525.Az

Ağdamın dəyirmanları: birində buğda, o birində istiot üyüdərmişlər


 

Ağdamın dəyirmanları: birində buğda, o birində istiot üyüdərmişlər<b style="color:red"></b>

Zeynal kişi Quzanlı kəndindəki köhnə dəyirmanı işlədərdi. Bir gün kənddə dəyirmanın qarşısında uşaqlarla birgə oynayan zaman dəhşətli hadisənin şahidi oldum.  Dəyirmanın qayışı  halqasından çıxaraq  Zeynal kişini təhnəyə çırpmışdı. İlk çatan mən oldum. Qulağından qan axırdı Zeynal kişinin. Hərə bir tərəfə haya getdi. Məndə haya gedib hövlnək  xəbəri çatdıranda ilk olaraq mənə su verib  hadisə yerinə yüyürdülər...

Bildiyim o oldu ki, artıq Zeynal kişi keçinmişdi...

1968-ci ildən bu günədək  dəyirmanın qalıqlarının yanından keçəndə bu hadisə yadıma düşür...

Dəyirmanı babam Məşədi Məhəmməd  Məşədi Əziz oğlu Cəfərov 1925-1927-ci illərdə öz şəxsi vəsaiti ilə tikdirmişdi. Kollektivləşmə illərində kolxoza pay vermiş və 1975-ci ilədək dəyirman əhalinin xidmətində  olmuşdu. Qeyd edim ki, dəyirmanı  “Fardzon” markalı traktorun mühərrikinə qoşulmaqla işə salınırdı. ABŞ-ın Ford zavodunun lisenziyası ilə 1924-1933-cü illərdə  istehsal olunan “Fardzon-Putilovets” kommunist rejiminin ilk tarktoru idi...

Dəyirmanın tikintisində məqsəd Quzanlı və ətraf kəndlərin əhalisinin əzab əziyyətlə Tərtər dəyirmanına getməkdən azad etmək idi. Dəyirman “Fardzon”la 1946-cı ilədək işləyəsi oldu.  Ondan sonra kəndə gələn rus mühəndisinin köməyi ilə dəyirmanı mazutla işləyən mühərriklə, sonra isə elektrik enerjisi ilə işlətdilər. Zeynal kişidən sonra İdris Həmzəyev və Eldar  Tağıyev bir xeyli müddət dəyirmanı işlədəsi oldu...

Uşaqlığımın ən əziz xatirələri məhz bu dəyirmanla bağlıdır...

lll

Qarabağa həsr etdiyim ilk tədqiqatımın od dəyirmanı ilə bağlı olması təsadüfü deyildi. İkiillik fəaliyyətin nəticəsi olaraq nəşr olunan tədqiqatda dəqiqləşdirə bilmədiyim ancaq dəyirmanın tikintisi ilə bağlı olan məqam idi. Axtarışlarım axır ki nəticə verdi. Və məlum oldu ki, dəyirman kimin tərəfindən inşa edilmiş və uzun müddət rayon əhalisinin xidmətində dayanmışdı....

Su dəyirmanlarının tarixi daha uzaqlara gedir. Mazutla işləyən  “Od dəyirman”ın yaranması XIX əsrdən başlayır. Regionda ilk od dəyirmanı da Ağdamda   inşa edilmişdi...

Seyidli kəndi rayonun qədim tarixə malik kəndlərindəndir. Bu günədək kənddən onlarca tanınmış sima çıxıb. Yəqin ki, bu prosesdə Qarqar çayının qolu olan  Kötəlin  ecazkar suyunun da rolu var idi. Hələ Çar Rusiyası dövründə kəndin onlarca sakini Peterburqa oxumaga getmişdi. Onlardan biri də Məhəmməd Qarayev idi. O dövrdə tanınmış nəslin nümayəndəsi olan Məhəmməd mühəndislik ixtisasına yiyələnib Ağdama qayıtmış və gəlişi ilə də şəhərə yenilik gətirmişdi...

Od dəyirmanı tikməyə qərara aldı Məhəmməd Qarayev. Artıq layihəsi də hazır idi. Ətrafında karvansara da inşa ediləcəkdi...

İlkin ehtimallara gorə, od dəyirmanın bünövrəsi təxminən 1910-cu ildə qoyulub. “Zinger”  markalı dəyirmanı isə Avropa ölkələrindən qızıl pula gətirtmişdi.  Çox arzuları var idi. İstifadəyə verildikdən sonra beş il ərzində Məhəmməd Qarayevin rəhbərliyi ilə dəyirman xalqına xidmət göstərir...

