525.Az

Şair-döyüşçü Ənvər Əlibəylinin "Cəbhə dəftəri"


 

Şair-döyüşçü Ənvər Əlibəylinin "Cəbhə dəftəri"<b style="color:red"></b>

Ənvər Əlibəylinin arxivində üzərində "Cəbhə dəftəri" yazılmış, rəngi solğun, bir küncü də yanmış köhnə bir dəftər var.

Zaman həmin dəftərin vərəqlərini çox kövrəkləşdirib. Bu dəftərdə Ənvər Əlibəylinin 1941-1943-cü illərdə cəbhədə, döyüş meydanında, ölümlə həyat arasında yazdığı şeirləri yer alıb. Dəftəri vərəqlədikcə insan qəlbi də kövrəlir, düşünürsən: Ənvər Əlibəylinin cəbhə şeirləri, nə zaman, harada və necə yaranıb? Bu sualların cavabını şairin öz şeirlərində, onların altında qoyduğu tarix və məkan bidirən qeydlərində tapmaq olur. Elə şairin "Özüdür" adlı şeirindəki misralar bu suallara cavab deyilmi?

Mən bu şeri topların əjdəha nəfəsindən,
Mərmilərin havanı yaran nəriltisindən,
Vətən yolunda gedən qızğın vuruşmalardan,
Ruhlanaraq yaratdım, səngərdə yatan zaman. 

Əhməd Cəmil haqlı olaraq Ənvər Əlibəylinin cəbhə şeirləri haqqında yazırdı: "Şair Ənvər Əlibəylinin müharibəyə, cəbhəyə aid şeirlərində gurultulu çağırışlara, nidalara rast gəlmirik. O, ifadə etmək istədiyi fikirləri və hissləri, döyüşçü üçün əziz olan bir məktub, bir şəkil, yaxud müəyyən bir hadisə ilə bağlayır, kiçik və sadə süjetlər qurur".

Ənvər Əlibəylinin Terek, Azov, Dnepr, Tissa sahillərində gedən döyüşlərdə səslənən cəbhə şeirləridəki çağırışları, nidalarını bir də səsləndirək. Şair 1943-cü ildə yazdığı lirik bir çağırışla bahar müjdəçisi qaranquşu belə çağırır:

Gəl, qaranquş, gəl uçaq, mənim də qanadım var,
Mən azadlıq aparım, sənsə gül üzlü bahar
Növraqları pozulmuş bağçalara bağlara!
İntizarda qalmasın ellər həsrətimizdə,
Vəfasızlıq olmasın bizim xislətimizdə. 

"Taqanroq" şeirinin əvvəlində epiqraf əvəzi yazdığı qeyddə oxuyuruq: "Taqanroq şəhərinə hücum etmək əmri alındığı zaman yazılmışdır. Avqust, 1943". Çexovun anadan oldduğu bu şəhəri almanlardan azad etmək üçün ürəyinə xitab edən şair deyir:

Sən ki heç vaxt, heç zaman
Qüssələrə xaniman
Olmamısan, ey ürək!
Gəl bir hünər göstərək,
Qurtaraq Taqanroqu
Yadların pəncəsindən,
Alman işgəncəsindən.
Xilas edək Çexovu
Yadların tənəsindən. 

Cəbhə şeirlərində şair üəyinə tez-tez müraciət edir. Şair-döyüşçünün ürəyində əlvan çiçəklərə bənzətdiyi gözəl arzuları var. Həmin arzularından biri isə təkcə şairin deyil, hər birimizin qəlbində yurd salıb. Ə. Əlibəyli "Sülh arzusu" adlı şeirində onu ən əziz arzu adlandırır: 

Hər sinədə çırpınan, döyünən bir ürək var,
Hər ürəkdə də, dostlar, min cür şirin arzular.
Əlvan çiçəklər kimi onlar da müxtəlifdir,
Biri gül tək incəsə, biri tül tək zərifdir.
Amma bir arzu var ki, yurd salıb hər ürəkdə,
O arzuyla bağlıdır bu gün də, gələcək də.
Sülh arzusu, onunla qurub yaradırıq biz,
Daha nə ola bilər dünyada ondan əziz?! 

Yada salaq ki, ürəyi sülh, qələbə arzusu ilə döyünən Ə.Əlibəyli İkinci Dünya Müharibəsinin ilk günlərindən Tiflis şəhərində Topçular hərbi məktəbini bitirərək, leytenant rütbəsində ordu sıralarına qatılıb və artileriya batareyasının komandiri qismində məşhur 416-cı Taqanroq atıcı diviziyasının tərkibində ağır döyüş yolu keçib. 1944-cü ilin iyulunda ağır yaralanmasına qədər bu diviziyanın bayraqları altında döyüşən Ənvər Əlibəyli II dərəcəli "Vətən Müharibəsi", "Qırmızı Ulduz" ordenləri, "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif olunub. 

