525.Az

"Bu əməliyyat bütün dünyada ilk dəfə aparıldı" - Paşa Qəlbinurla müsahibə


 

TANINMIŞ OFTALMOLOQ, TİBB ELMLƏRİ DOKTORU, PROFESSOR PAŞA QƏLBİNURLA YENİ ELMİ NAİLİYYƏTLƏRİNDƏN VƏ TİBLƏ POEZİYANIN BAĞLILIĞINDAN DANIŞDIQ

"Bu əməliyyat bütün dünyada ilk dəfə aparıldı" - <b style="color:red">Paşa Qəlbinurla müsahibə </b>

- Paşa müəllim, elm-texnika durmadan inkişafdadır. Oftalmologiya sahəsində, xüsusən sizin elmi fəaliyyətinizdə bu inkişaf necə müşahidə olunur?

- XXI əsrdə elm və texnika çox böyük sürətlə inkişaf edir. Keçən əsrin ikinci yarısından bu yana belə bir kiçik zaman kəsiyində elmin müxtəlif sahələrində bəşəriyyətin gəldiyi neçə minilliklərdən daha böyük nailiyyətlər qazanılıb. Məsələn, nano texnologiya-nano hissəciklərin varlığı və onların əhəmiyyətli xüsusiyyətləri aşkarlanıb ki, bu zamana qədər elmə məlum deyildi. Misal üçün, kök hüceyrələri, sütun hüceyrələr, ya da balalayan hüceyrələr dediyimiz hüceyrələr var ki, bu adların heç biri onun xüsusiyyətini tam şəkildə ifadə etməyə qadir deyil. İnsanın bədəninin müxtəlif nahiyyələrində həmin bu hüceyrələrin "depo"ları var. Onlar öz-özünə artmaq, bölünmək xüsusiyyətinə malikdir. Bununla onlar müxtəlif mahiyyətli hüceyrələrə, toxumalara deferensasiya edə bilirlər. Məsələn, gözdən götürülən bir kök hüceyrəsi sümük toxumasını əvəz edə bilir. Deməli, çox kiçik bir zərrədən bütöv bir insanı əks etdirmək kimi İlahi bir qüdrət var. Məsələn, əvvəllər ağıl dişini lazımsız hesab edib çəkib atırdılar. Ancaq indi elmə məlum olub ki, ağıl dişində kök hüceyrələrin böyük bir bazası yerləşir. Dünya təcrübəsində indi xüsusən görkəmli insanların ağıl dişini çəkərək soyuduca saxlayırlar. Gərək olarsa, yüz ildən, min ildən sonra həmin dahilər tək bir ağıl dişindəki kök hüceyrələrdən yenidən yaradıla bilər. Heyvanlar və insanlar hər ikisi bioloji varlıq olsa da, təkcə şüurla deyil, orqan və toxumaların quruluşu, funksiyası ilə də fərqlənirlər. Məsələn, heyvanların orqan və toxumalarında güclü regenerasiya qabiliyyəti var. Yəni hansısa orqan itirilsə, onu yenidən bərpa edə bilir. İnsanlarda isə o qabiliyyət çox zəifdir, hətta demək olar ki, yatıb. Bir az qaraciyərdə var ki, kiçik bir payla böyüyüb bütövləşə bilir. Amma digər orqanlarda bu, yoxdur axı. Ona görə də kök hüceyrələrin varlığı, reallığı, aktuallığı meydana gəlir.

Bugünlərdə biz bu hüceyrələr, nano texnologiyasının tətbiqi ilə bir əməliyyat keçirtdik. Bu əməliyyat təkcə Azərbaycanda deyil, bütün dünyada ilk dəfə aparıldı.

Bu xəstəni 17 yaşında mən bir dəfə əməliyyat etmişdim. Onda həm konus vardı, həm də virus yoluxmuşdu. Bu iki xəstəlik onun sol gözündə görməni yox etmişdi. Mən onun sol gözünə daha gənc adamdan buynuz qişa köçürtmüşdüm. Bu günə kimi də sol gözü onunla görür. Onun yoldaşı hərbçi olub, müxtəlif şəhərlərdə yaşayıblar deyə, sonralar sağ gözündəki problemlərlə bağlı bir neçə şəhərdə əməliyyat keçirib. Ancaq hər dəfəsində uğursuz olub, göz təkrarən bulanıb. Axırıncı dəfə qonşu ölkə İranda əməliyyat olunub, ancaq yenə də bulanıb və üstəlik, katarakt əmələ gəlib. Onlar da zaman keçdikcə fəsadlaşıb və qara su yaradıb. Bizə müraciət edəndə xəstənin sağ gözü belə desək, yaşamaq qabiliyyətini tamamilə itirmək üzrə idi. Ona yenə də eyni əməliyyatları etsəydik, uğursuz olacaqdıq. Ona görə də gözü canlandırmaq lazım idi. Canlandırmağın yolu da kök hüceyrə köçürtmək idi. Kök hüceyrə ya o biri gözdən götürülür, ya da birinci dərəcəli qohumdan (ana, ata, bacı, qardaş). Xəstənin özündən iki yaş balaca bacısının bir gözündən kök hüceyrəni götürüb, onun gözünə transplantasiya etdik. Ancaq bu, hələ hamısı deyil. Eyni zamanda, gümüş nano ilə nanolaşdırılmış "Aktipol" preparatını tətbiq etdik. Bununla kök hüceyrəsinin bitmək ehtimalı daha da sürətlənir və əməliyyatın uğurlu olmaq ehtimalı da dəfələrlə artmış olur. 

