525.Az

Mexikonun arxitektura xüsusiyyətləri və şəhər problemləri - Telman Orucov


 

Mexikonun arxitektura xüsusiyyətləri və şəhər problemləri - <b style="color:red">Telman Orucov </b>

(Əvvəli ötən şənbə sayımızda)

Hindular qarğıdalını əsas qida məhsulu, ən vacib ərzaq hesab edirdilər və meksikalılar bu gün də həmin ənənəni davam etdirirlər. Qarğıdalı dəni müxtəlif şəkillərdə istehlak olunur. Hətta xüsusi xörək növü kimi kiflənmiş qarğıdalıdan istifadə edirlər, qara rəngli bu sıyıq yaxşı dadı ilə seçilməsə də, meksikalılar onu ləzzətlə yeyirlər, bu vaxt dəndə əmələ gələn göbələyin səhhətə hansısa bir ziyan vuracağından da qorxmurlar. Bu bitkiyə onlar mistik bir münasbət bəsləyirlər. Təsadüfi deyildir ki, münbitlik allahı Tlalok hindularda qarğıdalı allahı hesab olunurdu. İndi bu bitkinin məhsuldarlığı da xeyli artmışdır, hər hektardan qarğıdalı dəninin orta məhsuldarlığı 50 sentnerə çatır, ABŞ-da isə bu göstərici, az qala, 100 sentnerə bərabərdir.

Qarğıdalı təkcə onu icad edənlərin, mədəniləşdirənlərin və çox məhsuldar bitkiyə çevirənlərin vətənində becərilmirdi, hətta sonralar Şimali Amerikanın şərq hissəsinə, Massaçusets körfəzinin sahil boyuna da yayılmışdı. Kilsə təqiblərindən canını qurtarmaq üçün çalışan bir qrup ingilis 11 noyabr 1620-ci ildə "Meyflauer" gəmisində buraya gəlib çıxmış və özlərinin "Yeni Plimut" koloniyasını yaratmışdılar. Onlar hinduların komalarında heç vaxt görmədikləri qarğıdalını və paxlalı bitkilərin dənlərini gördülər, qarğıdalı dəni həm də çox rəngdə idi. Hindular onlara yazda qarğıdalını səpməyi və becərmə qaydalarını öyrətdilər. Yeni kolonistləri sonralar başa saldılar ki, əvvəllər bitki becərilmiş torpağın münbitliyini bərpa etmək üçün hökmən şuma çaydan tutduqları balığın bir hissəsini qatmalıdırlar. Bu tətbiq edilməsə, sahədə cücərti çox seyrək olacaqdır. Həmin Sahemi hinduları gübrə barədə anlayışları olmadığı halda torpağı münbitləşdirmək yolunu və qaydalarını bilirdilər. Bunları 17 il ərzində koloniyanın qubernatoru işləmiş Uilyam Bredford özünün "Plimut Plantasiasının tarixi" adlı çox maraqlı kitabında nəql edir.

Kolumbun Yeni Dünyanı kəşf etməsindən sonra avropalılar özlərinə tanış olmayan bitkiləri gətirib becərməyə başladılar, İspaniyadan onlar bütün Avroasiyaya yayıldı. XVI əsrdə buğda Avropada çox az məhsul verirdi, qarğıdalının məhsuldarlığı isə ən azı 5-6 dəfə yuxarı idi. Bu, ərzaq probleminin həllinə xeyli köməklik göstərdi. Yeni Dünya, Köhnə Dünya üçün yeni ərzaq xəzinəsini kəşf etmək təsiri bağışladı. Bu cəhəti nəzərə aldıqda, Kolumbun kəşfi təkcə coğrafi deyil, daha geniş mənada həm də bioloji kəşf sayıla bilərdi.