Ə.Bağırzadə "Azərbaycan ziyalıları Böyük Vətən müharibəsi illərində" monoqrafiyasında yazır ki, 1944-cü ilin yanvarında Azərbaycan Yazıçılar İttifaqına cəbhədən belə bir məktub gəlmişdi: "Böyük Vətən müharibəsi cəbhələrində rəşadət və fədakarlıq göstərən həqiqi Azərbaycan balası, sizin yetişdirməniz, gənc cəbhəçi şair Ənvər Əlibəyli haqqında sizə yazmağı və belə bir vətənpərvər şair tərbiyə etdiyinizə görə sizə təşəkkür etməyi borc bilirik. Baş leytenant Ənvər Əlibəyli bizim hissənin ən qabaqcıl, mübariz zabitlərindən biridir. Əlibəyli yoldaş azğın alman işğalçılarına qarşı döyüşlərdə igidlik və rəşadət göstərdiyinə görə "Qırmızı ulduz", "İkinci dərəcəli Vətən müharibəsi" ordenləri ilə təltif edilmişdir. Komandanlıq Ənvər Əlibəylinin simasında özünün ən bacarıqlı və döyüşkən zabitini tanıyır. Sizin qəhrəman şairinizlə fəxr etməyə haqqınız var".

Ə. Əlibəylinin cəbhə şeirləri həm həzin, həm də nikbin bir mahnıdır. Şair "1944, Nikolayev" tarixli şeirində sevgilisini həsrətlə belə vəsf edir:

Sakit illər, xoş saatlar, sevdalı çağlar,
Qara gözlər, şirin sözlər, nərmin dodaqlar... 

Amma şairin qəlbində həsrətlə yanaşı, bir nikbinlik də var. Yaxın olan qələbəni gözləyən döyüşçü şair inamla sevgilisinə belə bir nikbin müjdə verir:

Gəl, nigaran qalma məndən, demə fəraqdır,
Bu tezliklə məhləmizdə toy olacaqdır. 

Qəlbi qələbə eşqi ilə döyünən şair Ənvərin nikbin misralarından daima qələbə səsi gəlir. "Dnepr" adlı şeirində həmin səsi, qalib döyüşçülərin gülüş səsini eşitmək olur:

Soyuq fevral gecəsində
Sahilinə çatanda biz,
Möhkəm tutdu silahından
Bizim polad əllərimiz.
Qızdı ara, qopdu tufan,
Yağı - damla, biz - bir dəniz.
Sənin üçün candan keçdik,
Həyat şirin, sənsə əziz.
Vurduq, düşmən döndü külə,
Açdıq sübhü gülə-gülə.                               

(Bolşaya Lepetixa, fevral, 1943).

Onun haqqında deyirlər ki, Ənvər Əlibəyli kövrək ruhlu, zərif qəlbli, insanpərvər bir şəxs idi. Belə bir insan necə əlinə silah alaraq vuruşub? Bu sualı Bəxtiyar Vahabzadə "Dörd yüz on altı" poemasında Ənvər Əlibəylinin keçdiyi döyüş yolunu təsvir edərək belə cavablandırıb:  

Yumşaq təbiətli bu həlim insan, -
Deyərdin, quşa da daş ata bilməz.
Ancaq... top ardına keçdiyi zaman
O yalnız əsgərdir, -
Ölər, yenilməz!
Döyüşdə əsgərdi -
Adicə əsgər;
Döyüş qurtardımı?
Şairdir Ənvər. 

Şair Əhməd Cəmilin dediyi "kiçik və sadə süjetlı" şeirlərinin çoxunu, yəqin ki, şair Ənvər döyüş qurtarandan sonra yazırdı. Belə süjetli şeirlərdən biri şairin "Kimin qanıdır o qan?" suallı, novellaya bənzər şeiridir. Çox qan itirmiş döyüşçünü ona vurulmuş, arxa cəbhədən göndərilmiş kiminsə qanı xilas edir. Ölümdən qurtaran döyüşçünün həkimlərə ilk sualı "Kimin qanıdır o qan?" olur.
 
Kimin qanıdır o qan, mənə dirilik verib?
Gözümə həyat nuru, beynimə bilik verib?
Bir an da düşüncələr əl çəkməyir yaxamdan,
Bilmək istəyirəm ki, kimin qanıdır o qan?  

