525.Az

“Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində hərbi potensialını gücləndirməyə davam edir”


 

“Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində hərbi potensialını gücləndirməyə davam edir”<b style="color:red"></b>

“Azərbaycan atıcı və yüngül silahların qeyri-qanuni istehsalı və nəzarətsiz yayılmasının qarşısının alınmasına yönəlmiş beynəlxalq təşəbbüsləri və səyləri tam dəstəkləyir”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Təhlükəsizlik Şurasının atıcı və yüngül silahlara dair yüksək səviyyəli görüşündə çıxış edərkən deyib.
 
Nazir bildirib ki, Azərbaycan bu sahədə öz öhdəliklərini yerinə yetirmək üçün milli, regional və qlobal səviyyədə bütün lazımi addımları atır: “Biz effektiv idarələrarası əməkdaşlıq və informasiya mübadiləsi, eləcə də ixraca nəzarət sistemi yaratmışıq. Azərbaycan atıcı və yüngül silahların qlobal ticarətində şəffaflığın və məsuliyyətin artırılmasına tərəfdardır”.  
 
Lakin E. Məmmədyarovun sözlərinə görə, Azərbaycan ərazilərinin qonşu Ermənistan tərəfindən işğalının davam etməsi bu sahədə milli və beynəlxalq səviyyədə göstərilən səyləri çətinləşdirir: “Ermənistan beynəlxalq hüququ və qoşulduğu regional sənədləri kobudcasına pozaraq Azərbaycanın işğal altındakı ərazilərində hərbi potensialını gücləndirməyə davam etməkdədir. Böyük miqdarda atıcı və yüngül silah bu ərazilərə göndərilir”.   
 
Nazir bütün dövlətləri Azərbaycanın suverenliyini pozan bu cür qanunsuz fəaliyyətləri pisləməyə və belə halların qarşısını almağa çağırıb.

 





27.09.2013    çap et  çap et