525.Az

Mayyalar və asteklər - Telman Orucov


 

UZAQ VƏ YAXIN MEKSİKA

Mayyalar və asteklər - <b style="color:red">Telman Orucov </b>

(Əvvəli ötən şənbə sayımızda)

Cənuba səfər edən nəsli əvəz edən hər sonrakı nəsil şimala səfər etməli olur. Birinci nəsil Meksikada qışı keçirən monarxların törəməsidir. Şimala doğru miqrasiya ərzində dişi monarxlar sonrakı nəsil üçün yumurta qoyurlar. Bir illik siklə ümumən dörd nəsil cəlb olunur. Hər bir siklin bütöv həyatı isə 5-7 həftədən ibarət olur. Onlar şimala doğru uçarkən süd şirəli ağaclarda oturub dincəlir və qidalanırlar. Kəpənəklər valideynlərinin ötən il yaşadıqları elə həmin ağacda özlərinə məskən tapırlar. Vaxtilə nənə kəpənəyin rahatlandığı ağacda indi onun nəvəsi istirahət edir. Monarx kəpənəkləri təbiətin möcüzəsi adlandırmaq olar, onlar ağaclara, meşəyə xüsusi gözəllik verirlər, həm də tozlanmaya böyük köməklik göstərirlər. Havada isə onlar, elə bil ki, şamanların ekstazındakı hərəkətlərini andıran bir ritual rəqsi edirlər.

Köçəri quşlar və digər həşəratlar da uzun səfərlər vaxtı böyük əziyyətlərlə qarşılaşırlar. Hind qazları Rusiyanın Uzaq Şimalından yayın sonunda Hindistana qayıdanda Himalay dağlarının üstündən keçirlər, bu vaxt 4 min metr hündürlükdə uçmaqla, çox seyrək hava ucbatından böyük əzablara düçar olurlar. Bir andaca yaşıllığı bütünlüklə məhv etdiyinə görə ərəblərin "boz şeytan" adlandırdıqları çəyirtkələr Afrikanın şimalından Fransanın cənubuna yollanarkən uzaq məsafədən ibarət olan Aralıq dənizinin üstündən keçəndə yorulub, su dalğaları üzərində dincəlməli olurlar, bu vaxt irəlidə uçan dəstə suyun səthinə oturur, arxadakı dəstə təyyarə meydanındakı uçuş zolağı kimi onların üstünə düşür və həm də ac olduqlarından kannibalizm qaydasında öz növ qardaşlarını yeməklə aclıqlarına son qoymaqla yanaşı, uzaq səfəri davam etdirmək üçün dincəlmək imkanı da qazanırlar. Böyük dəstənin əsas hissəsinin salamat qalması üçün nisbətən kiçik qrup könüllü surətdə özünü qurban verir. Kəpənəklər isə yırtıcı olmayıb, vegeteriandırlar, ancaq onlar daha zərif bədənə malik olsalar da, xeyli böyük məsafəni uçub qət etməli olurlar. 

Şərq şairləri uzun əsrlər boyu pərvanəyə, bu gecə kəpənəyinə sayı hesaba gəlməyən misralar qoşmuşlar, onun özünü oda atmasını qeyri-adi fədakarlıq nümunəsi kimi qələmə vermişlər. İngilislər bu kəpənəyi "moth" adlandırırlar, onların sürfələri olan və şkafda saxlanılan paltarları yeyib dağıdan güvə də belə adlanır. Əgər həmin şairlər Mexiko yaxınlığındakı meşədə nəql etdiymiz canlı gözəlliyi görsəydilər, yəqin ki, ilhamlarını adi bir cazibə səhnəsi də yaratmağa qadir olmayan pərvanənin deyil, həqiqi fədəkarlıq nümunəsi olan həmin kəpənəklərin vəsfinə həsr edərdilər. Lakin şairlərə də öz ilham pərilərinə görə sərt münasibət bəslənilməsi düzgün deyildir, onlar çox vaxt reallığa məhəl qoymur, virtual aləmin araşdırılmasına, dərk edilməsinə meyl edirlər. Axı şair psixikanın xüsusi mövcudluğudur, o, dünyanı fərqli qaydada hiss edir, ətrafa, yaşadığı mühitə məhz öz baxışı ilə baxır. Şairlər daim poetik metaforalara üstünlük verirlər, buna görə də onlardan hansısa bir matematik dəqiqliyi tələb etmək lüzumu da yoxdur. O, fakt arxasınca qaçmır, obraza, duyğuya, şifahi söz konstruksiyalarına önəm verir. Şeirlərdəki obrazı biz poetik metafora kimi qəbul etsək, şairi anlamamağımızın özü də yoxa çıxardı. Bu yaradıcı insan təsvirin həqiqətə güzgü əksi kimi uyğun olmasından daha çox, sözdə, sətirdə saitlərin və samitlərin bir-birini əvəz etməsinə, onların ritm yaratmaq xüsusiyyətinə, gücünə daha çox fikir verir. Gənc şair dostumun dünyabaxışına, özünəməxsusluğu ilə seçilən və ümumbəşəri dəyərlərə həsr edilən yaradıcılığına uzun illər ərzində nəzər yetirdikcə, mən yuxarıda ifadə etdiyim qnoseoloji, konqitiv qənaətə gəlməli oldum.

