525.Az

Savalanın məğrur şairi


 

Savalanın məğrur şairi<b style="color:red"></b>

Mühacir Azərbaycan şairi Əli Tudə (Əli Ələmqulu oğlu Cavadzadə) 1924-cü il yanvarın 31-də Bakı şəhərində anadan olub. Əslən Cənubi Azərbaycandan olan valideynləri XX əsrin əvvəllərində Bakıya köçüb, atası neft sahəsində fəhləlikdən başlayaraq buruq ustalığına qədər yüksəlib. Şair bir yaşında ikən atasını, beş yaşında isə anasını itirib, nənəsinin himayəsi altında böyüyüb. 1938-ci ildə əslən İrandan olduqlarına görə nənəsi ilə birlikdə İrana sürgün edilib. 1946-cı ildə İranda Cənubi Azərbaycan Milli Hökuməti süquta uğradıqdan sonra yenidən Sovet Azərbaycanına qayıdıb. 1996-cı il fevralın 26-da vəfat etmiş şair ömrünün sonunadək mühacir pasportu daşımalı olub.

1958-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olan şair 1960-cı ildən Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilib.

Əli Tudənin “Cənub nəğmələri” adlanan ilk kitabı 1950-ci ildə Bakıda çapdan çıxıb. Elə həmin ildə “Bakının işıqları”, daha sonra isə “Vətən sevgisi” (1951), “Məhbusların son sözü” (1952), “Şimal həsrəti” (1953), “Arazın o tayında” (1954), “Şeirlər” (1955), “Şairin düşüncələri” (1956), “Qartal” (1959), “Qəzəb” (1959), “Şairin kitabxanası” (1962), “Buludlar” (1964) və başqa şeir kitabları nəşr olunur. Məhsuldar şairin 36 kitabı işıq üzü görüb. Şair 50-dən çox poemanın müəllifidir ki, bunu da zamanla hesablasaq, yaradıcılıqla məşğul olduğu hər ilə təqribən bir poema düşür. Onlardan ikisi – “Məhbusların son sözü” (1952) və “Arazın o tayında” (1954) poemaları ayrıca kitablar şəklində nəşr edilib.

1938-ci ildə Bakı şəhər Mərkəzi Pionerlər Evinin almanaxında “Oktyabr rayonu 150 nömrəli məktəbin yeddinci sinif tələbəsi Heydər Rzazadə” imzası ilə Əlinin iki şeiri şəkli ilə birgə çap edilib. Əlinin ilk şeirləri məhz bu ad altında – Heydər Rzazadə imzası ilə çap olunur. Bu imza ilə 1937-ci ildə onun “Sovet Konstitusiyası” şeiri Bakıda çıxan “Kommunist”, “Vətən nəğməsi” şeiri isə “Yeni yol” qəzetlərində dərc edilir. Şairin Cənubi Azərbaycanda çap olunmuş ilk şeiri isə 1944-cü ildə Təbrizdə çıxan “Vətən yolunda” qəzetində dərc edilmiş “Stalin” şeiri olur.

Yeniyetmə müəllif şah üsuli-idarəsinin hökm sürdüyü bir dövrdə İran kəndlilərinin ağır və məşəqqətli həyatına acıyırdı. Bir dəfə o, bu qəbildən olan “Cütçü” şeirini yazır və ilk dəfə onu nənəsinə oxuyur. Bu şeirdə əkib-biçən, zəhmətə qatlaşan cütçünün ağır zəhmətindən və sonda da yığdıqları məhsulu ağaların onun əlindən tutub almasından danışılır. Şeirin mənası budur ki, əkinçilər olmasa şah məmurları acından ölər. Elə məhz buna görə də üsyan qaldırıb haqqını tələb etmək, “ağalıq qəsrini dağıtmaq” lazımdır:

 

...Əgər istəsən ki, təmin olasan

Torpaqla, məhsulla, suyla, toxumla,

Xışı at, kotan tap, nəhəng bir kotan,

Qabaqca ağalıq qəsrini şumla!

