525.Az

Erməni quldurluğunu ifşa edən bir şeirin tarixçəsi


 

Erməni quldurluğunu ifşa edən bir şeirin tarixçəsi<b style="color:red"></b>

1986-cı ildə Naxçıvanda qocaman tarix müəllimi, vaxtilə muxtar respublikanın ictimai-siyasi həyatında müəyyən fəaliyyəti olan Qasım Tağıyevlə görüşüb söhbət etdik. Onun dilindən eşidib yazıya aldığım 11 bəndlik bir şeir bu gün də öz aktuallığını itirməmişdir. Şeirin müəllifi nehrəmli Şeyxəli oğlu Yusifdir. Q.Tağıyevin dediyinə görə, o, savadsız bir şəxs imiş.

Şeirdə "Böyük Ermənistan" yaratmaq xülyasında olan, xəstə təxəyyüllü, daşnak Andranik Ozanyanın öz quldur dəstələri ilə Nehrəmə hücumu və igid nehrəmlilər tərəfindən geri oturdulması məharətlə ümumiləşdirilib.
Şeiri məzmununa görə iki hissəyə ayırmaq olar:

İlk beş bənddə müəllif  "daşnak şahlığı" yaratmaq xülyasında olan Andranikin Naxçıvanda törətdiyi ağlasığmaz vəhşiliklər (qaynar samovarı kürəklərə bağlaması, adamları yanar təndirə atması, hamilə qadınların qarnını yırtması, kəndləri viran qoyması) sadalanır, sonra "düzləri və dərələri al qana boyaması" yanıqlı bir dillə, nifrət dolu ifadələrlə nəql edilir.

Beşinci bənddəki "Od vurdu Saltaxda yandı çox cavan, Çox dəhşətlə yandı Qaçaq Süleyman" misraları isə Andranikin Əlincəçay hövzəsində minlərlə qanlı cinayətlərdən ikisinə işarədir. Q.Tağıyev vaxtilə bu misraları izah edərək bizə demişdi ki, Andranik o vaxt Saltaxda ələ keçirdiyi 30 cavanı, Tividə isə aldatdıraraq tələyə saldığı Qaçaq Süleymanı öz dəstəsi ilə bir otağa yığıb yandırmışdır.

Naxçıvan Dövlət Arxivində mühafizə olunan sənədlərin birində Qaçaq Süleymanın erməni "dostu" Hayrik tərəfindən "bundan sonra aramızda sülhü bərpa etməliyik" vədi ilə aldadılması, öz dəstəsi ilə onun evinə gələrək "səmimi söhbətlər" etməsi, sonra silahsız Süleymanı və yoldaşlarını (16 nəfəri) vəhşicəsinə qətlə yetirib yandırması haqqında məlumatlar vardır. Başqa bir sənəddə isə Süleymanla birlikdə həlak olan Məmmədəli İsmayılov, Məmmədxan Pirimov, Adıgözəl Cəfərov, Dünyamalı Sultanəliyev, Təhməz Əliqulu oğlu və başqalarının adları da göstərilmişdir.

Şeirin sonrakı 6 bəndində əsas diqqət Andranikin Nehrəmə hücumu və burada ağır məğlubiyyətə düçar olmasına yönəldilir.

Şeirin tam mətni belədir:

Qudurmuş it oldun daşnak Azoyan,
Yandırdın köyləri, eylədin viran,
Bu ana yurdumu etməkçün talan,
Bizə çox mərmilər atdın, Andranik.

Dənizdən-dənizə xəyala daldın,
Daşnak şahlığını föhrüzə saldın,
Kerzondan həmişə göstəriş aldın,
Röyanda məqsədə çatdın, Andranik.

Ellər dinc yaşardı burda min illər,
Sən gəlib yaratdın hər cür fitnələr,
Al qana boyandı düzlər, dərələr,
Fitnələri sən oyatdın, Andranik.

Qaynar samovarı dallara çatdın,
Adamları yanar təndirə atdın,
Həmli qadınların qarnını yırtdın,
Vicdanı dollara satdın, Andranik.

Bu elə-obaya sən tutdun divan,
Od vurdun, Saltaxda yandı çox cavan,
Çox dəhşətlə yandı Qaçaq Süleyman,
Bu yerdə sən at oynatdın, Andranik.

Quduz alayını dəstəbədəstə,
Qəflətən yetirdin Nehrəmin üstə,
Rəhm etmədin uşağa, həm şikəstə,
Kəndimizə hücum etdin, Andranik.

Ordunu yeritdin dərədən, yoldan,
Müslüm sağdan vurdu, Müseyib soldan,
Mərd igidlər sənə vermədi aman,
Leş üstə leş qoyub getdin, Andranik.

Kəlbə Muxtar oldu igid komandan,
Davam gətirmədi cula, qaxtağan,
Qırıldı qaxtağan, töküldü çox qan,
Sən Nehrəmdə yasa batdın, Andranik.

Dro ilə Yapon qaldı arxada,
Nijdə də çalışdı çatmadı dada,
Ordunun Nehrəmdə sən verdin bada,
Çox qanları qana qatdın, Andranik.

