525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcid yazır


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcid yazır</b>

Cib telefonuna zəng edib müsahibə almaq, münasibət öyrənmək etikdirmi?! Son vaxtlar yeni medianın yaratdığı qalmaqalların çoxu cib telefonuyla münasibət öyrənən zaman verilən cavablarla bağlı olub.

Tez-tez mənə də belə zənglər gəlir. Və çox zaman jurnalistlər sual verərkən, hansısa hadisəyə münasibət öyrənərkən müsahiblə bir az da kobud, nahamar, qaçaraq tonda danışırlar. Təbii ki, belə nahamar israrların da cavabı əksər hallarda bir qədər köntöy alınır. Axı, fikrini öyrənmək istədiyiniz müsahibin həmin an ovqatı yaxşı olmaya bilər, lap belə, verdiyiniz sualın cavabına hazırlıqsız olar. Əsl peşəkar, əsl jurnalist belə şəraitdə müsahibi cavaba hazırlamağı bacarmalı, hal-əhval tutmalı, müsahibi niyyətinin düzlüyünə, təmizliyinə inandırmalıdır. Yoxsa, nə var, köntöy sual verib, elə o tonda da aldığın cavabı sayta yerləşdirərək qalmaqal yaratmağa...

***

Eyni günə, eyni saata iki tədbirə dəvət gəlir - ikisi də vacib, ikisi də israrlı... Bunların hansına üstünlük verim, hansına gedim deyə götür-qoy elədiyin məqamda qəfil zəng gəlir və ərklə elə həmin günə, həmin saata başqa bir tədbirə dəvət alırsan. Bu, həm də vəziyyətdən çıxış yolu olur. :) Tədbirlərdən birinə gedib qalan ikisini küsdürməkdənsə, heç birinə getməməyə qərar verirsən.

***

"Abdullayevi okumısın?!"

Deyirlər, Çingiz Abdullayevin 60 yaşı tamam olur. Məncə, bir az şişirdilmiş informasiyadır. Xeyli gəncdir Abdullayev! Ad günü və yubileyi mübarəkdir! Təbrik edirəm!

P.S. Yessentukidə bir kitab satan vardı. Milliyyətcə dağlı xalqlarından idi. Hər gün nahara, şam yeməyinə az qalmış velosipedlə gəlib, kitabları sanatoriyanın girişinə düzərdi. Azərbaycanlıları görən kimi şirin ləhcəylə satdığı kitabları reklam edib, müştəri haylayardı:

- Abdullayevi okumısın?! ))

***

30 il olar, Aqil Abbas Ağcabədinin Bayat kəndində kitabxana tikdirib. Ora ilk kitab göndərənlərdən biri də mən olmuşam! Aqil sabah BDU-nun Jurnalistika fakültəsinin professor-müəllim heyətilə Qarabağa gedir. Əvvəl Kəhrizlidə Həmidə xanım Cavanşirin ev muzeyini ziyarət edəcəklər, sonra Bayata, kitabxanaya baş çəkəcəklər. Aqil arzuladı, mən yenə 300-ə yaxın kitab topladım, kitabxanaya hədiyyə göndərdim!..

***

"Laçın itirilmişdir!"...

Hərbi diktorun 1992-ci ilin mayında dediyi bu cümlə bütün kədəri, ağrısı, əzabı ilə yadımdadır! Hərdən beynimdə oyanır, təbəssümümü üzümdə dondurur, qəhər olub boğazımda düyünlənir, bütün həyatımı alt-üst edir, miskinliyimi yada salır...

***

Sosial şəbəkələr olmayanda nadanlar və cahillər elə də görünmürdülər, yalnız lokal məkanlarda hökmranlıq edə bilirdilər. İndi şərait yaranıb, öz küt düşüncələriylə meydan sulayırlar, bəsit fikirlərini ətrafa təlqin edirlər. Hamısı da bir-birinə babdır - səs-səsə verirlər, qruplaşırlar, indiki leksikonla desək,  trollaşırlar.

Ağıllı kəsim isə təklənir, tənhalaşır, ümidsizliyə qapılır və sonda məğlub olur...

***

İndi 19-cu əsr deyil ki, bir həftə bardaş qurub dastana qulaq asasan. İndi informasiya dövrü, sürət əsridir. Çıxışlarda, nitqlərdə çoxlu su, artıq bəlağət, uzunçuluq olanda adam tıncıxır. Adamları tıncıxdırmayın!

***

Yağış torpağı və dənizi qaraldır. Yoxsa buludların kölgəsidir?!

***

İradə Tuncayı dinləmək həmişə maraqlıdır!

***

Bağışlayın, yazılarınız lap karikaturadır...

***

Ağ sevən qaralar olduğu kimi, qara sevən ağlar da var...

***

İmtina etməkdə bir az eqoistlik, özündənrazılıq da var...

***

O da bir dövr idi - keçdi getdi.

***

Havada nəsə var, elə bil. Gicəlləndirir...