Xristian dini, cəhalətin təsiri ilə Yeni Dünyadan gətirilən çox növdəki qida maddələrindən istifadə olunmasını məhkum edirdi, yalnız ona görə ki, həmin bitkilərin adı Bibliyada çəkilməmişdir. Əgər Xristian dininin mənfi münasibəti qəbul edilsəydi, Köhnə Dünyanın əhalisi çox sayda qida maddələrindən məhrum olardı və onsuz da, mövcud olan ərzaq qıtlığı şəraitində aclıqla üzləşərdi. Bəzi ölkələrdə isə kartofun ərzaq kimi tətbiq edilməsi və istehsalı naminə hər cür hiyləgərliyə əl atılırdı. Prussiya kralı II Fridrix (Böyük Fridrix) XVIII əsrin ortalarında özünün Portsdamdakı San-Susi sarayının həyətində kartof əkdirmişdi və gündüzlər tarlanı qorumaq üçün gözətçilər təyin etmişdi, gecə düşəndə isə gözətçilər yoxa çıxırdı. Yaxında yaşayan adamlar gecə tarlaya girib kartof kollarını çıxarıb aparır, öz həyətlərində əkirdilər. Onlar düşünürdülər ki, əgər kral kartof sahəsini qoruyursa, deməli, o, çox faydalı bitkidir. Bəşəriyyət, həmişə olduğu kimi, xoşbəxtlikdən cəhalətin arxasınca getmədi, proqressə və nisbətən ərzaq bolluğuna aparan yolu tutdu.

Tula şəhəri yaxınlığındakı döyüşçü-atlantların heykəllərinə baxarkən mən ətrafdakı sahələrə də diqqət yetirdim. Bu ərazi çınqılla, qumla örtülü torpaq idi. Belə torpaqda əkinçiliklə məşğul olmaq əsl fədakarlıq, bəlkə də, qəhrəmanlıq tələb edir. Hələ bizim eranın I minilliyində bu xalq burada əkinçilik məhsulları istehsal edirmiş və sərt quraqlıq illəri istisna olmaqla, əhali ərzaq qıtlığından heç də əziyyət çəkmirmiş. Onlar yağış suyunu anbarlara yığıb saxlamaq sahəsində də böyük mühəndislik qabiliyyətinə sahib idilər. Onlar suvarma əkinçiliyini yüksək səviyyəyə çatdırmışdılar. Hindular irriqasiya şəbəkəsi yaratmaqda da çox şeyə nail olmuşdular. Suvarılmayan təpələrdə, dağ yamaclarında mais (qarğıdalı) becərilməsi təcrübəsi də diqqətəlayiqdir. Meksikalılar indi də həmin ərazilərdə qazan dirəklərdən istifadə edirlər. Metal uclu dirəklə yeri oyur, ora iki dənə qarğıdalı toxumu qoyub, sonra torpağı tapdalayırlar. Bir azdan toxumlar cücərir. Oradakı qarğıdalı plantasiyalarının sıx bitki ilə örtülmüş düz cərgələri və sahənin alaqsız olması adamı heyran qoyur. Əkinçilər həm də dağ yamaclarının şumlanmasına, bu səbəbdən torpağın yuyulmasına, eroziya olunmasına imkan vermirlər və sonrakı nəsillər qarşısında da öz vəzifələrini ləyaqətlə yerinə yetirirlər. Şumlanmış torpaqların münbit qatı sərt maillilikdə güclü yağış hesabına yuyulub məhv olardı, münbit torpaq sahəsi sadəcə suxur məkanına çevrilərdi. Onu da qeyd etmək lazımdır ki, təkcə hindular deyil, Asiyadada əhali bu əkinçilik texnologiyasından istifadə edirdi. Qədim dövrlərdə Yaponiyanın şimalında, Xokkaydo adasında yaşayan aborigen əhaliyə - aynlara qazan dirəklərdən istifadə tanış idi.

Belə bir mülahizə vardır ki, sərt quraqlıq, uzun müddət yağış yağmaması inkişaf etmiş mayya sivilizasiyasını məhv etmişdi. Təbiət insanları sınağa çəkir, yeri gəldikcə ona tabe olmadığını xatırladır. İnsanların təsərrüfat səhvləri də bağışlanmır. Bunu qədim Assuriyanın timsalında görmək mümkündür. Mesopotamiyada b.e ə. XIV əsrdən başlayaraq qonşu dövlətləri işğal etməklə qüdətli imperiya yaratmışdı. Suvarmanın bol qaydada aparılması Cənubun qızmar günəşi altında intensiv buxarlanma hesabına əkin torpaqlarının güclü şoranlaşması baş verdi və məhsul istehsalı kəskin surətdə azaldı. İqtisadi cəhətdən zəifləmə hərbi qüdrətin də yoxa çıxmasına səbəb oldu və Assuriya b.e.ə. VII əsrin sonunda iki daha güclü dövlət tərəfindən məğlub edilməklə tarix səhnəsini tərk etdi. Qədim meksikalılar öz güclü dövlətini itirsələr də, ağıl, zəhmət, fərasət hesabına əldə etdikləri əkinçilik nailiyyətlərini, bol ərzaq istehsalı təcrübəsini sonrakı nəsillərə, əslində, bütün bəşəriyyətə ötürməklə, bu nəcib işə görə ən yüksək minnətdarlığa layiqdirlər.

