525.Az

"Bu ölkəmizdə tolerantlığın yüksəlməsindən xəbər verir”


 

"Bu ölkəmizdə tolerantlığın yüksəlməsindən xəbər verir”<b style="color:red"></b>

Ölkəmiz müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi dini etiqad azadlığı ilə bağlı hüquqi baza yaradılıb, müvafiq qanun qəbul edilib. Eləcə də zamanın tələbinə uyğun olaraq müxtəlif dövrlərdə qanuna əlavə və dəyişikliklər də həyata keçirilib. Bu qanuna əsasən “hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə etiqad etmək, dinə münasibət ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir. Hər bir şəxsin dinə münasibətinin müəyyənləşdirməsində, dinə etiqadında, ibadətlərdə, dini ayin və mərasimlərin icrasında iştirak etməsində, dini öyrənməsi yolunda hər hansı maneəyə yol verilmir. Dini etiqadların, dini həyat tərzinin zor işlədilməklə və ya insanlar arasında nifaq salmaq məqsədilə təbliği, dini etiqada məcbur etmək qadağandır”.

Burada aydınca ifadə olunur ki, ölkəmizin istənilən vətəndaşı istədiyi inancı seçməkdə azaddır.

Azərbaycanda dini etiqad azadlığının hüquqi və sosioloji aspektləri ilə bağlı fikirlərini öyrəndiyimiz fəlsəfə elmləri doktoru, Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin müdiri Sakit Hüseynov bildirib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununun əsas vəzifələri müvafiq maddələrdə aydın şəkildə ifadə olunub: “Bu qanun cəmiyyətdə sosial ədaləti, bərabərliyi, vətəndaşların dinə münasibətindən asılı olmayaraq onların hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir, dinin qurumlarla münasibətdə dövlətin vəzifəsini müəyyənləşdirir, adamların dünyagörüşündən və dinin əqidəsindən asılı olmayaraq milli əxlaqın və humanizmin təzahürü, vətəndaşların əmin-amanlığı və əməkdaşlığı üçün əlverişli şəraiti himayə edir, dini qurumların fəaliyyəti əlaqədar münasibətləri nizama salır”.

Alim qeyd edib ki, qanunda bütün dinlərin və dini qurumların qanun qarşısında bərabərliyi təsbit edilib, bir din və dini qurum üçün digərinə nisbətən hər hansı üstünlük və ya məhdudlaşdırmalar müəyyən edilməsinə yol verilmir. S.Hüseynov hesab edir ki, mövcud qanunda irəli sürülən müddəalar bir daha Azərbaycan Respublikasının sivil, dünyəvi, demokratik, dini və milli cəhətdən tolerant ölkə olduğunu göstərir.

Həmsöhbətimiz bildirib ki, sözügedən qanuna vaxtaşırı olaraq müxtəlif dönəmlərdə bir çox yeni əlavə və dəyişikliklər edilib. Bu qanuna edilən əlavə və dəyişikliklər həm hüquqi , həm də sosioloji aspektləri əhatə edib. Alimin fikrincə, Azərbayan Respublikasının sosial-iqtisadi, mədəni inkişafı, ölkəmizin Avropaya inteqrasiyası, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, dövlətimizin yeni-yeni beynəlxalq konvensiyalara qoşulması başqa sahələrdə olduğu kimi dini etiqad azadlığı, milli-mənəvi dəyərlər sahəsində də qanunvericiliyin müasir tələblərə uyğun şəkildə dəyişdirilməsini zəruri edib.

S.Hüseynov  həmçinin bəzi beynəlxalq təşkilatların hesabatlarında Azərbaycana qərəzli münasibətin yer aldığını da vurğulayıb: “Müşahidələr göstərir ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda dini etiqad azadlığı haqqında qanunvericiliyin həyata keçirilməsi ilə bağlı hazırladıqları hesabatlarda heç də həmişə obyektiv məlumat vermirlər. Məsələn, bir müddət əvvəl İrqçilik və Dözümsüzlüyə Qarşı Avropa Komissiyasının Azərbaycan üzrə hesabatında “Dini qruplar” bölməsində ölkəmizdə guya dini sahədə bir sıra neqativ halların olduğunu göstəriblər. Həmin hesabatda iddia olunurdu ki, guya Azərbaycanda bəzi dini qurumlara qarşı ayrı-seçkilik edilir, bəzi dini icmaların qeydiyyatdan keçmələrinə dövlət qurumları tərəfindən problem yaradılır. Lakin hamıya məlumdur ki, həmin hesabatda irəli sürülən fikirlər əslində respublikamızdakı reallığı əks etdirmir. Azərbaycanda dini etiqad azadlığı ilə bağlı qanunvericilikdə həyata  keçirilməsi nəzərdə tutulan məsələlərin yüksək səviyyədə olduğunu respublikamıza gələn xarici ölkə nümayəndələri, o cümlədən dini liderlər, elm və mədəniyyət işçiləri, müxtəlif peşə adamları da dəfələrlə təsdiq ediblər”.

