525.Az

Televiziyanın əfsanəsi


 

Televiziyanın əfsanəsi<b style="color:red"></b>

Moskvada Ənvər Məmmədovu belə adlandırırdılar – televiziyanın əfsanəsi. Bu, təsadüfi deyildi – Ümumittifaq Radiosunun və Mərkəzi Televiziyanın təşəkkülündə əvəzsiz xidmətləri vardı həmyerlimizin. Böyük hörmət və nüfuz sahibiydi, sözün əsl mənasında televiziyanın əfsanəsiydi.

70-ci illərin sonu idi. Azərbaycan Beynəlxalq Radiosunun Türkiyəyə verilişlər baş redaksiyasında redaktor vəzifəsində çalışırdım. Moskva Beynəlxalq Radiosuna ezam edilmişdim. Radionun siyasi icmalçısı Nikolay Vasilyeviç Matusla foyedə söhbət edirdik. Nikolay Vasilyeviç aralıdan bizimlə salamlaşıb, liftə sarı gedən ucaboy bir nəfəri mənə göstərib dedi:

– Sənin həmyerlindi – Ənvər Məmmədovdu, televiziyanın əfsanəsi deyirlər ona. – Sonra da zarafatla əlavə elədi: – Sənin də familiyan Məmmədovdu – birdən qohum olarsınız.

Çox maraqlıdır ki, eyni sualı bir il sonra Moskvada Teleradio İşçilərinin Ümumittifaq İxtisasartırma İnstitutunun dinləyicisi olarkən bizə mühazirə söyləyən beynəlxalq icmalçı, tanınmış jurnalist İqor Fesunenko verdi mənə. Ənvər müəllim haqqında bir xeyli danışdı, xoş sözlər söylədi. Ənvər müəllim öz işi, bacarığı və nüfuzuyla “Məmmədov” familiyasını elə yüksəklərə qaldırmışdı, elə tanıtmışdı ki, o familiyanı daşıyan hər kəsə SSRİ Dövlət Teleradio Verilişləri Komitəsində xüsusi hörmət və izzətlə yanaşırdılar. Mən özüm dəfələrlə bunun şahidi olmuşdum.

Çox maraqlıydı – Ənvər Məmmədovla Nikolay Matusu yalnız məsləkləri yaxınlaşdırmırdı, onların keçdiyi həyat yolunda da hardasa bir paralellik vardı. Hər ikisi Böyük Vətən müharibəsi iştirakçısı idi, hərbi tərcüməçilər məktəbini bitirmiş, kəşfiyyatçı zabit olmuşdular. Onların sonrakı ömür yolunda da bir bənzərlik tapmaq mümkündü. Nikolay Vasileviç Matus müharibədən sonra bir müddət Türkiyədə müxbir adı altında çalışmış, ordu sıralarından tərxis edilib, Bakıda yaşamış, 60-cı illərdə Azərbaycan Beynəlxalq Radiosunda işləmişdi. Moskva həyatı bu iki keçmiş kəşfiyyatçını Moskva Beynəlxalq Radiosunda qarşılaşdırmışdı, bir yerdə işləməli olmuşdular. Nikolay Vasilyeviç uzun illər Ənvər Məmmədovun rəhbərliyi altında çalışdığından həm bir insan, həm də bacarıqlı rəhbər işçi, istedadlı jurnalist kimi onu yaxşı tanıyırdı.

Ənvər Məmmədov 1923-cü il avqustun 15-də Bakıda anadan olub. Onun ömür yolu keşməkeşli, amma çox mənalıdır, yazılmamış bir salnamədi, qələmə alınmamış bir romandır, çəkilməmiş filmdir. Enişli-yoxuşlu ömür yolunda tale insanı nə qədər sınağa çəkərmiş? Orta məktəbin yeddinci sinfini bitirdikdən sonra çilingər köməkçisi işləyib. Həyatın acısını cavan vaxtlarından dadıb. Atası Nazim Məmmədov repressiya qurbanı olub, ölümündən sonra ona bəraət qazandırılıb.

Balaca Ənvərin tərbiyəsilə ana nənəsi Sofya Andreyevna məşğul olub. Onun Lev Tolstoyun həyat yoldaşına qohumluğu çatırdı.