"Aktipol" dərmanı sırf Azərbaycana - bizə məxsusdur, yenidir. Müəllifi tələbəm, bacım, elmlər doktoru Sevinc Əkbərova və mənəm. Bizim bu preparatımız Ümumdünya Sərgilər Salonunun Qızıl medalına və xüsusi mükafatına layiq görülüb. Dünyanın ən böyük oftalmoloq alimləri ona müsbət rəy veriblər. Azərbaycanın, hətta bütün Müsəlman dünyasının yeganə dərmanıdır ki, dünya səviyyəsində istifadəsinə icazə verilib. Biz də həmin o dərmanı nanolaşdırıb bu əməliyyatı etdik.

Biz yüz ildir ki, nəsillikcə göz həkimiyik. Oğlum Turalın da bu preperatın hazırlanmasında zəhmətləri var. İsraildə üç il müddətində məşğul olub bununla.

- Eksperimentlər nə üçün ayrı-ayrı ölkələrdə keçirilir?

- Bunun əsas səbəblərindən biri orada tətbiq olunan heyvanlardır. Məsələn, elə siçanlar var ki, yüz illik insan ömrünü iki aya, ya da beş aya keçirlər. Bu, eksperiment üçün çox vacib faktordur. Və bu heyvanlar hər yerdə deyil, dünyanın bəlli yerlərində yaşayırlar. Biz də məcburuq ki, eksperimentin müəyyən hissəsini gedib orada keçirək. Elm mübadilədir. Bu əməliyyatın dünyada ilk dəfə bizim tərəfimizdən keçirilməsi həm bizim özümüz, həm də bütünlükdü Azərbaycan elmi üçün böyük uğurdur. Ancaq bu, birdən-birə yaranmadı. Bu əməliyyatın müəyyən fraqmentləri uzun illər boyunca Amerikada, Kanadada, İsraildə və Rusiyada mən və əməkdaşlarım tərəfindən işlənib. Dünyanın ən yüksək reytinqli elmi dərgilərində bununla bağlı məqalələr çap olunub. Yəni buna doğru bir yol gəlinib, məlum olmayan məsələlər dəqiqləşib və elmin ən yeni nəaliyyətlərindən istifadə olunub.

- Əməliyyatdan sonrakı proses necə olacaq?

- Bu əməliyyatdan sonra xəstənin görməsi artmağa başlayır. Əgər qaneedici həddə çatsa, ikinci əməliyyata ehtiyac olmayacaq. Ancaq artma az müşahidə olunsa, onda sağlamlaşdırılmış gözdə əlavə əməliyyatlar keçirilə bilər. Hər iki halda bu, uğurdur. Çünki biri var tamamilə sıradan çıxan və ümid olmayan göz, biri də var kök hüceyrənin köçürülməsi sayəsində müəyyən mənada özünə gələn göz.

Burada nano texnologiyanın, farmokalogiyanın son nəaliyyətlərindən, Lütfi-zadə məntiqindən, Kvant nəzəriyyəsindən istifadə olunub ki, əməliyyat uğurla nəticələnsin.

- Dediniz ki, kök hüceyrəni xəstənin bacısından götürmüsünüz. Bu, donorun səhhətinə, görməsinə mənfi təsir göstərmir ki?

- Düşünün ki, bir böyük anbar buğdanız var və mən də ordan cəmi bircə ovuc buğda istəyirəm. O bir ovuc buğdanı mən əkib çoxaldacam. Amma sizin bir anbar buğdanızdan heç nə əksilməyəcək. Bu da onun kimi bir işdir və donorun səhhətinə heç bir təsir göstərmədi. Məsələn, göz üçün buynuz qişanı biz meyitdən götürürük, çünki sağ insan üçün əhəmiyyətlidir. Kök hüceyrə isə belə deyil.

Qiymətli nano materialın alınmasında, müəyyən hesablanmalarında professor, SOCAR-ın Neft və Qaz Elmi Tədqiqat və Layihə İnstitutunun Nano Texnologiyaları laboratoriyasının müdiri Eldar Şahbazovun çox böyük zəhməti oldu. Onlar bu texnologiyanı neft sahəsində istifadə edirlər. Biz isə tibdə tətbiq etdik.

- Şair və həkim... İllərdir bu vəhdəti necə qoruyursunuz?

