525.Az

"...Qısqanıram"- YÜZ GÖZƏL SEVGİ ŞEİRİ


 

PƏRVİNin təqdimatında

"...Qısqanıram"- <b style="color:red">YÜZ GÖZƏL SEVGİ ŞEİRİ</b>

Qısqanclıq sevgiyə rəng qatan, onu hərəkətə gətirən, bəzən istiqamətini dəyişən, hərdən də şiddətini artırıb-azaldan hisslərdəndi. Ümumiyyətlə, sevənin qısqanmaması qeyri-mümkündü deyirlər. Qısqanan adam inamsızdı deyirlər. Həm özünə inanmır, həm də sevgilisinə. Qısqanclıq zəiflikdi, natamamlıq kompleksidi, kimisə özündən güclü, sevilməyə, diqqətə layiqli görməkdi... Belə aforizmlər, hökmlər yüzlərlədi. Lakin məncə,  bu fikirlərin hər biri mübahisəlidi. 

Qadın və kişi arasındakı məhəbbəti növlərə bölmək, təsnif eləmək səhv olar. Sevgi ya var, ya da yoxdu!  Amma qısqanclıq daha geniş və çoxşaxəli hissdi, onun müxtəlif çalarları, qəliz cəhətləri var. Hər adam, daha doğrusu, hər sevən bir cür yaşayır o duyğunu.

...Biri zəiflik sayır,  ona görə gizlədir, biruzə vermir, boynuna almır.

...Digəri təbii qəbul edir, uşaq sadəlöhvlüyü ilə bütün içini, düşüncəsini açıb ortaya qoyur.

...Başqa birisi qısqananda pis adama çevrilir, cırmaqlamaq, incitmək, sancmaq, əzmək, məhv eləmək istəyir... qəribədi ki elə dəlicəsinə sevdiyini! Sonra da deyir, pişik balasını istədikdən yeyir. Vallah yalandı! Sevgilisi ilə döyüşə girib, vuruşub, məğlub edib sonra onun sınıb çiliklənmiş ruhunu ordan-burdan toplayaraq adam düzəltmək istəyənləri heç anlamıram. Bu mənada Otelloya rəğbətim xeyli artır. Əgər inanmırsansa və heç vaxt inanmayacaqsansa, birdəfəlik “öldür”... Zərrə-zərrə çıxma axırına! Çünki axı məhəbbət həm də içərində baş qaldırmış pis düşüncələri boğmaq, bəd əməlləri idarə etmək üçündü... Alınmırsa, bacarmırsansa, deməli sahibkarlıq duyğusu üstələyib sevgini, zərif, nəvazişli aşiqdən kobud, qaba bir despota çevrilmisən! Yəqin belələrinin qısqanclığı həm də sahiblənmək, bölüşməmək kimi eqoist bir yanaşmanın göstəricisidi. Qəfəsdə quş saxlayanların nədən zövq almasını heç vaxt anlaya bilməmişəm...

Hər halda bütün bu mənfi və müsbət çalarları ilə birgə qısqanclıq sevginin əlamətlərindən biridi, sevgidən doğulur, sevgiylə bərabər bitir. Və bir çox başqa hisslər məhz qısqanclıqdan yaranır: aldadılmaq qorxusu, rəqabət duyğusu, təftiş həvəsi, hər şeyə skeptik baxış, şübhələr,  bəzən pessimizm, özünəqapanma...

Amma həm də ehtimallardan, “bəlkə”lərdən, “yoxsa”lardan ehtiyatdı qısqanclıq... Məndən əvvəl olubmu, kimsə mən tək kam alıbmı belə sevgidən, xoşbəxtliyim bitə bilərmi, məndən sonra yenisi gələcəkmi?! Ən dəhşətlisi odur ki sənə deyilmiş sözlərin, göstərilən nəvazişin  başqasına da qarşı olmasını fikirləşəsən... Bir sözlə, iki sevgili arasında yaşananlardan üçüncüyə də pay düşməsini ağıla gətirmək insanı çilədən çıxarır...  

Mənə görə qısqanclığın ən zərif, gözəl tərəfi qorumaq hissidi. Bəli, məhz qorumaq! Heç bir üçüncünü... keçmişdə olan və ya gələcəkdə ola biləcək konkret, yaxud mücərrəd rəqibi düşünmədən, sevdiyinə şəxsi mülkiyyətin kimi baxmadan qorumaq; istidən, soyuqdan, adamlardan, təhlükələrdən, sevgisizlikdən...

