525.Az

Motivasiya - Leyla Camal yazır


 

Motivasiya - <b style="color:red">Leyla Camal yazır </b>

Söylədiklərin qədər deyil, etdiklərin qədərsən. Oxuduğun mahnıya rəqs edə bilmirsənsə, kimsəyə faydan olmaz. Xoşbəxtliyi axtarmaqla tükənər ömrün. Xoşbəxt olmaq istəyirsənsə, özündən başla. Çünki sən özünü xoşbəxt hiss etmədiyin müddətcə kimsəni xoşbəxt edə bilməzsən. Ətrafındakılardan şikayətlənmək yerinə sən tərəfdən "6" görünəni onların tərəfindən "9" görməyə çalış.

Çıx qabığından, at zəncirlərini. Burax kürəyindəki daşları. Çarəsi olan heç nə üçün üzülmə. Çarəsizlərisə çıxart beynindən. Məcburiyyət əzaba hamilədir. Doğulan hər əzab böyüyəcəkdir mütləq. Yükləmə ürəyini. Sən özünü parçalasan da, bəzi şeyləri dəyişməkdə gücsüzsən. Ya vəziyyəti qəbul et, ya vəziyyətlə ayaqlaş. Ya da burax su axıb çuxurunu tapsın. Çuxurun önünə daşlar düzmə. Qırdılarmı? Parçalarını birləşdir. İncitdilərmi? Yaralarına məlhəm ol. Sənə olunan hər nankorluğun yeganə günahkarı elə sən özünsən. Başına tac etdiklərin, gün gələr, başın ölçüsündən şikayətlənər. Sən istəmədiyin müddətcə, kimsə səni üzə bilməz. Hər kəsi aid olduğu yerə qoy ki, sonra yerlərini yadırğamasınlar. Sən hər kəsi insan pilləsinə qoysan belə, sonra çoxunu yerində tapmaya bilərsən.

Qaçan qovalanır. Kimsənin arxasınca düşmə. Sən getdikcə o, bir pillə qalxacaq. Və sənin ən əlçatmazına çevriləcək. Axarına burax hadisələri. Qoy bir az da insanlar sənin üçün çabalasın. Səni itirməkdən qorxsunlar. İncidiyinin, qırıldığının fərqinə varsınlar. Yoxluğunu hiss etsinlər.

Unutma, sən ən güclü yaradılışsan. Bacarmayacağın heç nə yoxdur. İstəsən, öhdəsindən gələ bilməyəcəyin heç bir çətinlik yoxdur.

Hər kəs hər şey edər. Kimsə mələk deyil. Unutma, şeytan da bir zamanlar mələk idi. Kimsəyə bütün varlığınla güvənmə, şərtsiz bir gün səni peşman edəcək. Qarşındakını bağışlamaq üçün özünə bəhanələr uydurma. Ürəyinə haqsızlıq etmiş olarsan. Kimsənin etdiklərinə don geyindirmə, "etmək istədi və etdi" - bu qədər bəsit. Dünyanı sən xilas etməyəcəksən, burax hər kəs səhvini anlasın. Susmalısan bəzən, dinləmək üçün. Hətta daha da irəli get. Öz güşənə çəkil. Kənardan izlə hər kəsi. Hadisələrə üçüncü şəxsin gözüylə baxmaq hər zaman ən doğru üsuldur. İçindən gəldiyi kimi davran. Vicdanının və ya mərhəmətinin qurbanı olma.

Mənfilərini gör, səhvlərini qəbul et, peşmanlıqlarından dərs al. Sənin ən yaxşı müəllimin ən sonuncu səhvindir. Yeganə rəqibin dünənki sənsən. Hədəflərini seç. Çox çalış, qazanacağına inan. İnam uğurun yarısıdır. Uğurun düsturunu həkk et beyninə: 1 faiz qabiliyyət + 99 faiz tər.

Özünütərbiyədən əsla vazkeçmə. Müdrikləşməyə can at. Unutma, səni geyiminlə qarşılasalar da, zəkanla yola salırlar. Ağıllarda qalmaq istəyirsənsə, kamil ol.

