525.Az

Xalq məhəbbəti qazanmış xanəndə - Aydın Ağazadə yazır


 

DƏYƏRLİ İFAÇIMIZ SƏTTAR NƏSİROVUN 65 YAŞINA

Xalq məhəbbəti qazanmış xanəndə - <b style="color:red">Aydın Ağazadə yazır </b>

Azərbaycanın müasir ifaçılıq - xanəndəlik məktəbinin dəyərli nümayəndələrindən biri də Səttar Nəsirovdur. O, özünün şirin səsi, şaqraq zəngulələri ilə sənətsevərlərin dərin rəğbətini çoxdan qazanıb.     

Görkəmli muğam ustadı Xan Şuşinskinin tələbəsi olan gənc Səttar bacarıqlı tələbə kimi Xan Əmidən muğamın sirlərini öyrənərək müəlliminə layiq xanəndə oldu. Hələ gənc yaşlarından, o vaxtlar ən çox dəbdə olan, bal kimi səsə malik Qulu Əsgərovla dostluq etməsi də onun ustad xanəndə kimi formalaşmasına yardım edir. Tanınmış və ustad xanəndələrlə birgə çalışması gənc Səttarın tamaşaçılar tərəfindən erkən tanınmasına və sevilməsinə zəmin yaradır. Məhz bunun nəticəsidir ki, çox keçmir, SSRİ Xalq artisti, görkəmli sənətkar Rəşid Behbudov onu özünün yeni yaratdığı Dövlət Mahnı Teatrına dəvət edir. 11 il bu teatrda çalışan Səttar Nəsirov Rəşid Behbudovla, demək olar ki, bütün dünyanı gəzib-dolaşır. Müxtəlif ölkələrdə yaddaqalan konsertlər verirlər. Və bu qastrol səfərləri nə vaxtsa İmişlinin Qaralar kəndindən Bakıya təhsil almağa gələn yeniyetmə Səttarın bir şəxsiyyət kimi kamilləşməsinə vəsilə olur.

Əvəzolunmaz səsə və ifaçılıq məharətinə malik Rəşid Behbudovla bir səhnəni paylaşmaq səadətinə nəsib olan Səttar bu illər ərzində insan, xanəndə, müğənni və dost kimi də püxtələşir. Günlərin bir günü Rəşid Behbudov mərhum sənətkarımız Rafiq Babayevdən soruşur:

- Bilirsənmi, mən bu Səttarı niyə çox istəyirəm?

Cavabında Rafiq Babayev belə deyir:    

- Rəşid Məcidoviç, Səttarı hamımız çox istəyirik. O, həm yaxşı oğlandır, həm də gözəl səsi var.

Rəşid Behbudov başı ilə R.Babayevin fikrini təsdiq edərək: - Səttar doğrudan da dəyərli adamdır, - deyir.

Bu, dünya şöhrətli ustad sənətkarın Səttar Nəsirova və onun ifaçılığına verdiyi böyük qiymət idi. Ötən əsrin 70-80-ci illərinin tamaşaçıları Səttar Nəsirovu ən çox Qulu Əsgərovun bəstələdiyi "Əziz dostum" və Bəhram Nəsibovun "Qal, sənə qurban" mahnıları ilə xatırlayırlar. Səttar bu mahnıları xüsusi şövqlə oxuyub. Elə indinin özündə də ayrı-ayrı dövlət tədbirlərində ondan "Mənim anam", "Ay qız", "Ömrün karvanı" mahnılarını oxumağı xahiş edirlər. Mərhum Qulu Əsgərov da Səttarın ifaçılığını çox bəyənər və dəyərləndirərdi.

Qulu Əsgərov o vaxtlar M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim işləyirdi. Xoşbəxtlikdən Səttar Nəsirov onun kursuna düşmüşdü və demək olar, Qulu Əsgərovun bəstələdiyi bir çox mahnıların ilk ifaçılarından biri məhz Səttar Nəsirovdur.

Uzun müddət Azərbaycan ifaçılıq sənətində unudulmayacaq mahnılar, təsniflər və muğamlar ifa edən Səttar Nəsirov artıq 30 ilə yaxındır ki, Azərbaycan Milli Televiziyasının - AzTV-nin Ali Kateqoriyalı Solistidir. O, bu gün də oxuyur və öyrədir.

Gənc ifaçılar tez-tez onunla görüşür, muğamın və ifaçılıq sənətinin sirlərini ondan öyrənərək bəhrələnməyə çalışırlar. Xalqın məhəbbətini qazanmış gözəl insan, etibarlı dost, bal kimi səsə malik, Həzrəti Əli (ə.s.) və İmam Hüseyn sevdalısı olan Səttar Nəsirovun bu gün 65 yaşı tamam olur. Ona uzun ömür, can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

 





02.05.2019    çap et  çap et