Hələ orta məktəb illərindən Ənvərin arzusu təyyarəçi olmaq idi, Bakı planer və paraşütçülər klubunda məşğul olurdu. Ancaq Vətən müharibəsinin başlanması onun həyat yolunu başqa səmtə yönəltdi. Bir neçə dili mükəmməl bildiyindən onu onu cəbhədən qaytarır, Bakıdakı hərbi tərcüməçilər məktəbinə göndərirlər.

1943-cü ildə Ənvər Məmmədovu gözlənilmədən Moskvaya SSRİ Xarici İşlər Xalq Komissarlığına çağırırlar. Xarici İşlər Xalq Komissarı Molotov bayağı tərzdə “bu tatarinə diplomatik ranq verib İtaliyaya məsul işə göndərməyə nə lüzum var” deyib etiraz etməsinə baxmayaraq, Ənvər Məmmədovun italyan, fransız və alman dilində mükəmməl danışmağını, bacarığını nəzərə alaraq onu Xarici İşlər Xalq Komissarlığında işə götürür, sonra SSRİ-nin İtaliyadakı səfirliyinə attaşe göndərirlər. O vaxt Ənvər Məmmədovun cəmi iyirmi bir yaşı vardı.

Onun ömür yoluna nəzər yetirəndə, həyatında maraqlı hadisələrin, əhvalatların çox olduğunu görürük. Nürnberq məhkəməsində tərcüməçi kimi iştirak edib. Faşizmi ifşa və ittiham edən beynəlxalq hərbi tribunalın şahidi olmaq gənc diplomat Ənvər Məmmədovdan ötrü heç vaxt unutmayacağı tarixi hadisələrdəndi. Stalinqradda məğlub olub əsir düşmüş feldmarşal Paulsun Moskvadan Nürnberq hərbi tribunalına gətirilməsi zərurəti yarana biləcəyini nəzərə alaraq, sovet nümayəndəliyi əvvəlcədən feldmarşalı təyyarəylə Almaniyaya aparmışdı. Onun gizlin yolla Amerikan zonasından keçirilməsini Ənvər Məmmədovla hərbi kəşfiyat idarəsinin bir zabiti yerinə yetirmişdi.

O, müharibənin acı nəfəsini də duyub, hərbi kəşfiyyat idarəsinin əməkdaşı kimi də çox risklərlə qarşılaşıb.  Nə kimi çətinliklərlə qarşılaşsa da, heç vaxt inamını itirməyib və onu həmişə qalib çıxaran da məhz bu hiss olub. Özünün dediyi kimi onun öz baxışı, öz prinsipləri var: həyatın nəbzini tutmaq, bugünlə yaşamaq, keçmişdən isə yalnız və yalnız gələcəyə lazım olanları götürmək.

Müharibədən sonra diplomatik sahələrdə çalışan Ənvər Məmmədovu tale sonralar jurnalistikaya gətirir. “Sovetskiy Soyuz” jurnalının baş redaktoru olur. Sonradan Moskva Beynəlxalq Radiosunun Amerika, Kanada və Latın Amerikası redaksiyasının baş redaktoru vəzifəsinə təyin olunan Ənvər müəllim tezliklə Beynəlxalq radioya rəhbərlik edir. 1962-ci ildə SSRİ Televiziya və Radio Verilişləri Komitəsinin sədr müavini vəzifəsinə təyin olunur.  İşdə özünü son dərəcə ciddi və prinsipial göstərən Ənvər Məmmədov radioda çox yeniliklər etməyə müvəffəq olur. Dövrünün populyar radiosu olan “Mayak” stansiyasının açılması, fəaliyyəti də məhz onun adıyla bağlıdır.

“Mayak” informasiya və musiqi radiostansiyası yaratmaq ideyasını irəli sürəndə Kremldə Ənvər Məmmədovun bu təklifini müsbət qarşılamırlar. Çox çətinliklə də olsa, Məmmədov Kreml məmurlarını yola gətirməyə müvəffəq olur. Bu ideyanın həyata keçməsində onu Aleksandr Yakovlev dəstəkləyir.