Ötən əsrin iyirminci illərində ölkəmizdə kommunistlərin gəlişi ziyalılar arasında da çaşqınlıq yaratmışdı. Bütün bunlara baxmayaraq kommunist ideyalarını bəyənməsi Məhəmmədə canı bahasına oturur. Qaçaqlar onu öz dəyirmanındaca  “remenə” bağlayıb öldürmüşdülər...

Od dəyirmanı hələ uzun müddət hətta  qonşu rayonların əhalisinin xidmətində dayandı. Müharibə dövrünün aclıq illərində, 90-cı illərin gərgin dövründə region əhalisinin əlindən tutmuşdu “Od dəyirmanı”...

lll

Vaxtı ilə Quzanlı kəndinin Xaçın çaya tərəf olan hissəsində qədim Sofulu kəndi olub. XIX əsrin sonlarında kəndin əhalisinin bir qismi cənuba üz tutmuşdu. Sovet donəmində “26 Bakı komissarı” adına  kolxozun ferması məhz bu ərazidə salınmışdı. Son illərədək kəndin qəbiristanlığı qalırdı.  Xaçın çayın sahilində yerləşən kəndin yaxınlığında “Donuz” təpəsi də var idi. Təpənin  Xaçına baxan tərəfində böyük qamışlıqda  saysız-hesabsız vəhşi donuzların məskəni olduğundan təpəni də bu heyvanın adı ilə bağlamışdılar. 50-ci illərdə  donuzların kökü kəsilsədə təpənin adı dəyişməz qaldı...

Qeyd edim ki, “Əjdaha” təpəsi də məhz o istiqamətdə idi. Kolxozun silos quyuları bu təpədə qazılmışdı...

Xaçın çayın sol sahlində isə  Səfərəlibəyovlar nəslindən olan Çərkəz bəyin yurdu var idi.  Çərkəz bəy tanınmış   bəylərdən idi. Böyük təsərrüfatı,  tikiş fabriki və dəyirmanı var idi. Dəyirman çayın sağ sahilində meşəyə tərəf olan hissədə idi. Adına isə “İstiot dəyirmanı” deyərdilər. Burda istiot üyüdüb qonşu ərazilərə satarmışlar. Dəyirmanın qalıqları son illərədək dururdu.  Kommunist rejiminin nümayəndələri tərəfindən Çərkəz bəy  faciəli şəkildə öldürülür...

lll

Seyidli və Sarhacili  kəndlərindən axan Kötəl arxının üstündə onadək su dəyirmanının olduğu deyilir. Kötəl arxı Seyidli kəndinin ortasını yarıb keçir...

Kötəlin suyu 70-ci illərdə  yayda-yazda aşıb-daşır, payızdan qışa doğru quruyardı. Amma  əvvəllər normal suyu olurmuş.  Bu arxın üstündə ən azı 10-a yaxın dəyirman olub.  Kəlba Vəlinin dəyirmanı, Ziba xanımın dəyirmanı, Ağalar bəyin dərmanı, İsa bəyin dərmanı...

Sovet hakimiyyəti illərində  su dəyirmanlarının hamısı “ictimai mülkiyyət”ə, Seyidli-Sarhacılı kəndlərini özündə birləşdirən, “Həzi Aslanov” kolxoza verilir.

Bu dörd dəyirmandan biri – “Ziba xanımın” dəyirmanı 1970-ci illərə qədər sakinlərə xidmət göstərib.  Əliş kişi adlı bir kənd sakini işlədərdi onu... Qalanları  həmin vaxtadək dağılmışdı.

lll

İnanılmaz faktdır ki,  XX əsrin birinci yarısında Ağdamın müxtəlif kəndlərində, o cümlədən Qərvənd, Maqsudlu, Əfətli, Zəngişalı-Mahrızlı və Gülablı kəndlərində  fəaliyyətdə olmuş  20-ə yaxın dəyirman sahibinin əksəriyyəti  kommunist rejiminin əlaltıları tərəfindən faciəli şəkildə öldürülmüşdür...

İkinci bir məqam ictimai mülkiyyətə  hamının  aidiyyəti olsada heç kimin olmaması ilə bağlıdır. Heç kimin olmadığı üçündə hamı istifadə etməyi, bir növ söküb-dağıtmağı qənimət bilir. Yuxarıda qeyd olunan dəyirmanların sovet dönəmində tez sıradan çıxması yeni texnologiyaların tətbiqi ilə əlaqəli  olsada, ikinci bir tərəfdən  məhz ictimai mülkiyyətə verilməsi ilə bağlı idi...

Təəssüf ki, keçmiş sovet dövrünün bu kimi prinsiplərindən indiyədək qurtula bilməmişik...

 





28.09.2013    çap et  çap et