525.Az

Görkəmli bəstəkar Soltan Hacıbəyovun xatirəsi anılıb


 

Görkəmli bəstəkar Soltan Hacıbəyovun xatirəsi anılıb<b style="color:red"></b>

Bu gün görkəmli bəstəkar, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Soltan Hacıbəyovun anadan olmasından 100 il ötür.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gələrək Soltan Hacıbəyovun məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Tədbirdə çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova bildirib ki, Prezident İlham Əliyevin aprelin 1-də imzaladığı Sərəncama uyğun olaraq ölkəmizin hər yerində görkəmli bəstəkarın yubileyi ilə əlaqədar silsilə tədbirlər təşkil edilir. O, təəssüf hissi ilə qeyd edib ki, bu gün Soltan Hacıbəyovun dünyaya göz açdığı Şuşanın işğalı günüdür.

Soltan Hacıbəyovun çox qüdrətli sənətkarlardan olduğunu bildirən Ülviyyə Hacıbəyova deyib ki, onun əsərləri nəinki Azərbaycan xalqı, eyni zamanda bütün dünya xalqları tərəfindən sevilir. O, bəstəkarın "Karvan" simfonik lövhəsini xüsusilə qeyd edib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə deyib ki, Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında Soltan Hacıbəyovun mühüm xidmətləri var. Geniş diapazonlu yaradıcılığa malik bəstəkar simfoniya, simfonik lövhə və süitaları, həmçinin opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət xəzinəsini daha da zənginləşdirib. "Soltan Hacıbəyov bizə müəllimlik edib, böyük bir bəstəkarlar nəsli ondan dərs alıb. Çox tanınmış ifaçılar onunla bir yerdə işləyib. Yüksək istedadı, bəstəkarlıq bacarığı ilə yanaşı, onda məni hər zaman heyrətləndirən orkestr duyumu olub", - deyə Firəngiz Əlizadə vurğulayıb.

Tədbirdə yaradıcılıq yolu ötən əsrin 30-cu illərin axırı, 40-cı illərin əvvəllərinə təsadüf edən Soltan Hacıbəyovun Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında əvəzsiz xidmətlərindən danışılıb. Bildirilib ki, Soltan Hacıbəyovun yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti cəlb edir.

 





09.05.2019    çap et  çap et