525.Az

Söz rəngli göyqurşağı...


 

Söz rəngli göyqurşağı...<b style="color:red"></b>

İlham Qəhrəman - bu ismin bir başqa doğmalığı var məndə. Bu isimdə görmədiyim Laçınımın qoşalaşan, sıx meşəli İşıqlı dağının, Zoğal burnunun, doya-doya ciyərlərimə çəkə bilmədiyim Xırman dərəsinin tər-təmiz havasının, için-için alışdığım zaman ovuc-ovuc buz kimi suyunu birnəfəsə başıma çəkə bilmədiyim Qırxbulağın həsrətinin hərfləri cəmlənib.

Çox düşündüm, haradan və necə başlayım deyə. Baxdım ki, görmədiyim Vətənin köksümdə düyünlənən ağrısını şair sözlərlə elə gözəl tablolara döndərib, ürəyin divarlarından bir-bir çərçivələyərək asıb. O tablolardan duya bildiklərimin eşqiylə şairin yaradıcılığına oxucu baxışı keçirtmək istədim - bu sətirləri oxuduqdan sonra:

Həyatımızı sınaq meydanı etdilər -
Kimin nə ağlına gələr...
Kimin nə kefinə düşər.
Vay o gündən,
Aşağıdakı ağacın kölgəsi,
Yuxarıdakı ağacın üstünə düşər!

Altı misralıq bir şeirdə özümü dərk edəndən bu yaşıma qədər olan həyat yollarını yüz dəfə getdim-gəldim bircə anlığa! Nə qədər böyük hikmət, nə qədər dərin fikir - anlamasını bilənlərə əlbəttə. Məhz bu sətirlərin izinə düşərək şairin yaradıcılığına səyahətə başladım.

Yəqin ki, şairi dərindən tanımaq istəyənlər üçün də maraqlı olardı. O zaman ilk tabloya baxaraq qələmimi ağ vərəqlərə toxundurmağa başlayıram:

Laçın rayonu, Sus kəndi! 1959-cu ildə Umud kişinin evində bir körpə dünyaya gəldi. Gəlməsinə gəldi də, nə zaman böyüdü, necə böyüdü, özü də bilmədi. Bir zaman gözlərini ətrafa zillədiyi an, özünü bir yazı taxtasının qarşısında görməyə başladı. Əslində, hər şey görünə bilirdi, amma dərk edə bilməsi hərflərin sehriylə başladı. Elə sehr ki, nə palçıqlı küçələr, nə yamaqlı geyimlər, nə bir parça quru çörək - kitabların verdiyi dad kimi olmadı. Və beləliklə, orta təhsilini uğurla başa çatdıran şair Bakıya doğru üz tutmağı qərara alır. Əslində, mühasib ixtisasına yiyələnsə də, hələ orta məktəb illərindən sözün rənglərini bir-bir seçərək göy qurşağı yaratmağa başlamışdı. Ustalıqla seçilmiş söz boyaları şairi ədəbiyyata 1980-ci illərdə gətirmişdi.

İlk dəfə 1986-cı ildə "Ulduz"   jurnalında şeiri çap olunan şairin sonrakı illərdən indiyədək "Gülüm yarpıza döndü", "Ağlama qu quşu", "Ey dil", "Sevgi durna çırağıdır", "Ağlama, qələm eşidir", Tehranda "Əsir dağlar", Təbrizdə "Məni bizə gətir" adlı kitabları dərc olunub. Bəli, ilk tablonun əsas rənglərini görmüş və anlamını anlamış oldunuz.
İndisə növbəti tablolara keçək, hansı ki, onları hiss edə bilmək üçün şairi yaxından tanımaq gərək. Amma məlum - mən şairi yaxından və uzaqdan tanımıram. Şairi anlamaq üçün öz ruhunu verdiyi şeir tablolarına bir izləyici kimi baxmaq istədim - bəlkə bir şair dünyasında tüğyan edən çırpıntıları, fırtınaları azacıq da olsa duya bilim deyə - bu şeirində hiss etdiklərim kimi:

Məni bir ağac hesab eləsən-
Hər budağımda bir xatirəmi -
Bir budağımda o gizlin,
görüş yerini unudarsan.
Bir budağımda əlimin sığalını,
Bir budağımda dodağımı-
öpüş yerini unudarsan!

Əslində, ağac köküylə torpağa bərkisə də, budaqlarıyla göylərə yüksəlir də, insan da ürəyiylə bərkiyir, ruhuyla yüksəlir. Şair şeirindəki ürəyinin gücünü, təmizliyini, saflığını, ruhunun da sədaqətini, iffətini ifadə edib - qarşısındakı xəyali gözəldən də eynisini budaqların çarpazlarına uyğun olaraq istəyib unuda bilməsin deyə.
Şairin sevgi şeirləri çoxdur, bəli. Amma bir az fərqli yanaşmaq doğru deyə düşündüm.

İlk bilirsiz nə diqqətimi çəkdi?! Şair verdiyi müsahibələrin birində deyir: "Bakıya 1978-ci ildə gəlmişəm. Belə demək mümkünsə, qaçqın statusum yoxdur! Amma işğaldan əvvəl əlimə fürsət düşən kimi ilin hər fəslində Laçına gedib gəlirdim!"

