525.Az

BMT Baş katibinin müavini Azərbaycandan xahiş etdi


 

BMT Baş katibinin müavini Azərbaycandan xahiş etdi<b style="color:red"></b> Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində BMT baş katibinin müavini, az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələr üzrə nümayəndə Gyan Açarya ilə görüşüb.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, görüş zamanı Gyan Açarya az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələr qrupu barədə məlumat verərək, rəhbərlik etdiyi qurumun həmin ölkələrin üzləşdiyi problemlərin həlli istiqamətində gördüyü işlərdən danışıb.
 
BMT baş katibinin müavini Azərbaycanın son illərdə iqtisadi sahədə əldə etdiyi uğurları nəzərə alaraq, təmsil etdiyi ölkələrin inkişafı üçün Azərbaycanın yardım imkanlarının nəzərdən keçirilməsini xahiş edib. Elmar Məmmədyarov isə Azərbaycanın BMT və onun qurumları ilə sıx əməkdaşlıq etdiyini söyləyib və humanitar sahədə həyata keçirilən layihələrdə ölkəmizin iştirakı barədə məlumat verib. Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin bu istiqamətdə fəaliyyətindən söz açan Elmar Məmmədyarov az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələrdə həyata keçirilən layihələrdə bu Agentliyin iştirak imkanlarının nəzərdən keçiriləcəyini bildirib.
 





26.09.2013    çap et  çap et