1963-cü ildə efir məkanında yeni bir səs eşidilir – “Mayak” radio stansiyasının səsi. Bu səs bütün ölkəyə yayılır, milyonlarla dinləyicinin ürəyinə, qəlbinə yol tapır. “Mayak” yalnız SSRİ-də deyil, ölkənin hüdudlarından kənarda da maraqla dinlənilən radio idi. Deyim ki, “Mayak” mənim də gəncliyimin radiosuydu. Elə bilirdim, “Mayak” dünyanı yığıb gətirir bizim evimizə. O radionun gözəgörünməz dalğalarında romantik mahnı musiqi qanadlarında bütün yer üzünü dolaşırdım sanki. Sovet xalqının böyük bir nəsli bu radionun maraqlı verilişlərilə formalaşıb. “Mayak”, yaşından asılı olmayaraq, hər kəsin radiosuydu. O vaxt ağlıma belə gəlməzdi ki, Moskvadan səslənən bu radionun bilavasitə qurucusu həmyerlimiz Ənvər Məmmədov imiş. Və illər keçəcək, əyalət qəsəbəsində tranzistoru qucaqlayıb radio dinləyən bir yeniyetmə efirdə yayılan sirli dalğaların sehrinə düşüb öz doğma elindən-yurdundan pərvazlanacaq, həyatını radioyaya bağlayacaq. “Mayak” mənim kimi çoxlarını radio azarına tutdurmuşdu, çoxları həyatını, taleyini radio işinə bağladığına görə həm də bu radiostansiyaya minnətdardı.

Özünü bacarıqlı jurnalist, rəhbər işçi kimi göstərən Ənvər Məmmədov 1970-ci ildə SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsində televiziya üzrə birinci müavin vəsifəsinə irəli çəkilir. Ənvər müəllimin gəlişi ölkədə televiziyanın demək olar ki, yeni təşəkkül tapdığı dövrə təsadüf etdiyindən, o, üzərinə necə bir məsuliyyət düşdüyünü yaxşı bilir, yorulmadan çalışırdı. Yalnız çalışmırdı, demək olar ki, həm də Kremldəki məmurlarla vuruşur, döyüşürdü. Tanınmış televiziya jurnalisti Eduard Saqalayev yazır ki, Ənvər Nazimoviç Mərkəzi Komitənin məsul işçilərilə, hətta Siyasi Büronun üzvləriylə də telefonda çox soyuqqanlı danışır, heç vaxt özünü onlardan aşağı tutmurdu. Qürurunu gözləyirdi, vüqarlıydı.

Demokratik ruhlu, azad təfəkkürlü bir insan kimi tanınan Ənvər Məmmədovun gəlişiylə Mərkəzi Televiziyada yeni ab-hava duyulmağa başladı. Yeni-yeni maraqlı proqramlar efirə yol tapdı. Yeni proqramları isə yeni təfəkkürlü, istedadlı televiziya jurnalistləri yaradacaqdı. Yaradıcı insanları televiziyaya cəlb etmək, onlara öz sözünü deməyə imkan yaratmaq, köhnə stereotiplərdən xilas olmaq – Ənvər Məmmədov ilk gündən bu prinsipləri əsas götürürdü. Potensial imkanlardan yetərincə dəyərlənməklə yeni televiziya qurmağı qarşısına məqsəd qoymuşdu. Belə bir ağır yükün altına girmək asan məsələ deyildi, bu addımı yalnız özünə güvənən, prinsipial və peşəkar insan ata bilərdi.

Sədr müavini olsa da, demək olar ki, bütövlükdə televiziyanı Ənvər Məmmədov idarə edirdi. Onlarla proqram, o cümlədən “Baharın on yeddinci anı”,  “Həmişə təmizlikdə” və neçə-neçə televiziya filmi məhz Ənvər müəllimin bilavasitə köməyilə çəkilmiş, mavi ekrana yol tapmışdı. Bu filmlər tamaşaçıların sonsuz rəğbətini qazanmışdı. O dövrün maraqlı proqramlarından olan “Mavi ekran” da ruhən təzələnmiş, yeni formatda təqdim edilməyə başlamışdı.