Mexikodan təqribən 40 km aralıda Teotiuakan şəhərinin qalıqları qalmaqdadır. Şəhər tolteklərin başçılığı altında IX-X əsrlərdə birləşmiş hindu tayfalarının paytaxtı olmuşdu. Burada Günəş və Ay piramidaları tikilmişdir, biz onlara böyük maraqla tamaşa etdik. Lakin ən iri və möhtəşəm piramidalar Yukatan yarımadasındadır. Noyabr ayının əvvəllərində qızmar isti adamı yandırdığından, piramidalar yaxınlığındakı iri kaktus ağacının kölgəsinə sığınmaq istədik, lakin yaşıl budaqlarda bol həşəratı gördükdən sonra həmin fikrimizdən vaz keçdik.  

Mexikonun arxitektura xüsusiyyətləri və şəhər problemləri 

Mexiko ölkənin başlıca siyasi və mədəni mərkəzidir. Bu qərb yarımkürəsində ən qədim şəhər olmaqla, 1551-ci ildə onun əsası qoyulmuşdur. Məşhur Meksika milli muxtar universiteti paytaxtın ətrafında yerləşir. Biz universitet kampusunda - şəhərciyində olduq, hündür binaları, çəmənlikləri və yaşıllığı olan geniş ərazidə tələbələrin biliklərə yiyələnməsi, istirahəti üçün hər cür şərait yaradılmışdır. Universitetin müstəqil polisi, digər hüquq-mühafizə orqanları vardır, bu məsələdə yəqin ki, Oksford və Kembric universitetlərinin təcrübəsindən istifadə edilmişdir. Əslində, bu kompleks böyük şəhəri xatırladır, düz küçələri, gözəl tikililəri vardır. Kitabxananın çoxmərtəbəli binasının pəncərəsi yoxdur, böyük nəhəng ev mozaika ilə bəzədilmişdir, elə bil ki, Şərq xalçalarına bürünmüşdür.

Mexiko Muxtar Universitetində 60 mindən artıq tələbə oxuyur. Şərqdə, Hindistanda bizim eradan əvvəl III əsrdə ilk universitet yaratmış çar Aşoka bu universitet kompleksini görsəydi, yəqin ki, öz nəcib işinin varislərinə minnətdarlıq hissi izhar edərdi.

Onu da qeyd etmək lazımdır ki, Meksika XIX əsrin əvvəllərində müstəqillik qazandıqdan sonra şəhər arxitekturasının inkişafında öz yolunu tapmaq istəmiş, müstəmləkəçilik boyunduruğu altındakı keçmişini xatırladan nümunələrdən bir daha istifadə etmək istəməmişdir. Bu sahədə ən böyük nailiyyət də Meksika Milli Muxtar Universiteti binalarının kompleksində öz əksini tapır. Paytaxt yaxınlığında onun tikintisi 1955-ci ildə başa çatmışdı. Onun yaradıcıları arasında dünya şöhrətinə yiyələnmiş sənətkarlar - Dieqo Rivera, David Alfaros Sikeyros, Xuan O`Qorman var idi. Bu unikal kompleksin layihəsinin hazırlanmasına bütövlükdə 180 ən yaxşı arxitektor, rəssam və inşaatçı-mühəndis cəlb edilmişdi. Yuxarıdan baxdıqda universitet şəhərciyi mayya hindularının qədim şəhərlərini xatırladır. Kompleksin çox sayda binaları içərisində 16 mərtəbəli rektorat qülləsi və geniş şöhrət tapmış kitabxana binası xüsusilə seçilir.