- Mən şair kimi televiziyaya çıxanda, çıxışlar edəndə peşəmlə bağlı mənə həsəd aparan insanların çoxu deyirlər: "Ora baxın, şeir oxuyur, o, cərrah deyil ki, şairdir". Amma həqiqət budur ki, mən hər gün əməliyyat edirəm, ən ciddi əməliyyatlarım olur, saysız-hesabsız xəstələr qəbul edirəm, elmi əsərlər yazıram. Hansısa elmi konfransda mən demirəm ki, şair Paşa Qəlbinuram, hətta çoxusu da bunu bilmir. Şairlik isə mənim taleyimdir. Oftalmologiya təbabətin, göz isə bədənin poeziyasıdır. Göz tamam fərqli bir orqandır. İlahi tərəfindən elə bir quruluşla yaradılıb ki, bənzərsizdir. Biz şeir dilində danışırıq. Poeziyanın dilini hər adam bilmir. Amma hərdən də olur ki, bilmədiyin dildə olan şeir belə sənə təsir edə bilir. Göz də elədir. Deyirlər ki, kimsə baxışıyla sanki ürəyimi oxudu. Gözün də, poeziyanın da öz dili var.  

Mənim təbabət, poeziya və fəlsəfənin üçünün vəhdətdə olduğu tədqiqatlarım var. Bəzən elə bağlı qapılar olur ki, onu tək elmin açarıyla açmaq olmur, 3-4 elm birləşməlidir ki, o qapı açılsın. Bayaq haqqında danışdığımız əməliyyatda da elmin müxtəlif sahələrinin son nailiyyətlərindən bəhrələnib uğur qazandıq.

Poeziya, şeir subyektiv yaradıcılıqdır. Hansısa əsər sizin xoşunuza gələr, mənim yox və biz onu bir-birimizə sübut edə bilmərik. Ancaq təbabəti, fəlsəfəni və poeziyanı birləşdirəndə onu obyektiv lada çevirmək olur. Bir növ ölçü vahidi təklif etmiş oluruq. Məsələn, bir neçə nümunəylə fikrimizi izah edə bilərik.

Məmməd Araz deyir ki, "Üşüdüm" deyəndə, bir el gözəli, Az qaldı gözündə gizlədə məni". Aristotel nəzəriyyəsi ilə "gözdə gizlətməyin" heç bir əsası yoxdur. Poeziyanı bilməyən adam bu ifadəyə qeyri-ciddi yanaşacaq. Ancaq 30 il əvvəl belə bir eksperiment keçirilib. Professor Stroyeva heyvanda təzə mayalanan rüşeymi gözün içərisinə yerləşdirib və bir akvariumda balığın böyüməsini izlər kimi, rüşeymin gözün içərisində böyüməsini müşahidə edib. Bununla da sübut edib ki, gözün içərisindəki mühit ana bətnindəki mühitə bərabərdir, çünki orada da rüşeym inkişaf edə bilir. Deməli, Xalq şairinin dediyi heç də əsassız deyil. Ən qiymətlini ən qiymətli yerdə gizlədərlər: gözün içərisində. Bəli, o, şairdir, həmin an İlahidən ona nə gəlirsə, onu da yazır. Nə məntiqi düşünür, nə tibbi. Deməli, bu da onu sübut edir ki, bu poeziya nümunəsi ən yüksək əyarlı poeziya nümunəsidir. Fikir instrumental ölçüyə gəldi və artıq burada onun insan bədəninin qanunauyğunluqlarına tən gələn həqiqət var. 

Başqa bir misala baxaq. Böyük Cavidin "İblis"ində qızı öldürülmüş İxtiyar deyir: "Ağlamaq istər ikən həp gülərəm". Burda da məntiqsizlik görünə bilər. İnsan bu qədər böyük faciəyə necə gülər? Amma elm sübut edir ki, hiss və emosiyalar ən yüksək həddinə çatanda ordan əks qütbə keçir. Kədərin zirvəsi ağlamaq deyil, çalmaq, oxumaq, gülməkdir. Bu da dahi Hüseyn Cavidin böyüklüyüdür. Bu tədqiqatların hamısı mənə məxsusdur, dünyada bu sahədə araşdırmalar aparılmayıb. Bu da mənim həkimlik peşəm, fəlsəfə marağım və poeziya taleyimlə bağlıdır. Dünya artıq elə bir yerdədir ki, bir həqiqətə çatmaq üçün mütləq bir neçə elmi bilməlisən. Uğur qazanmağın tək yolu budur. Yoxsa qarşındakını təəccübləndirə bilməzsən. Və bunları çox qısa yazılarda istəyirdi. Artıq insanlar uzunçuluqdan qaçırlar. Azərbaycan ədəbiyyatında ilk miniatür romanı mən yazmışam: "Qara su". Eləcə də bir misralıq şeirlərim var. Fikri qısa və lakonik şəkildə elə deməlisən ki, qarşındakı mənanı rahat qavrasın.

Çox şeylər deyilib, çox şeylər kəşf olunub, amma bir o qədər də kəşf olunmayan şeylər var. Bunları biz elmlərin vəhdətilə əldə edə bilərik.

Şahanə MÜŞFİQ

 





05.05.2019    çap et  çap et