Ənvər Məmmədov şəxsiyyətdir. O, naşıların, gözə kül üfürənlərin barışmaz düşməni idi. Bilirdi ki, televiziyanı yalnız istedadlı, jurnalistlərin, qələm sahiblərinin hesabına irəli aparmaq olar. Bilirdi ki, yalnız istedadlara yol açmaqla televiziyanı milyonlara sevdirmək mümkündü. Bununla yanaşı o, hər bir işçiyə qarşı çox tələbkar idi. Saqalayev deyir ki, Ənvər Məmmədov Mərkəzi Televiziyada bir nömrəli jurnalist idi, heç kim onun qədər məntiqli danışa, yaza və fikir yürüdə bilməzdi. Bir dəfə yığıncaqda müzakirə zamanı Valentin Zorin müştəbehlik edərək öz proqramını təriflədi. Ənvər müəllim onun sözünü kəsib dedi, Valentin Sergeyeviç, başa düşdük, gələcəkdə sizin Kremlin divarları önündə dəfn olunmanız barədə fikirləşməliyik... O söhbətdən sonra bir daha Zorinin dilindən özü haqda tərif eşidən olmadı...

Valentin Zorin, Vladimir Dunayev, Aleksandr Bovin, İqor Fesunenko kimi nəhəng jurnalistlər, beynəlxalq miqyasda yaxşı tanınan nüfuzlu siyasi icmalçılar Ənvər Məmmədovun rəhbərliyi altında işləyirdilər.

Televiziya işinə rəhbərlik etmək çətindi. Ona görə ki, rəhbər işçi həm ssenaridən, həm rejissor işindən, həm musiqi tərtibatındın, həm də televiziya texnikasından baş çıxarmalıdı. Bütün bu keyfiyyətlər Ənvər Məmmədovun simasında cəmlənmişdi, odur ki, əməkdaşlar Ənvər müəllimlə yaradıcılıq barədə necə söhbət aparmağın məsuliyyətini başa düşür, dərk edirdilər. Onu da bilirdilər ki, onun qapısını hər verilişlə, hər təkliflə döymək olmaz.

Ənvər müəllim başqalarına olduğu kimi özünə qarşı da son dərəcə tələbkar idi. Bilirdi ki, rəhbər işçi, hər şeydən əvvəl, özü nümunə olmalıdı başqalarına. İti zehinli, hazırcavab olduğundan onun bircə cümləylə ifadə etdiyi fikrin mənası da dərin və sanballıydı, hər kəs də payını tez götürürdü. O, işçini buraxdığı səhvə görə uzun-uzadı danlamağı sevmirdi, danlağında da, tərifində də qısa və konkret idi. Onun iclaslardakı çıxışları o qədər maraqlı  olurdu ki, söylədiyi lokonik və mənalı fikirlər sonradan zərb-məsələ dönüb əməkdaşların dilindən düşmürdü. Bir dəfə isə deyib: “Televiziya küçələrdə baş verən cinayətlərə görə də məsuliyyət daşıyır. Televiziya maraqlı olanda cinayətkarlar da, onların potensial qurbanları da küçələrdən yığışır, televiziya qarşısında otururlar”. Doğrudan da eləydi, Mərkəzi Televiziyanın maraqlı proqramları insanları mavi ekran qarşısına toplayırdı. Yaxşı yadımdadı 70-ci illərdə “Baharın on yeddinci anı” televiziyada göstəriləndə Bakının küçələri boşalırdı. Çox sonralar Bolqarıstanda olanda eyni fikri bolqar həmkarlarımın da dilindən eşitdim, deyirdilər, o film göstəriləndə Sofiyanın küçələrində bir adam belə gözə dəymirdi.

“Baharın on yeddinci anı” filminin mavi ekranlara çıxması üçün o vaxtların ideologiya kardinalı kim tanınan Mixail Suslovu inadından döndərmək heç də asan iş deyildi. Suslovun əsas iradı bu idi ki, ssenaridə düşmən ağıllı göstərilir. Onunla görüşdə Ənvər Məmmədov çox soyuqqanlıqla sözünü deyir, deyir ki, mən faşizmi ittiham edən Nürnberq hərbi tribunalının iştirakçısı olmuşam, dünyanı qana bələyən o adamların üzünə, gözlərinin içinə baxmışam, onların əməlini ifşa edən sənədləri, filmləri gömüşəm. “Baharın on yeddinci anı” kimi filmlər çəkilməsi, tarixin bir zaman kəsiyini, televiziya filmlərinə gətirilməsi, xalqa göstərilməsi zəruridi... Çoxları yaxşı bilir ki, “Baharın on yeddinci anı” filmi məhz Ənvər Məmmədovun səyi, prinsipal mövqeyi sayəsində ekrana yol tapıb. Ostankinonun dəhlizində özünəxas yerişlə – iri addımlarla gedəndə qadınlar, qızlar çönüb onu heyranlıqla süzür, “müharibədə əsl Ştirlis Ənvər Məmmədov olub” deyirdilər.

