525.Az

Təbabət və insan bədəninin mikroflorası (son)


 

Təbabət və insan bədəninin mikroflorası<b style="color:red"> (son)</b>

Əlbəttə, mikrofloranın öyrənilməsi heç də asan məsələ deyildir, buna sadə laboratoriya işi kimi baxmaq primitiv münasibətdən xəbər verir. Lakin çox güclü kompyuterlərə malik olan ölkələrdə bu tədqiqatı daha geniş ölçüdə aparmaq mümkündür. Sadəcə olaraq çətinliyi dəf etmək iradəsi olmalıdır. İkinci Dünya müharibəsinin ilk illərində almanların radar sistemi ingilis bombardmançı aviasiyasına böyük ziyan vurduğundan, Böyük Britaniya hava bombardmanını dayandırmalı olmuşdu. 1943-cü ilin birinci yarısında müttəfiqlər “pəncərə” adlanan üsuldan istifadə etməyə başladılar. Qabaqda uçan təyyarə folqa qırıntılarını səpələməklə, radarları görməsini heçə endirirdi. Və ingilis bombardmançı aviasiyası artıq tapşırığı uğurla yerinə yetirirdi. Hamburqa belə bir hava həmləsi şəhərin hərbi- sənaye potensialına böyük ziyan vurdu, yarım milyona qədər adam evsiz qaldı. İndi mikrobiom dünyasına da belə bir pəncərə açmaq lazımdır, lakin müharibədə olduğu kimi, o duman yox, tədqiqat obyekti üzərinə işıq salmalıdır ki, onun nəticəsindən təbabət daha geniş və səmərəli müalicə imkanlarına yiyələnsin.

Artıq yaxşı məlumdur ki, elə xəstəliklər mövcuddur ki, onların müalicəsi bədəndəki mikrofloranın təsiri hesabına istənilən nəticəni vermir və bəzən bu sahədəki bütün cəhdləri yoxa çıxarır. Mətbuatdan tanış olduğum bir hadisə bu ideyanın reallığına daha böyük şəhadət verdi.

Birləşmiş Ştatlardakı bir ər-arvad cütlüyü tanınmış pediatra müraciət etmişdi. Onlar uzun müddət uşaqları olmalarına çalışsalar da, səyləri əbəs olmuşdu. Nəhayət, qadının yaşı 45-ə çatanda hamiləlik xoşbəxtliyini yaşadı. Və tezliklə dünyaya iki ekiz uşaq gəldi. Bədbəxtlikdən, biri asfiksiyanın (boğulmanın) ağır forması nəticəsində öldü. Bu, vaxtından qabaq doğulmuş uşaqlar üçün geniş yayılmış xəstəlikdir. Bir həftə sonra həkim ikinci uşaqda epitema əlamətini və ya qarının güclü surətdə qızarmasını, həm də köpməsini müşahidə etdi. Bu xəstəliyə nekrotik enterokolit (orqanın və ya hüceyrələrin ölməsi ilə müşayiət olunan bağırsaqların iltihabı) diaqnozu qoyuldu. Bu xəstəlik bakterial təbiətə malik olmaqla, bağırsaqların qəflətən və sürətlə inkişaf edən iltihabı ilə xarakterizə olunur. Cərrahiyyə əməliyyatı göstərdi ki, bütün bağırsaq yolu, qarından yoğun bağırsağa qədər, ümumiyyətlə, fəaliyyət göstərmir. Körpə ölümə məhkum idi və əməliyyatdan sonra onun bir neçə günlük ömrünə son qoyuldu. Nekrotik enterokolit vaxtından əvvəl doğulmuş uşaqlar üçün ən başlıca amansız qatillərdən biridir.

Bu misaldan aydın olur ki, bakteriya nəyəsə müdaxilə etdikdə, onun zərbəsinin qarşısını almaq olduqca çətin olur. Hər bir bədbəxtliyə görə irsiyyəti günahlandırmaq da heç də ədalətli olmur. Amerikadakı bir məşhur şirkətin – “Second Genome” firmasının özü üçün seçdiyi “Bəlkə də insan orqanizmi üçün daha çox vacib olan genom heç də insan mənşəli deyildir” devizindəki ideya, görünür, həqiqətdən o qədər də uzaq deyildir.

