525.Az

Yoncalıqda yel ağzında titrəyən...


 

Qəribsəmiş tək sünbüldən betərəm

Yoncalıqda yel ağzında titrəyən...<b style="color:red"></b>

Möcüzə varsa əgər
Qapıdan sən girəsən
Qayıt anam,qayıt gəl!

Bu gün ömrümün,könlümün əzəli, əbədi sevdası, öz analığıyla Ana adına həmişə, hər an ucalıq gətirmiş  insanın, mənim anamın, anadan xanım doğulmuş xanımın, Zöhrə xanımın  65 yaşı tamam olacaqdı.Ömür vəfa etsəydi...

Həyatımda yaşından asılı olmayaraq, hamının ölümünə inanmışam, amma anamın bir gün məni bu dünyada tək qoyub gedəcəyini nəinki ağlıma,  yuxuma da yaxın qoymamışam. İndi hər gecə yuxumdasan ana! Hər gözüm yumulanda mənimləsən, gözlərimi açan kimi səni təzədən itirirəm, təzədən anasızlaşıram. Anlayıram ki, yuxularımdakı o şirin söhbətlərindən doymamışam. Səndən, sənin söhbətlərindən  doymaqmı olar, ana?!

Elə böyük ürəyi vardı ki... O ürək həyat, yaşamaq eşqi ilə dolu idi. Amma elə bil dünyadan tez gedəcəyi, bizləri tərk edəcəyi ürəyinə dammışdı. Nəsə yaman tələsirdi- ölümə yox, yaşamağa tələsirdi, bizlərə olan bütün sözlərini deyib çatdırmağa tələsirdi. Bütün sözlərini bizə, balalarına deyə bildimi, yoxsa özüylə apardı? Allah bilir.

Evimizin qonaq-qarasız günü olmayıb,amma  onun üzündə nə bir narazılıq gördüm, nə də dilindən bir giley eşitdim. Belə qadın idi mənim anam, ərinin, övladlarının yolunda özünü şam kimi əridən anam.

Dədəm mənə mehr- məhəbbət uşağı deyərdi.Anamdan sonra nə mehrim qaldı, nə məhəbbətim.Dünya gözümdə elə boşaldı ki, sanki daha bu yer üzü də kimsəsiz, yetim qalıb. Gərək məni o cür sevməzdin, həyata sənin gözlərinlə baxmağa öyrətməzdin, bu cür özünə bağlamazdın, alışdırmazdın...Bəlkə onda sənsizlik mənə bu qədər ağır olmazdı.İndi həyata sənin gözlərinlə baxan gözlərim kor qalıb.

Yoncalıqda yel ağzında titrəyən,

Qəribsəmiş tək sünbüldən betərəm.

Bu qədər adam içində adamsız qalmışam, ana. Çünki mənə adam olmağı öyrədənim məni tərk edib getdi. Amma gün-gündən bu sənsizliyə alışdığım kimi gərək  bu təkliyə, bu tənhalığa da alışam. Çünki mən də anayam.

Bu yazı isə mənə quru təsəlli, ürək yanğıma qaranquş dimdiyində bir damcı su idi...

Sənin Yaqutun


Mənim dan ulduzum batdı qəfildən,
Batdı batmağına inanmadığım.
Birdən bəxtimin də yuxusu gəldi
Yatdı yatmağına inanmadığım.
 
Bağda gülüm soldu,cənnətdə tubum
Bir payız axşamı çatdı qürubum
Çatdı çatmağına inanmadığım.
 
Üzümdə zəlzələ ruhumda qiyam,
Dartdı əllərimdən o biri dünyam
Dartdı dartmağına inanmadığım.
 
Axır hesabımı verdi əlimə,
Tanrı atdı məni ruh aləminə
Atdı atmağına inanmadığım.
 
Nə fərqi tez oldu,gec oldu getdi
Əvvəli axırı heç oldu getdi
Getdi getməyinə inanmadığım.
 
Dünya fani imiş,ömrümüz ani
Bitdi bitməyinə inanmadığım.

 





28.09.2013    çap et  çap et