Mərkəzi televiziyaya rəhbərlik etdiyi müddətdə sovet televiziyası sözün əsl mənasında özünün yeni simasını tapmışdı. Onu da qeyd edim ki, deyilənə görə, 70-ci illərin sonunda Mixail Suslovun Ənvər Məmmədovu SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsinə təyin etmək fikri olub. Suslov yaxşı bilirdi ki, sədr – keçmiş diplomat Sergey Georgiyeviç Lapin jurnalist kimi yaxşı tanınsa da, Mərkəzi Televiziyanın əsas ağırlığı Ənvər Məmmədovun çiynindədi. Sergey Lapinin Leonid İliç Brejnevlə yaxın dostluğu Suslova bu təyinatı həyata keçirməyə imkan verməyib. Deyim ki, Sergey Lapin də təcrübəli jurnalist idi, nüfuzlu rəhbər işçi kimi ad çıxartmışdı. Elə bir yığıncaq, iclas olmazdı ki, o, hansısa məsələdə Məmmədovla məsləhətləşməsin. Ümumittifaq Radiosu və Mərkəzi Televiziyasının inkişafında Sergey Lapinin də əvəzsix xidmətləri olub. O illərdən mənə xatirə qalan bir də Lapinin imzasıyla aldığım fəxrifərmandı. Ənvər Məmmədov Lapindən xeyli cavan olduğundan onun hörmətini saxlayır, bir azərbaycanlı kimi böyük-kiçik yerini gözləyirdi. Lapin ona güvənir, onun ideyaları ilə razılaşır və bilirdi ki, Məmmədovun  ideyaları, fikirləri söz olaraq qalmır, əməldə həyata keçir.

O vaxtlar yeni ruhda efirə çıxan “Vremya” informasiya proqramı, “Kabaçok 13 stulyev”, “A nu ka devuşki”, “Çto, qde, koqda”, “Kinopanorama” kimi verilişlər milyonlarla insanı mavi ekran qarşısına yığırdı. Çox qəribədi ki, ömrünün uzun illərini radio və televiziya işinə həsr eləmiş, bu sahədə əvəzssiz xidmətləri olmuş, sözün əsl mənasında radio və televiziyada xaruqələr yaratmış Ənvər Məmmədov haqqında arxivlərdə xronika, kadr tapmaq çətindi. O həmişə belə hisslərdən uzaq olub, özünü gözə dürtməyi sevməyib, həyatını bütün varlığıyla sevdiyi peşəyə, işə həsr edib. Mərkəzi Televiziyanın o vaxtkı diktoru İqor Kirillov deyir ki, o, olduqca yaraşıqlı, qamətli idi və qadınlar onun dərdindən dəliydilər. Amma Məmmədov özünü ikinci planda görür, başqalarından seçilmək istəmirdi. O həmişə bizimlə birlikdəydi, bilirdik ki, hər bir şəraitdə sinəsini irəli verib bizi müdafiə edəcək...

Ənvər Məmmədov yalnız davranışı ilə deyil, səliqə-sahmanı, geyim-keçimiylə də nümunəydi başqalarına. Tale ondan heç nəyi əsirgəməmişdi: onun yaraşıqlı zahiri görünüşü ilə daxili saflığı, duruluğu, mənəvi zənginliyi bir-birini tamamlayırdı. Ünsiyyətcil olduğundan dostları, tanışları çox idi. Xarici ölkələrdə işlədiyi vaxtlarda qazandığı dostları onu unutmurdular. Moskvaya yolu düşənlər onunla görüşməmiş getməzdilər. Kubanın o vaxtkı müdafiə naziri Raul Kastro SSRİ-yə səfərlərində Ənvər Məmmədovla görüşü hökmən protokola saldırırmış. Bu, SSRİ müdafiə nazirinin və digər yüksək çinli hərbçilərin heç də xoşuna gəlmirmiş, qısqanclıqla yanaşırmışlar. Ənvər müəllim müsahibələrindən birində bu haqda deyir ki, Raul hər dəfə Moskvaya gələndə hökmən mənimlə görüşürdü və bizim görüşümüzdə stolun üstündə mütləq bahalı konyak olurdu.

