525.Az

Min ilin doğması - Xəyalə Əfəndiyeva yazır


 

SEYRAN SƏXAVƏTİN YUSİF SƏMƏDOĞLUNA HƏSR OLUNMUŞ KİTABINA ÖN SÖZ ƏVƏZİ

Min ilin doğması - <b style="color:red">Xəyalə Əfəndiyeva yazır </b>

- Ay qağa, yerin yaman görünür...

- Nə təhər görünür?

- Nə təhər görünür, onu dəqiq deyə bilmərəm. Ancaq sənin yerin göründükcə özümə yer tapa bilmirəm.

- ...

(Seyran Səxavətin "Kenquru" hekayəsindən)

***

Adamların qurduğu münasibətlərə özləri ad da qoyurlar: qohum, qonşu, dost, quda, yeznə...

Allahın əliylə yaranan doğmalığın isə adamların lüğətində adı olmur... Allahdan aşağı heç kimə agah olmur bu doğmalığın sirri... Bu elə bir ilahi bağlılıq olur ki, hərdən qurbanı olduğum özü yuxarıdan baxanda gördüyü işə heyran qalır...

Görəndə ki, bəndəsi ona təkcə verdiyi nemətə görə yox, həm də qismətinə yazdığı adamlara görə şükür eliyir, Allah sevinməsin, neyləsin?!. Onu sevindirmək də hər oğulun işi deyil... Onu sevindirmək üçün təmənnasız sevgiylə dolu, körpə gözü kimi dumduru ürək lazımdı...

"Allahın mənə verdiyi paydı Yusif Səmədoğlu..." deyə içdən-içə şükranlıq eliyir o Allah bəndəsi...

Deməli, qismətinə yazılan adamları Allahın verdiyi pay kimi əzizləmək üçün Seyran Səxavət,  O sevgini qazanmaq - Tanrı payı qatına ucalmaq üçün isə Yusif Səmədoğlu olmaq lazımdı...

Göy adamları zamanın nəbzini tuta - zamanla ayaqlaşa bilmir. Bunu bacarsaydılar, onlar da hamıya oxşayardılar, olardılar sıradan adam...

Zamana sığışmayan - zamanla, mühitlə əlbəyaxa olan adamlar özlərinə oxşayırlar. Və özlərindən - Adam olmaqdan daha çox ya Yusif Səmədoğlu kimi Azadlığa oxşayırlar, ya da Seyran Səxavət kimi Halallığa...

***

Yer kürəsi atamı uddu... İndi qəbiristanlıqdan geri dönməyin vaxtı idi. Anam Zərif heç vaxt belə dolmamışdı və yağa bilmirdi. Həmişə hamı kimi ağlayana, göz yaşı tökənə yazığım gəlib. İndi isə ağlamayana yazığım gəlirdi, ağlaya bilməyənə - anam Zərifə yazığım gəlirdi. Camaat dağılışırdı. Anam atamın təptəzə çiçək kimi qəbrinin ləçəklərinə ilişib qalmışdı. Elə bil ki, Allahdan olan kimi hamı bir anın içində geri çevrilib anamı gördülər. Bir adam da qəbiristanlığa, onun yanına qayıtmadı, hamı belə hesab eləyirdi ki, qoy səbbi alınsın. Heç anam da deyəsən, heç kəsin geri qayıdıb onun qoluna girməyini istəmirdi. Birdən Yusif Səmədoğlu dəstədən ayrılıb geri çöndü, atamın təptəzə, çiçək kimi qəşəng qəbrinə yaxınlaşıb anamın qolundan tutdu, bir an baxışları toqquşdu, bu toqquşmadan bir an belə keçməmiş anam Yusif Səmədoğlunu qucaqlayıb necə hönkürdüsə, gözlərindən yaş sel kimi axdı...

(Seyran Səxavətin "Qaçaqaç" romanından)

Və duz-çörəyini, azadlığını, sözünü paylaşdığın o doğman - Yusif qağan ən ağır günündə həm də Sənin arxanda dağ dururmuş kimi dərd ortağın olur, Ustad, ona baxanda səbbin alınır... Adam bir Anasını, bir də Dərdini yalnız ən doğmasına etibar eliyə bilir... çünki ikisi də müqəddəs şeydi...

Və bir gün Yer kürəsi Əsgər Dədəm kimi Yusif qağanı da uddu... Ömrünün peyğəmbər çağında - 63 yaşında... Bilirəm ki, Yusifin Sizi atıb getdiyi o gün bu əzablı dünya bir quru loxma kimi boğazında düyür-düyür düyünləndi, Ustad...

Yaman qaçhaqaçdı... Elə bil Əsgər Dədəm kimi, Yusif qağa da bu dünyanın namərdliyindən üz çevirib getdi - ən böyük Həqiqətə sarı. Dünyanın ən böyük Həqiqəti Ölümdü... Yeganə İnsan bitirən torpaq məzarlıqdı...

Gedənlər bizi bu dünyayla o dünyanın arasında elə yerdə qoydu ki, Araz kimi həsrətə döndük - aralıqda qaldıq... Nə yaşaya bildik, nə də ki ölə...

Min ilin doğması min ilin həsrətlisinə çevriləndə hiss elədik bu boşluğu... Hər yeri görünəndə özümüzə yer tapa bilmədikcə anladıq bu boşluğun böyüklüyünü, bu doğmalığın dərinliyini...

Allahın yarımçıq qalmış əsəri təkcə Kenquru deyil, Ustad!  Taleyi də romanı kimi yarıda qırılmış Yusif Səmədoğludu, məncə...

Və bu kitabı oxuyanda mənə elə gəldi ki, Sən Yusifin "Deyilənlər gəldi başa" əsərini tamamlamısan... həm də Yusif Səmədoğlunun dəsti-xəttiylə, nəfəsiylə, onun öz qələmiylə... Ruhu Göylərdə olanlara burda baş verənlər bizdən qabaq agah olur. Buna bütün qəlbimlə inanıram. Və ona da inanıram ki, indi bu ovqatdan xoşhal olan Yusif Səmədoğlu Tanrı qatında - behiştində rahatca uyuyur...

Və bizə bu ilahi bağlılığın, təmənnasızlığın, insana və insanlığa sevginin, ülviyyətin və qüdsiyyətin qarşısında sadəcə susmaq və təzim etmək qalır...

1 may 2019-cu il

 





03.05.2019    çap et  çap et