XVII əsr Krım-tatar əsilli türk şairi Aşıq Ömərin “Qısqanıram” şeiri də bu hissin qorumaq çalarını daha çox ifadə edir. Həmin şeirdə  nə qədər ağlagəlməz, dəli duyğular təsvir edilsə də, aşiqin çox yumşaq, mehriban, həlim obrazı aydın nəzərə çarpır. XX əsr türk şairi Faruq Nafiz Çamlıbelin “Qısqanc” şeirində isə əksinə. Qısqanclıqdan təlaş içində olan, bir qədər çaşqın və aqressiv aşiqin duyğuları verilir. Eyni hissin ayrı-ayrı şeirlərdə iki fərqli ifadəsi xeyli maraqlıdı.

Aşıq Ömər sevgilisini doğan Aya, əsən yelə, yanağına toxunan  gülə qısqanır. Bunların hamısı qısqanclığın deyil, sevginin şiddətini göstərən fikirlərdi. Və məhəbbətin gücünün belə poetik, həm də son dərəcə zərif şəkildə çatdırılması insanı sadəcə riqqətləndirir... Şeirin zirvəsi isə “Beş yaşında qardaşım var, Səni ondan qısqanıram...” misralarıdır. Burada aşiq dəlicəsinə sevgisini də, qısqanclığını da açıq deyir... Amma bu ifadənin özündə də qəribə bir inam, etibar hiss olunur! Sonuncu bənddə isə qorumaq duyğusu daha aydın görünür. Aşiq özünü qurda, sevgilisini quzuya bənzədərək “Səni məndən qısqanıram!” – deyir. Sevgi elə həddə çatıb ki, hətta özündən qorumaq, özünə qısqanmaq təbiidi Aşıq Ömərdən ötrü!

Faruq Nafiz Çamlıbel isə xeyli sərt, aqressiv, qəzəbli aşiqin yaşantılarını təsvir edir. Elə bu da qısqanclığın bir növüdü; sevgilini özündən başqa hamıya çox görmək, hər kəsdən gizlətmək.  “Anan belə oxşasa, mənim bağrım qan olar...” deyən Faruq Nafiz beş yaşında qardaşa qısqanan adamdan xeyli fərqlənir...  Sevdiyini cana yaxın bilən hər kəsi düşmən sayan, dodaqların qan tüpürməsini, gözlərin kor olmasını, qucaqların qara torpaqla dolmasını istəyən kişinin həm vurub-yıxan, həm də zəif obrazı aydın görünür. Yazıq neyləsin?! Sevir də! 

...Və qısqanclığa səbəb olan və ondan doğan bütün bu təzadlı, qəliz hissləri düşünəndə qadın gəlir göz önünə... Anasından, beş yaşında qardaşdan belə “qorunan”, aya, günə, dənizə qısqanılan Qadın... Görəsən, bunların hamısını səbrlə qarşılamağı, davam gətirməyi nə vaxta kimi bacarar?! Məncə, sevgi bitənə kimi!

Aşıq Ömər: “Səni məndən qısqanıram”

Gəl ey dilbər, qan eyləmə
Səni qandan qısqanıram.
Doğan aydan, əsən yeldən
Səni Gündən qısqanıram.
 
Təbibim! Hirs ilə baxma,
Mən qulun xatirin yıxma.
Yanağına güllər taxma
Səni güldən qısqanıram.
 
Halım bilən haldaşım var,
Yola gedər yoldaşım var,
Beş yaşında qardaşım var,
Səni ondan qısqanıram.
 
Ömər deyər: mən də gəldim,
Tazələndi əski dərdim.
Sən bir quzu, mən bir qurdum
Səni məndən qısqanıram.



Faruq Nafiz Çamlıbel: “...baxan gözlər kor olsun!”

Saqın, bir söz söyləmə... üzümə baxma, saqın!
Səsini duyan olar, sənə göz qoyan olar.
Düşmanımdır səni kim bulursa cana yaxın,
Anan belə oxşasa, mənim bağrım qan olar!
 
Dilərəm Tanrıdan ki, sənə açıq qucaqlar
Bir daha qapanmadan qara torpaqla dolsun!
Qan tüpürsün adını candan anan dodaqlar,
Sənə mənim gözümlə baxan gözlər kor olsun!

 





30.09.2013    çap et  çap et