525.Az

Rövşən Ağayevin yeni məqalələr toplusu işıq üzü görüb


 

Rövşən Ağayevin yeni məqalələr toplusu işıq üzü görüb<b style="color:red"></b>

Bugünlərdə Rövşən Ağayevin 2015-ci ildən bu günə kimi respublika mətbuatında çap olunmuş məqalələrindən ibarət "Hadisələrin, tədbirlərin fraqmentləri" kitabı işıq üzü görüb.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, Azərbaycan-Polşa münasibətlərindən, Qarabağ münaqişəsindən tutmuş son illər təhsil sistemində əldə olunan yeniliklərə və mövcud problemlərə qədər ən müxtəlif mövzuları əhatə edən məqalələr toplusu geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Azərbaycan və rus dillərində çap olunmuş həmin məqalələrin hər biri öz zəngin məzmunu və orijinal forması ilə yanaşı, həm də toxunduğu maraqlı faktlarla diqqəti cəlb edir. Tanış olacağınız faktların hər biri tarixi mənbələrə, arxiv sənədlərinə, dövri mətbuat materiallarına və digər tarixi sənədlərə istinad edilərək yazılmışdır.

İki hissədən ibarət olan kitabın birinci hissəsi ölkəmizin təhsil sistemi ilə bağlı məsələlərə, ikinci hissəsi isə tarixi hadisələrə və tarixi şəxsiyyətlərə həsr olunub. Uzun illər təhsil sistemində çalışmış müəllif bu sahədə son vaxtlar əldə olunmuş nailiyyətlərdən, tətbiq olunan yeniliklərdən, mövcud problemlərdən ətraflı şəkildə bəhs edir. Ən maraqlısı isə Rövşən Ağayevin apardığı müqayisəli təhlillər nəticəsində gəldiyi məntiqli nəticələrdir.

Ümumiyyətlə, Rövşən Ağayevin bütün əsərləri mühakimələrin dürüstlüyü, faktların dəqiqliyi və insan psixologiyasına təsir etmə xüsusiyyətləri ilə seçilir. Hansı forma və janrda yazırsa-yazsın, hansı dövrün və sahənin probleminə toxunursa-toxunsun publisist zamanın nəbzini tutaraq müasir zamanla ayaqlaşa, mövzunun aktuallığını qoruyub saxlaya bilir.

Kitabın ikinci hissəsini təşkil edən "Tarixi hadisələr" bölümündə toplanmış məqalələr əsasən Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, Cümhuriyyət qurucularının fəaliyyəti ilə bağlıdır. Azərbaycan-Polşa əlaqələri, Cümhuriyyətin süqutundan sonra mühacirətdə yaşamış dövlət xadimlərinin həyat və fəaliyyəti, o dövrdə xaricdə təhsil almış həmvətənlərimizin sonrakı taleyi barədə aparılan araşdırmalar, ortaya çıxarılan faktlar oxucuda maraq doğurmaya bilməz. Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Ceyhun Hacıbəyli, Məmmədsadıx bəy Ağabəyzadə, Mirzə Əsədullayev, Xosrov Sultanov, Mustafa bəy Vəkilov, Yusif Vəzirov, Məmmədhəsən Hacınski kimi tarixi şəxsiyyətlərimizin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasındakı xidmətləri və Azərbaycan müstəqilliyinin dünya ictimaiyyəti tərəfindən tanınması uğrunda apardığı mübarizə geniş işıqlandırılmışdır.

Kitabda həmçinin, Azərbaycan-Polşa münasibətlərindən bəhs edən tarixi faktlarla zəngin məqalələr də yer alıb. Müəllif iki xalq arasındakı dostluq və əməkdaşlığın keçmişinə nəzər salaraq, bu əlaqələrin bir neçə əsrlik tarixi olduğunu sübut edir. Orta əsrlərdə Azərbaycanla Polşa arasındakı ticarət əlaqələri, Qarabağ atlarının Polşada tanınması, Azərbaycanda bir çox memarlıq tikililərinin müəlliflərinin məhz polşalılar olması, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin həyatında polyakların fəal iştirak etməsi, XX əsrdə Bakıda 2 mindən çox polyakın yaşaması, İkinci dünya müharibəsi illərində Polşanın beynəlmiləl partizan dəstələrində faşist düşərgələrindən qaçmış çoxlu azərbaycanlıların iştirakı heç də təsadüfi deyil. Ən əsası isə bu gün Polşanın Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi mövqeyindən çıxış etməsidir. "Bütün bunlar cəsarətlə deməyə əsas verir ki, məhz bu iki xalq arasında tarixən formalaşmış dostluq və əməkdaşlıq əlaqələri, onların nümayəndələrinin, xüsusən XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində fəal iştirakı Dağlıq Qarabağ probleminin həllinə münasibətdə Polşanın belə bir  movqe qəbul etməsinə müəyyən dərəcədə təsir etmişdir", - deyə müəllif məqalədə qeyd edir.

Kitabın maraqlı bölmələrindən biri də "Qarabağ həsrəti ilə" bağlı materiallar toplusudur. Burada Qarabağ torpağının yetişdirdiyi məşhur sənət adamlarının həyat və fəaliyyəti haqqında qiymətli faktlar öz əksini tapmışdır. Həmin bölmədə yer almış "Bülbül irsinin fədakar qoruyucusu və təbliğatçısı" adlı məqalədə Azərbaycan milli ifaçılıq sənətinin korifeyi, Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün həyat yoldaşı, 40 ildən artıq Bülbül irsinin fədakar qoruyucusu və təbliğatçısı olmuş görkəmli ictimai xadim Adelaida xanımın həyatı ilə bağlı maraqlı faktlar xüsusilə qiymətlidir.

Rövşən Ağayev hər zaman vətənpərvərliyi, geniş dünyagörüşü, dərin zəkası, təhlil aparmaq bacarığı ilə fərqlənmiş, çalışdığı bütün sahələrdə səmərəli fəaliyyəti ilə seçilmişdir. İstedadlı jurnalist-publisistin yaradıcılığının əsas qayəsi olan Azərbaycan xalqına xidmət onun yeni kitabında da açıq-aşkar görünür. Son illər onun ölkə mətbuatında mühüm mövzularda bir-birindən maraqlı yazılarla çıxış etməsi, cəmiyyəti maraqlandıran problemlərlə bağlı qiymətli araşdırmalar aparması onun öz Vətəninə, xalqına necə bağlı olduğunu, dövlətinin rifahı və xoşbəxt gələcəyi üçün əlindən gələni əsirgəmədiyini bir daha sübut edir. Əminəm ki, Rövşən Ağayevin işıq üzü görmüş bu kitabı oxucuların tariximiz və tanınmış şəxsiyyətlərimizlə bağlı biliklərini daha da zənginləşdirəcək, onları bu günə kimi heç yerdə eşitmədikləri faktlarla tanış edəcək.

Rafiq ƏLİYEV
professor

 





02.05.2019    çap et  çap et