Boşalmış qan şüşəsini döyüşçüyə göstərirlər ki, üstündəki yazını, orada qeyd olunan adı oxusun. Şair bu mənzərəni həyəcanlı misralarla döyüşçünün dilindən belə təsvir edir:

Donuram öz yerimdə əvvəlcə buzlar kimi,
Gözlərimi qırpmıram doğan ulduzlar kimi.
Oxuyuram bir də mən, gözümə inanmıram,
Yoxsa qızdırmalıyam, özümə inanmıram.
Sarsılıram içimdən, bürüyür heyrət məni,
Ürək quştək çırpınır, gördüyüm macəradan,
Öz anamın qanıdır mənə həyat verən qan! 

Ə.Əlibəylinin şeirlərində bahar ətri, bahar rəngi olan kimi, bahar sədası da var. "Ney səsi" adlanan şeirindən bu sədanı eşidə bilərik. Şair top gurultusu və tüfəng səsinin kəsildiyini təsvir edir və belə deyir: 

Gün çəkilib gedir, uzaqdan bu dəm
Həzin bir ney səsi eşidirəm mən.
Onu dinlədilcə, ah, bilsəydiniz
Bircə nələr keçir odlu sinəmdən:
Salxım söyüdlərin sərin gölgəsi,
Xəzər dənizində parlayan o su.
O sakit axşamlar, o qara gözlər,
Bir də ki, yaşamaq, sevmək arzusu.

(Döyüşən ordu, 1944)

Şair və döyüşçü Ənvəri yaşamaq, sevmək arzusu, cəbhə boyu sinəsində gəzdirdiyi əzizlərinin şəkli, onlardan gələn məktublar da qələbəyə yaxınlaşdırırdı. "Bir varaq kağız" adlı şeirində şair cəbhədə aldığı, əzizlədiyi məktubu silaha bənzədərək belə təsvir edir: 

Özün söylə, nə vardır səndən əziz, ləzzətli,
Səngərdə yatanların fikrində, əməlində?...
Sən də toptək, tüfəngtək qüdrətli, əzəmətli,
Amansız bir silahsan döyüşçünün əlində.
Odur ki, nəzərimdə bu gün belə əzizsən,
Sən bir varaq deyilsən, qüvvət dolu dənizsən.

(Sapbek, 1943). 

Nəzər saldığımız şeirlərdə Ənvər Əlibəylinin cəbhə şeirlərinin nə zaman, harada və necə yazıldığına cavab tapa bildik. Bir suala da cavab tapaq. Bu şeirlər kimlərə ünvanlanıb? Yalnız gözləri yolda olan, ürəyi həsrətlə çırpınan valideynlərinə, sevgilisinə, qohumlarına, dostlarınamı? Xeyr, tək onlar deyil, döyüşçü şair Ə.Əlibəyli qəhrəman, igid Vətən övladlarına da onların şücaətindən bəhs edən şeirlər ünvanlayıb. Məsələn, Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədova "İgid oğlan" adlı şeir ünvanlayıb. Gəray Əsədov 1944-cü ildə uzaq Rumıniyada qumbara ilə düşmənin bir neçə atəş nöqtəsini susdurub. Qumbara və gülləsi bitəndə isə, əməliyyat zəfərlə başa çatsın deyə, öz köksünü düşmən pulemyotunun qarşısına verərək, qəhrəmancasına həlak olub. "İgid oğlan" şeirindəki son misralara nəzər salaq: 

Müqəddəsdir əzəl gündən deyiblər,
Vətən eşqi, el sevgisi, məhəbbət.
İgid oğlan, yaşadacaq səni də
Əsrlərcə bu şücaət, bu şöhrət. 

Ənvər Əlibəylinin "Cəbhə dəftər"ində igid oğlanlarımızla yanaşı, müharibədə şücaət göstərən qəhrəman qızlarımıza da ünvanlanmış şeirlər var. "Bacı" adlanan poemasında şair müharibənin yaratdığı bir qadın faciəsindən və bir ana qisasından bəhs edir. Qələbəni təsvir edən şair körpəsi faşistlər tərəfindən öldürülmüş dərdli ananı, körpəsinin qisasını almış qəhrəman qadının obrazını göz önünə gətirir.

Müharibə illəri, həyatla ölüm arasında olan məqamlar gənc şairə yalnız qəhrəmanlıq, şairlik deyil, bir sıra yüksək xüsusiyyətlər aşılamışdı: dostluğa sədaqət, mətin iradə, daxili intizam, yüksək məsuliyyət hissi, həqiqət və ədalət naminə obyektivlik, təvazökarlıq, sadəlik. Məhz bu nəcib keyfiyyətlərinə görə çoxları onu özünə dost, müəllim, qardaş sayırdı.

Beləliklə, cəbhəçi şair Ənvər Əlibəylinin özünün ad verdiyi "Cəbhə dəftəri"ndən olan poetik nümunələrinə bu Qələbə Günü münasibətilə və xalqımıza yeni qələbə arzusu ilə nəzər saldıq.

Şəfəq ƏLİBƏYLİ

 





09.05.2019    çap et  çap et