525.Az

İki qanun layihəsi növbəti oxunuşlara tövsiyə olundu


 

İki qanun layihəsi növbəti oxunuşlara tövsiyə olundu<b style="color:red"></b>

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 7-də keçirilən iclasında "Texniki tənzimləmə haqqında" qanun layihəsinin ikinci oxunuşda və "Standartlaşdırma haqqında" qanun layihəsinin üçüncü-sonuncu oxunuşda müzakirələri başlanılıb.

Qanun layihələri haqqında Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) direktoru Namiq Tağıyev məlumat verib: "Əvvəla, qeyd edim ki, texniki tənzimləmə ilə bağlı sənəd dünyanın ən qabaqcıl ölkələrinin təcrübəsinə istinad edilərək, hazırlanıb. O,  həm də dünyadakı iqtisadi çağırışlara cavab verən bir sənəddir. Burada da əsas məqsəd Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirməkdir".

N.Tağıyev eyni zamanda, "Standartlaşdırma haqqında" qanun layihəsinin ötən iki oxunuşun müzakirələrindən sonra təkmilləşdirildiyini və müasir standartlara cavab verdiyini bildirib. Həmçinin qeyd edilib ki, texniki tənzimləmənin məqsədləri insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, ticarətdə texniki maneələrin aradan qaldırılması və malların rəqabət qabiliyyətliliyinin artırılmasıdır.

Qanun layihəsinə əsasən, texniki tənzimləmə sahəsində dövlətin vəzifələri texniki tənzimləmə sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi, texniki tənzimləmə sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsidir, texniki tənzimləmə sahəsində beynəlxalq əməkdaşlığın təmin edilməsi, texniki reqlamentlərin qəbul edilməsi və təkmilləşdirilməsi, texniki reqlamentlərin tələblərinə əməl edilməsinə nəzarət tədbirlərinin təşkil edilməsidir. Eyni zamanda, həmin tələblərə əməl etməyə təsərrüfat subyektlərinə qarşı məsuliyyət tədbirlərinin tətbiq olunması, bu qanunun və texniki reqlamentlərin tələblərinə cavab verməyən malların dövriyyədən çıxarılması məqsədilə qanunla müəyyən edilmiş tədbirlərin görülməsi, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının aparılmasını təşkil edilməsi və akkreditə edilmiş uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinə nəzarətin həyata keçirilməsidir. Həmçinin, bu sənədin müddəaları siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına, habelə həmin malların, onlarla əlaqəli istehsal proseslərinin və metodlarının uyğunluğunun qiymətləndirilməsi üzrə fəaliyyətə şamil edilir.

Qanun layihələrinin müzakirəsi zamanı millət vəkili Əli Məsimli bildirib ki, xüsusilə, texniki tənzimləmə ilə bağlı sənəd bir çox mürəkkəb məsələləri özündə ehtiva edir: "Qanun layihəsi kifayət qədər mükəmməl hazırlanıb. Çünki bir çox mürəkkəb məsələləri özündə əhatə edir. Eyni zamanda, burada bir çox məsələlərin ayrıca tərifinin verilməsinə ehtiyac yoxdur. O zaman bu texniki tənzimləmə yox, hüquqi tənzimləmə olur. Bu baxımdan, bu məqamlara yenidən diqqət yetirilməsi vacibdir. Mən bu günə kimi kimsəyə kompliment deməmişəm. Ancaq mövcud qanun layihəsi ümumilikdə mükəmməl olduğu üçün onu hazırlayanlara minnətdarlığımı bildirir və deyilən iradların, təkliflərin nəzərə alınacağına inamımı ifadə edirəm".

Qısa müzakirələrdən sonra hər iki qanun layihəsi  parlamentin plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

 





08.05.2019    çap et  çap et