Meksikada müşahidə etdiyim kəpənək dünyası bir qədər mətləbdən uzaqlaşmağa şərait yaratdısa, bu da, həmin zərif canlıların yaratdığı möcüzəli təəssüratın hesabına yazılmaqla izah edilə bilər və seyr etdiyin səhnəyə vurğunluq, yazının çərçivəsindən kənara çıxmağı heç də məzəmmətə layiq qəbahətlər siyahısına daxil etməyə imkan vermir, bəlkə də bu sərbəstliyə müəyyən qədər haqq qazandırmış olur.     

Mayyalar və asteklər 

Kolumba qədərki dövrdə Meksika hinduları iki qüdrətli dövləti - Mayya və Astek dövlətlərini yaratmışlar və onlar bu xalqın, ölkənin tarixində xüsusi yer tuturlar.

Mayyalar bizim eranın 250-900-cü illərində Orta Amerika klassik dövrünün yaxşı tanınan bir sivilizasiyası olmuşdu. İndiki Cənubi Meksikada, Qvatemala, Şimali Beliz və Qərbi Hondurasda mayya görkəmli mövqeyə çıxmışdı. Əvvəlki sivilizasiyaların ixtiralarını və ideyalarını vərəsə kimi götürən Olmek və Tenoçtitlan, astronomiya təqvim sistemini, heroqlif yazısını və mərasim arxitekturasını, buna piramida məbədləri də daxil idi, xeyli inkişaf etdirdi. Tropik yağışların meşə zonası kənd təsərrüfatı üçün təmizlənirdi və yağış suyu çox sayda rezervuarlara yığılıb saxlanırdı. Onlar həmçinin, digərləri ilə, uzaq məsafədəki xalqlarla ticarət aparır, yolları cəngəlliklərdən və bataqlıqlardan təmizləyirdilər. Adamların əksəriyyəti fermer idi, bu vaxt mərkəzlər geniş mənada mərasim təyinatlı olmaqla yanaşı, həmçinin, siyasi əhəmiyyət daşıyırdı, keşişlər elitası və kübarlar kənd üzərində ağalıq edirdilər. Mayya sivilizasiyası 900-cü ildən tənəzzül etməyə başladı, bunun səbəbləri dəqiq məlum olmasa da, bir sıra alimlər bunu bir neçə il davam edən sərt quraqlıqla izah edirlər. Mayyalar yağışın yağması üçün allahlara hətta insan qurbanları da verirdilər. Allahları rəhmə gətirmək üçün onlar digər pəstəhalara da əl atırdılar. Kişi cinsindən olanlar özlərini ayaqlarından asıb, xeyli bu vəziyyətdə qalırdılar ki, ilahi qüvvənin xalqa yazığı gəlsin, yağış yağdırsın. İndi isə Çapultepek parkında turistlərdən pul yığmaq üçün dörd kişi çox hündür dirəyin başından özlərini kəndirlə ayaqlarından asıb, dirəyin dövrəsinə fırlanırlar. Əcdadların yağış yağması naminə bu qaydada allahlara yalvarışı, indi pul qazanmaq üçün turistlərə birbaşa müraciət formasına keçmişdir.

Meksikanın milli siyasətinin təsiri altında uzaq Mayya mərkəzləri isə indiyədək inkişaf edirlər.

Asteklər XV-XVI əsrlərdə ən güclü xalq olmuşdu. Bu xalqın yaratdığı dövlət bir əsrdən az ömür sürmüşdü, onun qısa müddətli mövcudluğu SSRİ-nin uğursuz tarixini yada salır. Onların baş şəhəri Tenoçtitlan regionunun ən sıx əhalisi olan şəhəri idi. Onlar böyük və güclü despotik dövlət qurmuşdular, möhkəm hərbi gücə malik idilər. Mərkəzi Meksikanın, demək olar ki, bütün əhalisini özlərinə tabe etmişdilər, əslində, onlara təzminat verən 400-500 kiçik dövləti idarə edirdilər. Müharibələrdə əsir götürülən adamlar Astek allahlarına qurban verilirdi. Asteklər özlərinin kənd təsərrüfatı ilə məşhur idilər, yararlı torpaqların hamısını becərirdilər, irriqasiya tətbiq edirdilər, bataqlıqları qurudur və göllərdə süni adalar yaradırdılar. Onların daha yaxşı çalışan hökmdarı II Montesuma idi. Onlar heroqlif yazısından istifadə edirdilər, mürəkkəb təqvim sisteminə malik idilər, məşhur piramidalar və məbədlər tikmişdilər. Astek imperiyası, nəhayət, 1521-ci ildə Kortesin başçılığı altında olan ispan konkistadorları tərəfindən məhv edildi.