 

Əli İranda məşəqqətli günlər keçirir. Miyana-Zəncan dəmir yolunda fəhləliyə başlayır. Ağır iş şəraitində çalışan fəhlələr dağ yarır, qaya çapır, daş daşıyırdı. Bu zaman yazdığın şeirlər Ərdəbil şəhərində çıxan “Yumruq”, “Ziddi-faşist”, “Cövdət”, Təbrizdə buraxılan “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində, “Şəfəq” məcəlləsində çap edilirdi. 1946-cı ilin yazında Azərbaycan milli hökuməti İran tarixində ilk dəfə olaraq Təbrizdə Azərbaycan Dövlət Filarmoniyası açılması barədə qərar verir. Bu yeni sənət ocağına 22 yaşlı Əlini müdir təyin edirlər. Lakin çox keçmir ki, Milli hökumət dağıdılır. 1946-cı ilin dekabrında yenidən Bakıya qayıdan Əli Tudə növbəti dəfə mühacir həyatı yaşamalı olur.

1950-ci ilin dekabr ayında Moskvada keçirilən Azərbaycan ədəbiyyatı ongünlüyündə iştirak edən Ə. Tudə tədbir ərəfəsində məşhur rus şairi Pavel Antakolski ilə görüşüb tanış olur. P. Antokolski ilk olaraq Əli Tudənin şeirlərini rus dilinə tərcümə edir. Şairin 3 kitabı Moskvada “Sovetski pisatel” nəşriyyatı tərəfindən rus dilində çap olunub. Qeyd edək ki, hər üç kitabda yer almış şeirlər yüksək peşəkarlıqla, oxucuların anlaya biləcəkləri səviyyədə tərcümə edilmişdir. Əli Tudənin şeirlərini ilk dəfə rus dilinə çevirib vaxtaşırı olaraq “Bakinskiy raboçiy” qəzetinin səhifələrində çap etdirən isə Aleksandr Xaldeyev olmuşdur. A. Xaldeyev şairin yaradıcılığı haqqında bir sıra məqalələrin müəllifidir. Onun məqalələrində şairin ayrı-ayrı şeirləri təhlil edilir və yaradıcılıq məziyyətlərindən söhbət açılır.

Moskvada rus dilində nəşr edilən kitabları şairin bəşəri hisslərinin, azadlıq duyğularının daha geniş coğrafi məkanda yayılmasına zəmin yaratmışdır. “Moskovskiy pisatel” nəşriyyatında işıq üzü görən əsərləri sayəsində keçmiş Sovet İttifaqının rusdilli oxucuları görkəmli şairin yaradıcılığı ilə yaxından tanış olmuşlar.

Əli Tudə öz yaradıcılığında rus ədəbiyyatına böyük önəm vermişdir. O, bu ədəbiyyatın klassiklərini səmimiyyətlə xatırlayaraq onların yaradıcılığına dəfələrlə müraciət etmiş, ithaf tərzində bir sıra sənət əsərləri yaratmışdır. O, Puşkinə həsr etdiyi şeirində deyir:

 

Puşkin! Rus şeirinin ölməz dühası,

Düşmənin kəsilmiş zəngin saraylar.

Səni izlədikcə çarlar dünyası,

Qəlbini çeynəmiş ahlar, haraylar.

 

15 bənddən ibarət olan “Puşkin” şeiri müəllifin rus poeziyasına məhəbbətindən yoğrulmuşdur. Əli Tudə Lermontova həsr etdiyi “Şeirin səmasında” şeirində böyük rus şairini “Şeirin səmasında bir ülkər” adlandırmış, görkəmli söz ustası haqqında səmimiyyətlə yazmışdır:

 

Şeirin səmasında o bir ülkərdi,

Tez çıxdı, tez yandı, tez batdı getdi.

Əfsus ki, üzünü azca göstərdi,

Fəqət bir dünyanı parlatdı getdi.

 

Əli Tudə poeziyasında Vətən və ayrılıq motivləri üstünlük təşkil edir. O həm də Vətən təbiətinin əsrarəngiz gözəlliklərini, insanın sevgi duyğularını vəsf edən xeyli sayda əsərlərin müəllifidir. O, ana, Vətən, təbiət, məhəbbət, dostluq, birlik, azadlıq, insanpərvərlik kimi nəcib bəşəri duyğuları uşaqlar üçün yazdığı silsilə şeirlərində də nəzərə çarpdırmışdır. Kitablarının əksəriyyəti şeir və poemalardan ibarət olsa da şair qələmini nəsrdə də müvəffəqiyyətlə sınamışdır. Filologiya elmləri doktoru, professor Mahmizər Mehdibəyova Ə.Tudəni həm də “hekayə ustası” kimi təqdim edir.