Orta əsr Avropasında yayılan bir anektod yada düşür. Qollar və ayaqlar bütün gün ərzində çalışıb, taqətdən düşənə qədər işləyərək mədəni yedizdirdiklərindən qəzəblənib, buna son qoymaq qərarına gəldilər. Onlar qiyam qaldırdılar ki, indiyədək əziyyət çəkib, müftəxor mədəni yedizdirməklə məşğul olmuşlar, özləri üçün isə heç nə etməmişlər. Qiyam bir neçə gün davam etdikdə qollar, ayaqlar çox zəiflədiklərinin, hərəkət edə bilmədiklərinin şahidi oldular, anladılar ki, mədə heç də özü üçün deyil, bütün bədən üçün işləyir. Fiziologiyaya artıq məlum olduğu kimi, mədə qəbul etdiyi qida maddələrini həzm etdikdən sonra, onların enerji dəyərlərini toxumalar qurmaq və onları təkrarən yaratmaq üçün bədənin bütün orqanlarına, o cümlədən əllərə və ayaqlara da çatdırır. Deməli, mədə bədən üçün qollardan və ayaqlardan heç də az yox, həddən artıq böyük iş görür. Qolunu və qılçasını itirmiş insanlar normal həyat sürməkdə davam edirlər, mədəsiz insanın isə süni qidalanma ilə təmin edilməsi böyük əzabla müşayiət olunmaqla yanaşı, həyatın gözəlliyini və ömrün uzunluğunu əsaslı surətdə ixtisara salır.

Sovet yazıçıları Ales Adamoviçin və Daniil Qraninin “Blokada kitabı” əsərində İkinci Dünya müharibəsi dövründə Leninqradın 900 gün davam edən blokadası vaxtı aclıqdan, soyuqdan əziyyət çəkib, çoxlarının məhv olduğu, az hissəsinin sağ qaldığı şəhər sakinlərinin gündəliklərindən dəhşətli həyat səhnələrini təsvir edən parçalar öz əksini tapmışdır. Aclıqdan arvadını itirmiş, özü isə ardıcıl zəhmət fəallığı hesabına sağ qalan tarixçi alimin digər qiymətli müddəaları ilə yanaşı, insan mədəsi barədə yazdığı olduqca maraqlı fikri verilmişdir. O yazır ki, istənilən fabrik və zavod xammal təchizatı kəsildikdə işini dayandırır, lakin bir müddətdən sonra yenə xammal qəbul etdikdə, məhsul istehsalını uğurla davam etdirir. Mədə isə tam fərqli bir fabrikdir. Ona öz xammalı, yəni qida xeyli müddət daxil olmadıqda, o təkcə fəaliyyətini dayandırmır, həm də özünə aid olmayan bir funksiyaya yiyələnir, ağıla, şüura hakim kəsilir, onlara göstəriş verməyə başlayır. Doğrudan da aclıq adamı şüurdan məhrum edə bilir, bəzən insanlıq xüsusiyyətlərini məhv edib, buna məruz qalan adamı heyvana çevirə bilir. Ac halda mədəyə sonralar əvvəlki qaydada qidanın qəbul edilməsi də böyük çətinliklərlə müşayiət olunur, quru qida, belə insanların ölümünə səbəb ola bilir. Ona görə də Ladoqa gölü üzərindən “həyat yolu” açıldıqda şəhərdən çıxarılan sakinlərin çoxu yedizdirildikdə, ölməyə başlamışdı. Uzun müddət ac qalan, qidalandırıldıqda ölən adamların mədəsində  kolbasanın üstündəki kəndirlə heç çeynənilmədən udulması, həmçinin duzlu quru qida hesabına adamların həyatdan getməsi faktları aşkar olundu.

İbtidai insanı bəlkə də aclığın əzabları kannibalizmə – adam əti yeməyə əl atmağa məcbur etmişdi. Leninqradda da blokada vaxtı az da olsa kannibalizm faktları olmuşdur və buna əl atanlar güllələnmişlər. Qədim Roma təbliğatı bu termini ədalətsiz olaraq heybətli düşməni, öz dövlətinə böyük təhlükə hesab etdiyi Karfagen sərkərdəsi Hannibalın adı ilə əlaqələndirərək, dövriyəyə buraxmışdı. Guya vəhşi təbiətli Hannibal əsgərlərinə insan əti yeməyi öyrədirmiş və belə əsassız müddəa yalnız əhalidə ona qarşı nifrət və qəzəb hissini gücləndirmək üçün işə salınmışdı. İndi də Okeaniyanın bəzi adalarında kannibalizm qalır və bu, yəqin ki, qidaya olan ehtiyacdan və qonşu düşmən tayfa ilə vuruşda əsir götürülmüş adamlardan qızğın intiqam almaq hissinin təsiri ilə baş verir..

Misal gətirilən anektodda əllər və ayaqlar mədənin  gözə görünməyən fəaliyyətindən hali olmadıqlarından belə bir etiraz yolunu seçmişdilər. Əgər onlara mədənin işi sirr olaraq qalırdısa, onda bədəndə məskunlaşan mikroflora okeanı isə görən necə yarıb keçmək mümkün olmayan qaranlıq duman altında gizlənmişdir. Mədə insan orqanizminin bir hissəsi olduğundan, səbəbi bilinməsə də, onun fəsadları özünü hiss etdirir. Bakteriyalar isə tam məhcul bir aləmdir, onların təsirinin adi yollarla müəyyən etmək cəhdi, gözlə atom nüvəsini tədqiq etmək istəyinə bərabər olan bir ağılsızlığa bənzəyir. Lakin bu məchulluğa nəhayət son qoyulmalıdır, bunu bakteriyaların qəsdi hesabına itirilmiş insanların ruhu tələb edir və elm zamanın bu çağırışına bütün potensialını sərf etməklə müsbət cavab tapmalıdır.

