sərv nurum məni duymadı,
Budağından yıxıldım.
Hər an gözləri doğmaydı,
Yanağından yıxıldım.

Bu qədər qısqanclıq olar?
Hər an ilan kimi çalar.
Gileyimdən kitab dolar,
Varağından yıxıldım.

Şübhə düzür ətrafına,
Suallar sual yanına...
Min yol çəkir imtahana,
Sınağından yıxıldım...

Hərdən qalmadı ümidim,
Qəlbim qırıq, didim-didim,
Körpü saldım, gəldim... gəldim...
Qırağından yıxıldım.

Min sahilə atdı məni,
Tonqallara çatdı məni,
Ayrılıq qorxutdu məni,
Fərağından yıxıldım.

Axı, nurdan nur doğular,
İtər, gedər qalmaqallar...
Yarım, nə vaxt bitər bunlar?
Marağımdan yıxıldım.

Telman SƏMƏDOĞLU
 
Nəyim var ki?..

 
Daha məni vərəqləmə,
Oxşamalı nəyim var ki?..
Nə kimsədən soraqlama,
Yoxlamalı nəyim var ki?..
Didərginəm öz içimdə,
Hey qovrulur söz içimdə.
Kor kimidi göz içimdə.
Sən duymalı nəyim var ki?..
 
Atəşim, odum qaysıyıb,
Dilim, dodağım vaysıyıb,
Cığırım, izim sarsıyıb,
Oxlamalı nəyim var ki?..
 
Getmişəm o gedənlərnən,
İtmişəm o itənlərnən,
Şəhid olub bitənlərnən-
Qoxlamalı nəyim var ki?..
 
Gözləmə ki, bahar gələ,
Gedən gənclik düşə ələ,
Bir ov idi uçdu yelə -
Saxlamalı nəyim var ki?..
Yoxlamalı nəyim var ki?..
 
Təsəllidi
 
Yolum üstə çıxan çiçək,
Çıxışın bir təsəllidi.
Çox boylanma ürkək-ürkək,
Baxışın bir təsəllidi.
 
Gəl düşünmə belə dərin,
Şahı sənsən çiçəklərin.
Sinəm üstü olsun yerin,
Naxışın bir təsəllidi.
 
Meh tərpənir sərin-sərin,
Tumarlanır ləçəklərin.
Məftunuyam gerçəklərin,
Yaxışın bir təsəllidi.
 
Bir görüşün xoş anıdı,
Məhəbbətin dövranıdı.
Yazan yurdun ozanıdı,
Çaxışın bir təsəllidi.
 
Səmədoğlu xətir istər,
Versən bircə çətir istər.
Bu saf ürək götür, istər-
Axışın bir təsəllidi!

Asya ƏHMƏDOVA

Utopik düşüncələr

Bu qloballaşan dünyada
mən də qloballaşa bilsəm...
Şeytana papaq tikib, ortasını deşərdim.
Malıma kəm baxanın gözlərini eşərdim,
Yeyib-içib şişərdim.
Bircə mahnı qoşardım, reytinqləri aşardım,
Dünyanı dolaşardım.
Mən də qloballaşa bilsəm...
Əlimə fırça alıb
yeri-göyü boyardım istədiyim rənglərə.
Qartaltək qanadlanıb səmalarda süzərdim,
Xəritədəki yerlərin ən gözəlin gəzərdim,
Süd gölündə üzərdim.
İti bir kəlbətinlə
Məftilləri kəsərdim, sərhədləri keçərdim,
Avropaya köçərdim.
Bəlkə qloballaşsaydım...
Eşşəyə də minməzdim, ata çatana kimi,
Köynəyi yandırmazdım, bitə acıqlananda.
Bar verdikcə başımı daha da dik tutardım
Ac toyuğun yerində səhərəcən yatardım.
Bircə qloballaşsaydım...
ABŞ-ı kəşf edərdim elə Kolumbsayağı
Atəşgahdan od alıb "yandırardım Romayı".
Ağardardım zəncini, üzüm ağ olsun deyə
Qaraldardım qatığı, sözüm dağ olsun deyə.
Dəliyə yer verərdim, əlinə bel verərdim,
Sevinc, şadlıq əkərdim,
Əkdiyimi biçərdim.
Aşıma duz yerinə biraz düzlük tökərdim,
Qaşığıma çıxardı.
Kal armud kimi keçib dünyanın boğazına
Nəfəsini tıxardım.
Köhnəsini dağıdıb yeni dünya qurardım
Başında mən durardım.
Bəlkə qatil olardım,
Öldürərdim faşizmi, nasizmi, sionizmi
Dağıdardım kökündən sosializmi,
kapitalizmi
Beşikdəcə boğardım İŞİD-i, terrorizmi.
Dəmir çarıq geyərdim
Tapardım humanizmi,
qurardım kommunizmi.
Bircə qloballaşsaydım...
Ağzından od püskürən əjdahatək udardım
Haqqı tapdayanları.
Şığıyaraq düşməni zəmi kimi biçərdim
Al qanını içərdim.
Qaytarıb Qarabağı, orda məclis qurardım
Bir zəngulə vurardım.
Üzeyirin bəstəsi, "Qarabağ şikəstəsi".
Qaçıb gələrdi hamı - salamatı, xəstəsi,
Əlində gül dəstəsi.
Bircə qloballaşam...
Fərəhimdən bir coşam,
sel kimi aşam-daşam
Kumqayaya şeir qoşam,
Sarıtəpədən danışam,
Unudam dərd-kədəri, gözlərimdə dona yaş
Sevinc dola ürəyə, gülüş qona dodağa
Çaylar kimi çağlayam, şadlığmdan ağlayam.
Tanrı məsləhət bilə, dəvəyə qanad verə
Lal dillərə söz gələ, kar qulaqlar açıla,
Kora iki göz verə.
Dünya nura boyana
Belə bir xəbər yaya:
"Müharibəyə"dur" - deyən,
qələb əyə səsləyən,
Dünyaya sülh bəxş edən, bərabərlik paylaşan,
Bir qadın var dünyada".
Bütün bunlardan sonra
Səmalarda dolaşam, sevinclə qucaqlaşam
Belə qloballaşam, beləcə qloballaşam.