“Tellərdə çırpınan həsrətlər” (1983) və “Mənə elə baxma” (1990) kitablarında ədibin povest və hekayələri, “Öz gözlərimlə” (1986) əsərində isə Cənubi Azərbaycanla bağlı xatirələrinin müəyyən bir qismi toplanmışdır. Şairin Milli hökumət dövründəki bir illik fəaliyyəti, yaradıcılığı, mübarizəsini əks etdirən, avtobioqrafik məlumat səciyyəsi daşıyan bu əsər oxucuya geniş tarixi bilgi verir. Ümumiyyətlə, Əli Tudənin ədəbi qəhrəmanlarının əksəriyyəti ömrü mübarizələrdə keçmiş həyat qəhrəmanı – şairin həmvətənləridır. Mövzusu əsasən Cənubi Azərbaycan həyatından götürülmüş bu əsərlər qlobal bəşəri ideyalar təlqin etməklə yanaşı həm də insanların gündəlik əmək, məişət qayğılarından da söz açır. Nəsr əsərlərində qarşıya qoyulan problemlər müvəffəqiyyətlə öz bədii həllini tapır.

Əli Tudə nəsrinin bir özünəməxsusluğu da ondadır ki, o, bəzi hallarda öz şeirlərini hekayə daxilində verməklə bərabər, həm də bir sıra hekayələrində özünün poetik misralarını epiqraf kimi işlədir. Bu əsərlərin ədəbi-bədii qayəsi müasir oxucunu düşünməyə vadar edir, onun mənəvi tələbatını ödəyə bilir.

Əli Tudənin müxtəlif illərdə qələmə aldığı poemalarında Cənub mövzusu qırmızı xətlə keçir. Bu poemalar yazıldığı zaman baxımından yarım əsrlik bir dövrü əhatə etsə də ideya və məzmun etibarilə minilliklərdən tutmuş günlərimizədək və hətta, deyərdim ki, gələcək dövrləri də əhatələyə bilir. İnsanın azadlıq ideyaları, Vətən həsrətli kövrək düşüncələr, doğma yurda bağlılıq, səmimi sevgi duyğuları Əli Tudə poeziyasının mayasını təşkil etsə də əksəriyyətinin sonluğunda gələcəyə yönələn nikbin ruh hökm sürür.

Mövzu müxtəlifliyi baxımından bir-birindən fərqlənən Əli Tudə poeziyası müasir ədəbiyyatı səciyyələndirsə də şairin poetik deyim tərzi, bədii peyzajları, axıcı təhkiyəsi şifahi xalq ədəbiyyatından, klassiklərin yaradıcılığından faydalanmışdır. Poetik müşahidələrin dərinliyindən və itiliyindən, bəzən şirin, bəzən də ağrılı-acılı düşüncələrin, bəzənsə küskün hisslərin vəhdətindən yaranmış bu poeziya nümunələrində Azərbaycan ədəbiyyatının özünəməxsus ahəngi apaydın duyulur. Bədii ifadə vasitələrindən yerli-yataqlı istifadə edən, xalq yaradıcılığından yetərincə yararlanan şairin yaradıcılığı ideya-bədii cəhətdən də özünəməxsus dəst-xəttilə seçilir. İdeya-məzmun xüsusiyyətlərinə görə Azərbaycan ədəbiyyatında özünə layiqli yer tutmuş əsərlərin müəllifi xalqın canlı danışıq dilinə poetik çalarlar qataraq bədii dilin xüsusiyyətlərinə xələl gətirmədən qəhrəmanlarını özünəməxsus şəkildə dilləndirməyi bacarmışdır.

Əli Tudə poeziyası günümüzdə də öz aktuallığını qoruyub saxlamış və çağdaş oxucuların bütün təbəqələri üçün böyük əhəmiyyət kəsb edir.

