525.Az

KİV nümayəndələri arasında Heydər Əliyevə həsr olunmuş VI atıcılıq turniri


 

KİV nümayəndələri arasında Heydər Əliyevə həsr olunmuş VI atıcılıq turniri <b style="color:red"></b>

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mayın 4-də kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş VI atıcılıq turniri keçirib.

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında baş tutan yarışa hər biri 3 nəfərdən ibarət olan 16 komanda qatılıb.

Azərbaycan Respublikasının dövlət himninin ifa olunması ilə başlayan turnirin açılışında çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi atıcılıq turniri artıq altıncı ildir keçirilir.
 
General-mayor Zaur Abdullayev deyib ki, Ümummilli Liderin zəngin və çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini də Azərbaycanın təhlükəsiz və firavan gələcəyinə təminat verən ordu quruculuğu təşkil edirdi.

O, ümummilli lider Heydər Əliyevin iradəsi sayəsində sovet dövründə Bakıda hərbi məktəbin yaradılmasının, azərbaycanlıların hərbi təhsil almaları üçün görülən işlərin əhəmiyyətini xüsusi vurğulayıb.
 
Ulu Öndərin ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra gənclər arasında özünə inamı, vətənpərvərlik hissini, milli mübarizə əzmini və döyüş ruhunu yüksəltməyə nail olduğu xüsusi qeyd edilib. Bildirilib ki, Ulu Öndər tərəfindən ordu quruculuğu istiqamətində qısa müddətdə həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində güclü Azərbaycan Ordusu yaradıldı.

Z.Abdullayev ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik mətbuatın formalaşması istiqamətində görülən mühüm işlərdən də bəhs edib.
 
O vurğulayıb ki, Ulu Öndər KİV-in mühüm rolunu həmişə dəstəkləyib, mətbuatın inkişafına hərtərəfli şərait yaradıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkəmizdə demokratik mətbuatın inkişafı istiqamətində mühüm işlər həyata keçirir.
 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mətbuatla əməkdaşlığa hər zaman önəm verir, ölkəmizdə hərbi-vətənpərvərlik tərbiyəsi işinin aparılması, müddətli həqiqi hərbi xidmətə çağırışın təşkilinin işıqlandırılması istiqamətində KİV-in fəaliyyəti yüksək qiymətləndirir.

Xidmət rəisinin birinci müavini Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş turniri açıq elan edib, iştirakçılara uğurlar arzulayıb.

Media təmsilçiləri təhlükəsizlik qaydaları barədə təlimatlandırıldıqdan sonra yarışa start verilib.

Turnirdə iştirak edən komandalar 2 mərhələdə mübarizə aparıblar. Birinci mərhələdə ən yaxşı nəticəni göstərən 6 komanda ikinci mərhələdə ilk üçlüyü müəyyənləşdirib. İki mərhələnin yekununda “Səs” qəzetinin, İctimai Televiziyanın və “525-ci qəzet”in komandası ilk üç pillədə qərarlaşıblar.

Qaliblərə kubok, medal, diplom və pul mükafatları təqdim edilib.

 





04.05.2019    çap et  çap et