Nehrəmlilər istehkamlar qurdular,
Mərd igidlər səngərlərdə durdular,
Culaları əlbəyaxa vurdular,
Məğlub olub gözdən itdin, Andranik.

Qaxtağanla sən Nehrəmi bürüdün,
Quduz it tək xalqımıza hürüdün,
Məğlub olub Zəngəzura yürüdün,
Son məqsədə belə yetdin, Andranik.

Şeirin bəzi məqamlarının izaha və əlavə şərhə ehtiyacı vardır. Məsələn, 8, 10 və 11-ci bəndlərdə adı çəkilən "cula" və "qaxtaqanlar" kimlərdir?

Tarixi mənbələrdə "cilov", yaxud "cilo" adlandırılan xristianlar aysorlar idilər. Lakin vəhşi və qaniçən təbiətlərinin uyğunluğuna görə ermənilərlə elə qaynayıb-qovuşmuşdular ki, hamı onları erməni hesab edirdi. Cilolar erməni quldurları ilə birlikdə 1918-ci ildə Cənubi Azərbaycanın Urmiya, Dilman, Salmas, Xoy və başqa yerlərində misli görünməmiş vəhşiliklər törətmiş, müsəlmanları, xüsusilə azərbaycanlıları dünyada analoqu çətin tapılan soyqırımına məruz qoymuşlar. Bu barədə ciddi araşdırmalar aparan tədqiqatçı Tohid Məlikzadə Dilməqaninin cula-erməni azğınlığını nümayiş etdirən aşağıdakı sözləri tükürpədicidir: "Salmas və Urmiyanın kəndlərində cilolar və ermənilər divarları deşərək azərbaycanlı qadın və kişilərin başlarını oradan keçirir, ipə salır və bu ipi öküzə bağlayaraq bir dəfəyə başlarını üzürdülər".

"Qaxtaqan" erməni sözü olub "qaçqın"  mənasını bildirir. Andranikin Ermənistanın müxtəlif yerlərindən öz dəstələrinə qoşduğu və məzlum adlandırdığı qaxtaqanlar gözü qızmış, səfil-sərgərdan erməni vəhşiləri idilər.
Andranik Nehrəmə hücum edərkən onun dəstələrində digər erməni quldurları ilə yanaşı, cula və qaxtaqanlar da var idi.

Şeirin adı çəkilən bəndlərində Kəblə Muxtarın komandamlığı ilə "mərd igidlərin" istehkam quraraq "quduz ittək Nehrəmi bürüyən" cula və qaxtaqanları məğlub etməsi tarixi həqiqəti əks etdirir. Əlimizə gəlib çatan bəzi xatirə və arxiv materialları bunu sübut edir. Məsələn, həmin döyüşlərin iştirakçısı Heydərqulu Həsənov o günləri xatırlayaraq yazır: "Yaxşı silahlanmış dəstələrimizin tabor komandanı Kərbəlayi Muxtar əlində mauzer, kəhər atın belində məhəllələri gəzir, əhalini döyüşə qaldırır, atəş nöqtələrinə patron, çörək, su çatdırırdı".

Bir arxiv sənədində isə kəndin müdafiəsində fərqlənən Hacı Əli, Hacı Heydər Dünyamalı oğlu, Məşədi Heydər, Hacı Mehdi, İbrahim Hacı Fərzalı oğlu, Kazım, Sadıq, Müslüm və Müseyib qardaşları kimi rəşadətli döyüşçülərin adları xatırladılır.

Şeirin 7-ci bəndində adları çəkilən Müslüm və Müseyib qardaşları haqqında Q.Tağıyevin bizə verdiyi məlumatlar da maraqlıdır. Onun dediyinə görə, doğma qardaş olan Müslüm və Müseyib mahir ovçu olublar. Andranikə qarşı cəsarətlə vuruşduğu görə Türkiyədən Müslümə medal göndəriblərmiş. Pələng boğduğu üçün isə çar hökuməti onu İgidliyinə görə medalı ilə təltif edibmiş.

Bütövlükdə götürdükdə şeirin ümumi məzmunundan görünür ki, onun müəllifi Şeyxəli oğlu Yusifin təsvir etdiyi hadisələr haqqında məlumat və müşahidə dairəsi geniş imiş. Andranikin ingilislər tərəfindən himayə olunması, Nehrəm döyüşlərinin təfərrüatı, Andranikin Nijdə, Dro və Yapon kimi vəhşi daşnaklarla silahdaşlığı, Nehrəmdə məğlub olduqdan sonra Zəngəzura üz tutmasına aid misralar bu fikrimizi təsdiqləyir.

Şeyxəli oğlu Yusifin təhlilini verdiyimiz bu şeiri azərbaycanlıların və türklərin cəlladı kimi tarixin yaddaşına düşən Andranikin qaniçən obrazının müəyyən cizgilərini əks etdirən dəyərli bədii nümunələrdən biridir.

 





08.05.2019    çap et  çap et