Ənvər müəllimi haqlı olaraq “canlı ensiklopediya” da adlandırırlar. Demək olar ki, bütün əməkdaşların adını, hətta onların doğum tarixini belə yadda saxlayırdı. Bütün bunlar onun yalnız bir rəhbər işçi kimi deyil, diqqətli, qayğıkeş insan kimi də sevdirirdi əməkdaşlara. Amma hər kəs onu da yaxşı bilirdi ki, Məmmədovun sərt üzü də var, səhlənkarlığa, laqeydliyə, intizamsızlığa qarşı barışmazdı. Odur ki, ətrafında çalışanlar da ələnib ələkdən keçənlər idi və sədr müavini onlara güvənirdi.

Ənvər Məmmədovun fikrincə, televiziya işçisi də sadə, adi insandı, amma o, öz intellekti, dünyagörüşüylə tamaşaçıdan birbaş yuxarıda olmalıdı ki, seyirçiləri düşündürən, maraqlandıran proqramlar hazırlaya bilsin, tamaşaçını ekran qarşısında tutub saxlamağı bacarsın. O, televiziyanın necə geniş imkanlara malik oduğunu, onun kütləvi informasiya vasitəsi kimi cəmiyyətdəki yerini bilir, buna böyük önəm verirdi. Deyirdi televiziya hər evə açılan qapıdı, hər ailəyə qonaqdı və biz elə etməliyik ki, bu qonağın gəlişi ev sahiblərini bezdirməsin, darıxdırmasın, onlara sevinc, fərəh bəxş eləsin.  Buna isə yalnız maraqlı proqramlar hazırlamaqla nail olmaq mümkündü.

1979-cu ilin sentyabrında Bakıda Ümumittifaq Televiziya Filmləri Festivalı keçiriləndə Moskva nümayəndə heyətinə rəhbərlik edən Ənvər Məmmədovu qarşılamağa teleradio işçiləri də getmişdilər. Ənvər Məmmədov onu duz-çörəklə qarşıladığımızı görüb gülümsədi, zarafatla dedi: “Mən xarici deyiləm ki, məni bu cür təmtəraqla – duz-çörəklə qarşılayırsınız, mən Vətənimə gəlmişəm”. Festivalın açılışında Azərbaycanın rəhbəri Heydər Əliyev də iştirak etdi, festivala uğurlar dilədi. Heydər Əliyev Ənvər Məmmədovu bir neçə nümayəndəylə Mərkəzi Komitədə qəbul etdi.

Bir hadisəni də qeyd etmək istərdim. 70-ci illərin ortalarında Azərbaycan Beynalxalq Radiosuna rəhbər təyin edilən sədr müvini Aqşin Babayevin dövründə bu radiostansiya qısa müddətdə təşəkkül tapdı, böyük uğurlar qazandı. Həm verilişlərin həcminə, həm də nüfuzuna görə SSRİ-də Moskva və Daşkənd Beynəlxalq Radiolarından sonra üçüncü yerdə dururdu. Məhz Aqşin Babayevin təşkilatçılıq qabiliyyəti və peşəkarlığı sayəsində Azərbaycan Beynəlxalq Radiosu bir addım da irəli keçdi, necə deyərlər, özünün zirvə nöqtəsinə çatdı. Bu söhbətə təsadüfən qayıtmadım, o vaxtlar SSRİ tarixində ilk dəfə keçirilən Beynəlxalq Radio işinə həsr olunmuş  simpoziuma ev sahibliyi etməyin məhz Bakıya həvalə olunması təsadüfi deyildi. Bu işə xeyir-dua verən həm də Ənvər Məmmədov olmuşdu. Simpoziuma sosialist ölkələrindən, o cümlədən Bolqarıstandan, Rumıniyadan, Macarıstandan da qonaqlar dəvət edilmişdi. Ənvər müəllim Moskvada Aqşin Babayevlə görüşəndə beynəlxalq Bakı simpoziumunun böyük məsuliyyət daşıdığını xüsusi vurğulamış, tədbirin uğurla keçəcəyinə inandığını söyləmişdi. Onlar bir-birlərini bir sözdən, bir kəlmədən başa düşürdülər, çünki hər ikisi peşəkar jurnalist, yüksək təşkilatçılıq qabiliyyətinə malik və yaradıcılığı olan radio-televiziya işçisiydi.