Bir yol gedir bizim kəndə

Bir yol gedir bizim kəndə,
O yol daşlı, kəsəklidir.
Cığırları tamam itib,
Asfaltında çayır bitib,
O yol yaman küləklidir.

Bir yol gedir bizim kəndə,
Yaman qarlı, boranlıdır.
Ətrafını kol-kos basıb,
Başı yaman dumanlıdır.

Bir yol gedir bizim kəndə,
Yolsuz, yolçusuz bir yol.
Kimsiz, kimsəsiz bir yol.
Bu yolun bələdçisi yox,
Bu yolun diləkçisi çox.

Bir yol gedir bizim kəndə
Bir ləpiri, izi yoxdur,
Tikan çıxıb hər yanından. 
Bircə kəs də görünməyir, 
Qarşıdakı aşırımdan.

Bir yol gedir bizim kəndə
Görən neçə qurbanı var.
Cığırına iz qoymağa,
Ocağına köz qoymağa,
Tapılacaq insanı var?

Bir yol gedir bizim kəndə
O yol od-alovdan keçir.
O yol pisi yaxşıdan,
Mərdi namərddən seçir.
O yolu tapmaq nə çətin,
O yolu getmək nə çətin,
O yolun sonunda bitir
Mənim vətən həsrətim.

Gülşən ALLAHVERDİYEVA

Yandım oda gülə-gülə,
Əriyirəm gilə-gilə
Göz yaşlarım döndü gölə
Harada eylədim günah
Qaytar mənə məni, Allah.

Qəribədi taleyim çox,
Hədəfləyib məni bir ox,
Səndən özgə gümanım yox,
Gətirmişəm sənə pənah,
Qaytar mənə məni, Allah.

Kədər məni məndən alıb,
Qaranlıq zindana salıb,
Tək ümidim sənə qalıb,
Qoy çəkməyim bir belə ah,
Qaytar mənə məni, Allah.

Yandım, yandım bu qüssəyə
Bəxtim məndən küsdü niyə?
Əzablarım bitsin deyə
Bu talesiz bəndənə bax,
Qaytar mənə məni, Allah.

Düşündünmü

Payızda güllər solanda,
Saçını yellər yolanda,
Çətində darda olanda,
Heç sən məni düşündünmü?

Hərdən xəyala dalanda.
Gözlərim yaşla dolanda,
Kimsəsiz, tənha qalanda,
Heç sən məni düşündünmü?

Yuxuların qarışanda,
Xatirələr alışanda,
Küsülülər barışanda,
Heç sən məni düşündünmü?

Yaz gəlib güllər açanda,
Günəş yerə nur saçanda,
Xoşbəxtəm dediyin anda,
Heç sən məni düşündünmü?

Unutdun verdiyin andı,
Qəlbim kül olunca yandı,
Aylar ötdü, il dolandı,
Heç sən məni düşündünmü?

Elində şənlik görəndə
Duyğuların dillənəndə
Hardasa gülşən görəndə
Heç sən məni düşündünmü?..

 





29.04.2019    çap et  çap et