İnsan bədəninin mikroflorasının öyrənilməsini qədim insanların yeni torpaqları kəşf etmək sahəsindəki cəsarətləri ilə müqayisə etmək olar. Axırıncılar öz həyatlarını da risqə ataraq, özlərinə məlum olan dünyanın ərazilərini xeyli genişləndirmişdilər. İndi elm aləmində çalışanlardan belə bir cəsarət və iradə tələb olunur, axı onlar heç də öz həyatlarını hansısa bir risq altında qoymurlar. Təəssüf ki, mikrobiomun öyrənilməsinə münasibət heç də birmənalı deyildir. Bir sıra mütəxəssislər belə hesab edirlər ki, mikroflora barədə artan həvəs yeni bir dəb olub, ötüb keçəcəkdir. Belələri, geosentrik  nəzəriyyənin ardıcılları Günəşin Yer ətrafında dövr etməsini təsdiq etdikləri kimi, bu məchulluğunun aradan qaldırılmasına müqavimət göstərmək üçün edilən zəruri cəhdləri faydasız sayırlar. Onlar iddia edirlər ki, bu sahədəki gözləmələr fantastik xarakter daşımaqla, bəşəriyyətə qızıl dağlar vəd etmənin yeni bir növüdür.

Skeptiklər ordusu daim elmin inkişafına böyük maneəçiliklər göstərmişlər. Onların əks təbliğatına baxmayaraq, əgər mikrobiom insan orqanizmində mühüm rol oynayırsa, onun bir hissəsinin vurduğu ziyanı azaltmaq elm və alimlər qarşısında duran nəcib bir məqsəd, böyük əhəmiyyəti olan vəzifə sayılmalıdır. Düşməni dost etməyin özü böyük qabiliyyətdir, onu zərərsizləşdirməyin özü də böyük cəsarət və fərasət tələb edir. Elm bu sahədə ciddi uğurlara imza atsa, bütün bəşəriyyət bundan böyük fayda götürə bilər. İnsanların bədbəxtliklərinin miqyası azalar və bu günə qədər sağaldıla bilməyən xəstəliklər üzərində qələbə çalınması üçün arzulanan yol açılar.

Vaxtilə dənizlər insanlar üçün yol rolunu oynayırdı, quru ilə yol çəkmək praktikası yalnız qısa məsafələrə tətbiq edildiyindən, su yolu böyük kəşflərə, iri məsafələrdəki ticarət əlaqələrinə qapıları açırdı və bu, dünyanın bütövləşməsinə gətirib çıxarırdı. Hələ indi də Sibirin tayqa meşələrində, Cənubi Amerikanın Amazonka selvalarında yollar yoxdur, ancaq çaylarla hərəkət etmək mümkün olur. Bu ərazilərdə quru yollarına bir ciddi ehtiyac da yoxdur. Mikroflora isə elə bir meşədir ki, onu öyrənmək üçün hökmən yollar açılmalıdır və bunun öhdəsindən yalnız elm gələ bilər. Bəşəriyyətin buna böyük ehtiyacını nəzərə aldıqda, ümid və əminlik yaranır ki, elm bu problemin öhdəsindən uğurla gələ biləcəkdir.

Mikroflora isə faktiki olaraq insan orqanizminin bütün hissələrində iştirak edir. İnsan bədənində onların bütünlükdə 10 mindən çox növü vardır. Bədənin hissəsindən asılı olaraq onların sayı da dəyişir. Ağız boşluğunda və bağırsaqlarda məskunlaşan mikroorqanizmlərin sayı arasındakı fərq çox böyükdür. 2010-cu ildə aparılan tədqiqat göstərmişdir ki, sağ və sol əldə məskunlaşan mikroorqanizmlər bədəndə məskunlaşan mikroorqanizmlərin ümumi sayının yalnız 17 faizini təşkil edir.

Mikrobiom problemi ilə tanış olmayan adama elə gələ bilər ki, mikroorqanizmlərin çəkisi, kütləsi yoxdur. Bu özlüyündə yanlış fikirdir. Materiya özünə məxsus olan əsas xüsusiyyətləri qoruyub saxlayır. Nyutonun ümumi cazibə qanununa müvafiq olaraq, bütün materiya növləri arasında, elementar hissəciklərdən tutmuş göy cisimlərinə qədər, qarşılıqlı əlaqələr mövcuddur, bura universal qravitasiya təsiri də daxildir. Deməli, hər bir materiya həm də kütləyə malikdir. Yaşlı adamda mikrobiomun çəkisi üç funta yaxın olur (ingilis funtu ilə götürdükdə bu 1,360 kq edir) və insan beyni də demək olar ki, eyni çəkidə olur.

SON

 





30.09.2013    çap et  çap et