Beynini fikirlərlə bəzə, insanlarla yox. Boş insanlar ancaq insanları müzakirə edər. Sənsə işləri düşün. Edəcəklərini və qazanacağın qələbələri. Ən böyük qələbə insanın özü özünə qalib gəlməsidir. Nə eşq acısı, nə dost xəyanəti, nə kimsənin yoxluğu, nə olunan haqsızlıq. Bunlar qaraltmasın könlünü, bükməsin belini. Yalanmı danışdılar? Ola bilər, insanlıq halıdır. Təkrar güvənmə, bu dəfə canın yanmayacaq. Xəyanətmi etdilər? Hər şey insan üçündür və sən də insansan. Bağışlama, çünki yalanın və xəyanətin təkrarlanmaq kimi çirkin adəti var. İkinci şans vermək, birinci güllə boşa çıxdı, buyur ikincini vur ürəyimə deməkdir. İnsanlar əsla dəyişməz, sadəcə müəyyən zaman üçün libaslarını dəyişirlər. Hər kəsi olduğu kimi qəbul et. Hər şeyin bir sonu olduğunu əsla unutma. Sevinc də, kədər də əbədi deyil.

Uğur ən sancılı intiqamdır. Səni sevməyən hər kəsi üzər. Sənə palçıq atanlardan narahat olma, sənə gəlib çatmasa da, onların əlləri kirlənmiş olacaq. Fırtına nə qədər sərt qoparsa qopsun, qayadan aparacağı tək şey tozdur. Bar verən ağac daşlanar. Sənə atılan daşlardan pilləkən düzəlt və zirvəyə qalx. Arxadan atılan daş topuğuna belə dəyməsin. Hər sözə veriləcək cavabın olsa da, sus. Sözə deyil söyləyənə bax. Sən ona cavab verməyə tənəzzül etmə, qoy, o, səni susdurduğunu sansın. Ağıllı adam axmaq qarşısında hər zaman susar. Çünki nağara səsi ney səsindən bərk çıxar. Sarımsaq qoxusu ənbər qoxusunu üstələyər. Elə isə sərf etdiyin nəfəs, israf etdiyin cümlələr heyif deyilmi? Üzünə qarşı cümlə qura bilməyənlərin arxanda keçirdiyi mətbuat konfransında iştirak etmə. Kənardakıların fikirlərinə əhəmiyyət vermə, kənarda qalmaqları onlara kifayətdir. Boş qazan bərk danqıldayar. Hər nə olur olsun, insan olduğunu düşün. Qarşındakı necə davranırsa davransın, sən özünü ləyaqətli apar. Hər kəs özünə yaraşanı edər, keyfiyyət heç zaman təsadüfi deyil. Neqativ insanların sənin haqqındakı düşüncələrinə mane olma, bu, onların tək təsəllisidir. Əgər sən özünə qarşı nifrət, məhəbbət və paxıllıq qazanmamısansa, deməli, həyatını boşa yaşamısan. Sənin kimi ola bilməyəcəyini anlayan insanların nifrəti səni qorxutmasın.

Təkəbbürü çıxart ürəyindən. Sən kimsədən nə yuxarıdasan, nə aşağıda. Olduğun yerdir zirvən. Ancaq unutma, hamıya o zirvədən baxarsan, təzyiq səni yıxar. Hər kəsə eyni mövqedən yanaş. Bil ki, ən böyük atəşləri belə 10 qəpiklik kibrit yandırır. Daima "mən" desən, ayılanda "mən" deyə biləcəyin tək insan güzgüdəki olacaq.

İnsanları sevməyi öyrən. Mükəmməl bir duyğudur ürəyində sevgi daşımaq. Özündən başqa bir can üçün narahat olmaq, onu düşünmək. Xariqüladə bir daddır. Hər canlıya şəfqətlə yanaş. Unutma, sevgi hovuza su doldurmaq kimidir - nə qədər çox doldursan, o qədər tez daşıb sənə tərəf qayıdar. Sevginin aça bilməyəcəyi qapı yoxdur!..

 





01.05.2019    çap et  çap et