***

İndi söyməkdən asan nə var ki?! Hünər söyməməkdir.

***

Hər ağızdan bir avaz gəlirsə nədir - xaos, musiqi, bazar?!.

***

Maraqlı kimsə, nəsə qalıbsa, hələ yaşamağa dəyər...

***

Feysbukda küyə getməmək hər profilin hünəri deyil!

***

Ələkçinin qıl verənləri də var, itləri hürdürənlər də...

Bir də marıqda yatanlar, fürsət gözləyənlər var.

Bir də nə var?!

***

Dəyərləri sonacan məhv etməyin, dağıtmayın. Bir gün gərəyiniz olar.

***

Pul iyi gələndə ağlı başından çıxan adamlar var. Çıxmayanlar da var amma...

***

Yer boş qalmır ki. Gələn bəlkə də, lap yaxşı olacaq.

***

Bir xırda korrektura səhvinə görə narahat olub, qəzetə zəng vuran adamlar var hələ...

***

Nəsimi də ədəb-ərkan arzulayıb:

- Ərkansız olanlarla rəfiq olma, Nəsimi,
Yol əhli gözət, sən ədəb-ərkan tələb eylə...

***

Yasəmənin ətri yoxdur. Gərək gün vursun. Günəş də ki, bizdən küsüb, deyəsən...

***

Çalışın xoruz buraxmayın...

***

Sadə yaşamağa öyrənin. Bəhsəbəhs sizi məhv edəcək.

***

Deyirəm, adam mənəvi böhran keçirir. Deyir, yəni pulu yoxdur?!  Bəlkə də, düz deyir?!

***

Keçmiş panel zavodunun yerində möhtəşəm şadlıq sarayı... Birləşdirmək ənənəsi qalır.

***

Bir nəfər hamı deyil...

***

Cırcırama dızıltısına da bənzəyir, drel səsinə də...

***

Dəyərlər dəyişib...

***

Çoxdan Azdramaya gəlmirdim...

***

Din tək İslam deyil ki... Hamısı barədə bilgi verilməlidir. Hətta Asif Ata ocağı barədə də...

***

"Çırmanırıq keçməyə çay gəlməmiş" - sadə, gəlişigözəl misra deyil. Sabir xarakter yaradıb bir misrada... Tez-tez rastımıza çıxır, başımıza gəlir...

***

Gecə saat 11-dən sonra yazılan statuslardan "vodka" qoxusu gəlir.,)

***

Bu sözü Nazim Hikmət desə, indi dillər əzbəriydi. Sən deyirsən deyə fikir verən yoxdur...

***

Yazan adamda Eqonun olması təbiidir, fitrətəndir. Hər yazar elə bilir ki, ondan üstünü yoxdur və yaratdıqları şedevrdir. Bunu müzakirə etmək və müəllifi nəyəsə inandırmağa çalışmaq havayı əziyyətdir!

***

Qurdalayanda görürsən ki, bütün bədbinlik və pessimistliyin bir səbəbi var - sevgisizlik! Sevgi yoxdursa, hər yer bomboz, hər tərəf səhradır!

***

Coşqulu, dərinliklərdən gələn, sirrini bilmədiyimiz, doğmaları sevindirməyə yönələn enerjini çoxu həzm edə bilmir, gözləri götürmür. Gözə gəlir, neqativlə rastlaşırsan...

***

Dünya xırdaca ironik bir təbəssümə bərabərdir.

***

Hər ismi və feili xəbərin sonuna "r" hərfi əlavə edəndə Nəriman Qasımoğlunu yada salıb gülümsəyirəm!..

***

İzləyənləri təqdir edirəm! Dostluq atıb qeyri-müəyyən vaxtda çatacaq növbəni gözləməkdənsə, izləmək daha məqbul seçimdir!

***

Hamının sevgisi mümkünsüzdür!

***

Gücün çatmayacaq yükü necə qaldıracağınla bağlı müzakirə açmaq vaxt itkisidir.

***

Bu qədər virtual ünsiyyət imkanı, bu qədər sosial şəbəkələr, dostlar... Amma yenə də adamlar təkdir və darıxır. Niyə?!

***

Tərəddüd etmədən inanırsansa, rahat və əminsənsə, nəticə arzuladığın kimi olacaq.

***

Hərdən başınızı qaldırıb ətrafınıza baxın...

***

Səhər əbədi və daimidir. Səhərin şərini də nahaqdan öyməyiblər. Şərində də ümid və işıq var.

***

Zamanı saxlamaq mümkün deyil. Sürətlə axıb gedir. Həm də hədər yerə...

***

Bazar gününün sakitliyi qonub feysbukun çöhrəsinə...

***

"Xabi-qəflət" əbədidir! Yatanlar və yatmağa meyllilər həmişə tapılacaq...

***

SSRİ dindən imtina etsə də, öz idarəetməsində İslam ideologiyasından çox şey əxz eləmişdi, bəhrələnmişdi.

 





08.05.2019    çap et  çap et