Meksika ərazisində mövcud olmuş iki güclü dövlət böyük inkişaf səviyyələrinə çatmalarına baxmayaraq, biri təbiətin amansızlığının, digəri isə avropalıların qaniçənliyinin qurbanı olmaqla, tarixdən silinmək kimi Troya və Karfagenin acı taleyini təkrarən yaşamalı olmuşdular.  

Mexikoda mədəniyyət və əyləncə 

Mexikoda "mariaçi" adlanan musiqiçilərə tez-tez rast gəlmək olur. Onlar 3-12 nəfərdən ibarət olan bir qrup şəklində xırda məbləğə, bir neçə pesetə küçələrdə çıxış edirlər. Burada öküz döyüşü də çox populyardır. Öküzlər üçün şəhərdə olan arena - "Plasa de-Torros" dünyada ən böyük olmaqla, 60 min tamaşaçı tutur.

Mexikonun cənub kənarında olan "Soçimilko" kanalları özlərinin üzən "çinampas" bağları ilə məşhurdur. Suda çiçək və tərəvəz yetişdirilməsi sənətini meksikalılar öz əcdadları olan asteklərdən əxz etmişdilər.

Soçimilko şəhər sakinlərinin və qonaqlarının sevimli istirahət yeridir. Bu kanallarda ancaq qız adları daşıyan iri qayıqlar üzürlər. Onların bəzilərində xörək bişirib hazırlayan aşpazlar çalışır və onlar yaxınlaşdıqları qayıqlardakı istirahət edənlərə pulunu almaqla, çox növdə xörək verirlər. Biz belə qayıqların birində kanalda gəzdik və bu ekzotik əyləncədən həzz aldıq. "Mariaçilərin" olduğu qayıqlar da gəzintiyə çıxmış adamların qayıqlarına yan alıb, təklif edildikdə həmin qayıqlara keçir və müəyyən haqq müqabilində onları milli musiqi nümunələrinin sədalarına qonaq edirlər.

Soçimilko asteklərin bitkiçilikdə əldə etdiyi böyük nailiyyətlərdən biri olmaqla, bu gün onların törəmələrinin yaratdığı əyləncə parkı kimi xidmət göstərir.  

Hinduların əkinçilik məhsulları 

Hinduların, bəşəriyyəti özlərinin bitkiçilik növündən olan ərzaq məhsullarında ibarət qiymətli töhfələri ilə təchiz etməsi isə ölçüyə sığmazdır və bu gün də istehlak etdiyimiz qarğıdalıya, paxlalı bitkilərə, kartofa, pomidora, bibərə, boranıya və digər çox sayda tərəvəz bitkilərinə görə biz hindulara, o cümlədən, mayyalara borcluyuq.

Kolumba qədərki dövrdə Karib dənizi hövzəsində, o cümlədən, Meksikada qarğıdalı, kartof, pomidor, paxlalılar, bibər, balqabaq və digər bitkilər becərilir və onların məhsulları istehsal edilirdi. Hindular təkcə bitkiçiliklə sadəcə məşğul olmurdular, həm də ayrı-ayrı növlər üzərində seleksiya aparırdılar ki, bunu da əsl elmi kəşf adlandırmaq olar. Qarğıdalının yabanı ot növündən bol qida mənbəyinə çevrilməsi sahəsində hinduların apardığı iş həqiqətən də təqdirəlayiqdir.

Qarğıdalı (mais) indi hündür boylu bitki olsa da, başlanğıcda tropik ot bitkisi olmaqla, barmaq boyda idi və üzərində 10-12 dəni olan dişiciyə - qıçaya malik idi. Hələ 10 min il bundan əvvəl hindular bu bitkini öyrənməyə başladılar, dəninin yumşaq və bərk olduğunu da gördülər. Çox uğurlu təcrübə, həqiqi seleksiya işi apararaq, özlərinin kəşfi hesabına indi boyu 3 metrə çatan, qıçasında 80-100 dəni olan mədəni qarğıdalı yetişdirməyə başladılar. Qıçanın uzunluğu indi 50 sm-ə, çəkisi isə 0,5 kq-a çatır. Əslində, qarğıdalını qədim meksikalıların - hinduların icadı saymaq olar.

Mərkəzi Amerikanın hindularının istedadı və zəhməti hesabına yabanı, az məhsuldar bitki, yüksək məhsuldarlığa malik olan mədəni bitkiyə və əsas qida taxılına çevrildi. Yəqin, buna görədir ki, onu həm də hindu qarğıdalısı adlandırırlar. Bitkinin indiki sortları mülayim regionlar üçün yararlıdır və uğurla becərilir, həm də quraqlığa nisbətən davamlılığı ilə seçilir. Dəni bir sıra xalqlar üçün əsas qida mənbəyi olmaqla yanaşı, həm də gövdəsi ilə birlikdə mal-qara yemi kimi də istifadə olunur. Ondan un, kraxmal, patka, spirt və kağız hazırlanır. ABŞ-da və Çində, əsasən, mal-qara yemi kimi istifadə olunur, mal-qaranın əti və südü isə insanlar tərəfindən qida kimi istehlak olunur.

(Ardı var)

 





30.04.2019    çap et  çap et