1985-ci ildə Qorbaçov Sergey Lapini öz komandasında görmək istəmədi. Ənvər Məmmədov öz xahişi ilə işdən çıxması barədə ərizəylə müraciət elədi. Bu addım onun ruh düşkünlüyü, məğlubiyyəti deyil, uzaqgörənliyi idi... 

Ənvər müəllim sinninin ahıl çağında da işdən ayrılmır, RİA Novosti agentliyində məsləhətçi kimi çalışır. Dünyada baş verən hadisələri diqqətlə izləyir, televiziya sahəsindəki yeniliklərlə tanış olur. Ölkənin radio və televiziyalarında çalışanların bir çoxu onun yetirmələridi, özlərinin dediyi kimi Ənvər Məmmədov məktəbinin məzunlarıdır. Oğlu Georginin diplomatik sahəyə getməsində də, yəqin ki, keçmiş diplomat kimi Ənvər müəllimin təsiri olub. Georgi Ənvər oğlu Məmmədov Rusiya xarici işlər nazirinin müavini vəzifəsinədək yüksəlib. 66 yaşı var. Hazırda Rusiya Federasiyasının Kanadadakı fövqəladə və səlahiyyətli səfiridir.

2013-cü il avqustun 15-də sovet televiziyasının patriarxı Ənvər Nazim oğlu Məmmədovun 90 yaşı tamam oldu. Onu tanıyanlar yaxşı bilirdilər ki, təmtəraqdan, tərifdən daim uzaq olan Ənvər Məmmədov daha bir yubileyini həmişə olduğu kimi yenə də çox sadə, səssiz-küysüz, dəbdəbəsiz qeyd edəcək. Böyük insanlar belə olurlar. Çox təəssüf ki, belə böyük insanın yubileyi Azərbaycan mediasının diqqətindən kənarda qaldı. Elə bir insanı unutmamalıyıq, həm də ona görə unutmamalıyıq ki, o, bizim həmyerlimizdir, fəxrimizdir. Necə deyərlər, onun bizə yox, bizim ona ehtiyacımız var. İndiki nəsil elə adamları tanımalıdır, onlardan nümunə götürməlidir. Ahıl yaşda insan qəlbi daha kövrək, umacaqlı olur. Əslində, o cür insanlar heç kimdən, heç nə ummurlar, bu barədə düşünmürlər də. Öz günahımı da danmıram, amma yubiley ərəfəsində Ənvər Məmmədov haqqında hazırladığım, 12 avqustda Azərbaycan radiosunda səslənən yarım saatlıq veriliş hamımız adından yubilyara təbrikimiz, ürək sözümüz olsa da, bunu yetərli saymıram. Eloğlumuz haqqında daha çox yazılmalı, daha çox deyilməlidir.

Ənvər Məmmədov mənalı həyat yaşayıb, sadəcə, o mənalı həyatı yazıya köçürmək gərəkdi. İnanıram ki, o öz ömür yolunu qələmə alsaydı, kitabı bestsellerə çevrilər, əldən-ələ gəzərdi. Maraqlı ömür sürmüş, dolğun həyat yaşamış insanlar haqqında yazılanlar da maraqlı olur. Mənalı ömür sürmək, mənalı yaşamaq isə insanın öz əlindədir, Ənvər Məmmədovun həyat yolu bunun aydın təzahürüdür. Ənvər Məmmədovu indinin özündə də onu televiziyanın əfsanəsi adlandırırlar. Bəli, əfsanə insanlar yalnız əfsanələrdə yaşamırlar.

Sentyabr, 2013

 





30.09.2013    çap et  çap et