Şair məhəbbətdən, təbiətdən, sadə insanlardan... cild-cild kitablar yazmışdır. Onun şeirlərinin, poemalarının, povest və hekayələrinin qəhrəmanlarının əksəriyyəti sadə insanlardır. Mənə elə gəlir ki, istər şeir, istərsə də nəsr əsərlərinin qəhrəmanı elə Əli Tudənin özüdür. Müəyyən bir hadisəni, söhbəti, təbiət gözəlliklərini, doğma el-obanın məişət duyğularını bu cür həssaslıqla qələmə almaq, həmin anları olduğu kimi yaşamış bir adamın hissləridir – qənaətinə asanlıqla gəlmək olur.

Əli Tudə yaradıcılığında ədəbiyyatşünaslıq məsələləri, eləcə də publisistika önəmli yer tutur. Məhsuldar şair vaxtaşırı olaraq mətbuat səhifələrində ədəbi-tənqidi məqalələrlə çıxış etmiş, bir çox kitablara ön söz, gənc şairlərə uğurlu yol, müxtəlif səpkili bədii əsərlər haqqında rəy və resenziyalar yazmış, öz qələmini publisistika sahəsində də sınamışdır.

Sağlığında işıq üzü görmüş 30-dan çox kitabının üçü nəsr əsərlərini əhatə edir. “Öz gözlərimlə” kitabında ədibin xatirələri toplanmışdır. Həmin xatirələr ədəbiyyatşünaslıq və tarix baxımından memuar ədəbiyyatın gözəl nümunələridir. Şair Vətən mövzusunda çoxsaylı şeirlərin müəllifidir. Vətənin azadlığı, müstəqillik arzusu başlıca yer tutan bu şeirlərdə Cənub həsrəti, istiqlal nəğmələri, azadlıq hissləri geniş şəkildə qələmə alınmışdır. Vətən mövzusunda yazılmış şeirlər şairin yaradıcılığında başlıca yer tutur. Bu əsərlərin əsas leytmotivi Vətənə bağlılıq, milli oyanış və azadlıq uğrunda mübarizənin tərənnümüdür. Poeziya yaradıcılığında siyasi lirikaya böyük önəm verən şair Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biri olmuşdur.

Ana, Vətən kimi müqəddəs duyğulardan sonra şairin ən çox müraciət etdiyi mövzulardan biri də doğma yurdun təbiətinin tərənnümüdür. Əli Tudə şeirlərinin səciyyəvi xüsusiyyətlərindən biri də məhz budur ki, o, nəzmə çəkdiyi bütün təbiət abidələrini dilləndirməyə, onların poetik lövhəsini yaratmağa müvəffəq olmuşdur.

Şairin şeirləri içərisində insanın sevgi duyğuları öz ülviliyi, müqəddəsliyi, tərbiyəvi xüsusiyyətləri ilə diqqət çəkir. Bu əsərlərdə təmiz məhəbbət, ülvi eşq, saf düşüncə sahibi olan sevgililərin gənclik hiss və duyğuları ön planda verilir, insanlara həqiqi məhəbbət yolunda sədaqətlilik, dönməzlik, mübarizlik, qətiyyətlilik kimi mənəvi keyfiyyətlər aşılanır.

Uşaqlar üçün yazılan şeirlərin də böyük tərbiyəvi əhəmiyyətini vurğulamaq lazımdır. Böyüklərə hörmət, ata-anaya məhəbbət, doğruçuluq, dürüstlük, vətənpərvərlik, doğma yurda bağlılıq kimi nəcib insani keyfiyyətlərin baçlıca yer aldığı bu poetik parçalarda dilin təmizliyi, anlaşıqlı ifadə və deyim tərzi başlıca meyar kimi diqqət çəkir. Şairin şeirləri orijinal obrazlılıq tərzi, üslub xüsusiyyətləri və poetik axıcılığı sayəsində oxucuların rəğbətini qazanmışdır.

Bir sözlə, Əli Tudə yaradıcılığının böyük əhəmiyyət daşıdığını haqqında yazılıb çap edilmiş məzmunlu məqalələr də sübut edir.

Ağahüseyn ŞÜKÜROV
“Elm” qəzetinin müxbiri.

[email protected]

 





26.09.2013    çap et  çap et