Mərkəzdə isə, mayyalarda olduğu kimi, nadir ağacların bəzədiyi böyük açıq çəmənlik vardır. Bütün binalar keçidlərlə birləşmişdir. Monumental mozaik panno öz əcdadlarının mədəniyyətindən gələn vərəsəlik elementini gücləndirir. Tibb fakültəsi binasının fasadındakı panno daha çox məşhurdur. Kompozisiyanın mərkəzində üç sifətin bir yerdə əks olunduğu nəhəng baş təsvir olunur. Bu, müasir Meksika millətini təcəssüm etdirir, sol tərəfdə hindu qadınının profili, sağda - ispan kişisinin, ortada isə metisin üzü görünür. Onların başı üzərində iki ovucda doğulan ailə və onu mayalayan tozcuqlar təsvir olunur. Buna təəccüblənmək də düzgün deyildir. Təkcə burada deyil, şəhərin çox yerində iri həcmli mural (divar) rəsmlərini, dahi Meksika rəssamlarının məşhur əsərlərini görmək mümkündür.

Uinversitet təkcə memarlıq xüsusiyyətləri ilə deyil, həm də ölkənin elmi və mədəni mərkəzi kimi Mexikonun nüfuzunu möhkəmləndirdi. Universitetin radio stansiyası da əhali arasında böyük maarifçilik işi aparır.

Mexiko həm də bəzi problemlərdən əziyyət çəkən şəhərdir. Son illərdə onun sürətlə böyüməsi və torpağın qiymətinin yüksəlməsi, digər sosial-iqtisadi amillərlə birlikdə şəhərdə sosial zonaların meydana gəlməsinə şərait yaratdı. Hər bir zonada yalnız təqribən eyni maddi imkanlara malik olan adamlar yaşayırlar. Kasıbların yaşadığı rayonlarda sakinlərin daimi yol yoldaşı isə tozdur. Avstraliyanın cənubi-şərqdəki qoyunçuluq zonasındakı üç bəla - qızmar isti, toz və milçək bu məkan üçün də yad deyildir.

Əhalinin Böyük Meksikada təmərküzləşməsi ətraf mühitin ciddi surətdə pisləşməsinə gətirib çıxarmışdır, bu vəziyyət şəhərin yerləşdiyi yerin fiziki-coğrafi xüsusiyyətləri hesabına da mürəkkəbləşmişdir. Axı paytaxt bataqlıq və göllərin olduğu yerdə tikilmişdir və qum qatının altındakı "su yastığı" indiyədək qalmaqdadır.

Əhalinin və sənaye müəssisələrinin sayının sürətlə artması sulardan istifadənin xeyli çoxalmasına gətirib çıxarmışdır, bu isə şəhərin səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur. Bu proses binaların və ağır tikintilərin çökməsi ilə nəticələnmişdir. Şəhərdəki Nəcib İncəsənət Sarayı da aşağı çökür. Saray Parisin Qrand Operasına bənzər qaydada tikilmişdir, lakin ona hindu arxitekturasının elementləri də əlavə edilmişdir. Onun açılışı 1934-cü ildə baş verəndə pilləkənlə əgər yuxarı qalxılırdısa, indi həmin pilləkənlə aşağı düşülür. Konstitusiya meydanındakı asteklər dövrünün arxitektura abidəsi də indi 11 metr dərinliyində olan metro şaxtasında yerləşir.

Şəhərə su çox uzaqdan nəql edildiyindən, onun gətirilməsi xərcləri də xeyli artır. Mexiko dünyanın böyük şəhərləri içərisində su ilə ən pis təmin olunan şəhərlərdən biridir. Dünya çempionu olan gənc idmançı dostumun daxil olduğu komanda turnirdə iştirak etmək üçün bizdən əvvəl Mexikoda olanda, şəhərin kənarındakı oteldə qalırmış və onlar məişət suyu barədə əziyyət çəkməli olublarmış. Biz isə mərkəzdəki oteldə yaşadığımızdan hansısa su qıtlığından heç də xəbərimiz olmadı.

(Ardı var)

 





07.05.2019    çap et  çap et