Ölkəmizdə dini təhsil məsələsinə də münasibət bildirən müsahibimiz sovet dövründə məlum səbəblərdən Azərbaycanda ali dini təhsil almağın mümkün olmadığını deyib: “Çünki keçmiş SSRİ-də islam dini üzrə ali dini təhsil təkcə Özbəkistanın paytaxtı Daşkənd şəhərində mövcud idi. Yeri gəlmişkən, qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin indiki başçısı Şeyxülislam Hacı Allahşükür Paşazadə vaxtilə həmin Daşkənd Universitetində ali dini təhsil alıb. Lakin o dövrdə leqal və qeyri- leqal şəkildə Azərbaycanda mollalıqla məşğul olanlar vardı. Gənclərimizin din mərasimlərində o vaxtkı mollalardan kifayət qədər dini bilgilər ala bilməməsinin əsas səbəblərindən biri, əvvəla, həmin mollaların əksəriyyətinin savad dərəcəsinin aşağı olması idi. İkincisi isə, həmin dövrdə bəzi mollaların peşə yönümü və sosial vəziyyəti də insanları qıcıqlandırırdı. Məsələn, vaxtilə sürücü, satıcı işləmiş, hətta həbsxanalarda olan adamların sonralar molla kimi dini mərasimləri idarə etməsini və dini əxlaqdan danışmasını insanlar həzm edə bilmirdilər. Məhz bu kimi hallar o vaxtkı mollalara qarşı insanlarda mənfi münasibətin formalaşmasına səbəb olurdu və həmin mollalar cəmiyyətdə peşəkar din xadimi statusuna yiyələnə bilmirdilər. Lakin bununla belə sovet dönəmində də tək tək olsa da dinşünaslıq və ilahiyyatı yaxşı bilən, öz savadı, davranışı və əxlaqı ilə xalq arasında xüsusi hörmətə, izzətə malik olan din xadimləri də olub. Məsələn, o vaxtlar xalq arasında böyük nüfuza malik olan Mir Məhəmməd Ağa, Mir Sultan Ağa, Şeyx Məhəmməd, Mir Səfər Ağa kimi din xadimləri bütün cənub bölgəsində tanınırdı. Bu cür din xadimlərini tanıyan insanlar  indi də onları ehtiramla yad edirlər. Fikrimizcə, vaxtilə xalq arasında hörmət və nüfuz sahibi olmuş bu cür din xadimlərinin həyat və fəaliyyətlərinin işıqlandırılması, indiki gənclərimizdə milli-mənəvi və dini dəyərlərimizin formalaşdırılmasına müəyyən fayda verə bilər”.

S.Hüseynov diqqətə çatdırıb ki, ümumiyyətlə, dini etiqad azadlığı cəmiyyətdə təkcə hüquqi məsələ deyil, bu həm də insanların  ictimai şüuru ilə bağlı olan məsələlərdəndir: “Buna görə də cəmiyyətimiz inkişaf etdikcə dinin etiqad azadlığı ilə bağlı olan mövcud qanunvericilik sahəsində yeni-yeni əlavə və dəyişikliklər zəruridir. Son illərdə “Dini etiqad azadlığı haqqında” qanuna edilən əlavə və dəyişikliklər ölkəmizdə dini tolerantlığın yüksəlməsini göstərən faktlardandır”.

Sonda qeyd etmək istərdik ki, çıxışlarının birində Prezident İlham Əliyev dini etiqad azadlığının hüquqi və sosial əhəmiyyətini xüsusi vurğulayıb: “Bu gün ölkəmizdə dini etiqad və vicdan azadlığının Azərbaycan Respublikasının Konustitusiyasına, eyni zamanda beynəlxalq hüquqi sənədlərin tələblərinə uyğun olaraq təmin edilməsi üçün zəruri hüquqi, siyasi şərait yaradılıb. Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əməkdaşlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-islam dini icmaları və təriqətlər dini inaclarını azad və sərbəst şəkildə icra edirlər. Son illər tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, yəhudi və xristian məbədlərinin  bərpası və təmiri- bütün bunlar Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəriciləridir”.

Sevinc MÜRVƏTQIZI

 





26.09.2013    çap et  çap et