525.Az

Jurnalistlər müasir Padarçöl Aqroparkını ziyarət etdilər


 

Jurnalistlər müasir Padarçöl Aqroparkını ziyarət etdilər<b style="color:red"></b>

“Azərsun Holdinq” Şirkətlər Qrupu ölkənin aparıcı KİV nümayəndələri üçün Padarçöl Aqroparkına media tur təşkil etdi.

Media mənsublarıyla görüşdə aqroparkın rəhbəri Nəbi Paşayev bildirdi ki, 4200 hektar əraziyə malik kompleks ən müasir avadanlıq və texnologiya ilə təmin edilib, heyvandarlıq və müxtəlif kənd təsərrüffatı məhsullarının yetişdirildiyi əkin sahələrindən ibarətdir. Əsasən taxıl və yem bitkilərinin yetişdirilməsiylə məşğul olduqlarını bildirən müəssisə rəhbəri il ərzində iki dəfə əkin işlərinin həyata keçirildiyini qeyd etdi. Bundan əlavə, aqroparkda 3 çeşiddə qarğıdalı, sınaq məqsədilə tərəvəz bitkilərinin əkininə başlanıldığını dedi. Burada yeni növ əkin sahələrinin salınması, məhsul çeşidinin genişləndirilməsi nəzərdə tutulub.

Jurnalistlərə “Azərsun Holdinq” fəlsəfəsi barədə məlumat verən N.Paşayev şirkətin Müşahidə Şurasının sədri Abdolbari Goozalın bütün sahələrdə məhsulların keyfiyyətinə xüsusi həssaslıqla yanaşdığını söylədi. Tarladan süfrəyədək keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyi “Azərsun” müəssisələrində bütün məhsullar satışdan öncə dəfələrlə laborator yoxlamalardan keçir. Bunun məntiqi nəticəsidir ki, şirkətin istehsal etdiyi məhsullar ölkə daxilində rəğbətlə qarşılanır, eyni zamanda, dünyanın müxtəlif ölkələrində istehlakçılar tərəfindən yüksək qiymətləndirilir.

Aqropark rəhbəri bildirib ki, əkin işlərinin həyata keçirildiyi torpaqların keyfiyyətinin qorunması üçün Müşahidə Şurasının sədrinin təlimatlarına əsasən zəruri addımlar atılır.

N.Paşayev qeyd edib ki, ölkə rəhbərliyinin yürütdüyü siyasətə uyğun olaraq “Azərsun” bölgələrdə insanların məşğulluğunun artırılması və sosial-rifah halının yüksəldilməsinə xüsusi önəm verir:

“Hazırda müəssisədə 200-dən artıq insan işlə təmin olunub ki, mövsüm zamanı bu rəqəm 600-dən artıq olur”.

İdarəetmə sistemi və fermaları dünyaca məşhur “Afimilk” şirkəti tərəfindən qurulan heyvandarlıq kompleksi barədə məlumat verən N.Paşayev hazırda 2000-dən artıq iribuynuzlu heyvanın saxlanıldığını bildirib:

“Artıq layihənin ilk fazası yekunlaşıb. Günlük olaraq 34 ton süd istehsal edilir. Südün yağlılıq nisbəti 3.6 faizdir. Ən müasir avadanlıqların tətbiqi ilə eyni anda 72 heyvanın sağılması mümkün olur. Fermaların avtomalaşdırılmış havalandırma sistemi ilə təchiz olunması heyvanların bütün mövsümlərdə rahatlığını təmin edərək məhsuldarlığın yüksək saxlanılmasına mühüm töhfə verir. İribuynuzluların sağlamlığı və məhsuldarlığı üçün ən önəmli məsələ olan yemlənmə prosesi də Azərbaycanda ilk dəfə avtomatlaşdırılmış şəkildə xüsusi proqram təminatı ilə həyata keçirilir. Holşteyn-friz cinsinə aid heyvanların bütün məlumatları bazaya yerləşdirilib ki, proqram təminatı da bu bazadakı məlumatlar əsasında heyvanların sağlamlıq durumunu hesablaya bilir. Əgər hər hansısa heyvanın qidalanması, məhsuldarlığı və digər göstəricilərində bir dəyişiklik baş verərsə, bu barədə dərhal mütəxəssislərə məlumat ötürülür. Dərhal zootexnik və baytarlar həmin heyvanları sürüdən ayıraraq nəzarət altına götürürlər. Xüsusi qayğı bölümünə yerləşdirilən heyvanlar baytarların nəzarəti ilə müalicə alırlar. Ümumilikdə, bu heyvandarlıq kompleksində əldə olunan süd məhsulları Kürdəmir Süd Emalı Kompleksinə göndərilir ki, orada da “Azərsüd”, “Super milky” və digər “Azərsun” markaları altında məhsullar istehsal edilir”.

Aqropark rəhbəri mlumat verib ki, heyvandarlıq kompleksinin fəaliyyəti zamanı yaranan üzvi tullantılardan üzvi gübrə istehsal olunur. Bu da əkin sahələrində torpaqların zənginləşdirilməsində istifadə olunur.

N.Paşayev aqropark layihəsinin ikinci fazasının yekunlaşmasından sonra süd istehsalının artacağını və yerli kərə yağının istehsal edəcəyini bildirdi. O, bunun üçün Kürdəmir Süd Emalı Kompleksində zəruri işlərin aparıldığını və istehsal xətlərinin qurulduğunu söylədi.

Qeyd edək ki, müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirildiyi ərazilər əvvəllər əkin üçün tam yararsız olub. Hazırda “Azərsun Holdinq” tərəfindən burada nasosxanalar, süni göllər, pivotlar və digər müasir suvarma sistemləri yaradılıb.

 





01.05.2019    çap et  çap et