Amma gəlin görək məcburi köçkün statusu olmayan bir şairin qələmindən hansı dərd yağır:

Bu uşağın sir-sifəti
Ağactək sevdiyi,
Xiffətini çəkdiyi
Torpağa oxşayır.
Bu uşaq susuz ağacda,
Bürüşən yarpağa oxşayır!

Bəlkə də adi söz kimi görünür. Ancaq o qədər kədər, o qədər sızıltı, o qədər ağrı var ki, bu sözlərdə. Hətta ağrının yara izləri şeirlərə elə sıçrayıb, elə sıçrayıb oxuduqca insan gözlərinə söz keçirə bilmir. Acınacaqlısı bilirsizmi nədə?! Uşaqlar uşaqlığında yaşadığı sevinci və kədəri ömür boyu unuda bilmir - hər nə qədər həyatı dəyişsə də - yaxşıya və pisə doğru. Şair də özünün uşaqlığından gəncliyinə qədər olan o çətin və heç zaman geri döndərə bilməyəcəyi o xoşbəxt, qayğısız çağlarını heç zaman unuda bilmir - yəqin ki, heç unuda bilməyəcək də - elə bu şeirində unutmadığı kimi:

Telli balam, elə indicə,
Laçında ardıc meşəsiylə,
üzüyenişə çaya endim.
Yoldakı ardıcın altından keçəndə
qolunu boynuma saldı, əl tutdu,
saqqızı əlimə yapışdı,
kor tikanları qulağıma, üzümə batdı.
Budağında buğda dimdik
qaratoyuğu dinlədim.
Acıya çalan ətrindən pay qoydu,
büküb burnuma düyünlədi.
Ayrılanda gözüm nəmlədi,
əlim titrədi...
Telli balam,
Laçında ardıc ətri, həsrətin ətridi,
Hara gedirəm o ətir mənimlədi.

Gəl indi Vətən görməyən gözlərim - ağlama, Vətən duymayan ürəyim - sızlama! Necə dözmək olar həsrətin açdığı göz bağlamayan yaralara - bunları daşıyan bir şair olarsa hələ ki, gəncliyini Laçın torpağında yaşayan bir şair! Özü demiş:

Ayrılıq, dostum, aradan
sel aparan körpüdü,
Sənə iki yol qalır -
Ya geri qayıtmaq,
ya dizi qucağında
çayın qırağında oturmaq...
Birinciyə ürək lazımdı,
İkinci də ürək istər.
Baxır sən hansı ürəyə sahibsən..

Bəli, yalnız o ürəyi daşıya bilənin köksü Vətən həsrətindən dağ-dağ olar! Gündüzləri belə sayıqlayar həsrətinin yuxularını. Elə bu şeirində gördüyü yuxu kimi!

Nə vaxtdı sayırıq günləri, ayı
Nə vaxtdı sağ gözüm Zabux çayıdı.
Nə vaxtdı sol gözüm - Həkəri çayı.
O vaxtdan boğazım Çayqovuşandı,
Bu da bir gecədi, belə yaşandı,
Bu gecə evimiz yadıma düşdü...

Bu sətirləri oxuduqca babamın təsbehini qoynunda gəzdirən nənəm gözlərimin önündə durdu. Hər səhər o təsbehi çıxarıb bir az baxdıqdan sonra dərin bir ah çəkib, təsbehi körpə uşaq kimi sığallayıb, sonra da öpərək yenidən qoynuna qoyar. Bir dəfə sual etdim, səbəbindən qanadı qırılmış göyərçin kimi əllərim yanıma düşdü.

Sən demə, bu təsbehi babam həyətlərindəki fındıq ağacından oyub düzəldibmiş. İndi hər o təsbehə baxanda  - o fındıq ağacı, onun kölgəsində oynaşan 9 uşaq yadıma düşür  - deyir. Baxın, şairin bu şeiri də məhz hər kəsin yaşadığı bir xatirəni canlandıra bilmək gücündə. Nə deyim, Allah yuxularını bir gün çin etsin deyirəm, şair! Bir gün sən də azad ola biləsən həsrətinin qəfəslərindən, bir gün sən də Laçının üzərindən deyil də, ürəyindən uça biləsən - əgər azad ola bilsən. Amma şair azad ola bilməz necə ki, sən demisən:

Xalqım,
Yaxşı şairlər üçün,
Dar ağacın var olsun,
Kəndirini daram tut!

Xalqım,
Yaxşı şairlərinə,
Adəmə buğda kimi,
Azadlığı haram tut!

Nə deyim, bilmirəm axı! Mənim kimi kiçik barmaqlar bu cavabsız sualların cavabını tapmaqda aciz! Amma unutma şair, sözü dəyərə, qiymətə gətirən əsl şairlər hələ də var - siz və sizin kimi şairlər. O "azadlıqda" gəzənlər qoy gəzsinlər - bir gün Sözün dar ağacından asılacaqlar əmin olun. Və bu gün də, o gün də sizin və sizin kimi şairlərin veriləcək bir cavabı var:

Bu da belə zamanadı,
Söz alan, söz satan var
Bazar gördüm deyən yoxdu,
Ədəbiyyata gəlib,
Nə gör dün? -
Bütün ölçülər yerindədi,
Meyar gördüm deyən yoxdu.

Kim deyə bilər
Yazdığın səmimi deyil.
Qəm yemə kölgədəsən-
Sən yazanı yaza bilmək,
Hər şairin yemi deyil!

Məryəm ƏLİYEVA

 





08.05.2019    çap et  çap et